Məhkəmə qərarları › İş №e-2-2(113)-1910/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1910/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1910/2021 27.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı “X11 X4” publik hüquqi şəxsinin Cavabdehnə (Cavabdeh MMC) qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cəlb edilməklə) “yer təki sahələrindən hasil edilmiş faydalı qazıntılara görə X9 bərpasına ayırmaların məbləğlərinin müəyyən edilməsi və ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi “X11 X4” publik hüquqi şəxsi Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müvafiq icazə sənədi ilə ona ayrılmış yer təki sahələrindən hasil edilmiş faydalı qazıntılara görə mineral-xammal bazasının bərpasına ayırmaların məbləğlərinin müəyyən edilməsi və Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X11 X4 (iddiaçı) tərəfindən müəyyən edilmişdir ki, “Neftçala” yod-brom yatağının ərazisindən yod-brom istehsalı məqsədi ilə 01028 nömrəli 09 mart 2018-ci il tarixli və “Xıllı” yod-brom yatağının ərazisindən yod-brom istehsalı məqsədi ilə 01029 nömrəli 09 mart 2018-ci il tarixli “Dağ-Mədən Ayırması” aktları ilə Cavabdeh MMC-nin (cavabdeh) istifadəsinə müvafiq olaraq 271 ha və 279 ha yer təki sahələri ayrılmışıdır. Cavabdeh tərəfindən təqdim edilmiş faydalı qazıntı ehtiyatlarının balans hesabatına (5gk forması) əsasən 2020ci ilin ilk doqquz ayında “Neftçala” yatağından ******* m3 və “Xıllı” yatağından ******* m3 yodlu-bromlu sular hasil edilmişdir. Lakin yer təki sahələrindən çıxarılan yodlu-bromlu sulara görə mineral-xammal bazasının bərpasına ayırmalar ödənilməmişdir. Ayırmaların könüllü ödənilməsi ilə bağlı cavabdehə ünvanlanmış tələbə cavab olaraq bildirilmişdir ki, faydalı qazıntı (yodlu-bromlu suyu) yataqlarının axtarışına və kəşfiyyatına dövlətin çəkdiyi xərclər onlar tərəfdən tam ödənilmiş və həmin əsasla mineral-xammal bazasının bərpasına ayırmaları ödəməkdən azad edilmişdir. Araşdırma zamanı X1 məlumatlar və sənədlər arasında Cavabdeh MMC və yaxud onun hüquqi varisi olduğu digər şirkət tərəfindən axtarış və ya kəşfiyyata çəkilmiş dövlətin xərclərinin ödənilməsini təsdiq edən sənəd aşkar edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş balans məlumatlarına əsasən onun tərəfindən hasil edilmiş bütün faydalı qazıntıların həcminin və onların ilkin əmtəə dəyərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə qaydasında müvafiq araşdırma aparılmalı və ayırmaların məbləği müəyyən edilməlidir. Daha sonra iddiaçı “X11 X4” publik hüquqi şəxsi Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək, Cavabdeh MMC-dən müvafiq icazə sənədi ilə ona ayrılmış yer təki sahələrindən hasil edilən yodlu-bromlu suların birinci əmtəə dəyəri 0,1 manat olduğu nəzərə alınmaqla 2018-2019-cu illər üçün ayırmaların məbləği məhkəmə tərəfindən müəyyən edilərək tutulması, 2020-ci il üzrə hasil edilmiş yodlu-bromlu sulara görə 16107,462 manat məbləğində ayırmaların Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə etiraz onunla əsaslandırılmışdır ki, məlum olduğu kimi hüquqi mübahisənin həlli üçün ilkin addım olaraq tələbin düzgün qanuni əsasının tapılması məsələsi həll edilməlidir. Hər bir iş üzrə iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün dörd sualı cavablandırmaq lazımdır: kim kimdən, nə və nəyə əsasən tələb edir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan dəqiqləşmə aparılmadan tələbin qanuni əsasını tapmaq və nəticə etibarı ilə mübahisəni düzgün həll etmək mümkün deyildir. İddia ərizəsindən görünür ki, iddiaçı ümumiyyətlə iddia tələbini düzgün müəyyən etməmişdir. Belə ki, iddiaçı məhkəmədən "yer təki sahələrindən hasil edilmiş faydalı qazıntılara görə mineral-xammal bazasının bərpasına ayırmaların məbləğlərinin müəyyən edilməsi və Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş edir. Buradan aydın görünür ki, iddiaçı nəinki, “cavabdehdən tutulub ödənilməli olan məbləğin həcmini“ müəyyən etməmiş, həm də bilavasitə özünə aid olan bu vəzifəni məhkəmənin üzərinə qoymuşdur. İddiaçı hətta iddia ərizəsində göstərmişdir ki, “cavabdeh tərəfindən təqdim edilmiş balans məlumatlarına əsasən onun tərəfindən hasil edilmiş bütün faydalı qazıntıların həcminin və onların ilkin əmtəə dəyərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə qaydasında müvafiq araşdırma aparılmalı və ayırmaların məbləği müəyyən edilməlidir”. Bu isə qüvvədə olan mülki prosessual qanunvericiliyin normalarına ziddir. Belə ki, “Yerin təki haqqında“ qanunun 48-ci maddəsinə əsasən yalnız 1) Faydalı qazıntı yataqlarının zəngin sahələrinin seçmə üsulla hasilatını aparan, 2) eləcə də yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan, yaxud 3) yatağın korlanmasına səbəb olan hərəkətlərdə təqsiri olan yer təki istifadəçisinin fəaliyyəti nəticəsində dövlətə vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydası məhkəmə müəyyənləşdirir. Qeyd olunan halların heç biri “Azər-Yod“ MMC-yə tətbiq oluna bilmədiyindən iddia ərizəsinin predmeti tam əsasızdır. Belə ki, Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar göstərilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 351 nömrəli Sərəncamı ilə təsdiq edilmiş X9 Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamənin 2.2-ci maddəsində müəyyən olunmuşdur ki, mineral-xammal bazasının bərpasına ayırmalar kəşfiyyatı dövlət vəsaiti hesabına aparılmış bütün faydalı qazıntı növlərinin çıxarılmasına görə yer təki istifadəçilərindən alınır. Əsasnamənin 2.4-cü maddəsinə əsasən mineral-xammal bazasının bərpasına ayırmaların miqdarı faktiki çıxarılmış faydalı qazıntılardan əldə olunan və realizə edilən birinci əmtəə məhsulunun dəyərindən (mədən vergisi nəzərə alınmadan) faizlə müəyyən edilir və yodlubromlu sulara görə ayırmaların miqdarı 3 faiz həcmində təyin olunmuşdur. Lakin həmin Əsasnamənin 2.6-cı maddəsində bu qaydadan istisna da müəyyən olunmuşdur. Belə ki, Əsasnamənin 2.6-cı maddəsində göstərilmişdir ki, yerin təki istifadəçiləri tərəfindən — istismar edilən faydalı qazıntı yatağının müvafiq ehtiyatlarının axtarışı və kəşfiyyatına dövlətin çəkdiyi xərclərin tamamilə ödənildiyi yataqlarda hasil edilmiş faydalı qazıntıların dəyərindən ayırmalar tutulmur. Yuxarıda qeyd edildiyi kimi, hazırkı hüquqi mübahisənin həlli üçün ilkin addım olaraq X11 X3 iddia tələbinin düzgün qanuni əsasının tapılması məsələsi həll edilməlidir. “Yerin təki haqqında“ qanunun 41-ci maddəsinə görə mineral-xammal bazasının bərpasına ayırmalar dövlət vəsaiti hesabına kəşfiyyatı aparılmış bütün faydalı qazıntı növlərinin çıxarılmasına görə yer təki istifadəçilərindən alınır. Faydalı qazıntıların yataqlarının axtarışı və kəşfiyyatını öz vəsaiti hesabına aparmış, yaxud faydalı qazıntıların müvafiq ehtiyatlarının axtarışına və kəşfiyyatına dövlətin çəkdiyi xərcləri tam ödəmiş yer təki istifadəçiləri həmin yataqları istismar edərkən mineral-xammal bazasının bərpasına ayırmaları ödəməkdən azad edilirlər. Beləliklə, iddiaçı tərəfindən aşağıdakı sübutlar təqdim olunmalıdır: 1) “Neftçala" və “Xıllı" yod-brom yataqlarının kəşfiyyatının aparılma tarixi və bilavasitə kəşfiyyata dövlətin çəkdiyi xərclərin sübutu və miqdarı; 2) Həmin yataqlarda yerləşən quyuların sayı, istismara verildiyi vaxt, texniki xüsusiyyətləri/pasportu, həmin yataqlardan hazırkı vaxtadək hasil olunan yodlu-bromlu suların həcmi, 3) Mineral-xammal bazasının bərpasına ödənilən ayırmaların yekun məbləği çıxılmaqla “Neftçala*' və “Xıllı" yod-brom yataqlarının kəşfiyyatına dövlətin çəkdiyi xərclərin ödənilməmiş qalan məbləği barədə sübut. İddiaçının Mülki Məcəllənin 1097.1-ci maddəsinə istinadən Mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərin əvəz olunması tələbinə dair bildirmək istəyirlər ki, “Yerin təki haqqında*’ qanunun 48-ci maddəsində yer təki istifadəçi tərəfindən vurulan ziyan dedikdə 1) Faydalı qazıntı yataqlarının zəngin sahələrinin seçmə üsulla hasilatını aparan, 2) eləcə də yerin təkindən istifadə imkanlarını qismən və ya tamamilə istisna edən şəraiti yaradan, 3) yaxud yatağın korlanmasına səbəb olan hərəkətlərdə təqsiri olan yer təki istifadəçisinin fəaliyyəti başa düşülür və belə ziyanın vurulması barəsində iddiaçı heç bir sübut təqdim etməmişdir. Daha sonra cavabdeh məhkəməyə etiraza əlavə təqdim edərək qeyd etmişdir ki, "Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatlar nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında” 24 oktyabr 2000-ci il tarixli Azərbaycan Respublikası qanununun 1.0.2-ci maddəsinə əsasən bu qanun "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na uyğun olaraq özəlləşdirilmiş, özəlləşdirilməsi haqqında qərar qəbul edilən dövlət müəssisələrinə şamil edilir. Həmin qanunun 2.2-ci maddəsində göstərilir ki, bu Qanunun 1.0.2-ci maddəsində göstərilən müəssisələrin özəlləşdirilməsi 2003-cü il 1 noyabr tarixinədək başa çatdıqda, onların özəlləşdirilməsinin başa çatması tarixinə, digər müəssisələrin 2003-cü il 1 noyabr tarixinə dövlət büdcəsinə (müvafiq icra hakimiyyəti orqanının zəmanəti əsasında verilən kreditlər üzrə borclar istisna olmaqla), büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə yaranmış borcları (əsas borc məbləği, faizlər və maliyyə sanksiyaları daxil olmaqla), habelə bu müəssisələrin həmin tarixə səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara vaxtı ötmüş kreditlər üzrə borcları (əsas borc məbləği və faizlər) silinir. Cavabdeh MMC Azərbaycanda yod sənayesinin yenidən bərpası, regionların inkişafı, yeni iş yerlərinin yaradılması və qeyri-neft sektorlarının inkişafı haqqında Dövlət proqramı çərçivəsində fəaliyyət göstərir. “Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında*’ Azərbaycan Respublikası Prezidentinin 22.03.2001-ci il tarixli sərəncamına əsasən Neftçala Yod-Brom zavodu "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ dövlət proqramına uyğun olaraq” özəlləşdirməyə açıq elan edilmişdir. Neftçala rayonunun, Həsənabad qəsəbəsində yerləşən istehsalı 1993-cü ildə dayanmış "Neftçala Yod-Brom” zavodu, 2005-ci ildə investisiya müsabiqəsi yolu ilə tam özəlləşdirildikdən sonra bərpa işlərinə başlanılmışdır. Bu zaman “Neftçala Yod-Brom” zavodunun istifadəsində olan yataqlar üzrə yod-brom ehtiyatlarının axtarışına və kəşfiyyatına dövlətin çəkdiyi xərclər "Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatlar nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında” qanuna əsasən silinərək, digər aktivlər ilə yanaşı "Azər-Yod” MMC-nin balansına keçirilmişdir. "Azər-Yod” MMC-nin istismar etdiyi yod-bromlu suların hasil edildiyi bütün quyular vaxtilə hələ SSRİ dövründə kəşfiyyatı dövlət tərəfindən aparılmış yataqlarda yerləşir. Qeyd etmək istəyirlər ki, ötən müddət ərzində Cavabdeh MMC tərəfindən hər hansı yeni quyu qazılmamış və istismar edilən quyuların hamısı "Neftçala Yod-Brom” zavodunun mövcudluğu zamanı qazılmışdır. Bundan başqa cavabdeh "Azər-Yod” MMC “Neftçala Yod-Brom” zavodunun hüquqi varisi deyildir. Buna görə də Cavabdeh MMC ümumiyyətlə "Neftçala Yod-Brom” zavodunu (hüquqi şəxsi) deyil, onun balansındakı əmlakları öz balansına qəbul etdiyi 2005-ci ilədək mineral-xammal bazasının bərpası ilə bağlı ayırmalara görə mövcudluğu ehtimal olunan hər hansı borca görə öhdəlik və ya mülki məsuliyyət daşıya bilməz. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinə etiraz və etiraza əlavədə göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X7 izahat verərək iddia tələbinin təmin edilib-edilməməsi barədə qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, araşdırma nəticəsində belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - 16 iyun 2021-ci il tarixli İSR/AY/093 saylı maliyyə arayışında qeyd olunmuşdur ki, 2020-ci ildə Cavabdeh MMC tərəfindən hasil olunan yodlu-bromlu suların həcmi ******* m3 təşkil etmişdir. Qeyd olunan suların hasil olunması üçün xərclənən məsrəflər olaraq: mədən vergisi 203361 manat, əmək haqqı 328435 manat, təmir işləri 107813 manat və yanacaq 47539 manat olmaqla, ümumilikdə 687148 manat təşkil etmişdir. Mədən vergisi ümumi məbləğdən çıxıldıqda hasilata çəkilən xərclərin cəmi 483788 (dörd yüz səksən üç min yeddi yüz səksən səkkiz) manat təşkil edir. - 01.02.2019-cu il tarixdə tərtib edilmiş aktda qeyd olunmuşdur ki, 2019-cu ilin yanvar ayında Xammal istehsal sahəsinin quyularından 470880 (dörd yüz yetmiş min səkkiz yüz səksən) m3 X12 hasil olunmuşdur. - 01.03.2019-cu il tarixdə tərtib edilmiş aktda qeyd olunmuşdur ki, 2019-cu ilin fevral ayında Xammal istehsal sahəsinin quyularından 449184 (dörd yüz qıx doqquz min yüz səksən dörd) m3 X12 hasil olunmuşdur. - 01.04.2019-cu il tarixdə tərtib edilmiş aktda qeyd olunmuşdur ki, 2019-cu ilin mart ayında Xammal istehsal sahəsinin quyularından 489888 (dörd yüz səksən doqquz min səkkiz yüz səksən səkkiz) m3 X12 hasil olunmuşdur. - 01.05.2019-cu il tarixdə tərtib edilmiş aktda qeyd olunmuşdur ki, 2019-cu ilin aprel ayında Xammal istehsal sahəsinin quyularından 456072 (dörd yüz əlli altı min yetmiş iki) m3 X12 hasil olunmuşdur. - 01.06.2019-cu il tarixdə tərtib edilmiş aktda qeyd olunmuşdur ki, 2019-cu ilin may ayında X12 Çıxarma və Nəqli sexinin quyularından 457368 (dörd yüz əlli səkkiz min üç yüz altmış səkkiz) m3 X12 hasil olunmuşdur. - 01.07.2019-cu il tarixdə tərtib edilmiş aktda qeyd olunmuşdur ki, 2019-cu ilin iyun ayında Xammal istehsal sahəsinin quyularından 448584 (dörd yüz qırx səkkiz min beş yüz səksən dörd) m3 X12 hasil olunmuşdur. - 01.08.2019-cu il tarixdə tərtib edilmiş aktda qeyd olunmuşdur ki, 2019-cu ilin iyul ayında Xammal istehsal sahəsinin quyularından 465776 (dörd yüz altmış beş min yeddi yüz yetmiş altı) m3 X12 hasil olunmuşdur. - 01.09.2019-cu il tarixdə tərtib edilmiş aktda qeyd olunmuşdur ki, 2019-cu ilin avqust ayında X12 Çıxarma və Nəqli sexinin quyularından 455557 (dörd yüz əlli beş min beş yüz əlli yeddi) m3 X12 hasil olunmuşdur. - 01.10.2019-cu il tarixdə tərtib edilmiş aktda qeyd olunmuşdur ki, 2019-cu ilin sentyabr ayında X12 Çıxarma və Nəqli sexinin quyularından 425856 (dörd yüz iyirmi beş min səkkiz yüz əlli altı) m3 X12 hasil olunmuşdur. - 01.11.2019-cu il tarixdə tərtib edilmiş aktda qeyd olunmuşdur ki, 2019-cu ilin oktyabr ayında X12 Çıxarma və Nəqli sexinin quyularından 448200 (dörd yüz qırx səkkiz min iki yüz) m3 X12 hasil olunmuşdur. - 01.12.2019-cu il tarixdə tərtib edilmiş aktda qeyd olunmuşdur ki, 2019-cu ilin noyabr ayında X12 Çıxarma və Nəqli sexinin quyularından 417000 (dörd yüz on yeddi min) m3 X12 hasil olunmuşdur. - 30.07.2014-cü il tarixli 467 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin AZ07CTRE******************** nömrəli hesabına 5200 manat məbləğində vəsait ödənilmişdir. Ödənişin təyinatı və əsası kimi: X9 Bərpası üzrə Dövlət Fonduna ödənildiyi göstərilmişdir. - 28.01.2015-ci il tarixli 76 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin AZ07CTRE******************** nömrəli hesabına 6350 manat məbləğində vəsait ödənilmişdir. Ödənişin təyinatı və əsası kimi: X9 Bərpası üzrə Dövlət Fonduna ödənildiyi göstərilmişdir. - 16.02.2016-cı il tarixli 121 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin AZ07CTRE******************** nömrəli hesabına 7430 manat məbləğində vəsait ödənilmişdir. Ödənişin təyinatı və əsası kimi: X9 Bərpası üzrə Dövlət Fonduna ödənildiyi göstərilmişdir. - 30.12.2016-cı il tarixli 899 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin AZ07CTRE******************** nömrəli hesabına 12856,80 manat məbləğində vəsait ödənilmişdir. Ödənişin təyinatı və əsası kimi: X9 Bərpası üzrə Dövlət Fonduna ödənildiyi göstərilmişdir. - 19.12.2017-ci il tarixli 764 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin AZ07CTRE******************** nömrəli hesabına 5032,55 manat məbləğində vəsait ödənilmişdir. Ödənişin təyinatı və əsası kimi: X9 Bərpası üzrə Dövlət Fonduna ödənildiyi göstərilmişdir. - 21 iyun 2021-ci il tarixli İSR/AY/094 saylı maliyyə arayışına əlavədə qeyd olunmuşdur ki, 2019-cu ildə Cavabdeh MMC tərəfindən hasil olunan yodlu-bromlu suların həcmi və yodlu-bromlu suların hasil olunması üçün xərclənən məsrəflər olaraq: mədən vergisi 216628,56 manat, əmək haqqı 294785,55 manat, təmir işləri 232795 manat və yanacaq 50561,10 manat olmaqla, ümumilikdə 794770,21 manat təşkil etmişdir. Mədən vergisi ümumi məbləğdən çıxıldıqda hasilata çəkilən xərclərin cəmi 578141,65 (beş yüz yetmiş səkkiz min yüz qırx bir manat altmış beş qəpik) manat təşkil edir. - 15 iyul 2021-ci il tarixli İSR/AY/100 saylı maliyyə arayışına əlavədə qeyd olunmuşdur ki, 2018-ci ildə Cavabdeh MMC tərəfindən hasil olunan yodlu-bromlu suların həcmi və yodlu-bromlu suların hasil olunması üçün xərclənən məsrəflər olaraq: mədən vergisi 210546,40 manat, əmək haqqı 261637,63 manat, təmir işləri 179916,47 manat və yanacaq 80761,50 manat olmaqla, ümumilikdə 732862 manat təşkil etmişdir. Mədən vergisi ümumi məbləğdən çıxıldıqda hasilata çəkilən xərclərin cəmi 522315,60 (beş yüz iyirmi iki min üç yüz on beş manat altmış qəpik) manat təşkil edir. Beləlikə, iddiaçı “X11 X4” publik hüquqi şəxsinin iddia tələbi Cavabdeh MMC-dən müvafiq icazə sənədi ilə ona ayrılmış yer təki sahələrindən hasil edilən yodlu-bromlu suların birinci əmtəə dəyərinin 0,1 manat olduğu nəzərə alınmaqla, 2018-2019-cu illər üçün ayırmaların məbləğinin müəyyən edilərək tutulması, 2020-ci il üzrə hasil edilmiş yodlu-bromlu sulara görə 16107,462 manat məbləğində ayırmaların Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsindən ibarətdir. Göründüyü kimi, “X11 X4” publik hüquqi şəxsi digər bir qurumun - Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına pul vəsaitinin ödənilməsi tələbini irəli sürmüşdür. Belə olan halda isə məhkəmə hesab edir ki, iddia tələbinin əsaslılığı məsələsinə qiymət verilməmişdən əvvəl iddiaçının hazırkı iddianı qaldırmağa dair subyektiv hüquqa malik olub-olmamasına münasibət bildirilməlidir. Qeyd olunmalıdır ki, “Yerin Təki haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən mineral-xammal bazasının bərpasına ayırmalar dövlət vəsaiti hesabına kəşfiyyatı aparılmış bütün faydalı qazıntı növlərinin çıxarılmasına görə yer təki istifadəçilərindən alınır. Ayrımaların dərəcələri Azərbaycan Respublikasının mineralxammal bazasının bərpasına tələb olunan xərcləri təmin edə biləcək miqdarda müəyyən edilir və eyni növ mineral-xammal çıxaran yer təkinin bütün istifadəçiləri üçün eynidir. Mineral-xammal bazasının bərpasına ayırmaların miqdarı faktiki çıxarılan faydalı qazıntıların dəyərindən faizlə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamə”nin: 2.1-ci bəndinə əsasən mineral-xammal bazasının bərpasına yönəldilmiş ayırmalar dövlət fondunun vəsaitlərinin əmələ gəlmə mənbələrindən biridir. 3.7-ci bəndinə görə isə ödənişlər üzrə mükəlləfiyyətlərin yerinə yetirilməsi üzərində nəzarəti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş X11 X2 Nizamnaməsinin: 1.1-ci bəndinə əsasən X11 X4 “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə (bundan sonra - müvafiq sahə) xidmətlər göstərən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, tənzimləməni və nəzarəti həyata keçirir. 1.7-ci bəndinə əsasən Qanuna uyğun olaraq, Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər. 3.1.11-ci bəndinə görə yer təkinin istifadəsinə və yerin təkindən özbaşına istifadəyə yol verilməməsinə nəzarət etmək; 3.1.20-ci bəndinə görə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yer təkinin bütün istifadəçilərinin yer təkindən istifadəyə dair müəyyən edilmiş qaydalara, qanunvericiliyin tələblərinə, standartlara, normalara əməl etmələrinə nəzarət etmək; 3.1.25-ci bəndinə görə yerin təkindən istifadə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görmək, faydalı qazıntı yataqlarının işlənilməsi, dağ-mədən sənayesinin istehsalat tullantılarından istifadədə müəyyən edilmiş normalara və qaydalara, habelə faydalı qazıntı karxanalarının rekultivasiyasına və keyfiyyətinə, onların istifadəçilərə verilməsi müddətinə nəzarət etmək Agentliyin vəzifələrinə aid edilmişdir. İddiaçının hazırkı iddianı qaldırmaq üçün istinad etdiyi “Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamə”nin yuxarıda göstərilən 3.7-ci bəndinə münasibətdə məhkəmə qeyd edir ki, həmin bənddə fonda ödənişlərə nəzarətin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə Vergilər Nazirliyi tərəfindən həyata keçirilməli olması nəzərdə tutulsa da, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adından həmin nəzarətin məhz Agentlik tərəfindən həyata keçirilməsi barədə müddəa yer almamışdır. Bununla yanaşı, Agentlik hazırkı iddianı qaldırmaq hüququna malik olmasını sübuta yetirmək üçün ona Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adından həmin nəzarəti həyata keçirmək hüququ verən hər hansı sənəd təqdim etməmişdir. Bundan başqa, qeyd olunan bənddə fonda ödənişlərə nəzarətin həyata keçirilməsi prosesində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı nəzərdə tutulsa da, nəzarəti həyata keçirməli olan əsas subyekt qismində Vergilər Nazirliyi (hazırda Dövlət Vergi Xidməti) qeyd edilmişdir. Məhkəmə hesab edir ki, həmin müddəa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fonda ödənilşlərə nəzarəti təkbaşına həyata keçirmək hüququna malik olmasını istisna edir. Bundan əlavə, 3.7-ci bənddə əks olunmuş “ödənişlər üzrə mükəlləfiyyətlərin yerinə yetirilməsi üzərində nəzarət” anlayışının mahiyyətinə gəldikdə isə qeyd olunmalıdır ki, dövlət orqanlarının fonda ödənişlərə nəzarətin keçirilməsində iştirak etməsi həmin orqana ayırmaların tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnun verilməsi anlamına gəlmir. Həmçinin qeyd edilməlidir ki, hazırkı mübahisənin predmeti cavabdeh tərəfindən yer təkinin istifadəsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı deyil. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən yerin təkindən istifadə nəticəsində dəymiş zərərin deyil, yerin təkindən istifadə ilə bağlı Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna ayırmaların tutulması tələbini irəli sürmüşdür. Eyni zamanda iddiaçı iddia tələbinin əsası kimi cavabdeh tərəfindən yerin təkindən istifadə edilərkən maddi zərərin vurulmasına səbəb olmuş qanunsuz təqsirli əmələ (deliktə) yol verilməsinə dəlalət edən hər hansı faktiki hala istinad etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı “X11 X4” publik hüquqi şəxsi Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ayırmaların tutulmasını tələb etməyə, yəni hazırkı iddianı qaldırmağa dair subyektiv hüquqa da malik deyildir. Odur ki, hazırkı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar