Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1922/2020 16.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” ASC “xxxx” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000 (beş min) manat pul vəsaitinin və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun “xxxx” MMC-dən tutularaq “xxxx” ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış X1 idarə etdiyi ** PD *** dövlət qeydiyyat nişanlı “xxxx” markalı avtonəqliyyat vasitəsi ilə xxxx MMC-nin mülkiyyətində olan X2 idarə etdiyi ** JF *** dövlət qeydiyyat nişanlı “MAN TGX18440” markalı nəqliyyat vasitəsi və ** ZX *** qeydiyyat nişanlı “Koegel” markalı qoşqu toqquşmuşdur. xx.xx.2018-ci il tarixində qəbul edilmiş cinayət işi üzrə icraatın xitam edilməsi haqqında qərarla ** PD *** dövlət qeydiyyat nişanlı “xxxx” markalı avtonəqliyyat vasitəsinin sürücü X3 hadisə nəticəsində aldığı bədən xəsarətlərində öldüyü üçün cinayət işi üzrə xitam verilmişdir. Qəbul edilmiş həmin qərar və tərtib edilmiş 20.08.18-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışa əsasən “xxxx” MMC-ə ** JF *** dövlət qeydiyyat nişanlı “MAN TGX18440” markalı nəqliyyat vasitəsinə dəymiş zərər görə 3290.76 (üç min iki yüz doxsan manat, yetmiş altı qəpik) manat, ** ZX *** qeydiyyat nişanlı “Koegel” markalı qoşquya dəymiş zərər görə 1708.24 (bir min yeddi yüz səkkiz manat, iyirmi dörd qəpik) manat sığorta ödənişi həyata keçirilmişdir. Ancaq sonradan yuxarıda qeyd olunan xitam qərarında şikayət verilmiş, iş üzrə ibtidai istintaq aparmaqla X2 təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Bununla iş materiallarında olan sənədlərdən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsinə verilmiş hüquqi qiymət sonradan ləğv edilmiş, iş üzrə X2 təqsirli hesab olunması barədə hökm çıxarılmışdır. Odur ki, iddiaçı tərəfindən “xxxx” MMC-yə ** JF *** dövlət qeydiyyat nişanlı “MAN TGX18440” markalı nəqliyyat vasitəsinə dəymiş zərər görə 3290.76 (üç min iki yüz doxsan manat, yetmiş altı qəpik) manat, ** ZX *** qeydiyyat nişanlı “Koegel” markalı qoşquya dəymiş zərər görə 1708.24 (bir min yeddi yüz səkkiz manat, iyirmi dörd qəpik) manat, ümumilikdə 5000 (beş min) manat sığorta ödənişi geri tələb edilməlidir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə prosessində iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddianı qəbul edərək, ödənilmiş məbləğin şirkət tərəfindən sığorta şirkətinə qaytarılacağını bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan xx.xx.2018-ci il il tarixli, sığorta aktına əsasən zərərçəkən şəxs “xxxx” MMC şəxs, zərərçəkmiş əmlak ** ZX *** qeydiyyat nişanlı “Koegel” markalı qoşqu , zərərin məbləği 3150 manat , 1708 manat məbləğində sığorta ödənişinin zərərçəkənin təqdim etdiyi hesabına köçürülməsi müəyyən olunaraq təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il il tarixli, sığorta aktına əsasən zərərçəkən şəxs “xxxx” MMC şəxs, zərərçəkmiş əmlak “MAN TGX18440” (** JF ***) markalı nəqliyyat vasitəsi , zərərin məbləği 6070 manat , 3291,76 manat məbləğində sığorta ödənişinin zərərçəkənin təqdim etdiyi hesabına köçürülməsi müəyyən olunaraq təsdiq edilmişdir. İş materiallarında olan hesabdan çıxarışın surətindən görünür ki, “xxxx” ASC tərəfindən “xxxx” MMC-nin “xxxx” ASC-də olan hesabına təyinatı sığorta ödənişi olaraq 5000 manat köçürülmüşdür. “İcbari sığortalar haqqında” qanunun 16.4-cü maddəsinə əsasən, sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 (yeddi) iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə, sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. AR Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən, həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq, əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında - onun verdiyi sığorta ödənişi həcmində keçir. AR Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Qeyd olunan Məcəllənin 1096-cı maddəsinə əsasən,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən, başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün), zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Həmin Məcəllənin 1114-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. AR Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən,əgər həmin Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı “xxxx” MMC- dən ödənilmiş pul vəsaitinin geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsas hissəsi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, “xxxx” ASC-nin iddiası təmin edilməli, “xxxx” MMC-dən ödənilmiş 5000 (beş min) manat pul vəsaiti və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq “xxxx” ASC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. “xxxx” MMC-dən 5000 (beş min) manat məbləğində pul vəsaiti və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq “xxxx” ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1922/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1922/2020
16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver