Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1913/2022 17.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 048/0620 saylı müqavilə üzrə 100233 (yüz min iki yüz otuz üç) manat, gecikdirməyə görə 5011,65 manat olmaqla ümumilikdə 105244,65 (yüz beş min iki yüz qırx dörd manat altmış beş qəpik) manat məbləğində pulun və ödənilmiş 396 manat məbləğində dövlət rüsumunun Cavabdehndən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh arasında qum materialının alğı-satqısına dair xx.xx.2020-ci il tarixli, 048/0620 müqavilə bağlanmışdır. Müqavilə üzrə 1 kub metr qum materialının qiyməti 7.28 AZN təşkil edir. Həmin müqavilə xx.xx.2020-ci il tarixinədək qüvvədə olmuşdur. Lakin müqavilə müddətinin bitməsinə baxmayaraq cavabdeh əldə etmiş olduğu malların dəyərini tam şəkildə ödəməmiş və bununla da müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam şəkildə icra etməmişdir. Sözügedən müqavilə üzrə cavabdehin İddiaçı 100233 (yüz min iki yüz otuz üç) manat məbləğində borcu qalmışdır. Bu hallar işə əlavə olunmuş təhvil-təslim aktlarından və bank hesabından çıxarışdan sübut və təsdiq olunur. Qanunun tələbinə görə gecikdirilmiş illik 5 faiz də daxil olmaqla (5011,65 manat) cavabdehin İddiaçı ümumilikdə 105244,65 (yüz beş min iki yüz qırx dörd manat altmış beş qəpik) borcu qalmışdır. Bununla bağlı cavabdehə pretenziya məktubu göndərilsə də həmçinin qanuna müvafiq qaydada tərəflər mediasiya mərhələsindən keçməsinə baxmayaraq öhdəliyin icrası barədə cəhdlər nəticəsiz qalmışdır. Xüsusi ilə vurğulanmalıdır ki, tərəflər arasında borcun təsdiq edlməsi barədə üzləşmə aktları da mövcuddur ki, cavabdeh tərəf tələb olunsa da onu təqdim etməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etmiş əlavə olaraq məhkəməyə izahatında qeyd etmişdir ki, qarşı tərəfə göndərilmiş elektron qaimələrin ikisində texniki səhvə yol verilmiş, həmin qaimələrin əsası kimi fərqli müqavilə qeyd olunmuşdur. Lakin, qeyd olunan borc məbləği iş materiallarında olan üzləşmə aktları ilə də təsdiqini tapır. Qeyd olunanlara əsasən iddiaçının nümayəndəsi iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Daha əvvəl cavabdeh iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim edərək, qeyd etmişdir ki, təqdim edilmiş iddia ərizəsində iddiaçı sübutedici sənədlər kimi müxtəlif tarixlərdə tərtib olunmuş etibarsız aktlara istinad etmişdir. Belə ki, sözügedən aktlar “X2 Company” MMC-nin səlahiyyətli şəxsin, yəni MMC-nin direktoru tərəfindən imzalanmamış, möhürlənməmişdir. Sözügedən aktlarda imzalar şirkətin xəbəri olmadan səlahiyyətsiz şəxslər tərəfindən imzalanmışdır. Eyni zamanda həmin dövrdə müəssisənin rəhbəri X4 olmuşdur. İş materiallarına hər hansı qaimə əlavə edilməmişdir. Qarşı tərəf borcu əsaslandırmaq üçün heç bir qaimə təqdim etməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı və “alıcı” Cavabdeh MMC olmaqla imzalanmış xx.xx.2020-ci il tarixli HA 048/0620 saylı alqı-satqı müqaviləsinə əsasən alıcı satıcı tərəfindən təqdim olunacaq hesab-fakturada göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə qum materialını (bundan sonra “mal” adlandırılacaq) satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə alınacaq 1 m3 (bir kubmetr) qum materialının, çatdırılma daxil, qiyməti vergilər daxil 7.28 azn (yeddi manat, 28 qəpik) təşkil edir. İddiaçı məxsus hesabdan çıxarışdan məlum olur ki, müxtəlif tarixlərdə Cavabdeh MMC tərəfindən ümumilikdə 33.983,09 manat məbləğində ödəniş olmuşdur. Müxtəlif tarixlərdə tərtib edilmiş elektron qaimələrdən məlum olur ki, ümumilikdə 129.080 manat İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Müxtəlif tarixlərdə tərtib edilmiş aktlarda İddiaçı tərəfindən tikinti sahəsinə texniki şərtnaməyə uyğun gələn və tələb olunan narın qum və şeben materialı qarşılıqlı razılaşdırılmış qiymətə uyğun olaraq bağlanmış müqavilə əsasında Qazax SKL-nin anbarına daşınması Qazax SKL–nin layihə rəhbəri və işçiləri tərəfindən imzalarla təsdiqlənmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən 400 manat Bakı Mediasiya Təşkilatının bank hesabına ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında alğı-satqı müqaviləsi imzalanmış, Cavabdeh MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam olaraq icra etməmiş, müqavilədə nəzərdə tutulmuş məhsulların dəyərini ödəməmişdir. Məhkəmə cavabdehin borcunun olmaması və təqdim edilmiş aktların “X2 Company” MMC-nin möhürü ilə təsdiqlənməməsinə münasibətdə qeyd edir ki, aktları imzalayan şəxslərin həmin dövrdə cavabdeh hüquqi şəxsin işçiləri olması cavabdehin nümayəndəsi tərəfindən mübahisələndirilmədiyindən və iddiaçı tərəfindən aktlar əsasında göndərilmiş elektron qaimələr cavabdeh tərəfindən imtina olunmadığından qeyd olunan müqavilə üzrə cavabdehin borcunun yaranması öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə, iş materiallarında olan hesabdan çıxarışda cavabdeh tərəfindən müqavilə üzrə ümumilikdə 33.983,09 manat məbləğində ödənişin olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borc hissəsində qismən təmin olunmalı və 95.097 manat məbləğində ödəniş Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməlidir. İddiaçı iddia ərizəsində həmçinin illik 5% olmaqla 5011,65 manat ödəniş də tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci madəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, iddia qeyd olunan hissədə əsaslı olduğundan təmin olunmalı, 5011,65 manat iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən xx.xx.2020-ci il tarixli, HA 048/0620 saylı müqavilə üzrə 95.097 (doxsan beş min doxsan yeddi manat) manat əsas borc, gecikdirşilmiş vaxt üçün illik 5% olmaqla 5011,65 (beş min on bir manat, altmış beş qəpik) manat, 396 (üç yüz doxsan altı) manat mediasiya xərci İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2020-ci il tarixli, HA 048/0620 saylı müqavilə üzrə 95.097 (doxsan beş min doxsan yeddi manat) manat əsas borc, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 5011,65 (beş min on bir manat, altmış beş qəpik) manat, 396 (üç yüz doxsan altı) manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1913/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1913/2022
17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver