Məhkəmə qərarları › İş №e-2-2(113)-193/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-193/2022

29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-193/2022 29.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində ** AB *** dövlət qeydiyyat nişanlı “JOHN DEERE JD 9970” markalı pambıqyığan kombayna dəymiş ziyanın əvəzi olaraq 420005,80 manat sığorta ödənişi və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AZ/MİH/20/0155 nömrəli “X2 kompleks (kasko) sığorta şəhadətnaməsi”nə əsasən, cavabdeh iddiaçının istifadəsində olan nəqliyyat vasitələrinə görə sığorta müqaviləsi qüvvədə olan müddətdə (xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək) sığorta hadisələri nəticəsində dəymiş zərərin sığorta məbləğininin ödənilməsini öhdəsinə götürmüşdür. Sığorta şəhadətnaməsinə əsasən, sığorta məbləği 1 000 000 manat müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixdə iddiaçının istifadəsində olan ** AB *** dövlət qeydiyyat nişanlı “JOHN DEERE JD 9970” markalı pambıqyığan kombaynın sürücüsü Hacıqabul – Horadiz avtomagistralının girişində yolun dalğalı olması səbəbindən idarəetməni itirmiş və kombaynı aşırtmışdır. Sığorta hadisəsi nəticəsində pambıqyığan kombayna 420 005,80 manat məbləğində zərər dəymişdir. Sığortalanmış nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi zamanı "xxxx" MMC müstəqil qiymətləndirici şirkətin rəyinə əsasən dəymiş zərər 420 005,80 manat müəyyən edilsə də, bununla bağlı cavabdehdən hər hansı sığorta ödənişi həyata keçirilməmişdir. İddiaçının istifadəsində olan pambıqyığan kombayna dəymiş zərər ilə bağlı sığorta ödənişinin tələb edilməsi ilə bağlı xx.xx.2021-ci il REF/0183/2021 saylı və xx.xx.2021-ci il tarixli REF/1129/2021 saylı müraciətlərinə cavab olaraq, cavabdeh xx.xx.2021-ci il tarixli 0811 saylı məktubu ilə sığorta ödənişinin verilməsindən imtina etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci bəndinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, baş vermiş yol-nəqliyyat hadisəsindən sonra kombayna dəymiş ziyan cavabdeh tərəfindən ödənilmədiyindən, habelə təmir edilmədiyindən həmin texnika öz vəsaitləri hesabına təmir edilmiş, buna təxminən 100000 manatdan artıq vəsait ödənilmişdir. Lakin həmin detalların alınmasını, habelə usta xərcini təsdiq edən sənədləri təqdim edə bilmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil iddia tələbinə etiraz edib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, AR Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ilə razılaşdırılmış xx.xx.2010-cu il tarixli X2 Kompleks Sığortası Qaydaların 20.8-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin texniki təyinatına və göstəricilərinə uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı ortaya çıxan hər hansı zərərin əvəzi ödənilmir, belə ki, kombayn əkin sahəsindən kənarda magistral yola çıxarkən zədələnmişdir. xx.xx.2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında iş üzrə protokola əsasən “JOHN DEERE JD 9970” markalı kombayn pambıq sahəsindən yükü boşaltmadan çıxarmış, yükün ağırlığı sürücünün idarəetməsinə səbəb olmuşdur. xx.xx.2021-ci il tarixli, 12 nömrəli Müstəqil Məhkəmə Avtotexniki Ekspertizasının rəyinə əsasən sürücü X5 hadisədən qabaq bunkeri tam yüklü vəziyyətdə olan JOHN DEERE JH 9970 markalı 18AB023 dövlət qeydiyyat nişanlı pambıqyığan kombayndan istifadəsi onun təyinatına uyğun olmamışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli arayışında göstərilmişdir ki, “JOHN DEERE JD 9970” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı pambıqyığan kombaynın əkin sahəsindən xeyli aralı və magistral yola çıxış yerində bunkeri pambıqla dolu vəziyyətdə qəzaya düşməsi, onun istifadəsi qaydalarına uyğun deyil. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, “JOHN DEERE JD 9970” markalı, 2018-ci il istehsalı olan pambıqyığan kombaynın bunkeri pambıqla yüklü vəziyyətdə əkin sahəsindən çıxaraq avtomagistral yola sürülüb idarə edilməsi onun texniki təyinatına və göstəricilərinə əsasən qanuna uyğun deyil. xx.xx.2022-ci il tarixli kütləvi informasiya vasitələri materialında göstərilmişdir ki, pambıqyığan kombaynın qanunun tələblərinə əsasən, avtomagistrallarda hərəkəti qadağandır. Bundan əlavə, pambıqyığan kombaynın iddiaçı tərəfindən təmir-bərpa edilməsi haqqında məlumat verməsinə baxmayaraq, məhkəməyə təmir-bərpa haqqında hər hansı bir sübut (qəbzlər, ödəniş tapşırıqları və s.) təqdim edə bilməmişdir. Habelə, iddiaçının “JOHN DEERE JD 9970” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı pambıqyığan kombaynla bağlı iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik deyildir. Müəyyən edilmişdir ki, iddia tələbi verilən zaman və hazırda iddiaçının sığorta predmetinə dair sığorta marağı (əlaqəsi) və ya yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması xərclərinə dair sübutları mövcud deyil. Sübutların tədqiqi: xx.xx.2020-ci il tarixli “Avtomobil nəqliyyat vasitələrinin kompleks sığorta şəhadətnaməsindən görünür ki, sığortaçı kimi iddiaçı, faydalanan şəxs kimi cavabdeh, sıöğorta müddəti olaraq xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək olan dövr, avtomobillərin real dəyəri olaraq 88570000 manat, sığorta məbləği ******* manat, şərtsiz azadolma məbləği hər bir hadisə üzrə 10000 manat, tam məhv olma halında sığorta məbləğinin 10 faizi həcmində, sığorta haqqı kimi 59862 manat müəyyən edilmiş, sığorta riskləri kimi yol nəqliyyat hadisəsi, siqaretdən baş verdiyi hal istisna olmaqla, yanğın, öz-özünə alışma, həmçinin ildırım vurması və partlayış, təbii fəlakətlər, avtonəqliyyat vasitəsinin oğurlanması, üçüncü şəxslərin qərəzli hərəkətləri, avtonəqliyyat vasitəsinə daşların dəyməsi və ya üzərinə əşyaların düşməsi göstərilmişdir. Şəhadətnamədə sığorta şəhadətnaməsinin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının “Mülki Məcəlləsinə”, “X2 kompleks sığorta Qaydaları”na uyğun hazırlandığı qeyd olunmuşdur. Sığorta müqaviləsinin 5-ci bəndinə əsasən bu müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən (sığorta hadisəsi baş verən anda avtomobilin bazar şərtləri ilə müəyyən edilən qiyməti) az olduğu halda (qismən sığorta halında) sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZT/X/082 nömrəli John Deere 9970 pambıqyığan kombayna dəymiş zərərin qüsur aktından görünür ki, 04 dekabr 2020ci il tarixdə "xxxx" MMC-nin John Deere servis mərkəzinə qəzalı vəziyyətdə olan John Deere 9970 pambıqyığan kombaynı gətirilmişdir. Kombayn mütəxəssislərləri tərəfindən tam olaraq sökülərək inspeksiya edilmişdir. Kombaynın bir çox hissələri, o cümlədən kabina, ön yığım aparatların iki ədədi, elevator konstruksiyası, hava boruları, ön yığım aparatların quraşdırma dirsəkləri və kardanlar və bir çox köməkçi hissə və parçalar tam yararsız hala və istifadəyə yararsız hala gəlmişdir. Kombaynın istifadəyə yararsız olan hissələri tam olaraq inspeksiya edilmişdir və ehtiyat hissələrinin kodları John Deer-in “servise advisor” proqramına uyğun olaraq müəyyən edilmişdir. Kombaynın bərpası üçün tələb olunan ehtiyat hissələrinin ümumi məbləği 401.542,12 manat, əlavə xidmətlərin toplam dəyəri 1985 manat, əlavə tələb olunan ehtiyat hissələrinin toplam dəyəri 2478,68 manat, JD xidmətlərin toplam dəyəri 14.000 manat təşkil edir (ƏDV xaric). İnzibati xəta haqqında AP ******* nömrəli, xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixində saat 19:45-də Sabirabad rayonunda 18AB023 dövlət qeydiyyat nişanlı Kombayn markalı nəqliyyat vasitəsini yol vərəqəsi əsasında idarə edən xx.xx.1988ci il təvəllüdlü Sabirabad rayonunda doğulmuş, Sabirabad rayonu, Şəhriyar kəndində yaşayan X6 pambıq sahəsindən yük yerini boşaltmadan çıxarmış, yükün ağırlığı sürücününün idarəetməni itirməsinə səbəb olmuş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İddiaçı ilə X7 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, sonuncu xx.xx.2020-ci il tarixində "xxxx" MMC-nin “MKT-Sabirabad” filialının traktorçu vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsinin müddətsiz olması müəyyənləşdirilmişdir. xx.xx.2021-ci il tarixli REF/0183/21 nömrəli, xx.xx.2021-ci il tarixli REF/1129/21 nömrəli məktublardan görünür ki, iddiaçı cavabdehdən xx.xx.2020-ci il tarixdə iddiaçının istifadəsində olan 18AB023 dövlət qeydiyyat nişanlı “JOHN DEERE JD 9970” markalı pambıqyığan kombaynın sürücüsünün Hacıqabul-Horadiz avtomagistralının girişində yolun dalğalı olması səbəbindən idarəetməni itirməsi və kombaynın aşması bildirilmiş, sığorta hadisəsi nəticəsində pambıqyığan kombayna dəymiş zərərə görə sığorta məbləğinin ödənilməsi cavabdehdən xahiş olunmuşdur. xx.xx.2021-ci il tarixli 0811 nömrəli cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış AZ/MİH/20/0155 saylı “vahid sığorta müqaviləsinin şərtlərinə əsasən sığorta məbləğinin 1.000.000 manat, sığorta predmetinin dəyərinin 88.570.000 manat, şərtsiz azadılma məbləğinin 10.000 manat razılaşdırıldığı bildirilmişdir. 18AB023 dövlət qeydiyyat nişanlı “JOHN DEERE JD 9970” markalı pambıqyığan kombayna dəymiş zərərin müəyyən edilməsi məqsədi ilə xüsusi bilik və təcrübəyə malik olan ekspertlər cəlb olunmuşdur. Nəticədə sözügedən texnikaya dəymiş zərərin aradan qaldırılması üçün 123.000 manat məbləğində pul vəsaitinin tələb olunduğu müəyyən olunmuşdur. Lakin hesablanılmış zərər məbləğinə qismən sığorta şərtləri tətbiq olunduğu və azadolma məbləği çıxıldığı halda "xxxx" ASCnin sığorta ödənişinin verilməi öhdəliyinin yaranmadığı müəyyyən edilmişdir. Qeyd olunanları nəzərə alınaraq sığorta ödənişinin verilməsinin mümkün olmadığı iddiaçıya bildirilmişdir. Azərbaycan Respublikasının Ədlliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 26 may 2022-ci il tarixli 9/1463-8/555 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat obyekti olan “JOHN DEERE JD 9970” markalı, 18AB023 dövlət qeydiyyat nişanlı pambıqyığan kombayn təmir olunduğundan qeyd olunan sual üzrə tədqiqat aparmaq mümkün olmadı. “John Deere JD 9970” markalı 18AB023 dövlət qeydiyyat nişanlı pambıqyığan kombaynın texniki təyinatına və göstəricisinə uyğun istifadə olunubolunmamasının müəyyən edilməsi X1 sahəsində xüsusi texniki bilik tələb etmədiyindən yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyil. Hüquqi məna kəsb etdiyindən həmin hal məhkəmə tərəfindən qiymətləndirilə bilər. Nəzəri hesablama yolu ilə iş materiallarında olan “Aztexnika” LTD tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “John Deere JD 9970” markalı 18AB023 dövlət qeydiyyat nişanlı pambıqyığan kombayn təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 30810 manat müəyyən edilir. xx.xx.2021-ci il tarixli Avtonəqliyyat Vasitələrinin texniki ekspertizasının rəyindən görünür ki, John Deere 9970 markalı 18AB023 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə dəymiş zərərin bazar qiyməti 92150 manat, işçilik xidmətləri isə 30850 manat müəyyən olunur. Avtomobilə dəymiş zərər cəmi 123000 manat təşkil edir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 18AB023 dövlət qeydiyyat nişanlı Kombayn markalı nəqliyyat vasitəsi "xxxx" ASC-nin mülkiyyətindədir. "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 04 avqust 2020-ci il tarixli AX-27/20 nömrəli "xxxx" ASC-yə məxsus pambıqyığan kombaynların operativ lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əsasən lizinq verən "xxxx" ASC balansında olan JD 9970 markalı pambıqyığan kombaynı mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə lizinq alanın istifadəsinə verir.Müqavilənin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli 149 nömrəli hesab-fakturadan görünür ki, xx.xx.2020-ci il tarixli AX-27/20 saylı müqaviləyə əsasən 27 ədəd JD-9970 Pambıqyığan Kombayna görə ödənilməli olan məbləğ ƏDV daxil olmaqla manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş 21 dekabr 2020-ci il tarixli AZT/X/476 nömrəli JOHN Deere 9970 pambıqyığan kombayna dəymiş zərərin qüsur aktı barədə məktubdan görünür ki, 04 dekabr 2020-ci il tarixdə "xxxx" MMC servis mərkəzinə gətirilən qəzalı vəziyyətdə olan John Deere 9970 pambıqyığan kombayn üçün qüsur aktı yazılmasından ötrü işçilik xidmətinin ehtimal olunan xərci 7000 manat təşkil edəcək. Müəssisələr arasında olan sıx əməkdaşlığı nəzərə alaraq bu xidmət üçün onlara 20 % endirim edilir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasənda şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, o, "xxxx" ASC-də qəza komissarı vəzifəsində işləyir. İstənilən hadisə üzrə ilkin araşdırmanı o aparır. Həmin gün də hadisə barədə məlumat verildikdən sonra gecə saatlarında hadisə yerinə getmişdir. Orada ona bildirmişlər ki, kombayn magistral yola çıxmaq istəyərkən aşmışdır. Sürücünü hadisə yerində görməmişdir. Qəza komissarı kimi oradakı məsul şəxslərdən məlumat toplamış, onlar demişlər ki, kombaynın sürücüsü icazəsiz olaraq ərazidən çıxardıb, ərazidən çıxanda qarşıdan maşın gəldiyini görüb toqquşmanın qarşısını almaq üçün sürücü kombaynı saxlayıb və yükün ağırlığı onu geriyə hərəkətə məcbur edib və kombayn aşıbdır. Hadisəni fotoşəkillər çəkməklə, hadisə yerinə müayinə etməklə, hadisə yerindəki insanların fikrini dinləməklə, video qeydiyyatla araşdırır. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 894.1-ci maddəsinə əsasən qrup halında sığorta zamanı bir sığorta müqaviləsi ilə bir neçə sığorta predmeti sığortalanır. 896.1-ci maddəsinə əsasən əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun. 898.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. 898.4-cü maddəsinə əsasən şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. İşin araşdırılan hallarından məlum olur ki, tərəflər arasında könüllü sığortası müqaviləsi bağlanıldığı üçün sığorta hadisəsinin baş verib-verməməsi halı sığorta müqaviləsinə əsasən müəyyən edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış sığorta müqaviləsində sığorta riskləri qismində yol-nəqliyyat hadisəsi də göstərilmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yol-nəqliyyat hadisəsi — yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir; nəqliyyat vasitəsi — yolda hərəkət üçün konstruksiya imkanları olan və insan tərəfindən idarə edilən qurğu, habelə onun qoşqusudur (nəqliyyat vasitələri mexaniki və insanın, yaxud heyvanın əzələ enerjisi ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinə bölünür). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 19:45-də Sabirabad rayonunda 18AB023 dövlət qeydiyyat nişanlı kombayn markalı nəqliyyat vasitəsini yol vərəqəsi əsasında idarə edən X6 pambıq sahəsindən yük yerini boşaltmadan çıxarmış, yükün ağırlığı sürücününün idarəetməni itirməsinə səbəb olmuş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixində sığorta hadisəsinin baş verməsi sübut olunur. Sığorta hadisəsinin baş verməsi cavabdehin iddiaçıya ünvanladığı “Sığorta ödənişinin ödənilməsindən imtina edilməsi haqqında” məktubda da təkzib olunmur. Ona görə də, iddiaçı cavabdehdən sığorta ödənişinin verilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə sığorta hadisəsi baş verdiyinə görə cavabdehin iddiaçı qarşısında sığorta ödənişini vermək öhdəliyi yaranmışdır. İş materiallarında olan sübutlarla iddiaçının istifadəsində olmuş kombayn markalı nəqliyyat vasitəsinə həqiqətən zərər dəyməsinin təsdiq olunması, həmin zərərin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 26 may 2022-ci il tarixli 9/1463-8/555 nömrəli ekspert rəyinə əsasən təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 30810 manat müyyən edilməsi iddianın həmin hissədə təmin edilməsi üçün əsas hesab edilməlidir. Çünki həmin zərərin məhz xx.xx.2020-ci il tarixdə və tərəflər arasında bağlanmış könüllü sığorta müqaviləsində göstərilmiş sığorta hadisəsi nəticəsində dəyməsi işin araşdırılan halları ilə sübut olunur. Bundan əlavə, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 26 may 2022-ci il tarixli 9/1463-8/555 nömrəli ekspert rəyi MPM-nin 101.7-ci maddəsinin tələblərinə əsasən tədqiq olunub digər sübutlarla yanaşı qiymətləndirilmiş, həmin rəyin sübut qismində nəzərə alınmasına mane olan hallar müəyyən edilməmişdir. Bununla yanaşı, tərəflər arasında bağlanmış avtonəqliyyat vasitələrinin kompleks sığorta müqaviləsinə əsasən hər bir hadisə üzrə 10.000 manat şərtsiz azadolma məbləği müyyən edilmişdir. Odur ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan sığorta məbləği 20810 manat (30810 manat -10000 manat) müəyyən edilməlidir. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, pambıqyığan kombayn əkin sahəsindən xeyli aralı və magistral yola çıxış yerində bunkeri pambıqla dolu vəziyyətdə qəzaya düşmüş, bu da onun təyinatı üzrə istifadəsi qaydalarına uyğun deyildir. Belə ki, AR Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ilə razılaşdırılmış xx.xx.2010-cu il tarixli X2 Kompleks Sığortası Qaydalarının 20.8-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin texniki təyinatına və göstəricilərinə uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı ortaya çıxan hər hansı zərərin əvəzi ödənilmir. Cavabdeh etirazının əsası kimi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin xx.xx.2022-ci il tarixli məktubuna və xx.xx.2022-ci il tarixli kütləvi informasiya vasitələri materialına (Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli MİHO/1.2.1-2022-1981 nömrəli vəkil soruğusuna cavabdan görünür ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə əsasən traktorların, kənd təsərrüfatı maşınlarının və özügedən maşınların, texniki xarakteristikasına və ya vəziyyətinə görə, sürəti saatda 50 kilometrdən az olan digər nəqliyyat vasitələrinin, avtomagistralda xidmət işlərinin görülməsi halları istisna olmaqla istismarı qadağandır. Pambıqyığan kombaynın Qanunun tələblərinə əsasən müvafiq yollarda hərəkəti qadağandır), habelə xx.xx.2021-ci il tarixli Məhkəmə X1 tərəfindən aparılmış “Yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasına dair ekspert rəyi”nə (rəyə əsasən X5 hadisədən qabaq bunkeri tam yüklü vəziyyətdə olan JOHN DEERE JH 9970 markalı 18AB023 dövlət qeydiyyat nişanlı pambıqyığan kombayndan istifadəsi onun təyinatına uyğun olmamışdır. Ekspertizanın təyini haqqında müraciətdə təqdim olunmuş məlumatlara əsasən JOHN DEERE JD 9970 markalı 18AB023 dövlət qeydiyyat nişanlı pambıqyığan kombaynın sürücüsü X5 hərəkətlərində “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 57–ci maddənin 3-cü hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur) istinad etmişdir. Cavabdehin istinad etdiyi həmin sənədlər məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə əsasən yazılı sənədlər sübut hesab olunur. Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübut da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda ona qiymət verilməlidir. Cavabdehin Məhkəməyə təqdim etdiyi sənədlər kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu sənədlər baş vermiş yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin onun təyinatı üzrə istifadə edilmədiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, xx.xx.2021-ci il tarixli Məhkəmə X1 tərəfindən hazırkı iş üzrə rəy verilərkən hansı tədqiqat obyektlərindən istifadə edilməsi, hansı materialların ekspertizaya təqdim edilməsi və ekspert tərəfindən araşdırılması müəyyən olunmur. Həmin rəydən məlum olur ki, təqdiqat prosesində yalnız inzibati xəta haqqında protokola və ekspertizanın təyin edilməsi barədə xx.xx.2021-ci il tarixli cavabdehin müraciətinə istinad edilmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı 18AB023 dövlət qeydiyyat nişanlı kombayn markalı nəqliyyat vasitəsinin magistral yolda hərəkət etmədiyi, torpaq yolda hərəkət edərkən sürücünün idarəetməni itirməsi nəticəsində yol nəqliyyat hadisəsinin baş verməsi öz təsdiqini tapmışdır. Cavabdehin bununla bağlı təqdim etdiyi şahid R.Əliyevin ifadəsinə münasibətdə məhkəmə bildirir ki, həmin şahid ifadəsindən onun baş vermiş yol nəqliyyat hadisənin birbaşa şahidinin olmaması və bundan əlavə şahidin hazırkı mübahisənin nəticələrinə münasibətdə birbaşa (cavabdeh təşkilatla əmək müqaviləsi əsasında çalışan işçi olmaqla) maraqlı olan şəxs olması müəyyən edilmişdir. Beləliklə, cavabdeh yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin – kombaynın onun təyinatı üzrə istifadə edilmədiyini, habelə yol hərəkəti qaydalarına zidd olaraq magistral yolda hərəkət etməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Bundan əlavə, cavabdeh etirazının digər əsası kimi sığorta hadisəsi baş verən anda idddiaçının sığorta predmetinə dair hər hansı sığorta marağının olmamasına, ümumiyyətlə hazırkı iddianı verməklə bağlı subyektiv hüquqa malik olmamasına istinad etmişdir. Məhkəmə cavabdehin bu arqumenti ilə də razılaşmır və bununla bağlı qeyd edir ki, materiallarda olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 18AB023 dövlət qeydiyyat nişanlı Kombayn markalı nəqliyyat vasitəsi "xxxx" ASC-yə məxsusdur, sonuncunun iddiaçı ilə bağladığı 04 avqust 2020-ci il tarixli AX-27/20 nömrəli “pambıqyığan kombaynların operativ lizinqə (istifadəyə) verilməsi” haqqında müqavilə əsasında xx.xx.2020-ci il tarixədək iddiaçının qanuni sahibliyi və istifadəsinə verilmişdir. Bundan əlavə, tərəflərin izahatlarından, məhkəməyə daxil olmuş ekspert rəyindən məlum olmuşdur ki, 18AB023 dövlət qeydiyyat nişanlı kombayn markalı nəqliyyat vasitəsi yol nəqliyyat hadisəsi baş verdikdən sonra iddiaçının özü tərəfindən və onun vəsaiti hesabına təmir edilmişdir. İddiaçının nümayəndəsi öz izahatında təmirə təxminən 100000 manatdan artıq vəsait xərcləndiyini bildirsə də, məhkəməyə bununla bağlı hər hansı bir sübut (təmir-bərpa xərcləri və usta haqqlarına dair) təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 20810 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Hazırkı iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ekspertiza xərcinin 50 manatı iddiaçıdan, 50 manatı isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 20810 (iyirmi min səkkiz yüz on) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərcinin 50 (əlli) manatı İddiaçı MMC, 50 (əlli) manatı isə cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X4 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar