Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1911/2024 21.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icbari sığorta zamanı subroqasiya hüququnun yaranması – “hüququ olmayan şəxs”, mülki məsuliyyətin icbari sığortası, subyektiv hüquq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC), Cavabdeh2 (bundan sonra Cavabdeh2 MMC) və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 351,05 manat məbləğində sığorta ödənişinin əvəzinin və ödənilmiş 31 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 MMC-yə məxsus olan, iddiaçı tərəfindən icbari sığorta qaydasında sığortalanmış, Cavabdeh2 MMC tərəfindən verilmiş yol vərəqəsi əsasında Cavabdeh3 idarə etdiyi “Daewoo BS090” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə X2 idarə etdiyi “Mercedes Benz 220” minik markalı **-KT-*** dövlət nömrə nişanlı avtomobilə ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh3 təqsirli bilinmişdir və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh3 avtomobili etibarnaməsiz idarə etdiyi müəyyən edilmişdir. Belə ki, Cavabdeh2 MMC-nin yol vərəqəsinin surətindən müəyyən olunur ki, hadisə baş verən anda “Daewoo BS090” markalı 10-TG 525 dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün Cavabdeh2 MMC tərəfindən Cavabdeh3 yol vərəqəsi verilmişdir. Lakin etibarnamə üzrə ötürülümüş hüququn Cavabdeh2 MMC-yə məxsus olmasını təsdiq edən heç bir sənəd mövcud deyildir. 2.2. İddiaçı tərəfindən “Mercedes Benz 220” minik markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün xx.xx.2023-cü il tarixli nettinqin nəticələrinə əsasən zərərçəkənin sığortaçısı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə iddiaçı tərəfindən 351,05 manat məbləğində sığorta ödənişi edilmişdir. 2.3. 09.01.2024-cü il tarixli BS-S-24/0031 saylı və xx.xx.2024-cü il tarixli BS-S- 24/0255 saylı pretenziya məktublarından və həmin məktubun cavabdehlərə çatdırılmasını təsdiq edən poçt xəbərnamələrindən, həmçinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmiş pretenziya məktubundan müəyyən olunur ki, mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün iddiaçı tərəfindən cavabdehlərə müraciət edilmişdir. “Onlayn kargüzarlıq” sistemindən çıxarışdan görünür ki, “onlayn kargüzarlıq” sistemi vasitəsilə Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə pretenziyalar göndərilmişdir. Lakin mübahisənin pretenziya yolu ilə həlli mümkün olmamışdır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25, 52-1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 936, 1108-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmənin birinci hazırlıq iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 iddiaya etiraz edərək qeyd etdi ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 MMC arasında icarə müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən sonuncu sürücüyə etibarnamə vermişdir.
6. İddiaçının nümayəndəsi X1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
7. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Cavabdeh2 MMC növbəti məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Cavabdeh2 MMC-nin iştirakı olmadan məhkəmənin baxış iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Subroqasiya qaydasında pulun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər, mümkün və aid sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. Məhkəməyə təqdim edilən icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, iddiaçı sığortaçı, Cavabdeh1 MMC sığortalı, icbari sığortanın növü AVSMMİS, “Daewoo” markalı “BS090” model DE08T1S904744BQ mühərrik nömrəli 2009-cu il buraxılışı 10TG525 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta predmeti qismində çıxış etməklə tərəflər arasında xx.xx.2023-cü il tarixdə PBA********** nömrəli sığorta müqaviləsi bağlanmış, müqavilənin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olması şərtləndirilmişdir. Adıçəkilən müqavilə üzrə sığorta məbləği əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat, bir hadisə üzrə 50000 manat təşkil etmişdir.
13. İş materiallarında olan sürücü Cavabdeh3 “Daewoo BS090” markalı 10TG525 dövlət qeydiyyat nişanlı avtomobil üzrə verilmiş yol vərəqəsindən görünür ki, sürücünün 01 oktyabr 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək Bakı, Bakı ətrafı və Abşeron ərazisində hərəkət etməsi nəzərdə tutulmuşdur.
14. Məhkəməyə təqdim edilən İXP ******* seriya və nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixində saat 19:30-da “Daewoo BS090” markalı 10TG525 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Sabunçu rayonu, Şəhər şosesində idarə edən Cavabdeh3 332.1 halına yol vermişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
15. İş materiallarında olan inzibati tənbeh tətbiq etmə haqqında TP ******* seriya və nömrəli xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.
16. İş materiallarına əlavə edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın 1.2-ci bəndindən görünür ki, “Daewoo BS090” markalı 10TG525 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh3 xx.xx.2020-ci il tarixli BB401081 seriya və nömrəli sürücülük vəsiqəsinə malik olmuş və 2-ci hissəsindən görünür ki, xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində X2 mülkiyyətində və idarəetməsində olan “Mercedes Benz 220 CDİ” markalı 99KT052 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir.
17. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 6885/23 nömrəli qiymətləndirmə aktından görünür ki, “Mercedes Benz” markalı **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 90 manat ehtiyat hissə, 170 manat işçilik haqqı olmaqla ümumilikdə 260 manat qiymətləndirilmişdir.
18. Məhkəməyə təqdim edilən subroqasiya tələblərinin reyestrindən çıxarışdan görünür ki, verilmiş sığorta ödənişinin məbləği 260 manat, kollektiv sazişə uyğun olaraq iştirakçının ödəməli olduğu məbləğ 351,05 manat təşkil edir.
19. İş materiallarına əlavə edilən Cavabdeh1 MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış 06 iyun 2022-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, icarəyəverən qanuni əsaslarla ona məxsus olan bu müqavilənin 1 saylı əlavədə nəzərdə tutulan avtobusları müvəqqəti olaraq icarəyə verir, İcarəçi isə həmin nəqliyyat vasitəsini marşrut xətləri üzrə Bakı şəhərində sərnişindaşıma xidməti göstərmək üçün qəbul edir və bu müqavilədə razılaşdırılmış icarə haqqını vaxtında ödəyir. Həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, “Daewoo BS090” markalı 10TG525 dövlət qeydiyyat nişanlı avtobus da icarəyə verilən nəqliyyat vasitələrinin siyahısında göstərilmişdir.
20. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı tərəfindən Cavabdeh1 MMC-nin mülkiyyətində, Cavabdeh2 MMC-nin icarəsində olan “Daewoo BS090” markalı 10TG525 dövlət qeydiyyat nişanlı avtobus avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış, Cavabdeh3 xx.xx.2023-cü il tarixdə həmin avtomobili yol vərəqəsi əsasında idarə edərkən Sabunçu rayonu, Şəhər şosesində yol-nəqliyyat hadisəsi törətmiş və bu zaman nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməyə malik olmamış, nəticədə “Mercedes Benz 220 CDİ” markalı 99KT052 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş TP ******* seriya və nömrəli xx.xx.2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən “Daewoo BS090” markalı 10TG525 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh3 nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 332.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Eyni zamanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən təqsirli şəxs kimi “Daewoo BS090” markalı 10TG525 dövlət qeydiyyat nişanlı avtobusu idarə edən Cavabdeh3, zərər vurulan nəqliyyat vasitəsi kimi isə “Mercedes Benz 220 CDİ” markalı 99KT052 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tanınmışdır. xx.xx.2023-cü il tarixli 6885/23 nömrəli qiymətləndirmə aktına əsasən “Mercedes Benz 220 CDİ” markalı 99KT052 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərər 260 manat müəyyən edilmişdir.
21. İddiaçı, sürücü nəqliyyat vasitəsini etibarnaməsiz idarə etdiyinə görə sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutulmasını xahiş edir.
22. Cavabdeh2 MMC Cavabdeh1 MMC ilə bağladığı icarə müqaviləsi əsasında nəqliyyat vasitəsinə sahiblik etdiyini və sürücünün avtobusu yol vərəqəsi əsasında idarə etdiyini bildirir və iddianın rədd olunmasını xahiş edir.
23. Digər cavabdehlər hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmirlər.
24. Məhkəmə mübahisənin həlli üçün tətbiq ediləcək hüquq normaları ilə bağlı qeyd edir ki, hazırkı iş üzrə müəyyən edilməli ilk hal iddiaçının subroqasiya ödənişini tələb etmək üçün subyektiv hüquqa malik olub-olmaması, başqa sözlə subroqasiya hüquqununun yaranıb-yaranmamasıdır.
25. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsaslarını müəyyən edir. İddiaçı həmin normada sadalanan əsaslardan birinin konkret hazırkı hala uyğun gəldiyi üçün həmin əsasla icbari sığorta məbləğini geri tələb etmişdir. Həmin əsas – hadisə zamanı sürücünün avtomaşını idarə etməyə hüququ olmaması halıdır.
26. Qeyd olunan normada deyilir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır (maddə 25.1.3).
27. Cavabdeh3 avtobusu etibarnamə olmadan idarə etməsi onun avtobusu idarə, istifadə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Çünki “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Qanunun məqsədi də bundan ibarətdir.
28. Belə ki, sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici qeyd olunan əsası qanuna daxil etmişdir ki, həm sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmadan avtomobili idarə etməsinlər. Təsadüfi deyil ki, cinayət qanunvericiliyinə də sonradan əlavələr edilərək sürücülük hüququ olmadan yol nəqliyyat hadisələri törədən şəxslərin cinayət məsuliyyəti və cəza məsələləri sərtləşdirilərək fərdiləşdirilmişdir.
29. Bu cür əsasın qanunda olması həm də sığorta şirkətlərini əsassız maliyyə itkisinə məruz qalmaq riskindən də qoruyur. Çünki bu əsasın olmasına görə nəzəri və praktiki biliyi olmayan “sürücü”lərin hərəkətlərindən sığorta şirkətləri faktiki olaraq qanunla müdafiə olunurlar. Lakin sürücülük hüququ olmadan avtomobili idarəetmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyildir. Etibarnamənin olmaması sığortanın məqsədləri baxımından əhəmiyyət kəsb etmir. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun.
30. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.
31. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyildir.
32. Etibarnamə olmadan avtomobilin idarə edilməsi daha çox inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilib. Lakin bu qadağaların sığorta şirkətlərinin mənafeyinə heç bir təsiri ola bilməz. Çünki avtomobilin mülkiyyətçisi yaxud qanuni sahibi avtomobildə sərnişin kimi olarkən sürücülük hüququ olan digər şəxsin avtomobili idarə etməsi inzibati məsuliyyət yaratmır. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin, yaxud digər qanuni sahibin avtomobildə olub-olmamasının mülki məsuliyyətin icbari sığortası üçün heç bir əhəmiyyəti yoxdur. Belə ki, sığorta münasibəti inzibati deyil, mülki hüquqi münasibətdir və mülki hüquq normaları ilə tənzimlənir. Yəni mülki hüquqa görə avtomobil əşyadır. Bu əşyanın istifadəyə verilməsi üçün tərəflər arasında istifadə müqaviləsi də bağlana bilər və buna dair qanunvericilikdə qadağanedici norma yoxdur.
33. Hazırkı işdə də qeyd olunan avtomobil mülkiyyətçinin razılığı ilə icarə müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə icarəyə verilmiş və sonuncunun yol vərəqəsi əsasında Cavabdeh3 tərəfindən idarə edilmişdir. Bunun üçün məcburi forma şərti müəyyən edilməmişdir. “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinin məzmunu da bunu təsdiq edir.
34. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, sığorta şirkətinin hazırkı halda avtobusu idarə edən şəxsdən, avtobusun mülkiyyətçisindən və ya icarəçisindən ödənilmiş sığorta məbləğini geri tələb etməyə subyektiv hüququ yaranmamışdır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
36. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 56. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
37. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının subroqasiya qaydasında pulun tutulması tələbi ilə çıxış etməyə subyektiv hüququ olmadığından iddia tələbi təmin edilə bilməz.
b) Məhkəmə xərcləri ilə bağlı
38. İddiaçı eləcə də ödənilmiş 31 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması xahiş etmişdir.
39. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Məhkəmə iddia tələbinin təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
V. Nəticə:
41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova