Məhkəmə qərarları › İş №e-2-2(113)-1911/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1911/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1911/2021 23.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, “X3 X2” X4 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “X3 X2” X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-dən faydalı qazıntıların yataqların qanunsuz işlənməsi nəticəsində ******* manat məbləğində dölvətə vurulmuş maddi ziyanın alınıb Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 10-12-ci bəndlərində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 25-ci bəndində isə qeyd olunmuşdur ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Hazırkı işin halları isə ondan ibarətdir ki, iddiaçı publik hüquqi şəxs və iddianın predmeti zərərin əvəzinin ödənilməsindən ibarət olsa da, mübahisə iddiaçının həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Belə olan halda isə Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinin tələbləri baxımından və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarında əks olunan hüquqi mövqeyə görə hazırki mübahisə kommersiya mübahisəsi hesab edilə bilməz. Eyni zamanda iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı hazırki iddianı inzibati orqan kimi öz səlahiyyətlərinə istinad edərək irəli sürmüş və ümumi hüquq sahəsinə aid olan “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 09 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X3 X1 Nizamnaməsinin müvafiq müddəalarına istinad etmişdir. Halbuki iddiaçının inzibati orqan kimi səlahiyyətlərinə qiymət verilməsi və ümumi hüquq sahəsinə aid olan normativ hüquqi aktların tətbiq edilməsi kommersiya mübahisəsinə baxan məhkəmənin səlahiyyətinə aid deyildir. Eyni zamanda, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 47-ci maddəsinə əsasən yerin təkindən istifadə ilə əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsində isə göstərilmişdir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göründüyü kimi qanunverici yerin təkindən istifadə etmə ilə əlaqədar mübahisələrin inzibati qaydada və məhkəmə qaydasında həll edilməsini nəzərdə tutmuşdur. İnzibati icraat qaydasında həyata keçirilən fəaliyyətdən irəli gələn mübahisələr üzrə məhkəmə icraatı isə inzibati məhkəmələr tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki işə kommersiya mübahisəsi kimi mülki məhkəmə icraatı qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X3 X2” X4 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar