Məhkəmə qərarları › İş №e-2-2(113)-1928/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1928/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1928/2020 03.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı qanuni təmsilçisi Nümayəndə, Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh ilə iddiaçı arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən iddiaçıya lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh ilə iddiaçı arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən iddiaçıya lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən heyvandarlıq kompleksində istifadə edilən müxtəlif avadanlıqlar, o cümlədən, 1 ədəd yempaylayan avadanlıq iddiaçıya lizinqə verilmişdir. xx xxxxxx 2016-cı il tarixdə iddiaçı və cavabdeh arasında xx xxxxxx 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinə dəyişiklik edilməsi barədə D-02-LA/12 nömrəli razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən tərəflər xx xxxxxx 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsində dəyişiklik edilməsi barədə razılığa gəlmişlər. İddiaçı tərəfindən 1 ədəd yempaylayan avadanlıq üçün müqavilənin 20%-i məbləğində cavabdehə ilkin ödəniş edilmişdir. Lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlıq qoşulan kənd təsərrüfatı təyinatlı texnikadır və kardan vasitəsilə traktora qoşularaq işə salınır və yalnız yemi doğrayıb paylamaq üçün istifadə olunur. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2014-cü il tarixli “AROLİZİNQ” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 273 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən cavabdehdən lizinqə götürüləcək və satın alınacaq özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir. Buna baxmayaraq cavabdeh tərəfindən heç bir güzəşt tətbiq edilməmişdir. Belə ki, iddiaçıya lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın müqavilə dəyəri üzrə 40%-i miqdarında güzəşt tətbiq edilməsi barədə iddiaçı tərəfindən cavabdehə xx xxxxxx 2017-ci il tarixli 14/17/Qİ nömrəli məktub ünvanlanmışdır. Cavabdehin xx.xx.2018-ci il tarixli cavab məktubu ilə iddiaçıya mövcud qaydalarda hər hansı bir avandanlığa, texnikaya ayrıca 40% güzəşt tətbiq edilməsinin nəzərdə tutulmadığı bildirilmişdir. Daha sonra iddiaçı xx.xx.2018-ci il tarixdə 01/18/Qİ nömrəli məktubla yenidən cavabdehə lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın müqavilə dəyəri üzrə 40%-i miqdarında güzəşt tətbiq edilməsi barədə məktub göndərmişdir. Lakin cavabdeh yenə də xx.xx.2018-ci il tarixli cavab məktubu ilə eyni məzmunda cavab verərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2014-cü il tarixli 273 nömrəli qərarı ilə təsdiq edilmiş cavabdeh tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”nda hər hansı bir avandanlığa, texnikaya ayrıca 40% güzəşt tətbiq edilməsinin nəzərdə tutulmadığını bildirmişdir. Lakin 1 ədəd yempaylayan avadanlıq qoşulan kənd təsərrüfatı təyinatlı texnikadır, kardan vasitəsilə traktora qoşularaq işə salınır. Bu texnikanın birbaşa və yeganə təyinatı heyvan yemlərinin doğranması, qarışdırılması və paylanmasından ibarətdir. Buna görə də bu texnika Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına aiddir. Buna görə də iddiaçıya lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın müqavilə dəyəri üzrə 40%-i miqdarında güzəşt tətbiq edilməli və cavabdehin üzərinə həmin güzəştin tətbiq edilməsi barədə öhdəlik qoyulmalıdır. Artıq cavabdehlə mövcud münasibətlərin qarşılıqlı razılıqla həll yolunun mümkünsüz olduğu üçün, hazırki vəziyyətin ədalətli həll yolunun yalnız məhkəmə olduğu qənaətindədir və hesab edir ki, qeyd etdiyi faktiki hallara əsasən Cavabdeh ASC tərəfindən xx xxxxxx 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən heyvandarlıq kompleksində istifadə edilən 1 ədəd yempaylayan avadanlığın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməlidir. İddiaçının qanuni təmsilçisi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən rədd edilməlidir. Belə ki, tərəflər arasında müqavilə xx xxxxxx 2012-ci il tarixdə bağlanmışdır. Bununla da müqavilə tələbləri üzrə iddia müddəti 3 il nəzərdə tutulduğundan iddiaçı iddia müddətini ötürmüşdür. Sonda cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli D-02-LA/12 nömrəli müqavilədən görünür ki, cavabdeh dəyəri 635250 manat olan beynəlxalq standartlara uyğun paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqları quraşdırılması ilə birlikdə dəyəri ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra iddiaçının mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətədək lizinqə verməyi, iddiaçı isə avadanlığın dəyərindən 61500 manat məbləği əvvəlcədən cavabdehə ödəməyi, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı və cavabdeh arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinə dəyişiklik edilməsi barədə xx xxxxxx 2016-cı il tarixli D-02- LA/12 nömrəli razılaşmadan görünür ki, cavabdeh qalıq dəyəri 182950 manat olan peyin təmizləyən və yempaylayan avadanlıqların dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra iddiaçının mülkiyyətinə verilməsi şərti ilə 6 il müddətədək lizinqə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli ASC/2-369 saylı məktubdan görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə ‘‘X4 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsi üzrə lizinqə götürülən avadanlıqlar heyvandarlıq kompleksində istifadə etmək üçün ümumi dəst halında verilmişdir və həmin müqaviləyə daxil olan her hansı bir avadanlığa, texnikaya ayrıca 40% güzəşt tətbiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2014-cü il tarixli 273 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”nda nəzərdə tutulmamışdır. Məhkəmə sorğusuna əsasən «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli ASC/2-1646 saylı məktubundan görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə “X4 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli 02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən ümumi dəyəri 635250 manat təşkil edən 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yem paylayan avadanlıqları sonuncuya lizinqə verilmişdir. 1 ədəd yempaylayan avadanlıq həmin avadanlıqların tərkib hissəsinə aid olduğundan və tərəflər arasında bağlanmış lizinq müqaviləsində 1 ədəd yempaylayan avadanlığın dəyəri ayrıca göstərilmədiyindən onun dəyərinin hesablanması mümkün olmamışdır. Eyni zamanda “X4 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı olan iddia tələbi üzrə peyinqarışdıran avadanlığın dəyərinin müqavilənin ümumi məbləğindən çıxarılmasını nəzərdə tutan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 2-2(82)- 283/2018 nömrəli xx xxx 2018-ci il tarixli qətnamədə də 1 ədəd yempaylayan avadanlığın dəyəri qeyd edilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının qanuni təmsilçisinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.1-ci və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1, 373.2-ci və 373.3-cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir”. Bundan başqa, həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli və Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarlarında göstərmişdir, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh dəyəri 635250 manat olan beynəlxalq standartlara uyğun paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqları quraşdırılması ilə birlikdə dəyəri ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra iddiaçının mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətədək lizinqə verməyi, iddiaçı isə avadanlığın dəyərindən 61500 manat məbləği əvvəlcədən cavabdehə ödəməyi, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı və cavabdeh arasında xx xxxxxx 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinə dəyişiklik edilməsi barədə xx xxxxxx 2016-cı il tarixli D-02-LA/12 nömrəli razılaşma bağlanmış və razılaşmaya əsasən cavabdeh qalıq dəyəri 182950 manat olan peyin təmizləyən və yempaylayan avadanlıqların dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra iddiaçının mülkiyyətinə verilməsi şərti ilə 6 il müddətədək lizinqə verməyi öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında lizinq müqaviləsi bağlanmış və hazırki tələbin həmin müqavilədən irəli gələn tələblə bağlı olmasını nəzərə aldıqda, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hazırki iş üzrə iddia müddətinin keçib-keçməməsini müəyyən etmək üçün ilk növbədə iddia müddətinin axımının başlanma anı araşdırılmalıdır. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı tərəfindən müqavilə ilə ona verilmiş avadanlığa 40 faiz güzəştin tətbiq edilməsinə əsas kimi istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 273 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydalar”ı xx xxxxxx 2014-cü il tarixdə təsdiq edilmişdir ki, iddia müddətinin axımı həmin tarixdən başlanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə xx xxxx 2020-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilədən irəli gələn tələblər üzrə iddia müddətinin üç il olmasını nəzərə aldıqda, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə iddia müddəti keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə məhkəmə tərəfindən qəbul olunmalı və iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh ilə iddiaçı arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən iddiaçıya lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar