Məhkəmə qərarları › İş №e-2-2(113)-1910/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1910/2025

07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1910/2025 07.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh Şahid iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Şahid qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2022-ci il tarixli, S285/22 saylı təchizat müqaviləsi əsasında 3287,46 manat əsas borcun, 6104,43 manat dəbbə pulu və 113,82 manat məbləğində dövlət rüsum olmaqla, cəmi 9496,71 manatın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxıla bilməz. Bekə ki, iddiaçı əvvəlcə xx.xx.2022-cü il tarixli, S285/22 saylı Təchizat Müqaviləsi əsasında 3278,46 manat əsas, 163,92 manat dəbbə pulu və ödənilmiş 113,82 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3556,2 manatın Cavabdeh2 tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında Cavabdeh2 bildirmişdir ki, iddiaçıdan alınmış malın pulunu tam olaraq iddiaçının öz işçisi olmuş Şahid vermişdir. Bu səbəbdən, xx.xx.2025-ci il tarixdə iddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək iş üzrə cavabdehin əsl cavabdehlə əvəz edilməsini xahiş etmiş, iddiaçının vəsatəti məhkəmə tərəfindən təmin edilmiş və iş üzrə əvvəlki Cavabdeh2 əsl cavabdeh Şahid ilə əvəz edilmişdir. Bundan sonra, iş materialları nəzərdən keçirilərkən əmək müqaviləsi bildirişindən müəyyən olunmuşdur ki, əsl cavabdeh xx.xx.2022-ci il tarixdən İddiaçı MMC-nin (iddiaçının) Satış şöbəsində satış təmsilçisi vəzifəsində işləmiş, iddiaçının xx.xx.2023-cü il tarixli, K-237 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin, xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh Şahid hazırki iddia üzrə tələb onunan pulun onun tərəfindən alınmasını bildirmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehə olan pul tələbinin əsası tərəflərin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən deyil, işçinin işəgötürənə vurduğu ziyana görə daşıdığı maddi məsuliyyətdən irəli gəlir. Belə ki, Azərbaycan Respublkası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, bu səbəbdən mübahisəyə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası MPM-in: 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 25.2-ci maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının Qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-nin 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır (Qərarın 12 və 14-cü bəndləri) Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə baxılması üçün iş aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 26, 31, 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı MMC-nin cavabdeh Şahid qarşı “borcun ödənilməsi” tələbi barədə iddiasına dair iş baxılması üçün aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar