Məhkəmə qərarları › İş №e-2-2(113)-1940/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1940/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1940/2022 24.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında məhkəmə hazırlıq iclasında açıq baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatət təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı mediasiya prosesinin tətbiqi barədə təklifi 02 fevral 2022-ci il tarixdə saat 11:32-də cavabdehin onlayn kargüzarlıq bölməsinə yerləşdirmişdir. Həmin məktub 02 fevral 2022-ci il tarixdə saat 11:32-də cavabdehin onlayn kargüzarlıq bölməsində öz əksini tapmışdır. Təklifdə qeyd edilmişdir ki, hazırkı mübahisəyə mediator olaraq X3 olmasını təklif etmişlər. Bundan başqa, təklifdə qeyd edilmişdir ki, əgər tərəflər mediator barəsində 10 gün ərzində razılığa gələ bilməsələr, Mediasiya Şurası mediator təyin edəcəkdir. "Mediasiya haqqında" qanunun 28.3-cü maddəsinə əsasən "Tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır". Maddədən göründüyü kimi, iddiaçının təklifi təqdim edildiyi tarixdən 10 iş günü ərzində qüvvədə idi. Bu müddət ərzində tərəflər arasında razılıq əldə edilməzdisə, onda iddiaçı Mediasiya Şurasına müraciət edərək mediator təyin edilməsini tələb edə bilərdi. Qeyd edilməlidir ki, iddiaçı öz təklifində "10 gün" qeyd etmiş olsa da, "Mediasiya haqqında" qanunun 28.3-cü maddəsinin açıq göstərişi qarşısında bunun “10 təqvim” deyil “10 iş günü” olduğu şübhəsizdir. İddiaçı “10 iş günü”nü “10 təqvim günü”nə çevirə bilməz. İddiaçının nəinki 10 iş günü heç 10 təqvim günü də gözləmədiyi ortadadır. Başqa sözlə, Qanunun 28.3-cü maddəsinin tələbi pozulmuşdur. Diqqət edilsin ki, "Mediasiyaya dəvət məktubu"nun tarixi 02 fevraldır. Yəni məktubun cavabdehə çatdırılmasının 8-ci iş günü. Necə olub ki, təklifdən heç 10 iş günü keçməmiş artıq iddiaçıya mediator təyin edilmişdir. Daha doğrusu görünən odur ki, mediator təyinatı iddiaçının təklifindən daha əvvəl baş vermişdir. X1 tərəfindən Cavabdeh MMC-yə guya "Mediasiyaya dəvət məktubu" göndərilmişdir. Halbuki həmin məktub Cavabdeh MMC-yə göndərilməmişdir. Mediator cəmiyyətə zəng vuraraq ilkin mediasiya sessiyasının 14 fevral 2022-ci il saat 14:00-da keçiriləcəyini qeyd etmişdir. 14 fevral 2022ci il tarixdə Cavabdeh MMC tərəfindən Mediasiya Şurasına müraciət olunaraq Mediasiya Şurasından mübahisənin mediasiya qaydasında həll edilməsi üçün başqa Mediator təyin edilməsini xahiş etmişlər. Mediasiya Şurası cavabdehlə razılaşdırmadan Mediator olaraq X4 təyin etmişdir. "Mediasiya haqqında" qanunun 23.2-ci maddəsinə görə, “Tərəflər mediatorun seçilməsi üçün mediasiya təşkilatına müraciət etdikdə mediasiya təşkilatı tərəflərə bir və ya bir neçə mediatorun namizədliyini təklif edir və ya tərəflər arasında bağlanmış "mediasiya prosesinin tətbiqi barədə müqavilə"də nəzərdə tutulduğu, həmçinin tərəflərin qarşılıqlı razılaşmasına əsasən və ya bu Qanunun 28.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş hallarda mediatoru (mediatorları) bilavasitə təyin edir". Göründüyü kimi, X8 Quliyevi mediator təyin edərək, Qanunun 23.2-ci maddəsinin tələblərini pozmuşdur. X2 tərəfindən 02.03.2022-ci il tarixdə “Az TransportA” MM-yə “Mediasiyaya dəvət məktubu” göndərilmişdir. Halbuki, qeyd edilən 23.2-ci maddəsinin şərtlər mövcud olmalı idi ki, mediator “Mediasiyaya dəvət məktubu” göndərsin. Hazırkı mübahisə ilə bağlı Mediasiya sessiyasının aparılmasına cavabdehin razılığı olmadığı halda mediator qanunvericiliyin tələbini pozaraq Mediasiya sessiyası təşkil etmişdir. Mediator özü “Mediasiyaya dəvət məktubu”nu 02.03.2022-ci il tarixdə poçta təhvil vermiş, göndərdiyi məktubunda (poçt qəbzi əlavə edilir) ilkin mediasiya sessiyasının 05 mart 2022ci il, saat 12:00-12:30-da keçiriləcəyi qeyd edilmişdir. Məktubun özünün tarixi kimi, “28 fevral 2022-ci il” göstərilsə də, poçt zərfindən açıq şəkildə görünür ki, həmin məktub "EMS Azerexpresspost” Mediator tətəfindən 02.03.2022-ci ildə verilib. “EMS Azerexpresspost’”un” TA002591963AZ saylı yol qaiməsindən aydın olur ki, məktub 03.03.2022-ci il tarixində, saat 10:15-də poçt tərəfindən cavabdehə təqdim edilmişdir. X2 05 mart 2022-ci ildə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış" tərtib etmişdir. İlkin mediasiya sessiyası Qanunun 29.2-ci maddəsinin sonuncu cümləsinin imperativ göstərişinə zidd olaraq təyin edilmiş və keçirilmişdir (əgər keçirilmişdirsə). Belə ki, həmin cümləyə görə "Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir”. Mediator tərəfindən 28.02.2022-ci il tarixdə tərtib edilmiş “Mediasiyaya dəvət məktubu” Mediator tərəfindən 03 martda "EMS Azerexpresspost”a təqdim edilmiş, poçtdaşıma xidməti isə həmin məktubu sessiyanın keçirilməsi təyin edildiyi tarixə 2 gün qalmış Cavabdeh MMC-yə təqdim etmişdir. Beləliklə, mediator tərəfindən qanunvericiliyin tələbi pozulmaqla mediasiya sessiyası təyin edilmiş və "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış” tərtib edilmişdir. Dəvət məktubunda ona bəzi sənədlərin qoşulduğu göstərilmiş, ancaq həmin sənədlərin heç biri qoşulmamışdır. Beləliklə, hazırkı kommersiya mübahisəsi üzrə heç bir mediasiya prosedurunun aparılmadığı ortadadır. İddia ərizəsinə qoşulmuş 05 mart 2022-ci il tarixli "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış” həqiqəti əks etdirmir və qeyri-mötəbərdir. İddia ərizəsinə bu adda bir sənədin qoşulması heç də Qanunun tələblərinə əməl edildiyini demək üçün əsas deyildir. Başqa sözlə, həmin arayışın Qanunun 29-cu maddəsində nəzərdə tutulmuş arayışla heç bir bağlılığı yoxdur. Təkcə bir halı qeyd etmək kifayətdir ki, həmin Arayışda mediator Elvin Quliyev göstərir ki, Cavabdeh MMC-yə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 05.03.2022-ci il tarixdə, 6 gün əvvəlcədən yazılı formada mediasiyaya dəvət məktubu vasitəsilə məlumat verilmişdir". Hərçənd ki, dəvət məktubu Mediatorun özü tərəfindən qanun normaları pozulmaqla ilkin mediasiya sessiyasına 3 gün qalmış, 02.03.2022-ci il tarixində poçta verilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi mediasiyaya dəvət məktubunun tarixi 28.02.2022-ci ildir. Mediator həmin məktubu 02 mart 2022-ci il tarixdə poçtdaşıma xidmətinə təhvil vermiş, poçtdaşıma xidməti isə cavabdehə həmin məktubun çatdırılmasını 03.03.2022-ci il tarixdə həyata keçirmişdir. Arada cəmi 2 təqvim günü fərq var. Beləliklə, aydın şəkildə görsənir ki, ilkin mediasiya sessiyası qanunvericiliyin tələbləri pozularaq təşkil edilmişdir. Burada hər hansı mediasiyadan söhbət gedə bilməz. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda sadalanan əsaslara görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, ‘‘Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: 21.9-cu və 21.9.1-ci maddələrinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. 23.2-ci maddəsinə əsasən tərəflər mediatorun seçilməsi üçün mediasiya təşkilatına müraciət etdikdə mediasiya təşkilatı tərəflərə bir və ya bir neçə mediatorun namizədliyini təklif edir və ya tərəflər arasında bağlanmış “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də nəzərdə tutulduğu, həmçinin tərəflərin qarşılıqlı razılaşmasına əsasən və ya bu Qanunun 28.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş hallarda mediatoru (mediatorları) bilavasitə təyin edir. 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. 29.2-ci maddəsinə əsasən tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1) 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” İş materiallarından və vəsatətə əlavə olunmuş sənədlərdən görünür ki, X2 tərəfindən cavabdehə ünvanlanmış “Mediasiyaya dəvət məktubu”nun tarixi 28.02.2022-ci il qeyd edilmiş və məktubda ilkin mediasiya sessiyasının 05 mart 2022-ci il, saat 12:00 – 12:30-da keçiriləcəyi qeyd edilmişdir. Mediator tərəfindən “Mediasiyaya dəvət məktubu” "EMS Azerexpresspost” sürətli poçt daşıma xidmətinə təqdim edilmişdir. Belə ki, “Mediasiyaya dəvət məktubu”nun tarixi 28.02.2022-ci il göstərilsə də, lakin "EMS Azerexpresspost” sürətli poçt daşıma xidmətinin TA002591963AZ nömrəli yol qaiməsindən görünür ki, həmin məktub "EMS Azerexpresspost”a 02 mart 2022-ci il tarixdə verilmiş və sözügedən sürətli poçt daşıma xidməti 03 mart 2022-ci il tarixdə Cavabdeh MMC-yə çatdırılmışdır. Yuxarıda göstərildiyi kimi, “Mediasiyaya dəvət məktubu” 02 mart 2022-ci tarixində "EMS Azerexpresspost” sürətli poçt daşıma xidmətinə təqdim edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 05 mart 2022-ci il tarixli "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış” “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması nəticəsində verildiyindən, həmin arayış iddiaçı tərəfindən məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştiraka dair tələbə riayət edilməsi kimi qəbul edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli, iddiaçı tərəfindən məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştiraka dair “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan tələblərinə riayət edilmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar