Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1925/2025 21.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialına (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 02 dekabr 2023-cü il tarixli, 05 saylı müqavilənin tərkib hissəsi olan 06 aprel 2024-cü il tarixli X1 üzrə 10491,31 manat borc və 3462,13 manat cərimə, hüquqi yardım xərci olaraq 500 manat və 132 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixində 05 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı (iddiaçı) alıcıya (cavabdehə) sifariş əsasında mal-material, avadanlıq satır, alıcı isə həmin malı qəbul edir, müqavilə ilə razılaşdırılmış qaydada malın, işin (xidmətin) dəyərini iddiaçıya ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti və miqdarı əlavə razılaşma ilə müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, 05 saylı alqı-satqı müqaviləsinin tərkib hissəsi olan 06 aprel 2024-cü il tarixli X1 əsasında cavabdehin sifarişi əsasında iddiaçı cavabdehə ələk göz 07 (2.03x2.10) gərgili (38.367 kv.m), ələk göz 07 (2.13x2.10) gərgili (53.676 kv.m) və ələk göz 25 (2.03x2.10) gərgili (38.367 kv.m), cəmi dəyəri (ƏDV daxil) 10491,31 manat təşkil edən mal satmışdır. Razılaşma protokolunun 2-ci bəndinə əsasən alıcı (cavabdeh) aldığı malın dəyərinin (ayrı yazılı razılaşma yoxdursa) razılaşma imzalanan tarixdən ən geci 30 (otuz) gün ərzində satıcının (iddiaçı) təqdim etdiyi elektron qaimə-faktura əsasında bank onun hesabına köçürmə yolu ilə ödənilməsini təmin edir. Ödənişlərdə gecikmə olarsa, hər gecikmə gününə görə alıcı malın dəyərinin 0,3% həcmində əlavə ödəniş edir. Əlavə razılaşmada malın dəyərinin ödənişi 30 (otuz) gün göstərilmiş, həyata keçirilməmiş, bununla yanaşı müqavilənin 5.1-ci bəndində nəzərdə tutulan ödəniş müddəti ərzində cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh ödənişi 06 aprel 2024-cü il tarixli X1 üzrə 110 gün gecikdirmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən ödənişlərdə gecikmə olarsa, hər keçən günə görə alıcı (cavabdeh) malın dəyərinin 0,3%-i həcmində əlavə ödəniş etməlidir. Cavabdehin 09 sentyabr 2024-cü il tarixinə 06 aprel 2024-ci il tarixli X1 üzrə yaranmış 10491,31 manat əsas borc və 3462,13 manat cərimə borcunun ödənilməsi təmin edilməmişdir. İddiaçı cavabdehə elektron qaiməfaktura göndərmiş, lakin cavabdeh ödəməli olduğu borcun köçürülməsini təmin etməmişdir. Bununla yanaşı, borcun ödənilməsini təmin etmək üçün cavabdehə pretenziya göndərilmiş, lakin borc ödənilməmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 425.2, 449.1, 567-ci maddələrinə istinad olunmuşdur.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialından xx.xx.2023-cü il tarixli, 05 nömrəli müqavilənin tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli X1 üzrə 3462,13 manat cərimə məbləği, hüquqi yardım xərci olaraq 500 manat və 132 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımınca məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə verilən ərizədə qeyd edilənlərə uyğun izahat verərək bildirdi ki, cavabdeh tərəfindən əsas borc ödənildiyindən iddianın həcmi azaldılmışdır, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialı arasında 02 dekabr 2023-cü il tarixli, 05 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya sifarişi əsasında malmaterial, avadanlıq satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti və miqdarı əlavə razılaşma ilə müəyyənləşdirilir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən müqaviləyə əsasən alıcı sifariş təsdiq edildikdən və satıcının təqdim etdiyi elektron qaimə-fakturanı aldıqdan sonra ödənişini müqaviləyə əlavə razılaşmada qeyd edilən məbləğ həcmində elektron qaimə-faktura təqdim edildikdən otuz gün ərzində köçürmə yolu ilə həyata keçirir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən ödənişlərdə gecikmə olarsa, hər keçən günə görə alıcı malın dəyərinin 0,3%-i həcmində əlavə ödəniş etməlidir. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətinə etibarlıdır. Müqavilənin müddətinin bitməsi tərəflərin qarşılıqlı öhdəliklərinin tam şəkildə icrasını dayandırmır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. xx.xx.2023-cü il tarixli, 05 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 03 nömrəli əlavə olan X1nun məzmunundan müəyyən olunur ki, tərəflər xx.xx.2023-cü il tarixli, 05 nömrəli alqı-satqı müqaviləsi üzrə protokolda adıçəkilən və ümumi dəyəri 10491,31 manat (ƏDV daxil) olan mallar barədə razılığa gəlmişlər. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin protokolun 2-ci bəndinə əsasən alıcı aldığı malın dəyərinin razılaşma imzalanan tarixdən ən geci 30 gün ərzində satıcının təqdim etdiyi elektron qaimə-faktura əsasında bank hesabına köçürmə yolu ilə ödənilməsini təmin edir. Həmin protokolun 2.1-ci bəndinə əsasən ödənişlərdə gecikmə olarsa, hər keçən günə görə alıcı malın dəyərinin 0,3%-i həcmində əlavə ödəniş etməlidir.
10. xx.xx.2024-cü il tarixli, EBEB seriyalı, 574381 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialına yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 10491,31 manat (ƏDV daxil) təşkil edir. Qaimə 01 nömrəli X1 əsasında tərtib edilmişdir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, 05 nömrəli müqavilə göstərilmişdir.
11. İddiaçı MMC tərəfindən tərtib edilmiş maliyyə arayışının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialının İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli müqavilə üzrə xx.xx.2024-cü il tarixinə 10491,31 manat əsas, 3462,13 manat cərimə borcu vardır.
12. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialına göndərilmiş xx.xx.2024-cü il tarixli, 01 nömrəli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, müqavilə üzrə yaranmış 10491,31 manat əsas borc, 3462,13 manat dəbbə pulu olmaqla, cəmi 13953,44 manat borcun 5 (beş) gün müddətində ödənilməsi tələb olunmuşdur.
13. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, MV02rD621 nömrəli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 8890,94 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBEB seriyalı, 574381 nömrəli elektron qaimə qeyd edilmişdir. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
16. İşin faktiki hallarından müəyyən edilir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən satıcı alıcıya sifarişi əsasında mal-material, avadanlıq satmağı, alıcı isə həmin malı qəbul edib, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı əvvəlcə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 10491,31 manat borc və 3462,13 manat cərimə borc məbləğinin cavabdehdən tutulmasını xahiş etmişdir. Daha sonra cavabdeh tərəfindən əsas borc ödənildiyindən (əsas borcun ödənilməsi ilə bağlı müvafiq ödəniş tapşırığı təqdim olunmuşdur), iddia tələbinin həcmi azaldılmışdır.
17. İddia tələbini cavabdehdən 3462,13 manat cərimə məbləğinin tutulması təşkil edir.
18. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 05 saylı alqı-satqı müqaviləsinin 5.2-ci bəndinə əsasən ödənişlərdə gecikmə olarsa, hər keçən günə görə alıcı malın dəyərinin 0,3%-i həcmində əlavə ödəniş etməlidir.
19. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulacaq dəbbə pulu azaldılaraq 550 (beş yüz əlli) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.
20. Eləcə də, iddiaçı hüquqi yardım xərci olaraq 500 manat və iddia ərizəsinin məhkəməyə göndərilməsi üçün 132 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
21. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21 (iyirmi bir) manat və hüququ yardım xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialından 550 (beş yüz əlli) manat cərimə, 400 (dörd yüz) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumuna görə 21 (iyirmi bir) manat olmaqla, ümumilikdə 971 (doqquz yüz yetmiş bir) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova