Məhkəmə qərarları › İş №e-2-2(113)-1932/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1932/2021

10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1932/2021 10.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 17286,40 manat məbləğində borcun, 18662,40 manat məbləğində cərimənin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı OREL İNŞAAT MMC ilə X5 LLC arasında bağlanmış 01.05.2017-ci il tarixli 32 saylı müqaviləyə görə iddiaçı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavədə (qiymət razılaşma protokolu) qeyd olunmuş müxtəlif təyinatlı malları cavabdehə verməyi, cavabdeh isə aldığı malları qəbul edib müqavilə ilə müəyyənləşdirilmiş qiyməti iddiaçıya ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh bir müddət ödənişləri etsə də, sonradan qalıq borcunu tam ödəməmiş və nəticədə iddiçıya 17286,40 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehin sonuncu dəfə, yəni 19.03.2018-ci il tarixdə iddiaçıya 23982,20 manat ödəniş etsə də, 3 ilə yaxın müddətdir ödəniş etmir. Tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə görə öhdəliyin icrası geciikdirdiyi halda hər gecikdirilmiş gün üçün müqavilə qiymətinin 0,1%-i həcmində iddiaçıya cərimə ödəməlidir. Cərimə məbləği 18662,40 manat təşkil edir. Hesab edirlər ki, cavabdehdən ödənilməmiş qalıq borcla yanaşı öhdəliyin icrasını gecikdirdiyi üçün cərimə məbləği də tutulmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən qarşlıqlı anlaşma yolu ilə həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəmə vasitəsilə həll edilir. Belə olan halda pozulmuş hüquqlarımın bərpası və borcun gerialınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı MMC-nin nümayəndəsi, vəkili X2 iddia tələbinin dəqiqləşdirilməsi barədə (10.08.2021-ci il tarixli) ərizə ilə məhkəməyə müraciət edərək, 27.04.2018-ci il tarixli elektron qaimədə qeyd edilən mallardan 2 növü təhvil verilmədiyindən cavabdehdən tələb etdikləri məbləğin ƏDV ilə birlikdə 4690,50 manat məbləğində azalmalı olduğunu qeyd edərək, Cavabdeh MMC-dən ƏDV daxil 15707,45 manat əsas borcun, gecikdirilən 1170 gün üçün 18369 manat cərimə pulunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, vəkili X2 iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehə təxminən 180000 manat məbləğində məhsul satılmış və elektron qaimələr tərtib edilmiş, lakin sonuncu ƏDV daxil 15707,45 manat məbləğində vəsaiti ödəməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq, məhkəmədən dəqiqləşdirilmiş tələbi üzrə iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh MMC-nin direktoru X3 iddia tələbini qismən qəbul edərək, izahatında təxminən ƏDV daxil 7400 manat borclarının olduğunu bildirmiş, 27.04.2018-ci il tarixli elektron qaimədə göstərilən borcu qəbul etmədiyini, belə ki, həmin malların onlara təhvil verilmədiyini və almadıqlarını, borclarının iddia tələbində qeyd edilən məbləğdən az olduğunu bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 01 may 2017-ci il tarixli, 32 nömrəli malların alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı - İddiaçı MMC müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 1 saylı əlavədə (qiymət razılaşma protokolunda) göstərilən əmlakı (malı) alıcı - Cavabdeh MMCyə təhvil verməyi, alıcı isə malı qəbul edib müqavilə ilə müəyyənləşdirilmiş qiyməti satıcıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin: 3.2-ci bəndinə əsasən alıcı sifariş etdiyi malların dəyərinin 30% avans olaraq əvvəlcədən, qalan hissəsini mallar təhvil verildikdən sonra 15 gün ərzində köçürmə yolu ilə tam ödəyir. Elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən 182722,49 manat məbləğində müxtəlif miqdarda və adda olan mallar Cavabdeh MMC-yə satılmışdır. 27.04.2018-ci ildə Cavabdeh MMC-yə təqdim olunmuş EAAİ seriyalı, 701734 nömrəli elektron qaimənin İddiaçı MMC-nin möhürü ilə təsdiq olunmuş izahından görünür ki, ƏDV ilə birlikdə ümumi dəyəri 4690,50 manat olan (1 ədədin qiyməti 75 manat olan 39 ədəd 1 ½ Basınc düşürücü və 1 ədədin qiyməti 70 manat olan 15 ədəd 1 ¼ Basınc düşürücü) mallar Cavabdeh MMC tərəfindən təhvil alınmamış, həmin qaimə üzrə təhvil alınmayan mallar nəzərə alınmaqla Cavabdeh MMC-nin yekun borc məbləği 15707,45 manat təşkil edir. 14.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC sonuncu ödənişini 19.03.2018-ci il tarixdə etməklə İddiaçı MMC tərəfindən təqdim edilmiş mallara görə cəmi 162326,45 manat məbləğində ödəniş etmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 462.1, 467, 567, 598.1-598.3-cü maddələri). Göründüyü kimi İddiaçı MMC və Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, satıcı İddiaçı MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin alıcı - Cavabdeh MMC üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş, satıcıya ƏDV daxil 15707,45 manat məbləğində borcunu ödəməmişdir. Belə ki, tərəflərin arasında alqı-satqı müqaviləsi bağlanmış iddiaçı tərəfindən cavabdehə elektron qaimələr tərtib edilməklə təxminən ƏDV daxil 180000 manat məbləğində mallar satılmış, cavabdeh həmin mallara görə ödəniş etsə də, 15707,45 manat məbləğində borcu qalmışdır. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclaslarının birində iştirak etsə də və borcun ƏDV daxil təxminən 7400 manat məbləğində olduğunu bildirsə də, məhz borcun 15707,45 manat deyil, təxminən 7400 manat məbləğində olması ilə bağlı sübut təqdim etməmiş, növbəti məhkəmə iclaslarına dəvət olunsa da, gəlməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi elektron qaimələrə əsasən İddiaçı MMC tərəfindən 182722,49 manat məbləğində müxtəlif miqdarda və adda olan mallar Cavabdeh MMC-yə satılmış, həmin mallara görə 162326,45 manat məbləğində ödəniş edilmiş və ümumi dəyəri 4690,50 manat olan mallar geri qaytarılmış, 15705,54 manat məbləğində ödənilməmiş borc qalmışdır. Göründüyü kimi iddiaçı məhkəməyə cavabdehdən 15707,45 manat məbləğində borc tələb etsə də, məhkəməyə 15705,54 manat məbləğində ödənilməmiş qalan borc barədə sübut təqdim etmiş, cavabdeh isə əksinə bir məhkəmə iclasında iştirak etsə də, digərlərinə gəlməmiş və istinad etdikləri ilə bağlı sübutları təqdim etməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, əsas borc tələbi hissəsində iddia qismən təmin edilməli və Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 15705,54 manat məbləğində borc tutulmalıdır. Məhkəmə cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, tənasübsüz surətdə yüksək olan dəbbə (cərimə) azaldaraq 794,46 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 15707,45 manat ödənilməmiş borc, 794,46 manat cərimə, ümumilikdə 16500 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 48,42%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 48,42%-i, yəni 14,52 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 15705,54 manat ödənilməmiş borc, 794,46 manat dəbbə pulu, ümumilikdə 16500 manat və dövlət rüsumu kimi ödənilmiş 14,52 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar