Məhkəmə qərarları › İş №e-2-2(113)-193/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-193/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-193/2024 19.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Suraxanı rayon İcra Hakmiyyətinə və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 (əvvəlki adı Cavabdeh2 ASC-yə) (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs olmaqla) qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X2 katibliyi ilə, İddiaçının nümayəndəsi X7, Cavabdehin nümayəndəsi X9, 3-cü şəxs Maraqlı şəxs iştirakı ilə, Digər cavabdehin nümayəndəsinin iştirakı olmadan, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Suraxanı rayon İcra Hakmiyyətinə və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 (əvvəlki adı Cavabdeh2 ASC-yə) (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs olmaqla) qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmənin iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Suraxanı rayon İcra Hakmiyyəti və Cavabdeh2 ASC-dən “14.500 manat pul vəsaitinin və mediasiya xərci üçün ödənilmiş 200 manat məbləğin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, AZ/043602 nömrəli saylı xx.xx.2019-cu il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” ilə sığorta müqaviləsi bağlanmış və Maraqlı şəxs istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Ziy qəsəbəsinin cənub hissəsində yerləşən 264 №-li aptek sığorta təminatı almışdır. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Ziğ qəsəbəsinin cənub hissəsində yerləşən "xxxx" MMC-yə məxsus 264 №-li aptekdə kanalizasiya qəzası nəticəsində subasma hadisəsi baş vermiş, nəticədə 14.500.00 manat sığorta ödənişi həyata keçirilmişdir. Ödənilmiş 14.500 manat məbləğ, qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edək cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, videogörüntüyə əsasən hadisə yeridə Azərsuyun əməkdaşlarının olması normal haldır. Belə ki, çağırış olubsa, Azərsu həmin yerə getməlidir. Çünki Respublikada bu cür texnika ancaq Azərsuda vardır və suyun çəkilməsini ancaq o həyata keçirə bilərdi. Lakin, bu o demək deyil ki, Azərsu bu hadisədə günahkardı və məsuliyyət daşımalıdır. Subasmanın nədən baş verməsinə dair sübut yoxdur. Əgər ətrafda yerləşən ünvanlarda bu cür hal baş verməyibsə, deməli səbəb əmlak sahibinindir. Balans mənsubiyyəti ilə bağlı qeyd edir ki, balans mənsubiyyəti obyekt və ya mənzilə qədər olan hissəyə aiddir, obyektin və ya mənzilin daxilində baş verənlərə görə Azərsu cavabdehlik daşımır. İddiaçının sübut kimi təqdim etdiyi videodan da görünür ki, subasma aptekin daxilində baş verib, ona görə də iddia tələbinin Cavabdeh2 ASC-yə münasibətdə rədd edilməsini xahiş edir.

5. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs Maraqlı şəxs bildirdi ki, ona sığorta məbləği ödənilmişdir. Ondan nə tələb edilibsə onları yerinə yetirib.

6. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III.Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. 043602 saylı əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsinə əsasən Maraqlı şəxs məxsus 264 saylı aptek xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə kimi sığortalanmışdır.

10. 30.10.2019-cu il tarixli 3522/M/Fİ-086/2019 saylı sığorta aktına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin cənub hissəsində yerləşən Maraqlı şəxs məxsus aptekdə xx.xx.2019-cü il tarixdə subasma hadisəsinin baş verdiyini və 15.000 manat zərərin müəyyən edildiyi qeyd olunmuşdur.

11. 01.11.2019-cu il tarixli, ******* saylı ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfndən Maraqlı şəxs 14500 manat məbləğində ödəniş edilmişdir.

12. Bakı şəhəri İcra Hakimiyyəti MKTD-nin xx.xx.2024-cü il tarixli, 3-52-13/2- 704/2024 saylı məktubuna əsasən Bakı şəhərinin inzibati ərazisində xarici su təchizatı və kanalizasiya şəbəkə və qurğuları Bakı şəhəri üzrə İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti publik hüquqi şəxsinin balansındadır.

13. X3 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci ildən aptekdə işləyir. xx.xx.2019-cu ildə təzə işə başlamışdı ki, gördü ki, ayağının altı sudur. Əvvəl elə bilib ki, kran suyudur, sonradan gördü ki, çirkli sudur. Həmin zaman aptekdə müştərilər var idi, onları yola salana kimi, su çoxaldı. Suyun hardan gəldiyinə baxmadı. Amma çirkli su idi. Aptek tam yerdən deyil, bir az yerdən yuxarıda yerləşir. Çox güman ki, çirkli su aptekin daxilində yerləşən sanitar qovşağından gəlirdi. Bayırdan su aptekə gəlmirdi. Aptekdə yerdə qutular var idi, onlar da bir az islandı. Zəng elədi Afərin müəllimə, gələndə o, evə getdi.

14. X1 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən 264 nömrəli aptekdə satici işləyir. 2019-cu ilin avqust ayının 19-u səhər saatlarında işə gəlib. Bir az vaxtkeçəndən sonra gördü ki, yerdə çirkli su var. Zəng edib müdirə bu barədə məlumat verdi. Yerdə olan qutuların müəyyən hissəsi islanmışdır. Çirkab su idi, aptekin sanitar qovşağından gəlirdi. Bayırdan aptekin daxilinə su gəlmirdi. Bir az sonra Azərsuyun işçiləri gəldi. Ondan sonra nə oldusa, məlumatı yoxdur.

15. X4 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, hadisə baş verdiyi dövrdə Azsığorta ASC-də qəza komissarı vəzifəsində çalışırdı. Hadisə barədə məlumat daxil oldu. Hadisə yerinə Elşən adlı əməkdaşla çıxıblar. Hadisə yerinə gələndə görüblər ki, çoldən olan kanalizasiyadan su axırdı. Və orda Azərsuyun formasında olan iki nəfər işçisi qəzanın nəticələrini aradan qaldırırdı. Baxış keçirəndə görüb ki, sanitar qovşağından su axırdı. Çirkli su Aptekin sanitar qovşağından qalxırdı.

16. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

17. 21.06.2024-cü il tarixli, 3-16-16/2-10/8029 saylı AR ƏN MEM-nin ekspert rəyinə əsasən qeyri-yaşayış sahəsinin tikililərinin təmirli olduğu, qeyri-yaşayış sahəsinin konstruktiv elementləri üzərində su sızmaya xarakterik hər hansı bir qüsurun olmadığı, bu səbəbdən qeyri-yaşayış sahəsinə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmadığı, iş materiallarında qeyri-yaşayış sahəsinin kanalizasiya xətlərinə qoşulmasına dair texniki şərt və layihə olmadığından 2-ci sual üzrə tədqiqat aparılmadığı, qeyri-yaşayış sahəsinin ön və sağ tərəfində iki ədəd kanalizasiya quyusunun olduğu, ön tərəfdə kanalizasiya quyusu ilə qeyri-yaşayış sahəsi arasında məsafənin 20 m sol, tərəfdə yerləşən kanalizasiya quyusu ilə qeyri-yaşayış sahəsi arasında məsafənin isə 18 m olduğu, 6-cı sual eksperin səalhiyyətinə aid olmadığı üçün tədqiqat aparılmadığı, qeyriyaşayış sahəsinin təmirli olduğu, sahənin konstruktiv elementləri üzərində su sızmaya xarakterik hər hansı bir qüsurun olmadığını nəzərə alaraq, qərardadın yeddinci və səkkizinci sualları üzrə tədqiqat aparılmadığı qeyd olunmuşdur.

18. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, AZ/043602 nömrəli saylı xx.xx.2019-cu il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” ilə sığorta müqaviləsi bağlanmış və Maraqlı şəxs istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Ziy qəsəbəsinin cənub hissəsində yerləşən 264 №-li aptek sığorta təminatı almışdır. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Ziğ qəsəbəsinin cənub hissəsində yerləşən "xxxx" MMC-yə məxsus 264 №-li aptekdə kanalizasiya qəzası nəticəsində subasma hadisəsi baş vermiş, nəticədə 14.500 manat sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı "xxxx" ASC sığortalı Maraqlı şəxs ödədiyi 14500 manat sığorta ödənişini subroqasiya qaydasında cavabdehlərdən tutulmasını tələb edir.

19. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 (əvvəlki adı Cavabdeh2 ASC) sığorta hadisəsinin (subasmanın) binanın daxilində baş verən qəzaya görə məsuliyyət daşımadıqlarını bildirir.

20. Mülki Məcəllənin:

21. 1096-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

23. 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

24. 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın aşağıdakı bəndlərinə əsasən:

26. 2.1-ci STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) vəzifələri aşağıdakılardır:

27. 2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək;

28. 2.1.3. fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək;

29. 9.6. İstehlakçılar kanalizasiya şəbəkə və qurğularının normal istismarı üçün aşağıdakılara əməl etməlidirlər:

30. 9.6.1. özlərinə məxsus olan kanalizasiya şəbəkələrinin düzgün istismarına və mühafizəsinə;

31. 9.6.2. STKM-in kanalizasiya şəbəkəsindən istifadəyə qoyduğu qadağalara;

32. 9.6.3. istifadə edilmiş tullantı sularının axıdılması üzrə xidmətin dəyərinin vaxtında və tam ödənilməsinə;

33. 9.6.4. suqəbuledici avadanlıqlara bərk əşyaların atılmamasına və zərərli (tezalışan) mayelərin axıdılmamasına;

34. 9.6.5. suqəbuledici avadanlıqların, aidiyyəti üzrə kanalizasiya baxış quyularının normal (normalara uyğun) saxlanılmasına və istismarına;

35. 9.6.6. zirzəmilərdə kanalizasiya dayaqlarının və axıtma borularının sazlığına;

36. 9.6.7. binanın damındakı kanalizasiya dayağına aid ventilyasiya nəfəsliyinin bağlanmamasına.

37. 9.7. İstehlakçılar balanslarında olan kanalizasiya baxış quyularının müvafiq qapaqlarla bağlanmasına və qapaqların mühafizəsinə cavabdehlik daşıyırlar.

38. 9.8. Kanalizasiya şəbəkəsinin quyuları onların baxılması və istismarı üçün daim yararlı vəziyyətdə saxlanılmalı, onların istismarına mane olan əşya və maddələrin toplanmasına yol verilməməlidir.

39. 9.13. İstehlakçının kanalizasiya sistemindən düzgün istifadə etməməsi nəticəsində kanalizasiya qurğuları sıradan çıxdıqda, onların təmiri və ya tam bərpası istehlakçı tərəfindən təmin edilməlidir. Həmin işlər istehlakçının qüvvəsi ilə STKMin texniki nəzarəti altında aparıla və ya istehlakçının vəsaiti ilə STKM tərəfindən yerinə yetirilə bilər.

40. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş videoçəkilişdən və hadisə zamanı aptekdə işləyən şəxslərin və qəza komisarının ifadələrindən də göründüyü kimi subasma hadisəsi sığortalı şəxsə məxsus obyektin (aptekin) daxilində baş vermişdir, çirkli su aptekin sanitar qovşağıbndan gəlirmiş. Qeyriyaşayış sahəsinin daxilində başvermiş subasmaya görə də cavabdehlik istehlakçının özünə aid edildiyindən hazırkı iddia tələbinin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 (əvvəlki adı Cavabdeh2 ASC-yə) yönəldilməsini məhkəmə qanunsuz və əsassız hesab edir.

41. Bundan başqa iddia tələbinin ikinci cavabeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə münasibətdə məhkəmə hüquqi qiymət verərək hesab edir ki, İcra Hakimiyyətinə qarşı da bu tələb qanunsuz və əsassızdır.

42. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetin 21 dekabr 2012-ci il tarixli, 345a Sərəncamında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyul tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na əsasən və su təchizatı, kanalizasiya şəbəkəsi və qurğularının idarə edilməsi məqsədi ilə: Nazirlik, Komitə, şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə qurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binaların daxili su təchizatı və kanalizasiya sistemləri Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi” qərara alınmışdır.

43. Qeyd olunan qərardan göründüyü kimi xarici su təchizatı və kanalizasiya şəbəkə qurğuları Rayon İcra Hakimiyyətinin balansında olmamışdır.

44. Buna görə də iddia tələbi də rayon icra hakimiyyətinə münasibətdə də qanuni və əsaslı hesab edilə bilməz.

45. Yuxarıda göstərilən normaların məzmununda da göründüyü kimi subroqasiya nəticəsində sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ sığorta ödənişini vermiş sığortaçıya keçir.

46. Odur ki, hazırkı halda "xxxx" ASC-nin cavabdehlərə qarşı subroqasiya qaydasında tələb irəli sürmək hüququnun yaranması üçün ilk növbədə cavabdehlərin sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə məsuliyyət daşıması, yəni hadisənin cavabdehlər və ya əməllərinə görə cavabdehlərin məsuliyyət daşıdığı digər şəxslər tərəfindən törədilmiş delikt nəticəsində baş verməsi müəyyən edilməlidir. Hazırki işdə həmin hallar müəyyən edilmədi.

47. Azərbaycan Respublikası MPM-nin:

48. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir.

52. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

53. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

V. Nəticə:

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı "xxxx" ASC-nin cavabdehlər Suraxanı rayon İcra Hakmiyyətinə və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 (əvvəlki adı Cavabdeh2 ASC-yə) (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs olmaqla) qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Çəkilmiş məhkəmə xərcləri iddiaçı "xxxx" ASC-yə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar