Məhkəmə qərarları › İş №e-2-2(113)-1914/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1914/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1914/2024 02.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “müqavilədən irəli gələn borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, mediasiya xərci ) Məhkəmənin hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndələrinin iştirakı olmadan, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “müqavilədən irəli gələn borc” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı ASC-nin xeyrinə 9520,32 manat məbləğində pulun, habelə “İlkin mediasiya sessiyasında iştirak etmək” üçün ödənilmiş 110 manat xidmət haqqının və 6 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ( Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2023-cü il tarixli, **********817000 nömrəli çıxarışı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin təşkilatı hüquqi forması İddiaçı Açıq Səhmdar Cəmiyyətinə dəyişdirilmişdir) ilə (bundan sonra "İddiaçı") sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh MMC arasında (bundan sonra "Cavabdeh") bağlanmış 1153/2023 nömrəli 01 avqust 2023-cü il tarixlimüqaviləyə əsasən “Norm” sement məhsullarının alqısatqısı nisyə qaydasında həyata keçirilmişdir. İddiaçı ilə Cavabdeh arasında imzalanmış müqaviləyə əsasən iddiaçı Norm sement məhsullarını Cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, Cavabdeh isə malları qəbul edərək onun dəyərini razılaşdırmış vaxta İddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli elektron qaimələrə əsasən müəyyən edilmişdir ki, Cavabdeh MMC-ə 9.520,32 manat dəyərində Norm sement məhsulları satılmış, cavabdeh isə bu günə kimi heç bir ödəniş etməyərək iddiaçı "xxxx" ASC-yə cəmi 9.520,32 manat borcu mövcud olmuşdur. xx.xx.2023-cü il tarixdə Cavabdehin elektron kabinetinə pretenziya məktubu və xx.xx.2023-cü il tarixdə Mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. xx.xx.2023-cü il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 28-ci maddəsində uyğun olaraq ilkin mediasiya sessiyası təşkil edilmişdir. Lakin, cavabdeh bu barədə məlumatlı olsada ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsin barəd qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.

5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 1152/2023 saylı alqı-satqı müqaviləsinə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə satıcı bu müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi sayılan hər bir Əmtəə-Nəqliyyat Qaiməsində göstərilən Norm sement hazır məhsulları (bundan sonra “Mal” və ya “Mallar”) “Alıcı”ya sataraq onun mülkiyyətinə verməyi, “Alıcı” isə həmin “Mallar”ı qəbul edərək, müvafiq Əmtəə-Nəqliyyat Qainıəsində və müqavilədə “Mal”ın müəyyənləşdirilmiş dəyərini “Satıcf’ya ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə üzrə malların 1 (bir) tonunun qiyməti “Norm” sement məhsullarından “Klass A” markası üçün 175 manat və “Klass B" markası üçün isə 160 manat təşkil edir.

10. Müqavilənin 1.3-cü bəndinə əsasən “Alıcının” tələbatına uyğun sifarişi “Mallar” ayrıayrı partiyalarla (hissələrlə) təchiz edilə bilər. Hər bir “Mal” partiyası üzrə ayrıca elektron qaimə-faktura tərtib olunur.

11. Müqavilənin 1.4-cü bəndinə əsasən “Alıcı” sifarişə əsasən “Mal”ın dəyərini “Satıcı”ya tam həcmdə ödədiyi halda həmin “Mal" üzərində mülkiyyət hüququnu əldə etmiş olur.

12. Müqavilənin 1.5-ci bəndinə əsasən bu müqavilənin şərtlərindən irəli gələn alqı-satqı obyekti olan “Mal”ın ayrı-ayrı partiyalarının adı, çeşidi (növü), sayı (miqdarı), dəyəri “Tərəflər” arasında tərtib və təsdiq edilmiş Əmtəə-Nəqliyyat Qaiməsi və bu müqavilə ilə müəyyən edilir.

13. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satılan “Mallar”ın bir vahidinin qiyməti və satılan “Mallar”ın ümumi dəyəri müvafiq Əmtəə-Nəqliyyat Qaiməsi və müqavilənin 1.2-ci bəndinə əsasən müəyyən edilir.

14. Müqavilənin 2.2-ci bəndinə əsasən zəruri hallarda “Mallar”ın qiymətinin sonradan azalması və ya artması yenidən hesablaşmaya səbəb ola bilər. “Satıcı”nın təqdim etdiyi “Mal”ın dəyərinin “Alıcı” tərəfindən azaldılaraq müəyyən olunmuş qiymətdən aşağı satılmasına görə “Alıcı” məsuliyyət daşıyır və bu zaman “Alıcı” son partiya üzrə qəbul etdiyi “Mal”ın “Satıcı” tərəfindən müəyyən edilmiş dəyərini ödəməlidir.

15. Müqavilənin 2.3-cü bəndinə əsasən “Alıcı” Əmtəə-Nəqliyyat Qaiməsi üzrə qəbul etdiyi “Mallar”ın dəyərini alı-satqıda əvvəcədən, nisyə alqı-satqı zamanı isə “Mal”ın “Alıcı” tərəfindən öz Anbarında təhvil alındığı andan etibarən 15 (on beş) iş günü ərzində “Satıcı”ya tam ödənilməsini təmin etməlidir.

16. Müavilənin 2.4-cü bəndinə əsasən “Alıcı” tərəfindən “Malların” dəyəri bu müqavilə ilə müəyyən edilmiş müddətdə nağdsız ödəniş formasında “Satıcı”ya ödənilməlidir.

17. Müqavilənin 2.5-ci bəndinə əsasən“Alıcı” tərəfindən “Mallar”ın dəyəri köçürmə yolu ilə “Satıcı”nın bu Müqavilənin 8.1-ci bəndində göstərilən bank hesabına ödənilməlidir.

18. Müqavilənin 2.6-cı bəndinə əsasən “Alıcı”nın əvvəlki alınmış “Mallar” üzrə borc məbləği yarandığı halda bu müqavilə üzrə alqı-satqı obyekti olan “Mallar”ın dəyərinin ödənilməsi üçün “Alıcı”nın verdiyi pul vəsaitləri onun “Satıcı”ya olan əvvəlki (qalıq) borclarının ödənilməsi hesabına qəbul ediləcəkdir.

19. Müqavilənin 3.2.2.2-ci bəndinə əsasən bu müqavilənin 2.1-ci bəndində göstərilən malın dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifəsi kimi müəyyən edilmişdir.

20. xx.xx.2023-cü il tarixli 80732426 saylı və eni tarixli 80732427 saylı əmtəə-nəqliyyat qaiməsinə əsasən 27200 kq olmaqla hər birində 17 palet olmaqla məhsul Cavabdeh MMCyə göndərilmiş və həmin məhsullar MMC tərəfindən qəbul edilməsi imza ilə təsdiqlənmişdir.

21. xx.xx.2023-cü il tarixli EBDL375888 saylı və eyni tarixli EBDL434743 saylı eqaimələrə əsasən hər biri üzrə 4760,16 manat dəyərində (27200 kq) mal satışına dair qaimələr cavabdeh MMC-yə göndərilmişdir.

22. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

24. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

26. 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

28. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

29. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

30. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

31. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

32. İşdən göründüyü kimi xx.xx.2023-cü il tarixli 1152/2023 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə satıcı bu müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi sayılan hər bir Əmtəə-Nəqliyyat Qaiməsində göstərilən Norm sement hazır məhsulları (bundan sonra “Mal” və ya “Mallar”) “Alıcı”ya sataraq onun mülkiyyətinə verməyi, “Alıcı” isə həmin “Mallar”ı qəbul edərək, müvafiq Əmtəə-Nəqliyyat Qaiməsində və müqavilədə “Mal”ın müəyyənləşdirilmiş dəyərini “Satıcı’ya ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə üzrə malların 1 (bir) tonunun qiyməti “Norm” sement məhsullarından “Klass A” markası üçün 175 manat və “Klass B" markası üçün isə 160 manat təşkil edir.

33. İddiaçı tərəfindən elektron qaimələrdə göstərilən məhsul cavabdehə təhvil verilmiş. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq alınmış malların dəyərini ödəməkdən yayınmışdır. Həmçinin həmin məhsulların təqdim edilməsinə dair əmtəə-nəqliyyat qaiməsidə sübut qismində iş materiallarına əlavə edilmişdir.

34. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 9520,32 manat borcun tutulması tələbi əsaslıdır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

37. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 116 manat məbləğində pul vəsaiti cavabdehə aid edilməlidir.

V. Nəticə:

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 1152/2023 saylı xx.xx.2023-cü il tarixli müqavilə üzrə 9520,32 manat borc məbləği və mediasiya xərci ilə dövlət rüsumunun əvəzi olaraq 116 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar