Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1907/2021 14.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı müqavilə üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 04 fevral 2020-ci il tarixli müqavilə üzrə 124472, (bir yüz iyirmi dörd min dörd yüz yetmiş iki) manat əsas borcun, 17748,34 (on yeddi min yeddi yüz qırx səkkiz manat, otuz dörd qəpik) manat ƏDV borcunun, 7111 (yeddi min bir yüz on bir) manat dəbbə pulunun və 30 (otuz) manat dövlət rüsumunun, cəmi ümumilikdə 149361,34 (bir yüz qırx doqquz min üç yüz altmış bir manat otuz dörd qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 04 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı müqavilənin 1.3-cü bəndi ilə müəyyənləşdirilmiş malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib əvəzində bu müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü maddəsinə əsasən göndərilməli olan malın markası, qiyməti tərəflərin imza və möhürü ilə təsdiq olunan bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavə “X2” göstərilir. Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 04 fevral 2020-ci il tarixli 1 saylı əlavəyə, “X4”na uyğun olaraq təhvil-təslim aktları və e-qaimə əsasında cavabdehin mülkiyyətinə M- 350 və M-150 markalı beton verilmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən alıcı ona təhvil verilmiş malın dəyərini, mal təhvil verildiyi tarixdən etibarən 5 bank günü ərzində ödəməlidir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə ƏDV daxil olmaqla 355670,90 (üç yüz əlli beş min altı yüz yetmiş manat doxsan qəpik) məbləğində mal (beton) təhvil verilmişdir. Cavabdeh qəbul etdiyi malın ümumi dəyərindən ƏDV daxil 213450,54 (iki yüz on üç min dörd yüz əlli manat əlli dörd qəpik) manat məbləğində ödəniş etmişdir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış “X1 Üzləşmə Aktına” əsasən 31.10.2020-ci il tarixə cavabdehin iddiaçıya kreditor borcunun məbləği ƏDV daxil olmaqla 142220,34 (bir yüz qırx iki min iki yüz iyirmi manat otuz dörd qəpik) təşkil edir. Müqavilə şərtlərinə uyğun olaraq, alınan məhsullar üzrə alıcının bu günə ödəməli olduğu məbləğ ƏDV daxil olmaqla 142220,34 (bir yüz qırx iki min iki yüz iyirmi manat otuz dörd qəpik) təşkil edir. Borcun ödənilməsinə dair cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilsə də, hətta ünvanına pretenziya məktubu göndərilsə də Cavabdeh MMC müqavilə üzrə ödənilməli olan borcu ödəməmişdir. Sözügedən müqavilənin 5.1-ci bəndinə əsasən, ödənişin gecikdirilməsinə görə alıcı gecikdirilən hər gün üçün gecikdirilmiş məbləğin 0.1 %-i həcmində dəbbə pulu ödəyir. Beləliklə müqavilənin şərtinə əsasən 22 fevral 2021-ci il tarixinə cavabdeh alıcıya 7.111 (yeddi min yüz on bir) manat dəbbə pulu ödəməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını, cavabdehdən 124472 manat əsas məbləğdə borcun, 17748,34 manat ƏDV borcunun, 7111 manat dəbbə pulunun və 30 manat məbləğində dövlət rüsumunun, cəmi ümumilikdə 149361,34 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan satıcı olan iddiaçı ilə alıcı olan cavabdeh arasında 04 fevral 2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin: -1.1-ci bəndinə əsasən “satıcı” bu müqavilənin 1.3 bəndində göstərilən betonu" bundan sonra - mal" öz qüvvə və vəsaiti hesabına hazırlayıb "alıcı"-ya təhvil verməyi, “alıcı” isə malı qəbul edib əvəzində onun qiymətini "satıcı”-ya ödəməyi öhdəsinə götürür. -1.3-cü bəndinə əsasən göndərilməli olan malın markası, qiyməti tərəflərin imza və möhürü ilə təsdiq olunan bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavə "Qiymət razılaşma protokolu"-nda göstərilir. Qaimə-faktura bu müqavilə üzrə malın təhvil verilməsini təsdiq edən sənəddir. -2.2.1-ci bəndinə əsasən “satıcı”-nın standartlarla müəyyən edilmiş keyfiyyət tələblərinə cavab verən, qarşılıqlı razılaşdırılmış miqdarda və markada malı xüsusi nəqliyyat vasitəsi ilə "alıcı"-nın sifarişində qeyd etdiyi ünvana çatdırılması və 2.2.2-ci bəndinə əsasən “satıcı”-nın alıcıya malı tərəflərin imza və möhürü ilə təsdiq olunan qaiməfaktura əsasında təhvil verilməsi öhdəliyi vardır. -2.4.2-ci bəndinə əsasən, “alıcı” "satıcı" tərəfindən göndərilmiş malın qiymətini müqavilə ilə müəyyən olunmuş qaydada ödəmə öhdəliyi vardır. -3.1-ci bəndinə əsasən bu müqavilə üzrə malın qiməti "satıcı"-nın preyskurantı əsasında müəyyənləşdirilən və tərəflərin imza və möhürü ilə təsdiq olunmuş bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavə "Qiymət razılaşma protokolu"-nda göstərilən qiymətdir. -3.2-ci bəndinə əsasən bu müqaviləyə görə "satıcı" bir tərəfli qaydada malın qiymətində dəyişiklik edə bilər. Malın qiymətində dəyişiklik edildikdə "satıcı" bu barədə "alıcı" ya 5 (beş) gün müddətinə yazılı bildiriş göndərir. -3.4-cü bəndinə əsasən bu müqavilə üzrə malın dəyəri mal bu müqavilənin 2.2. bəndinin tələblərinə müvafiq surətdə "satıcı" tərəfindən "alıcı"-ya təhvil verildikdən 5 (beş) bank günü ərzində " alıcı" tərəfindən "satıcı"nın bank hesabına köçürmə yolu ilə və ya nağd qaydada ödəniləcəkdir. -5.1-ci bəndinə əsasən tərəflərdən biri bu müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməklə digər tərəfə ziyan vurarsa, yəni malın göndərilməsi "satıcı" tərəfindən, ödəniş isə "alıcı" tərəfindən geçikdirilirsə, günahkar tərəf digər tərəfə gecikdirilən hər gün üçün sifarişin ümümi dəyərinin 0,1% məbləğində cərimə ödəməlidir. Lakin cərimənin ümumi məbləği sifarişin ümumi məbləğinin 5 % dən artıq ola bilməz. İş materiallarında olan 04.02.2020-ci il tarixli alqı-satqı müqaviləsinə 04.02.2020-ci il tarixli, 01 saylı əlavə olan “qiymət razılaşma protokolu”-na əsasən, “Beton B-25 (M-350)” adlı məhsulun qiyməti 79 manat, “Beton B-12,5 (M-150) adlı məhsulun qiyməti 70 manat olmaqla müəyyənləşdirilmişdir. Qeyd olunan əlavənin: -1-ci bəndinə əsasən qiymətə ƏDV daxil deyildir. -2-ci bəndinə əsasən sulfata davamlı portlandsement ilə hazırlanmış betonun qiymətinin üzərinə 10 AZN/m3 əlavə ediləcəkdir. -3-cü bəndinə əsasən müştərinin sifarişi üzrə betona digər komponentlər əlavə edildikdə qiymətlər aşağıdakı kimi hesablanır: Antifiriz qatqısı 5 AZN/m3, sukeçirimsizlik qatqısı 5 AZN/m3, əlyaf əlavəsi 5 AZN/m3. İş materiallarında 07 sentyabr 2020-ci il tarixli 01 nömrəli təhvil-təslim aktının təsdiqlənmiş surətindən məlum olur ki, İddiaçı MMC tərəfindən 04 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, 01.03.2020-06.09.2020-ci il tarixlərində ümumilikdə 320.853,21 (ƏDV daxil) manat dəyərində mal, iş və xidmətlər Cavabdeh MMC-yə təhvil verilmişdir. İş materiallarında 01 oktyabr 2020-ci il tarixli 02 nömrəli təhvil təslim aktının təsdiqlənmiş surətindən məlum olur ki, İddiaçı MMC tərəfindən 04 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, 07.09.2020-26.09.2020-ci il tarixlərində 34.817,67 (ƏDV daxil) manat dəyərində mal, iş və xidmətlər Cavabdeh MMC-yə təhvil verilmişdir. İş materiallarında olan EBAG seriyalı 691167 nömrəli 21.02.2020-ci il tarixli elektron qaiməyə əsasən cəmi 60.593 manat, EBAİ seriyalı 259893 nömrəli 31.03.2020-ci il tarixli elektron qaiməyə əsasən cəmi 83.016,54 manat, EBAJ seriyalı 321177 nömrəli 29.04.2020-ci il tarixli elektron qaiməyə əsasən cəmi 19.716,03 manat, EBAL seriyalı 282324 nömrəli 18.06.2020-ci il tarixli elektron qaiməyə əsasən cəmi 55.441,71 manat, EBAL seriyalı 741993 nömrəli 29.06.2020-ci il tarixli elektron qaiməyə əsasən cəmi 4.168,35 manat, EBAM seriyalı 983528 nömrəli 29.07.2020-ci il tarixli elektron qaiməyə əsasən cəmi 45.155,06 manat, EBAP seriyalı 061561 nömrəli 24.08.2020-ci il tarixli elektron qaiməyə əsasən cəmi 13.983 manat, EBAP seriyalı 644350 nömrəli 07.09.2020ci il tarixli elektron qaiməyə əsasən cəmi 38.779,52 manat, EBAR seriyalı 127179 nömrəli 12.10.2020-ci il tarixli elektron qaiməyə əsasən cəmi 34.817,67 manat məbləğində mallar 04 fevral 2020-ci il tarixli müqavilə əsasında İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Məhkəməyə təqdim olunmuş, üzləşmə aktının təsdiq olunmuş surətindən məlum olur ki, 31.10.2020-ci il tarixinə Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu 124.472 manat əsas məbləğ, 17.748,34 ƏDV məbləği olmaqla ümumilikdə 142.220,34 (yüz qırx iki min iki yüz iyirmi manat, otuz dörd qəpik) manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyərək, müqavilənin şərtlərinin pozmuşdur. İddiaçı iddia ərizəsində tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə əsasən, 7.111 (yeddi min yüz on bir) manat dəbbə pulunun da, tələb olunduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu məbləği 711 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 124.472 (yüz iyirmi dörd min, dörd yüz yetmiş iki manat) manat əsas borc, 17.748,34 (on yeddi min yeddi yüz qırx səkkiz manat, otuz dörd qəpik) manat ƏDV borcu, 711 (yeddi yüz on bir) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla, cəmi 142.961,34 (yüz qırx iki min doqquz yüz altmış bir manat, otuz dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 124.472 (yüz iyirmi dörd min, dörd yüz yetmiş iki manat) manat əsas borc, 17.748,34 (on yeddi min yeddi yüz qırx səkkiz manat, otuz dörd qəpik) manat ƏDV borcu, 711 (yeddi yüz on bir) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla, cəmi 142.961,34 (yüz qırx iki min doqquz yüz altmış bir manat, otuz dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1907/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1907/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver