Məhkəmə qərarları › İş №e-2-2(113)-1915/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1915/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1915/2024 20.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun tutulması Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında 16 iyul 2020-ci il tarixdə KOD 0268/2020 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən satıcı alıcıya onun sifarişi əsasında bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X1”nda göstərilən məhsulları (bundan sonra mal və malları) satır Alıcı isə həmin Mah qəbul edir və bunun müqabilində “X1” ilə razılaşdırılmış qiymətlərlə Malın dəyərini bu Müqavilənin 4-maddəsində göstərilən şərtlərlə təhvil aldıqdan sonra 35 (otuz beş) gündən gec olmayaraq Satıcıya ödəməyi öz öhdəsinə götürür. - 1.2-ci bəndinə əsasən malın adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “X1”nda öz əksini tapır. - 3.1.1-ci bəndinə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini Alıcıdan tələb etmək satıcının hüququdur. - 3.4.1-ci bəndinə əsasən malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (malın qiymətini) bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifəsidir. - 5.1-ci bəndinə əsasən müqaviləyə əsasən alıcı tərəfindən malın dəyərinin ödənilməsi nağd və ya nağdsiz qaydada həyata keçirilir. - 9.1-ci bəndinə əsasən hazırki müqavilənin müddəti imzalandığı tarixindən 1 (bir) il müddətində qüvvədədir və müqavilənin müddəti bitdikdən sonra tərəflər müqaviləyə xitam verilməsi barədə yazılı xəbərdarlıq vermilərsə, müqavilənin müddəti növbəti il üçün uzadılmış hesab edilir. - 9.2-ci bəndinə əsasən bu müqavilə tərəflər arasında imzalandığı andan hüquqi qüvvəyə minir və tərəflər bu Müqavilə ilə üzərlərinə götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirənədək qüvvədədir Müqavilə tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

2. Müqaviləyə 1 saylı əlavə olan qiymət cədvəlində malın adı, ölçüsü, miqdarı və qiyməti göstərilmişdir. Əlavə satıcının imzası və möhürü, alıcının imzası ilə təsdiq edilmişdir.

3. İddiaçı MMC tərəfindən KOD 0268/2020 saylı alqı-satqı müqaviləsi üzrə ümumilikdə 464 manat (ƏDV daxil) dəyərində malların verilməsinə dair o cümlədən 30 manat dəyərində EBBF seriyalı, 303622 nömrəli, xx.xx.2022-ci il tarixli, 97 manat dəyərində EBBK seriyalı, 418542 nömrəli, xx.xx.2021-ci il tarixli, 227 manat dəyərində EBCA seriyalı, 916441 nömrəli, xx.xx.2022-ci il tarixli, 63 manat dəyərində EBBD seriyalı, 187267 nömrəli, xx.xx.2021-ci il tarixli və 47 manat dəyərində EBAM seriyalı, 443594 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh göndərilmişdir.

4. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən 16 iyul 2020-ci il tarixli KOD 0268/2020 saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh İddiaçı MMC-yə 314,50 manat əsas, 62,90 manat faiz borcu olmaqla cəmi 377,40 manat qalıq borcu qalmışdır.

5. İddiaçı MMC tərəfindən Cavabdeh pretenziya məktubu ilə müraciət edilərək, alqısatqı müqaviləsi üzrə yaranmış borcun 7 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə lazımi instansiyalara müraciət olunacağı bildirilmişdir. İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

6. İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaranmış 314,50 manat əsas borcun, 20 manat mediasiya xərcinin və 10 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında 16 iyul 2020-ci il tarixdə KOD 0268/2020 saylı məhsulların (malların) alqı-satqı müqaviləsi və həmin müqaviləyə 01 saylı əlavə (Qiymətlərin razılaşdırma protokolu) imzalanmışdır. Həmin müqavilə, müqaviləyə 01 saylı əlavə (Qiymətlərin razılaşdırma protokolu) və elektron qaimələrə (əlavə olunur) əsasən X2 qaimələrdə göstərilən miqdarda pivə məhsulları satılmışdır. Lakin cavabdeh aldığı məhsulların dəyərini ödəməmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı MMC-yə 314 manat əsas borcu vardır. Cavabdehə pretenziya məktubunun göndərilməsinə və mediasiyaya müraciət edilməsinə baxmyaraq heçbir nəticə əldə olunmamışdır.

8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 442-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

9. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

10. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. A.Əsgərov məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, qiymətlərin razılaşdırma protokolu, elektron qaimə, müqavilə, cavabdehin şəxsiyyət vəsiqəsi, maliyyə arayışı malların verilməsi faktını təsdiq edən sənədlərdir. Başqa sübut növü yoxdur. Bundan əvvəl cavabdehlə alqı-satqı münasibətləri göstərilən qaimələrdən başqa olmayıb. Ümumi məbləğ 464 manat olub, cavabdeh tərəfindən 149 manat 50 qəpik ödəniş edilib.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir, cavabdeh isə gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

12. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

13. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

14. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

15. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. AR MPM-in:

- 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

18. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

19. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 16 iyul 2020-ci il tarixli KOD 0268/2020 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilə üzrə İddiaçı MMC tərəfindən Cavabdeh ƏDV daxil 464 manat məbləğində mallar təqdim edilmiş, lakin cavabdeh təqdim edilmiş malların dəyərini tam ödəməməklə müqavilə üzrə öhdəliklərini pozmuşdur. Hazırda cavabdehin 314,50 manat borcu vardır. 20.Odur ki, İddiaçı MMC sözügedən alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 314,50 manat məbləğində borcun tutulması barədə iddia əsaslı olduğundan təmin edilməlidir. 21.Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 20 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 10 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

22. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat təşkil edir.

23. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

24. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 20 manat məbləğində və dövlət rüsumunun əvəzi olaraq 10 məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh 314,50 manat borc, mediasiya xərclərinin əvəzi olaraq 20 manat və dövlət rüsumunun əvəzi olaraq 10 məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar