Məhkəmə qərarları › İş №e-2-2(113)-1907/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1907/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1907/2024 24.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Müəsisəsinin Cavabdeh MMC-nə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Müəsisəsinin Cavabdeh MMC-nə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Müəsisəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə 36742,04 manat əsas borc, 9920,35 manat dəbbə pulunun və 230 manat dövlət rüsumunun ümumilikdə 46.892,39 manatın İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı şirkət 1995 – ci ildən elektrik, istlik və havalandırma üzrə avadanlıqların satışı və təmiri, eyni zamanda elektrik avadanlıqlarının icarəsini həyata keçirməkdədir. İddiaçı müəsissəsi ilə Cavabdeh MMC arasında 01 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən, satıcı bu müqavilənin şərtlərinə və Alıcının sifarişinə uyğun olaraq mal və xidmətlərin təchiz edilməsini, Alıcı isə 2-ci maddədə nəzərdə tutulmuş şərtlərlə təchiz edilən malların və xidmətlərin haqqını ödəməyi öz öhdəsinə götürür. Sözügedən müqaviləyə əsasən cavabdehin sifarişləri əsasında şirkət tərəfindən xx.xx.2022-ci il tarixli, Seriya EBCK, 638856 saylı elektron qaimə əsasında 7717.67 manat, xx.xx.2022-ci il tarixli, Seriya EBCL, 963492 saylı elektron qaimə əsasında 717.44 manat, xx.xx.2023-cü il tarixli, Seriya EBCN, 372297 saylı elektron qaimə əsasında 1848,12 manat, xx.xx.2023-cü il tarixli, Seriya EBCO, 016037 saylı elektron qaimə əsasında 1923.95 manat, xx.xx.2023-cü il tarixli, Seriya EBDB, 278424 saylı elektron qaimə əsasında 4865.02 manat, xx.xx.2023-cü il tarixli, Seriya EBDD, 690776 saylı elektron qaimə əsasında 18012,18 manat, xx.xx.2023-cü il tarixli, Seriya EBDG, 098797 saylı elektron qaimə əsasında 1657,66 manat ümumilikdə 36742,04 manat dəyərində müxtəlif çeşidli mallar satılmışdır. Cavabdehin alınmış malların ümumi dəyərindən bu günə kimi heç bir hissə köçürmə edilməmişdir, hazırda cavabdehin şirkətə 36742,04 manat borcu mövcuddur. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə qarşılıqlı hesablar haqqında tərtib edilmiş üzləşmə aktı ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixə iş üzrə Cavabdeh MMC-nin İddiaçı müəsissəsinə olan borcu 36742,04 manatdır. Dəfələrlə borclu təşkilatın səlahiyyətli şəxsləri ilə danışıqlar aparılmış lakin, borcun ödənilməsi müxtəlif bəhanələrlə bu günə kimi uzadılmış, müqavilə üzrə öhdəliyin icrasından 14 aya yaxın vaxt keçməsinə baxmayaraq ödəniş həyata keçirilməmişdir. xx.xx.2023–cü il tarixdə cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq göndərilməsinə baxmayaraq borc təkrar olaraq ödənilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddia tələbinin yalnız əsas borc hissəsində qəbul etdiyini bildirdi. Lakin cavabdehin layihələrinin böyük hissəsinin Qarabağ zonasında görülən işlər olduğu üçün, ödənişlərin edilməsində də gecikmələr olur. Pretenziya məktubunda cavabdehdən müqavilənin ləğvini istəməyiblər, cavabdehin özünə digər müqavilələr üzrə şirkətlər tərəfindən ödənişlər edildikdən sonra, borcu ödəyəcəklər. Dəbbə pulu məbləği mövcud olan borcdan yuxarı həddə hesablanmışdır, həmçinin müqavilə ləğv olmadığı üçün, dəbbə pulunun tələb edilməsinin əsassız olduğunu bildirdi.

5. Cavabdehə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı Müəsisəsi ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 0242-H/21 saylı alqı-satqı müqaviləsinə əsasən:

9. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin şərtlərinə və alıcının sifarişinə uyğun olaraq mal və xidmətlərin təchiz edilməsini, alıcı isə 2-ci maddədə nəzərdə tutulmuş şərtlərlə təchiz edilən malların və xidmətin haqqını ödəməyi öz öhdəsinə götürür.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin ümumi qiyməti il ərzində alıcının sifarişinə uyğun olaraq satıcının təchiz etdiyi mal və xidmətlərin toplam qiymətləri cəmindən ibarət olub, mərhələlərlə istənilən məbləğə qədər artırıla bilər.

11. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı sifariş-təklif qaydasında müəyyən edilən pul məbləğini qiymət razılaşdırma protokolunda qeyd edilən tarixə ödəmək şərti ilə satıcının profilinə uyğun olan hər cür mal və ya professional xidmətin təchiz edilməsini tələb edə bilər.

12. Müqavilənin 2.4-cü bəndinə əsasən alıcı qiymət razılaşdırma protokolunda təklif olunan malların qiymətini və təslim müddətini qəbul etdikdə onu rəsmi qaydada təsdiqləyərək satıcıya qaytarır və bu şəkildə tərtib olunan qiymət razılaşdırma protokolu müqavilənin ayrılmaz tərkib hissəsidir.

13. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı tərəfindən tələb olunan mal satıcının anbarında mövcud olduğu halda alıcının təəb formasının və ya satınalma personalının şəxsən müraciət etditi tarixdə qaimə faktura ilə bərabər ona təslim edilir.

14. Müqavilənin 7.1-ci bəndinə əsasən alcının öhdəlikləri: - satıcı tərəfindən bu müqaviləyə əsasən ona təhvil verilən malları və avadanlıqları qəbul etmək, - satıcının təmin etdiyi mal və xidmətlərin haqqını vaxtında ödəmək.

15. Müqavilənin 8.2-ci bəndinə əsasən satıcı bu müqavilə ilə müəyən edilmiş vaxtda mal alıcıya qismən təhvil verdikdə və ya ümumiyyətlə təhvil vermədikdə, alıcı isə satıcıdan hər gecikdirilən gün üçün bu müqavilənin ümumi məbləğinin 0.1% həcmində dəbbə pulunun ödənilməsini tələb edə bilər.

16. Müqavilənin 8.3-cü bəndinə əsasən alıcı bu müqavilə müəyyən edilmiş vaxtda, satıcı tərəfindən mal təhvil verildidkən sonra malın dəyərini tam ödəmədikdə, satıcı alıcıdan hər gecikdirilən gün üçün bu müqavilənin ümumi məbləğinin 0.1 faizi həcmində dəbbə pulunun ödənilməsini tələb edə bilər.

17. xx.xx.2022-ci il tarixli, Seriya EBCK, 638856 saylı elektron qaimə və eyni tarixli 1340 saylı inviysa əsasında 7717.67 manat, xx.xx.2022-ci il tarixli, Seriya EBCL, 963492 saylı elektron qaimə əsasında 717.44 manat, xx.xx.2023-cü il tarixli, Seriya EBCN, 372297 saylı elektron qaimə və eyni tarixli 0031 saylı invoysa əsasında 1848,12 manat, xx.xx.2023cü il tarixli, Seriya EBCO, 016037 saylı elektron qaimə və eyni tarixli 0097 saylı invoysa əsasında əsasında 1923.95 manat, xx.xx.2023-cü il tarixli, Seriya EBDB, 278424 saylı elektron qaimə və eyni tarixli 0244 saylı invoysa əsasında əsasında 4865.02 manat, xx.xx.2023-cü il tarixli, Seriya EBDD, 690776 saylı elektron qaimə və eyni tarixli 0287 saylı invoysa əsasında əsasında 18012,18 manat, xx.xx.2023-cü il tarixli, Seriya EBDG, 098797 saylı elektron qaimə və eyni tarixli 0575 saylı invoysa əsasında əsasında 1657,66 manat dəyərində müxtəlif çeşidli mallar satılmışdır.

18. xx.xx.2023-cü il tarixli qarşılıqlı hesablaşmalara haqqında üzləşmə aktına əsasən Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixə iddiaçıya 36742,04 manat borcu olması müəyyən edilmiş və akt hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiqlənmişdir.

19. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

22. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

23. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

24. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

25. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 0242-H/21 saylı alqı-satqı müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin şərtlərinə və alıcının sifarişinə uyğun olaraq mal və xidmətlərin təchiz edilməsini, alıcı isə 2-ci maddədə nəzərdə tutulmuş şərtlərlə təchiz edilən malların və xidmətin haqqını ödəməyi öz öhdəsinə götürmüşdür.

26. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, üzləşmə aktı və elektron qaimə və hesab-invoys ilə təstiq olunduğu üçün 36742,04 manat borca dair hissədə tələbin təmin olunması üçün əsaslar mövcuddur.

27. Bundan başqa cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında da əsas boru qəbul etdiklərini, yalnız dəbbə pulu hissəsi ilə bağlı yuxarı həddə hesablanma aparıldığı üçün iddia tələbini o hissədə qəbul etmədiyini bildirdi.

28. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 36742,04 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 36742,04 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

29. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 8.3-cü bəndinə əsasən hesablanmış 9920,35 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

30. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

31. Məhkəmə hesab edir ki, cavabdehin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

32. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

33. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1837 manat məbləğində müəyyən edilməlidir.

34. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 230 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi qismində 206 manat məbləğində pul vəsaiti (iddianın təmin edilən hissəsinə uyğun olaraq) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli 0242-H/21 saylı müqavilə üzrə 36742,04 manat əsas borc məbləği və 1837 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 206 manat tutularaq İddiaçı Müəsisəsinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar