Məhkəmə qərarları › İş №e-2-2(113)-194/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-194/2025

07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-194/2025 07.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı texnikanın yenisi ilə dəyişdirilərək verilməsi və pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, lizinq obyektinin dəyişdirilməsi) X6 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “texnikanın yenisi ilə dəyişdirilərək verilməsi və pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7 sentyabr 2023-cü il tarixli, DL/ML/0147 saylı X3 üzrə cavabdeh Lizinq Verən Cavabdeh MMC tərəfindən lizinq predmeti olan 1 ədəd Traktor Armatrac 1254 Lux Kabin CRD və 1 ədəd Kotan 5 gövdəli UM-KT-14-5 markalı texnikaların yenisi ilə dəyişdirilərək ona verilməsi və ya onun tərəfindən cavabdehin hesabına ödənilmiş 27980 manat (bütün lizinq ödənişləri: avans, qiymətləndirmə və aylıq ödənişlər) pulun, eləcə də ödənilmiş 177 manat dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, lizinq alan İddiaçı ilə lizinq verən Cavabdeh arasında 07 sentyabr 2023-cü il tarixdə lizinq obyekti olan 1 ədəd Traktor Armatrac 1254 Lux Cabin CRD və 1 ədəd Kotan 5 gövdəli UM-KT-14-5 markalı texnikanın müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişləri icra etmək qarşılığında müvəqqəti istifadəyə verilməsinə dair DL/ML/0147 saylı X3 bağlanılmışdır. Lizinq alan Müqavilə üzrə ödəliklərini icra edərək tam yeni və heç bir qüsuru olmayan lizinq predimetini ona verməli olduğu halda Müqavilə üzrə öhdəliklərini icra etməyərək ona zavod qüsurlu lizinq predimeti vermişdir ki, bundan cavabdeh tam məlumatlıdır. Hər dəfə texniki xidmət göstərən nümayəndəsini göndərən cavabdeh artıq 6 aydır ki, ondan əsassız və qanunsuz olaraq lizinq predimeti kimi istifadəyə yararsız olan daşınar əmlaka görə aylıq istifadə haqqı alır. Lizinq verən lizinq Müqaviləsi adı altında ona verdiyi lizinq predimetinin zavod qüsurlu olmasından tam məlumatlıdır. Sadəcə Müqavilə üzrə öhdəliklərini icra etməkdən yayınır. İlk dəfə 2023-cü ilin dekabr ayında Lizinq verənə bildiriş göndərərək öhdəliklərini icra etməsini xahiş etmişdir. Sonuncu dəfə isə 2024-cü ilin mart ayında cavabdehə bildirişpretenziya göndərərək müqavilə üzrə öhdəliklərini icra etməsini tələb etmişdir. Təəssüfər olsun ki, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək ona lizinqə verdiyi zavod qüsurlu lizinq predmetini yenisi ilə əvəz etmir, nə də ki, müqavilə adı altında cavabdehə ödədiyi məbləğləri geri qaytarmır. Bu isə cavabdehin yol verdiyi hüquq pozuntusudur. İddiaçı iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 425, 747.1-ci maddələrinə istinad olunmuşdur. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçı texnikada zavod qüsurunun olmasını, cavabdehin servisinin sistemdə problem olmasını qeyd etməklə təsdiq etdiyini, özü tərəfindən yanacağa əlavə qatqı qatılmadığını, lakin dəfələrlə zavoda müraciət olunduqdan sonra onların əməkdaşları tərəfindən gəlib texnikaya baxış keçirildiyini, qatqı sistemi bir neçə dəfə dəyişdirildikdən sonra texnikanın bir müddət işlədiyini, daha sonra yenidən texnikanın nasaz vəziyyətdə olduğunu bildirmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etmədiklərini, texnikadakı problemin keyfiyyətsiz yanacağın tökülməsi ilə əlaqəli olduğunu, əməkdaşlarının texnikaya uyğun yanacaq tökdükdən sonra texnikanın fəaliyyətə düşdüyünü, problemin yanacağın əlavə qatqısından qaynaqlandığını, texnikadan düzgün istifadə olunmadığı üçün onda nasazlıq yarandığını, burada zavodun heç bir qüsurunun olmadığını və texnikanın dəyişdirilməsinə zərurət olmadığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Sonradan iddiaçı elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etsə də, cavabdehin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasını və iddia tələbinin rədd edilməsini təkid etdiyindən iddiaçının ərizəsi təmin olunmamış, işə mahiyyəti üzrə baxılmışdır. Tədqiq olunan sübutlar İş materiallarından görünür ki: "xxxx" MMC (Lizinq verən) ilə İddiaçı (Lizinq alan) arasında imzalanmış 07 sentyabr 2023-cü il tarixli, DL/ML/0147 saylı X1 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş 01 ədəd 1 ədəd Traktor Armatrac 1254 Lux Cabin CRD və 1 ədəd Kotan 5 gövdəli UM-KT-14-5 markalı texnikaları öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən lizinq obyektinin satıcısı: Agroecotech Leasing MMC - 1 ədəd Traktor Armatrac 1254 Lux Cabin CRD 4; Agri Space MMC - 1 ədəd Kotan 5 gövdəli UM-KT-14-5. 1.3-cü bəndə əsasən lizinq obyektinin alış qiyməti: 113 500 manat təşkil edir. 2.2.1-ci bəndə əsasən avans məbləği 22700 manat təşkil edir. 7.5-ci bəndinə əsasən satıcının lizinq alan tərəfindən müəyyən edildiyi üçün alqı-satqı müqaviləsinin lizinq verən tərəfindən imzalandığı andan, satıcı tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə və ya lazımınca icra edilməməsi ilə əlaqədar bütün riskləri, habelə lizinq obyektinin keyfiyyəti, komplektliliyi və vaxtında olan tədarükə, lizinq obyektinin qüsurlarına görə satıcıya irəli sürülən hüquqları lizinq alan öz üzərinə götürür və bütün mümkün olan xərcləri və zərərləri lizinq verənə ödəyir. Lizinq verən lizinq obyektinin keyfiyyəti, komplektliliyi və vaxtında olan tədarükə, lizinq obyektinin qüsurlarına görə heç bir iddiaları lizinq alandan qəbul etmir. 07 sentyabr 2023-cü il tarixli, DL/ML/0147 saylı X2 01 saylı əlavə ilə maliyyələşmə məbləği 47 678,48 manat, lizinq müddəti 60 ay, xx.xx.2023-xx.xx.2028 dövr üzrə hər ay 795 manat, sonuncu ay 773,48 manat ödənilməsi razılaşdırılmışdır. 7 sentyabr 2023-cü il tarixli, DL/ML/0147 saylı X2 əsasən 207-23/AGS saylı, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə təhvil-təslim aktına əsasən 1 ədəd Kotan 5 gövdəli UM-KT-14-5 markalı texnika İddiaçı tərəfindən akt imzalanmaqla təhvil alınmışdır. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığına əsasən 794,72 manat, xx.xx.2023-cü il tarixli sənədə əsasən 795 manat, xx.xx.2023-cü il tarixli sənədə əsasən 795 manat, xx.xx.2024-cü il tarixli sənədə əsasən 795,56 manat, xx.xx.2024-cü il tarixli sənədə əsasən 794,72 manat, xx.xx.2023-cü il tarixli sənədə əsasən 795 manat məbləğində pul, həmçinin xx.xx.2023-cü il tarixdə 22700 manat avans məbləği İddiaçı tərəfindən "xxxx" MMC-yə ödənmişdir. "xxxx" MMC (icraçı) və İddiaçı (sifarişçi) arasında imzalanmış xx.xx.2023-cü il tarixli, AET/32/23 saylı texniki xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişinə əsasən onun tərəfindən təqdim edilmiş texnikaya (1 ədəd Traktor Armatrac 1254 Lux Cabin CRD) zəmanət müddətində texniki xidmətlərin göstərilməsini öhdəsinə götürür. 1.2-ci bəndə əsasən sifarişçi isə müqaviləyə əsasən müəyyən edilmiş texniki-təmir xidmətlərinin və ehtiyat hissələrinin dəyərinin ödənilməsini öz öhdəsinə götürür. "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətə cavab məktubunda qeyd olunmuşdur ki, şirkətin əməkdaşları Quba rayonuna ezam edilərək traktorunuz tam şəkildə diaqnostika olunmuş, diaqnostika əsasında traktorun çətin işə düşməsinin səbəbinin yanacaq sistemi ilə bağlı olduğu və bunun da yanacaq sisteminə düzgün qulluq edilməməsinin nəticəsində yarandığı məlum olmuşdur. Servis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə nasazlıq aşkar edilmiş injektorlar, yanacaq nasosu və RAİL borusu traktordan çıxardılaraq diaqnostika və təmir olunmaq üçün Bakı şəhərində yerləşən İnjektor və Yanacaq nasoslarının təmir mərkəzinə gətirilmişdir. Yoxlama zamanı yanacaq nasosunda çirkin olması, injektorların geri dönüşə normadan artıq yanacaq verməsi və bu səbəblərdən traktorun gec işə düşməsi müəyyən edilmişdir. İnjektorlar təmir olunmuş, yanacaq nasosu təmizlənmiş və RAİL borusu yoxlanılmışdır. Ümumilikdə, bütün təmir xidmətinə 780 manat vəsait xərclənmişdir. xx.xx.2023-cü il tarixdə təmir edilmiş və yoxlanmış bütün hissələr traktorun üzərinə montaj edildikdən sonra traktor diaqnostika olunaraq bütün parametrlərin normal olduğu təsbit edilmiş və lizinq alana təhvil verilmişdir. Lakin xx.xx.2023-cü il tarixində lizinq alan tərəfindən yenidən traktorun qara tüstü verməsi ilə bağlı şikayət ünvanlanmış, servis əməkdaşları tərəfindən traktor yerində təkrar olaraq diaqnostika edilmiş və məlum olmuşdur ki, traktorun idarə edilməsində, yəni tarlada işləyərkən tənzimləmələrin aparılmasında problem var. Sizə və operatora tarktordan istifadə və tənzimləmələrin düzgün aparılma qaydaları barədə bütün lazımi məlumatlar verilmişdir. Hazırda traktorda heç bir problem yoxdur və normal qaydada işləyir. "xxxx" MMC tərəfindən tərtib olunmuş, İddiaçı tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli sənəddə “göstərilən xidmətin adı” hissəsində qeyd olunmuşdur ki, texnikanın irəligeri vitesin trosu qırılmışdı. Texnikanın arxa və qabaq vakum qoşulması müştəriyə izah olundu. İşlətmə knopkaları başa salındı. Müştəriyə təhvil verildi. "xxxx" MMC tərəfindən tərtib olunmuş, İddiaçı tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli sənəddə “göstərilən xidmətin adı” hissəsində qeyd olunmuşdur ki, mühərrik yağı, yağ filteri, yanacaq filteri, su ayrıcı filter yeniləndi. Yanacaq nasosu və forsunkalar yerinə bağlandı. Forsunkanın geri qayıtma borusundan yanacaq axdığı üçün boru və salnik yeniləndi. "xxxx" MMC tərəfindən tərtib olunmuş, İddiaçı tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli sənəddə “göstərilən xidmətin adı” hissəsində qeyd olunmuşdur ki, diaqnostika vasitəsi ilə aşkar olundu ki, DPF nasosuna gedən naqildə qopuq var. Bərpa olundu. Nasazlıq aradan qaldırıldı. "xxxx" MMC tərəfindən tərtib olunmuş, İddiaçı tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli sənəddə “göstərilən xidmətin adı” hissəsində qeyd olunmuşdur ki, elektron diaqnostika olundu. Yanacaq sistemində və digər parametrlərdə nasazlıq aşkaranmadı. Sahibinə kompyuterlə işlədilməsi haqda beyinə qeyd olunan göstərilərək başa salındı. Operatora “Power Shift” düyməsi sahədə başa salındı. Sahədə sürülərək aşağı mühərrik dövrülüklə işlədilməsi başa salındı. "xxxx" MMC tərəfindən tərtib olunmuş, İddiaçı tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli sənəddə “göstərilən xidmətin adı” hissəsində qeyd olunmuşdur ki, texnika yoxlanıldı. Xoda getmirdi. Diaqnostika olundu. “Cut out” test olundu. Enjektorlar sökülüb stend olunmalıdır. Texnika spreylə çalışdırıldı. "xxxx" MMC tərəfindən tərtib olunmuş, İddiaçı tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli sənəddə “göstərilən xidmətin adı” hissəsində qeyd olunmuşdur ki, yanacaq nasosu, reyka və injektorlar söküldü. Stend olunması üçün Bakıya aparılır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3278/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə avto-texniki ekspertizası təyin olunmuş, ekspertizanın aparılması X4 mütəxəssisləri cəlb edilməklə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, xx.xx.2024-cü il tarixli məktubla ekspertizanın aparılmasından imtina edilmişdir. Daha sonra, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 3278/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə avto-texniki ekspertizası təyin olunmuş, ekspertizanın aparılması X4 mütəxəssisləri cəlb edilməklə "xxxx" MMC-yə həvalə edilmiş, ekspert qarşısında İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli X2 əsasən iddiaçıya təhvil verilmiş lizinq predmeti olan 1 ədəd Traktor Armatrac 1254 Lux Kabin CRD markalı traktorda hazırda nasazlıq və ya qüsurlar mövcud olub-olmaması, əgər mövcuddursa, həmin nasazlıqlar və qüsurların istehsalçının qüsuru və ya səhvi olması, əgər mövcuddursa, həmin nasazlıqlar və qüsurların nəyin nəticəsində əmələ gəlməsi, traktorun düzgün istifadə edilməməsi nəticəsində yaranıb-yaranmaması, əgər mövcuddursa, həmin nasazlıqların və qüsurların aradan qaldırılmasının mümkün olubolmaması ilə bağlı suallar qoyulmuşdur. "xxxx" MMC-nin 07 oktyabr 2025-ci il tarixli, QCM/O 04-077/25 nömrəli mütəxəssis rəyinin nəticə hissəində qeyd olunmuşdur ki, 1 ədəd Traktor Armatrac 1254 Lux Kabin CRD markalı traktora baxış keçirilməsi mümkün olmadığından "K&S" X5" MMC-nin audit hesabatı təhlil edilmişdir. Hesabata əsasən traktorda nasazlıq və qüsurlar aşkar edildiyi, traktora baxış zamanı mühərrikdə tüstülənmə və dövrlər sayının 1200 RPM-dən yuxarı qalxmadığı qeyd edilmişdir. "K&S" X5" MMC-nin hesabatına əsasən müşahidə edilmiş nasazlıqlar və qüsurların yaranmasında hər iki tərəfin - istehsalçı şirkətin texniki servis nümayəndələrinin və istismarçının səbəbkar olduğu qeyd edilmişdir. Texniki Servis tərəfinin çatışmazlıqları Avro 4 tələbli yanacaqdan istifadə təlimatının, aparılmış təmir haqqında texniki rəylərin istismarçıya təqdim edilməməsi, regenerasiyanın hansı səbəbdən yaranması barədə yazılı məlumat verilməməsi, təmirə gedən forsunkaların seriya nömrələrinin izlənilməməsi olmuşdur. İstismarçının çatışmazlıqlarına gəldikdə isə, bunlar texnikanı idarə edən operatorun müvafiq sertifikasiyadan keçməməsi, ari 4 standartlı yanacağın idarə olunması ilə bağlı EN590 standartlarının tələblərinin riayət edilməməsi və istismarçıdan ümumi və spesifik istismar qaydalarının tələb edilməməsi olmuşdur. Hesabatda qeyd edildiyi kimi yanacaq nasosunda yaranmış yonqarın səbəbinin istehsalçı qüsurunun olub-olmamasının təyin edilməsi üçün, həmin anda aşkar edilmiş qırıntılar laboratoriya şəraitində analiz edilməklə, nasosun içindəki hansı sub hissələrin sıradan çıxarılmasını təyin etməklə istehsalçı tərəfindən həmin hissənin aşınmasının hansı səbəblərdən yaranmasını təyin edə bilərdi. Bu haqda heç bir məlumat olmadığı bildirilir. Hesabata əsasən AdBull sisteminin, regenerasiya probleminin, mühərrikin tüstüləməsi və dövrlər sayının normal vəziyyətə gətirilə bilməməsi kimi qüsurlar texniki istismar zamanı yaranmış və yuxarıda qeyd edilən səbəb və məsuliyyət çatışmamazlıqlarından əmələ gəldiyi və aradan qaldırıması mümkün olan qüsurlar hesab edilir. İstehsalçı, texniki servis və istismarçının birgə razılaşması əsasında bu çatışmazlıqlar aradan qaldırıla bilər. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən 177 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-5.1-ci maddəsinə əsasən lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747- 5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. 748-1.3-cü maddəsinə əsasən lizinq alan bilavasitə lizinq obyektinin satıcısı qarşısında bu obyektin keyfiyyət və komplektliyi, göndərilmə müddətləri barədə və satıcı ilə lizinq verənin arasında alğı-satqı müqaviləsi ilə nəzərdə tutulan digər tələbləri irəli sürə bilər. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.2-ci maddəsinə əsasən lizinq alan əmlakı qəbul edərkən hər hansı bir satışmazlıq aşkar edərsəz, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. 748-1.7-ci maddəsinə əsasən lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-7.3-cü maddəsinə əsasən lizinq obyektinin lizinq müqaviləsinə əsasən istifadə məqsədlərinə uyğunsuzluğu ilə bağlı riskin məsuliyyətini, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektini seçən tərəf daşıyır. 749.1-ci maddəsinə əsasən kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında daxili X3ndən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, satıcı və lizinq verən cavabdeh lizinq alan iddiaçı tərəfindən seçilmiş, lizinq predmeti olan 1 ədəd Traktor Armatrac 1254 Lux Cabin CRD və 1 ədəd Kotan 5 gövdəli UM-KT-14-5 markalı texnikaları öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alan iddiaçıya müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan iddiaçı isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Cavabdeh həm də Armatrac 1254 Lux Cabin CRD 4 markalı traktorun satıcısı olmuşdur. İddiaçı lizinq predmeti olan texnikalarda istehsalçı qüsurunun olduğunu əsas gətirərək texnikaların yenisi ilə dəyişdirilib ona verilməsini və ya tərəfindən müqavilə üzrə cavabdehə ödənilmiş 27980 manat pul vəsaitinin geri qaytarılmasını xahiş etmişdir. İddiaçı ən son model olduğu üçün Traktor Armatrac 1254 Lux Cabin CRD və Kotan 5 gövdəli UM-KT-14-5 markalı texnikaları seçdiyini, ancaq istifadəsi üçün “Evro 5” standardına uyğun dizel yanacağından istifadə edilməli olduğunu, onun yaşadığı ərazidə bu standarta uyğun dizel yanacağı olmadığını, buna görə də lizinq obyektinin tez-tez xarab olduğunu bildirmişdir. Cavabdehin nümayəndəsi iddiaçının texnikadan düzgün istifadə etmədiyini, keyfiyyətli əlavə yanacaq qatqısı istifadə etmədiyini, nasazlıq yarandıqda əməkdaşlarının texnikanı təmir edərək işlək vəziyyətə gətirdiyini, texnikada zavod qüsuru olmadığını bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halında hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Çünki iddiaçı lizinq alan olaraq satıcını və lizinq obyekini özü seçmiş, lizinq obyektinin texniki xüsusiyyətlərini, yəni hansı növ yanacaqdan və hansı əlavə qatqılardan istifadə edilməli olduğunu əvvəlcədən bilərək lizinq müqaviləsini bağlamışdır. İddiaçı lazımı diqqət göstərərək seçdiyi texnikanın xüsusiyyətlərini və texniki göstəricilərini, istifadə məqsədlərinə uyğunluğunu müəyyənləşdirməli olduğu halda buna əməl etməmişdir. Belə olan halda isə Mülki Məcəllənin 748-7.3-cü maddəsinə əsasən məsuliyyəti lizinq obyektini seçən iddiaçı tərəf daşıyır. Həmçinin məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış 07 sentyabr 2023-cü il tarixli, DL/ML/0147 saylı müqavilənin 7.5-ci bəndinə əsasən iddiaçı satıcını özü seçdiyi üçün lizinq obyektinin qüsurlarına görə məsuliyyəti öz üzərinə götürmüşdür. Bundan başqa "xxxx" MMC-nin 07 oktyabr 2025-ci il tarixli, QCM/O 04-077/25 nömrəli rəyində qeyd edilmişdir ki, hesabata əsasən “AdBull” sisteminin, regenerasiya probleminin, mühərrikin tüstüləməsi və dövrlər sayının normal vəziyyətə gətirilə bilməməsi kimi qüsurlar texniki istismar zamanı yaranmış və aradan qaldırıması mümkün olan qüsurlar hesab edilir. İstehsalçı, texniki servis və istismarçının birgə razılaşması əsasında bu çatışmazlıqlar aradan qaldırıla bilər. Mütəxəssis rəyindən də tam aydın olur ki, iddiaçının yenisi ilə əvəzləşdirilməsini və ya ödədiyi pulun geri qaytarılmasını tələb etdiyi lizinq obyekti olan texnikalarda onun iddia etdiyi kimi istehsalat qüsuru yoxdur, texnikalardakı nasazlıq məhz texniki istismar zamanı yaranmış və aradan qaldırılması mümkün olan qüsurlardır. Lizinq verən cavabdeh Mülki Məcəllənin 749.1-ci maddəsinə əsasən qüsurlu əmlak göndərdiyi halda lizinq alan iddiaçı qarşısında məsuliyyət daşıyır. Hazırda isə işin faktiki hallarından cavabdehin iddiaçıya qüsurlu əmlak verməsi öz təsdiqini tapmamışdır. Beləliklə də, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd olunmalı, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı lizinq obyektinin dəyişdirilməsi və ya ödənişin geri qaytarılması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar