Məhkəmə qərarları › İş №e-2-2(113)-1907/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1907/2025

25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1907/2025 25.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subroqasiya qaydasında pulun tutulması) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. "xxxx" ASC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən 1.290 manat məbləğində pulun və 32,90 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “MAN” markalı, 99–JF–632 dövlət nömrə nişanlı yük avtomobili xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2019-cu il mayın 05-də cavabdeh "xxxx" MMC-yə məxsus olan və sürücü X2 tərəfindən idarə edilən “MAN” markalı, 99–JF–632 dövlət nömrə nişanlı yük avtomobil ilə Bakı şəhəri, Heydər Əliyev prospektində “OPEL” markalı, 10–ZS– 384 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Toqquşmanın nəticəsində “OPEL” markalı, 10–ZS– 384 dövlət nömrə nişanlı avtomobilin sürücüsü X3 YÜNGÜL dərəcəli xəsarətlər almışdır. “MAN” markalı, 99–JF–632 dövlət nömrə nişanlı yük avtomobilin sürücüsü X2 hadisə yerindən yayınmışdır. Nəsimi RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Mehrac Niftəliyev tərəfindən 15 may 2019-cu il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən “MAN” markalı, 99–JF–632 dövlət nömrə nişanlı yük avtomobilin sürücüsü X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) və 327.8-ci maddələri ilə inzibati məsliyyətə cəlb edilməsi üçün material Nizami rayon DYPŞ-nə göndərilmişdir. Başqa sözlə desək, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi cinayət işinin rədd edilməsi haqqında qərarı ilə müəyyən edilərək, təsdiqini tapmışdır. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “OPEL” markalı, 10–ZS–384 dövlət nömrə nişanlı avtomobilə 3540 manat zərər dəymişdir. İddiaçı xx.xx.2019-cu il tarixində 4290 (3540+750) manat sığorta ödənişini zərərçəkmiş şəxs X1 ödəmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixində 05/01-727 nömrəli könüllü sürətdə borcun ödənilməsinə dair cavabdeh "xxxx" MMC-yə xəbərdarlıq məktubu göndərilmişdir. Bundan "xxxx" ASC ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixində borcun etirafı və onun ödənilməsi haqqında razılaşma bağlanılmışdır. Həmin razılaşmaya əsasən cavabdeh "xxxx" MMC etiraf etmişdir ki, PXA ********** nömrəli sığorta şəhadətnaməsi üzrə 2 (iki) sığorta hadisəsi baş vermiş və ümumilkdə 4690 (4290+400) manat məbləğində zərər vurmuş və ilkin olaraq 200 manat ödəniş etməklə, qalan borcu ödəniş cədvəlinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" MMC tərəfindən ümumilikdə 3000 manat məbləğində ödəniş etmişdir. Yerdə qalan 1290 manat məbləğ ödənilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, lakin iddiaçı tərəf məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidirimtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir. III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 936.1-cı maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. - 1108.1-ci maddəsinə əassən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-yə məxsus olan “MAN” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı yük maşını, sürücü X2 tərəfindən idarə edilərkən “Opel” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Opel” markalı avtomobilə ziyan dəymişdir.

9. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli icbari siğorta müqaviləsinə dair məlumatdan müəyyən olunur ki, “MAN” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı yük maşını İddiaçı ASC tərəfindən icbari qaydada sığortalanmışdır.

10. Müqaviləyə əsasən əmlaka vurulan zərərə görə bir şəxs üçün siğorta məbləği 5.000 manat məbləğində müəyyən edilmişdir.

11. 25.05.2019-cu il tarixli, Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”dan müəyyən olunur ki, "xxxx" MMC-yə məxsus olan “MAN” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı yük maşını ilə “Opel” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobil arasında yol-nəqliyyat hadisəsi baş vermiş, baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsində “MAN” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı yük maşınının sürücüsü X2 təqsirli bilinərək, AR İXM-in 327.6 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir.

12. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 48141 və 48193 nömrəli siğorta aktlarına əsasən avtomobilə dəymiş ziyana görə ödəniləcək siğorta məbləği 3.540 manat, sağlamlığa dəymiş ziyan üçün ödəniləcək siğorta məbləği 750 manat məbləğində müəyyən edilmişdir.

13. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan məlum olur ki, xx.xx.2020-ci il tarixində İddiaçı ASC tərəfindən X1 3.540 və 750 manat məbləğində siğorta ödənişi edilmişdir.

14. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli borcun etirafı və onun ödənilməsi haqqında razılaşmaya əsasən "xxxx" MMC “MAN” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı avtomobillə ilə “Opel” markalı, ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində 4.290 manat məbləğində zərər dəydiyini və həmin zərərin İddiaçı ASC tərəfindən siğorta ödənişi kimi ödənildiyini qəbul etmiş, həmin məbləğin İddiaçı ASC–yə ödəyəcəyini bildirmişdir.

15. Hazırda iddiaçı cavabdeh tərəfindən 3.000 manat məbləğində ödəniş edildiyini bildirərək qalıq borc 1.290 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb edir.

16. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən borcun ödənilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.

17. Ona görə də, Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 1.290 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır

18. Ona görə də, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,90 qəpik pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

19. Belə ki, iddia ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixli, **********56 nömrəli qəbzə əsasən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 32,9 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

20. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. VI. Nəticə:

21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. 1.290 (bir min iki yüz doxsan) manat məbləğində pul "xxxx" MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 (otuz iki) manat 90 (doxsan) qəpik məbləğində pul "xxxx" MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar