Məhkəmə qərarları › İş №e-2-2(113)-1926/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1926/2025

17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1926/2025 17.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialına qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialına qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh “Azərbaycan Respublikasındakı Filialına (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli 15 saylı müqavilənin tərkib hissəsi olan 19 mart 2024-cü il tarixli X1 üzrə 1511,11 manat, 06 aprel 2024-cü il tarixli X1 üzrə 20605,75 manat borc məbləği, hüquqi yardım xərci olaraq 500 manat, iddia ərizəsinin məhkəməyə göndərilməsi üçün ödənilən 157 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə “Maqro Construction" MMC arasında xx.xx.2023-ci il tarixində 15 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı (iddiaçı) alıcıya (cavabdehə) sifarişi əsasında mal-material, avadanlıq satır, alıcı isə həmin malı qəbul edir, müqavilə ilə razılaşdırılmış qaydada malın, iş (xidmətin) dəyərini iddiaçıya ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti və miqdarı əlavə razılaşma ilə müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli 15 saylı alqı-satqı müqaviləsinin tərkib hissəsi olan 19 mart 2024-cü il tarixli X1 əsasında cavabdehin sifarişi əsasında iddiaçı 22322G4 KFB RULMAN (1 ədəd, qiyməti ədv daxil 1121 manat təşkil edən) mal satmışdır. Razılaşma Protokolunun 2-ci bəndinə əsasən alıcı (cavabdeh) aldığı malın dəyərini (ayrı yazılı razılaşma yoxdursa) razılaşma imzalanan tarixdən ən geci 30 (otuz) gün ərzində satıcının (iddiaçı) təqdim etdiyi elektron qaimə-faktura əsasında bank hesabına köçürmə yolu ilə ödənilməsini təmin edir. Ödənişlərdə gecikmə olarsa, hər gecikmə günə görə alıcı malın dəyərinin 0,3% həcmində əlavə ödəniş edir. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin tərkib hissəsi olan 06 aprel 2024-cü il tarixli X1 əsasında cavabdehin sifarişi əsasında iddiaçı T Başlı Civata +Somun (30 ədəd), M27*95 Kare – Konik Civata (30 ədəd), M Başlı Pim (200 ədəd), 17x1250 GOODYEAR V Kayış (10 ədəd), 17x1600 (15 ədəd), 17x1700 Kayış (10 ədəd), 17x1950 Bent pulus V Kayış (10 ədəd), 17x2000 Belt Pulus V Kayış (10 ədəd), 17x2100 Bent Pulus V Kayışı (10 ədəd), 17x3200 Bent Pulus V Kayışı (12 ədəd), Senaye Kemeri C125 Dongel (10 ədəd), 22x3750 X2 (10 ədəd), 22x4750 V Kayış (12 ədəd), 22x5250 Contitech V Kayış (10 ədəd), 22x6000 Kayış (6 ədəd), UCP 208 YATAK (6 ədəd), UCP 210 MCC YATAK (4 ədəd), UCP 211 YATAK (4 ədəd), UCP 213 AZM YATAK (14 ədəd), MG 55/2 Q60 MM Reduktör (2 ədəd), UCP216 –UC (6 ədəd), Senaye Kəməri C91 Döngel (10 ədəd), Kəmər C120 Dongel (10 ədəd) ədv daxil 14986 manat təşkil edən mal satmışdır. Razılaşma protokolunun 2-ci bəndinə əsasən alıcı (cavabdeh) aldığı malın dəyərini (ayrı yazılı razılaşma yoxdursa) razılaşma imzalanan tarixdən ən geci 30 (otuz) gün ərzində satıcının (iddiaçı) təqdim etdiyi elektron qaimə-faktura əsasında bank hesabına köçürmə yolu ilə ödənilməsini təmin edir. Ödənişlərdə gecikmə olarsa, hər gecikmə günə görə alıcı malın dəyərinin 0,3% həcmində əlavə ödəniş edir. Əlavə razılaşmada malın dəyərinin ödənişi ən geci 30 (üç) gün göstərilsə də ödəniş həyata keçirilməmiş, bununla yanaşı müqavilənin 5.1-ci bəndində nəzərdə tutulan ödəniş müddəti ərzində cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh ödənişi 19 mart 2024-cü il tarixli X1 üzrə 116 gün, 06 aprel 2024-cü il tarixli X1 üzrə 125 gün gecikdirmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən ödənişlərdə gecikmə olarsa, hər keçən günə görə alıcı (cavabdeh) malın dəyərinin 0,3%-i həcmində əlavə ödəniş etməlidir. Cavabdehin 09 sentyabr 2024-cü il tarixinə 19 mart 2024-cü il tarixli X1 üzrə 1121 manat borcu, 390,11 manat cərimə borcu, 06 aprel 2024-cü il tarixli X1 üzrə 14986 manat borcu, 5619,75 manat cərimə borcu yaranmışdır və borcun ödənilməsi təmin edilməmişdir. İddiaçı cavabdehə elektron qaimə-faktura göndərmiş, lakin cavabdeh ödəməli olduğu borcun köçürülməsini təmin etməmişdir. Bununla yanaşı borcun məhkəməyə qədər pretenziya qaydasında ödənilməsini təmin etmək üçün cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya göndərilmişdir. Lakin cavabdeh borcun ödənilməsini təmin etməməkdə davam edir.

3. İddiaçı daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək cavabdehdən xx.xx.2023-cü il tarixli 15 saylı müqavilənin tərkib hissəsi olan 19 mart 2024-cü il tarixli X1 üzrə 390,11 manat, 06 aprel 2024-cü il tarixli X1 üzrə 5619,75 manat cərimə borcunun, hüquqi yardım xərci olaraq 500 manat, iddia ərizəsinin məhkəməyə göndərilməsi üçün ödənilən 157 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə icraatı dövründə əsas borc tam şəkildə cavabdeh tərəfindən ödənilmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 15 saylı müqaviləyə əsasən satıcı alıcıya sifarişi əsasında mal-material, avadanlıq satır, alıcı isə həmin malı qəbul edir, işin görülməsini sifariş edir və müqavilə ilə razılaşdırılmış qaydada malın, iş (xidmətin) dəyərini satıcıya ödəyir.

9. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti və miqdarı əlavə razılaşma ilə müəyyənləşdirilir.

10. Müqavilənin 5.1-ci bəndinə əsasən alıcı sifariş təsdiq edildikdən və satıcının təqdim etdiyi elektron qaimə-fakturtanı aldıqdan sonra ödənişini müqaviləyə əlavə razılaşmada qeyd edilən məbləğ həcmində elektron qaimə-faktura təqdim edildikdən otuz gün ərzində köçürmə yolu ilə həyata keçirilir.

11. Müqavilənin 5.2-ci bəndində əsasən ödənişlərdə gecikmə olarsa, hər keçən günə görə alıcı malın dəyərinin 0,3 %-i həcmində əlavə ödəniş etməlidir.

12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli EBEA 778714 nömrəli 1121 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEB 571423 nömrəli 14986 manat məbləğində elektron qaimə-faktura təqdim edilmişdir.

13. xx.xx.2023-ci il tarixli, 15 saylı alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 07 nömrəli X1na görə 1121 manat məbləğində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilməlidir.

14. xx.xx.2023-ci il tarixli, 15 saylı alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 08 nömrəli X1na görə 14986 manat məbləğində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilməlidir.

15. xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli təhvil aktlarına əsasən xx.xx.2023-ci il tarixli, 15 saylı alqı-satqı müqaviləsinin əlavələri ilə razılaşdırılmış mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

16. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 13650 manat məbləğində vəsait köçürülmüşdür.

17. Məhkəmə materialları araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir.

18. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddia ərizəsi ilə ilkin olaraq tələb edilən əsas borc xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya tam şəkildə ödənilmişdir.

19. Hazırda iddiaçı müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsini tələb edir.

20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

22. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

23. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

24. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

25. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

26. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

27. İddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə 19 mart 2024-cü il tarixli X1 üzrə 390,11 manat, 06 aprel 2024-cü il tarixli X1 üzrə 5619,75 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etmişdir.

28. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

29. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə xx.xx.2024-cü il tarixli X1 üzrə 50 manat, xx.xx.2024-cü il tarixli X1 üzrə 740 manat məbləğində müəyyən edilməlidir.

30. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2024-cü il tarixli X1 üzrə 50 manat, xx.xx.2024-cü il tarixli X1 üzrə 740 manat məbləğində dəbbə tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

31. Bundan başqa iddia ərizəsində 500 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 400 manat hüquqi yardıma görə xərc cavabehdən tutularaq iddiaçıya ödənilməli, qalan 100 manat xərc iddiaçının özünə aid edilməlidir.

32. Belə ki, 988962 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 25 saylı Vəkil Bürosuna 500 manat hüquqi xidmət haqqı ödənilmişdir.

33. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 127 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Filialından xx.xx.2024-cü il tarixli Əlavə Razılaşma üzrə 50 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli Əlavə Razılaşma üzrə 740 manat dəbbə pulu, 400 manat hüquqi yardıma görə xərc, 30 manat dövlət rüsumu, ümumilikdə 1220 (bir min iki yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumu və 100 (bir yüz) manat hüquqi yardıma görə xərc İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar