Məhkəmə qərarları › İş №e-2-2(113)-1907/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1907/2022

26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1907/2022 26.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi və razılıq protokolunun etibarsız hesab edilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən əsassız hesablanmış 35999,4 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən çörək sexində fərdi sahibkar kimi 2010-cu ildən fəaliyyət göstərir. Cavabdeh təşkilata mütəmadi olaraq ödənişlər etməklə, cari ildə 20720 manat sərfiyyat haqqı ödəmişdir. Lakin, cavabdeh mütənasibsiz olaraq həddindən artıq hesablamalar aparmış və borcu şişirdilmiş halda ona təqdim edərək iddiaçıya məxsus çörək bişirmə sexinə gələn qaz xəttini kəsmişlər. Bundan sonra iddiaçı Cavabdeh İB-nə müraciət etməli oldu. Orada bildirildi ki, qaz xəttinin açılması üçün tərəflər arasında razılaşma müqaviləsi bağlanmalıdır. Sexin işləməsi üçün iddiaçı cavabdehlə razılaşmağa vadar olmuş, sexdə hazırlanmış məhsulların xarab olmaması üçün, həmçinin sahibkar kimi fəaliyyət göstərdiyi üçün müəyyən şəxslər qarşısında öhdəliklərinin olmasını nəzərə almış və əsassız borcun hissə-hissə ödənilməklə 08 may 2021-ci il tarixdə razılıq protokolu imzalamaq məcburiyyətində qalmışdır. Həmin protokolda göstərilmişdir ki, iddiaçı 40 gün ərzində 39999,40 manat pul cavabdeh təşikilata ödəməlidir. 21 may 2021-ci il tarixdə 4000 manat, son 1 ay ərzində isə cavabdeh təşkilata 12000 manat qaz sərfiyyatına görə pul ödəmişdir. Cavabdeh İB iddiaçıya artıq borc hesablayaraq sonradan qazın bağlanması ilə onu hədələməsi və nəticədə iddiaçının vəziyyətinin pisləşdirilməsinə səbəb olan Razılaşma protokolunu imzalatmışlar. Sahibkara qarşı cavabdeh təşkilatın bu formada hərəkətlər etməsi ölkədə sahibkarlara kömək məqsədi ilə aparılan siyasətə ziddir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-864/2021 saylı, xx.xx.2021-ci il tarixli müvəqqəti təminat tədbirinə dair qərardadı ilə müəyyən olunmuşdur ki, abonentin saldosuna əsasən 2020-ci ilin dekabr ayından 2021-ci ilin iyun ayına qədər cəmi 60863 manat ödəniş edilmişdir. Eyni zamanda, həmin aylar üzrə qaz sərfiyyatına görə cəmi ödənilməli olan məbləğ 25845,6 manat təşkil etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən qaz sərfiyyatına görə cəmi ödənilməli olan məbləğdən 35017,4 manat artıq ödənilmişdir (60863-35017,4=35017,4). Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə verərək iddiaçı ilə Cavabdeh İB arasında bağlanmış 08 may 2021-ci il tarixli razılaşma protokolunun etibarsız hesab edilməsi və hesablanmış 35999,40 manat əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq qeyd etdi ki, mübahisələndirilən borc məbləği 1 dekabr 2020-ci il tarixdən 2021-ci ilin iyun ayınadək olan dövrü əhatə edir. İddiaçı 6 ay ərzində Cavabdeh İB-nə cəmi 60863 manat ödəniş etmişdir. Halbuki, abonent saldosundan da göründüyü kimi ödənilməli olan məbləğ 25845,6 manat təşkil etmiş, iddiaçı isə 35017,4 manat artıq ödəniş etmişdir. Bu fakt Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-864/2021 saylı, 28 iyul 2021-ci il tarixli qərardadı ilə də təsdiqlənmişdir. Sonda iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, tərəflər arasında bağlanmış razılaşma protokolunun icra müddəti bitdiyindən, hazırda o qüvvədən düşmüş sənəddir. Bundan başqa, 2021-ci il ərzində qaz sərfiyyatına dair abonent saldosundan və qərardaddan göründüyü kimi, barışıq sazişi imzalanan zaman iddiaçının sərfiyyata görə 36340 manat məbləğində borcu artıq mövcud idi. İddiaçıya məxsus qeyri-yaşayış sahəsində 2020-ci il ərzində 63647 manat dəyərində təbii qazdan istifadə edilmiş və 36400 manat ödəniş olunmuş, 2021-ci il ərzində 33296,38 manat dəyərində təbii qazdan istifadə edilmiş, 45863 manat ödəniş olunmuş, 2022-ci ilin may ayına qədər isə 15565 manat dəyərində təbii qazdan istifadə edilmiş və 16607 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-130/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qərardadına əsasən mübahisənin barışıq sazişi ilə tamamlanması əsası ilə iş üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-598/2020 saylı, 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, tərəflər arasında barışıq sazişi bağlanması əsası ilə iş üzrə icraata xitam verilmişdir. Tərəflərin arasında bağlanmış 14 dekabr 2020-ci il tarixli barışıq sazişinin aşağıdaki şərtləri təsdiq edilmişdir: İddiaçı iş üzrə iddia tələbindən imtina edir, təbii qazdan istifadəyə görə yaranmış 36319,4 manat borcu qəbul edir və həmin məbləğin 10000 manat hissəsini saziş imzalananadək, saziş imzalandıqdan bir həftə sonra 10000 manat hissəsini ödəyir, borcun qalan 16319,4 manat hissəsini isə 3 ay müddətində xx.xx.2021-ci il tarixində 5439,8 manat, xx.xx.2021-ci il tarixdə 5439,8 manat, xx.xx.2021ci il tarixdə 5439,8 manat olmaqla Cavabdeh İB-nin hesabına hissə-hissə ödəməyi öhdəsinə götürür. 08 may 2021-ci il tarixli razılaşma protokolundan görünür ki, İddiaçı təbii qazdan istifadəyə görə Cavabdeh İB-yə 54457,4 manat məbləğində borcun olmasını qəbul edir, həmin borcdan ilkin olaraq 5458 manat ödədikdən sonra qalan 39999,4 manatı təbii qazın sərfiyyatından əlavə olaraq 2021-ci ilin may ayının 18-i 10000 manat, may ayının 28-i 20000 manat, iyun ayıının 8-i 10000 manat və iyun ayının 18-də 9999,4 manat olmaqla ödəməyi öhdəsinə götürür. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İddia üzrə borcun silinməli olması onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən yaradılan hansısa problemdən dolayı bu qədər məbləğdə pul vəsaiti hesablanmışdır. İddia yuxarıda göstərilən hal ilə əsaslandırılsa da, 35999,4 manat borcun hansı səbəbdən əsassız hesablanması, cavabdehin hansı hərəkətləri nəticəsində qeyd olunan borcun yaranması və digər hallar əsaslandırılmamış, bu barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-130/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qərardadı ilə tərəflər arasında barışıq sazişi imzalanaraq, İddiaçı iş üzrə iddia tələbindən imtina etmiş, təbii qazdan istifadəyə görə yaranmış 36319,4 manat borcu qəbul etmişdir. Həmin qərardad qanuni qüvvəyə minmişdir. Tərəflər arasında barışıq sazişi 14 dekabr 2020-ci il tarixdə bağlandığına görə hazırkı mübahisənin predmetini həmin dövrdən sonra yaranmış borc məbləği təşkil etməlidir. Çünki, barışıq sazişi məhkəmənin qanuni qüvvəyə minmiş qərardadına əsasən təsdiq olunduğuna görə həmin dövrə qədər yaranmış borc hazırkı mübahisənin predmetini təşkil edə bilməz. Abonentin saldosundan görünür ki, 14 dekabr 2020-ci il tarixdən sonra yaranmış borc, həmçinin, 08 may 2021-ci il tarixli razılaşma protokoluna əsasən müəyyən olunmuş 54457,4 manat sayğac göstəricilərinə əsasən hesablanmış borcdur. Bunun əksini təsdiq edən hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Borcun silinməsi tələbi ilə yanaşı razılaşma protokolunun etibarsız hesab olunması tələbi irəli sürülsə də, həmin protokol bağlanarkən qanunvericiklə müəyyən edilmiş hansı şərtin irəli sürülməsi əsaslandırılmamışdır və məhkəmə araşdırması zamanı da belə bir hal müəyyən olunmamışdır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, iddia rədd olunmalı, iddia ərizəsinin verilməsi üçün çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi və razılıq protokolunun etibarsız hesab edilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar