Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1906/2022 27.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddiasına kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3457,15 manat borc məbləği, 60 manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğ və hüquqi xidmət üzrə vəkilə ödənilən məbləğ 200 manat olmaqla, cəmi 3.717,15 manat tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 fevral 2021-ci il tarixində, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında, Distribütora məxsus malların Diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən №16215 saylı diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Dilerə, özünə məxsus olan malları təklif edir. Bunun əsasında, Diler tərəfindən tərəflərin müqaviləyə və Distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacaq. Lakin, Dilerin Distribütordan aldığı mala görə borcu yaranmışdır. Belə ki, 01 fevral 2021-ci il tarixdə tərəflər arasında imzalanmış üzləşdirmə aktının məzmunundan görünür ki, 31 yanvar 2021-ci il tarixinə Cavabdeh İddiaçı QSC-ə borcu 3457,15 manat təşkil edir. Həmçinin aktın məzmunundan aydın olur ki, diler yaranmış borcu İddiaçı QSCnin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh arasında 05.02.2021-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, İddiaçı QSC özünə məxsus olan malları təklif edir, Cavabdeh isə tərəflərin müqaviləyə və İddiaçı QSC-yə məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin malların satışını həyata keçirir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacağı barədə razılıq olmuşdur. İş materillarına əlavə edilmiş 01.02.2021-ci il tarixli üzləşmə aktından görünür ki, 31.01.2021-ci il tarixinə Cavabdeh İddiaçı QSC-yə ümumi borcunun 3.457,15 manat təşkil etdiyini qəbul etmişdir. Eyni zamanda üzləşmə aktında göstərilmişdir ki, yaranmış borc İddiaçı QSC-nin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. Qeyd edilən üzləşmə aktı hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 22.02.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə müraciət edilərək borcun 25.02.2022-ci il tarixə kimi ödənilməsi xahiş edilmiş, əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət olunacağı bildirilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz göndərərək (məhkəməyə 24.05.2022-ci il tarixdə daxil olmuşdur) iddiaçıya verməli olduğu məbləğin tələb edilən məbləğdən olduqca az olmasını və həmin məbləği hissə-hissə ödəməyə razı olmasını bildirib iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 789.1-ci maddəsinə əsasəm ticarət nümayəndəsi haqqında müqaviləyə görə, sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxsə (ticarət agentinə) alğı-satqı müqavilələrinin, habelə xidmətlər yaradılmasına dair müqavilələrin (ticarət əqdlərinin) bağlanmasında hər hansı istehsalçının, sənayeçinin və ya tacirin (tapşıranın) adından və hesabına vasitəçilik xidmətləri göstərmək və (və ya) bunları bağlamaq barəsində uzunmüddətli tapşırıq verilir. Həmin Məcəllənin 791.1 və 791.1.4-cü maddlərinə əsasən ticarət agenti barəsində tapşıran vicdanlılıq prinsipinə uyğun hərəkət etməlidir. Tapşıran ticarət agentinə muzd ödəməlidir. Həmin Məcəllənin 792.1-ci maddəsinə əsasən ticarət agentinin sabit aylıq muzd və (və ya) əqdlərin dövriyyəsindən və ya miqdarından asılı muzd (komisyon muzdu) almaq hüququ vardır. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən iddiaçının realizə olunması üçün təqdim etdiyi mallara görə yaranmış borcu tələb etmək hüququ yaranmışdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikərə əməl etməyərək yaranmış borcu ödəmədiyinə görə iddiaçının tələbi aşkardır. Belə ki, 01.02.2021-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh həmin aktı imzalamaqla 3.717,15 manat borcunun olmasını etiraf etmişdir. Göründüyü kimi, iddiaçı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etsə də, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Ona görə də, iddia təmin edilməlidir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 60 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan Arayışdan görünür ki, İddiaçı QSC mediasiya xərci olaraq 60 manat məbləğində pul ödəmişdir. Ona görə də, mediasiyaya çəkilmiş xərc olaraq 60 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddianın 200 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də iddia təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı QSC tərəfindən ona hüquqi yardım göstərilməsi üçün “Sirius” vəkil bürosunun təqdim etdiyi elektron qaimə əsasında 200 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 200 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması ağlabatandır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. 3457,15 (üç min dörd yüz əlli yeddi manat on beş qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş pulun əvəzi olaraq 200 (iki yüz) manat, mediasiya xərci olaraq 60 (altmış) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1906/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1906/2022
27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver