Məhkəmə qərarları › İş №e-2-2(113)-1906/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1906/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1906/2024 07.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 5687,98 manat, cərimə borcuna görə 1000 manat və ödənilmiş mediasiya rüsumuna görə 100 manat olmaqla, cəmi 6787,98 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar İddiaçı ilə cavabdeh hüquqi şəxs Cavabdeh MMC arasında 05 oktyabr 2023-cü il tarixli, №003/2023 saylı malların alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən təhvil veriləcək malların dəyərinin 30%-i əvvəlcədən, mal təhvil verildikdən sonra isə qalıq məbləğ 7 (yeddi) təqvim günü ərzində tam olaraq satıcının bank hesabına köçürülməli idi. İddia ərizəsinə əlavə olunmuş təhvil-təslim aktından da görünür ki, alıcıya (cavabdehə) sifariş etdiyi mallar tam şəkildə təhvil verilmişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi tam şəkildə icra etməyərək, ilkin 30% ödənişi etmiş, lakin geri qalan ödənişi etməyərək, müqavilə üzrə müəyyən edilmiş öhdəliyinin icrasından yayınmışdır. Beləliklə, cavabdeh 05 oktyabr 2023-cü il tarixli, №003/2023 saylı malların alqı-satqı müqaviləsinin 4.3 və digər bəndlərini pozaraq götürdüyü öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçıya 5687,87 manat borcu qalmışdır. Bundan əlavə, müqavilənin 8.2-ci bəndinə əsasən alıcı malların dəyərinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə 0,1% məbləğində dəbbə pulu ödəməlidir və yerinə yetirilməyən öhdəlik üzrə bu cərimənin də məbləği 1000 manat təşkil edir. Bununla yanaşı, cavabdehin qeydiyyatda olduğu ünvan üzrə, həmçinin elektron kargüzarlıq sistemi üzərindən cavabdehə rəsmi pretenziya məktubu göndərilməklə 3 iş günü müddətində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə isə müqavilə öhdəliyini yetirilməməsinə görə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna baxmayaraq, məsələnin məhkəmədən kənar həllinə heç bir təşəbbüs göstərilməmişdir. xx.xx.2024-cü il tarixli, MŞB/10-00789 reyestr nömrəli mediasiya arayışından görünür ki, mediasiya mərhələsində cavabdehlə barışıq əldə etmək mümkün olmamışdır. Beləliklə, cavabdeh müqavilə üzrə borcunu ödəmədiyindən iddiaçı borcu qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 385.1, 425.1, 442, 448.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2023cü il tarixdə 003/2023 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1ci maddəsinə əsasən bu müqavilənin şərtlərinə əsasən satıcı hazırkı müqavilənin ayrılmaz hissələri olan və hər iki tərəfdən imzalanmış müvafiq əlavələrində (alış sifarişləri, qiymətlərin razılaşdırma protokolu, qiymət cədvəli, sifariş forması, təklif, spesifikasiya, purchase order və sair adlandırıla bilər) (bundan sonra - əlavə) göstərilən malları (bundan sonra - mallar) razılaşdırılmış çeşiddə, miqdarda, müddətdə və qiymətlə, istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları təhvil alıb dəyərini bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı tərəfindən təchiz olunacaq malların qiyməti, həcmi, növü və s. alıcı ilə razılaşdırılır və hər dəfə müqavilənin müvafiq əlavələrində müəyyən edilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən malların dəyəri, satıcı tərəfindən e-qaimə faktura təqdim edildikdən sonra, müvafiq əlavə ilə müəyyən edilmiş qaydada, nağdsız şəkildə satıcının bank hesabına köçürmə yolu ilə ödəniləcəkdir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən təhvil veriləcək malın dəyərinin 30%-i əvvəlcədən, mal təhvil verildikdən sonra isə qalıq məbləğ 7 (yeddi) təqvim günü ərzində tam olaraq satıcının bank hesabına köçürülür. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən bu müqavilə üzrə öz öhdəliklərini tam icra etməyən və ya lazımınca icra etməyən tərəf bununla digər tərəfə vurduğu zərərə görə qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyacaq və qarşı tərəfə dəyən zərəri tam həcmdə ödəyəcək. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən alıcı malların dəyərinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə 0,1% (sıfır tam yüzdə bir faizi) məbləğində dəbbə pulu ödəyəcək. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixdə 003/2023 nömrəli alq-satqı müqaviləsinə xx.xx.2023-cü il tarixli, 01 nömrəli əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə adları qeyd olunmuş malların qiymətləri barədə razılığa gəlmişlər. Müqaviləyə əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2023-cü il tarixli, EBDQ seriyalı, 454141 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8687,98 manat (ƏDV daxil) təşkil edir.

10. xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 003/2023 nömrəli müqavilə üzrə İddiaçı 3000 manat məbləğində ödəniş edilmişdir.

11. İddiaçı tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 (on) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

15. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır.

16. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən 5687,98 manat (malların ümumi dəyəri və ƏDV də daxil olmaqla) məbləğində əsas borcun tutulması təşkil edir.

17. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının qalıq borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMCdən 5687,98 manat (beş min altı yüz səksən yeddi manat doxsan səkkiz qəpik) manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Borcun mövcudluğu iş materialları ilə təsdiq olunur. Belə ki, müqavilə üzrə cavabdehə təhvil verilən malların ümumi dəyəri 8687,98 manat (ƏDV daxil) təşkil etmiş, cavabdeh tərəfindən həmin məbləğdən İddiaçı 3000 manat məbləğində ödəniş edilmiş, qalıq məbləğ 5687,98 manat təşkil etmişdir.

18. Bundan əlavə, iddiaçı cavabdehdən 1000 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.

19. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 300 (üç yüz) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

20. Eləcə də, iddiaçı 100 (yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

21. Məhkəmə hesab edir ki, 100 (yüz) manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 5687,98 manat (beş min altı yüz səksən yeddi manat doxsan səkkiz qəpik) əsas borc, 300 (üç yüz) manat cərimə borcu və 100 (yüz) manat mediasiya xərci olmaqla, cəmi 6087,98 manat (altı min səksən yeddi manat doxsan səkkiz qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar