Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1941/2023 12.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “pul” tələbinə dair ilk, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabdeh İddiaçı MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, təhvil-təslim aktı, elektron qaimə) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1, nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndələri X7, X6, X3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “pul” tələbinə dair ilk, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabdeh İddiaçı MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı M-Kontakt” MMC (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə 53327,46 manat əsas borc, 4532,83 manat cərimənin, 200 manat mediasiya xərcinin və 64 manat dövlət rüsumu, ümumilikdə cəmi 58124,29 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi tərəfindən X2 İnternet Portalında dərc etdiyi Mebel və inventarların alınması adlı 47529 nömrəli müsabiqənin keçirilməsi barədə elan verilmişdir. Şirkətləri sözügedən tendərə iştrakçı kimi qatılaraq müsabiqədə iştirak etmək üçün tələb edilən lazımı sənədləri internet portalı üzərindən Tender Komissiyasına təqdim etmişdir. “Mebel və inventarların alınması” satın alınması məqsədi ilə Açıq Tender prosedurunda təklif zərflərinin açılması üzrə xx.xx.2022-ci il tarixli, 2№-li iclas protokolu ilə müsabiqə üzrə qiymət təkliflərinə baxılmış, nəticədə şirkətləri digər iddiaçılardan daha aşağı qiymət təklifi verdiyi üçün tenderin qalibi elan edilmişlər. Tenderin nəticəsi olaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi ilə M-Kontakt MMC arasında malların (işlərin, xidmətlərin) satın alınması haqqında xx.xx.2022-ci il tarixli 42/2022 saylı müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndi əsasında icraçı İddiaçı MMC sifarişçinin mebel və inventarların satın alınması məqsədilə icraçının bütün vergi və rüsumları daxil 87.002,99 manat məbləğində təklifini qəbul etmişdir. Müqavilənin 2.2-ci bəndində əsaəsn icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan işlərin (malların və ya xidmətlərin) müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan texniki şərtlərə (çertyojlar, çizgilər, layihələr) uyğun təhvil verməsini öhdəsinə götürür. Göndərilmiş mallar (yerinə yetirilmiş işlər və ya göstərilmiş xidmətlər) icraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurları müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Sözügedən müqavilənin 13.1-ci bəndinə əsasən, müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında ən qısa müddət ərzində lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır. Həmin müqavilənin 13.2-ci bəndində isə, sifarişçi satın alma müqaviləsinin yerinə yetirilməsi üçün İcraçıya tender sənədlərindən göstərilən həcmdə, lakin satınalma müqaviləsinin ümumi dəyərinin 30 % - dən çox olmayaraq avans ödəyə bilər. Avansın alınması üçün İcraçı tərəfindən Sifarişçiyə avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə avans ödənişini ümumi bank zəmanəti təqdim olunmalıdır. İcraçı avans ödənişindən yalnız satınalma müqaviləsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə etməlidir. İcraçı avansın müqavilə ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə olunmasını müvafiq sənədlərlə əsaslandırmalı və müvafiq sənədlərin surətlərinin Sifarişçiyə təqdim etməlidir. İcraçı avans təminatı qarantı və ya təsdiqləyici tərəfin münasibliyini təsdiq etmək barədə sorğu göndərir. Sifarişçi bu cür sorğuya 1 bank günü müddətində cavab verməlidir. Cavabdeh tender üzrə sifariş etmiş olduğu dörd çeşid mallardan üç çeşidini qəbul edərək, digər çeşid kimi Türkiyə Respublikasından istehsalçı şirkətdən sifariş edilərək vaxtında ölkəyə gətirilmiş 470 ədəd kresloları tenderin əsas şərtlər toplusunda və tərəflər arasında bağlanılmış müqavilədə qeyd edilməyən əlavə şərtləri irəli sürməklə bu günə kimi qəbul etməkdən imtina etmişdir. Bundan əlavə, cavabdehə xx.xx.2022 –ci il tarixli və xx.xx.2022-ci il tarixli təhvil - təslim aktlarına əsasən tərəflərindən təhvil verilmiş mallara görə xx.xx.2022- ci il tarixdə 42375,63 manat dəyərində elektron qaimə göndərilmişdir. Həmin qaimə üzrə cavabdeh isə 28538.58 manat əsas vəsait, 5136,95 manat isə ƏDV ümumi olaraq 33675,53 manat köçürmə etmişdir. Cavabdeh tərəfindən aralarında bağlanılmış müqavilə üzrə öhdəliklər kobud şəkildə pozulduğundan bu barədə onlara tərəflərindən xx.xx.2023-cü il tarixdə xəbərdarlıq göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi xx.xx.2023-cü il tarixli, №3- 17/2-824/0/2023 saylı cavabla guya, müqavilə üzrə İddiaçı MMC tərəfindən təqdim olunmuş kreslolar texniki və keyfiyyət göstəriciləri şərtlər toplusunda əks olunan tələbləri tam əhatə etmədiyi (kresloların oturacaqlarının parçaları və süngəri, istifadə olunan materiallar) aşkar olunduğunu bildirmişdir. Eyni zamanda kreslolar texniki və keyfiyyət göstəriciləri şərtlər toplusunda qeyd olunan nümunəyə uyğun təqdim edilməməsi nəticəsində kreslolar bu günə kimi iddiaçıdan təhvil alınmayaraq, əlavə olaraq müqavilə şətlərinə uyğun olaraq 8700 manat cərimə olunduqları məktubla bildirilmişdir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən tenderin əsas şərtlər toplusu - satınalan təşkilatın tender şərtlərini əks etdirən və iddiaçılara təqdim edilən sənəd hesab olunur. Həmin qanunun 24.1.4-cü maddəsinə əsasən, bu Qanunun 14-cü maddəsinin tələbləri nəzərə alınmaqla malların (işlərin və xidmətlərin) zəruri texniki və keyfiyyət xüsusiyyətləri, o cümlədən planlar, çertyojlar və eskizlər, malın miqdarı (həcmi), əlavə xidmətlər, malların göndərilməsinin (işlərin görülməsinin, xidmətlərinin göstərilməsinin) yeri və müddətləri tenderin əsas şərtlər toplusunda qeyd edilməli olan zəruri hallarından biridir. Məhkəmənin nəzərinə çatdırılır ki, sifarişçi nə şərtlər toplusunda, nə də tərəflər arasında bağlanılmış müqavilədə əks olunmayan tələbləri və şərtləri sonradan, yəni mallar ölkəmizə idxal olunmaqla bir qismi onlara təqdim edildikdən sonra iddiaçının qaşısına əlavə şərtlər qoymaqla əsassız iddialar irəli sürmüşdür. Halbuki sifariş olunan mallara aid bütün xüsusatlar sifarişçi tərəfindən açıq şəkildə və konkret hansı tələblərə uğun olması şərtlər toplusunda və tərəflər arasında bağlanılmış müqavilədə göstərilmişdir. Halbuki, sifarişçi mallara aid nəzərdə tutmadığı əlavə tələbləri müqavlənin 7-ci bəndinə əsasən tələb edə bilərdi. Belə ki, malların (işlərin, xidmətlərin) satın alınması haqqında xx.xx.2022-ci il tarixli 42/2022 saylı müqavilənin 7-ci bəndinə əsasən, göndərilən mallar və ya göstərilən xidmətlər tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş keyfiyyət xüsusiyyətlərinə, bu cür xüsusiyyətlər göstərilmədiyi (olmadığı) hallarda isə malların və xidmətlərin mənşə ölkəsində qüvvədə olan texniki reqlamentlərə və (və ya) standartlara uyğun olmalıdır. İçraçı malların və ya xidmətlərin tələb olunan keyfiyyət xüsusiyyətlərinə uyğunluğunu sənədlərlə təsdiq etməlidir. Müqavilənin qeyd edilən bəndindəki şərtindən aydın olur ki, sifarişçi tenderin əsas şərtlər toplusunda nəzərdə tutmadığı halda əlavə tələblər barədə müqavilənin bu hissəsi üzrə öhdəliklərinin icrasından imtina deyil, əlavə tələblər barədə məlumatı malların və xidmətlərin mənşə ölkəsində qüvvədə olan texniki reqlamentlərə və (və ya) standartlara uyğun olması barədə sənədləri icraçıdan tələb edə bilərdi. Onu da bildirmək istəyir ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilədə nəzərdə tutulmuş malların (kresloların) yeni tender keçirilməklə satınalınması barədə xx.xx.2023-cü il tarixdə açıq tender elan etmişdir. Cavabdeh eyni zamanda açıq tender elanında iddiaçılara tenderin yeni şərtlər toplusunu sistemə əlavə etmişdir. Elektron sistemə əlavə olunmuş tenderin şərtlər toplusunda cavabdeh bu dəfə əvvəlki tenderdə malların xüsusiyyətlərinə dair şərtlərində nəzərdə tutmadığı və iddiaçıdan sonradan əsassız olaraq tələb etmiş olduğu mallara dair xüsusiyyətləri bu dəfə yeni şərtlərə əlavə etmişdir. Bu da onu sübut etməkdədir ki, cavabdeh keçirmiş olduğu öncəki tenderdə icraçı olaraq sonradan mallara dair əlavə olaraq iddiaçılardan tələb etməkdə olan xüsusiyyətləri öncədən də tenderin şərtlər toplusunada şərt kimi göstərməli idi. Cavabdehin sonrakı tenderdə mallara aid bu xüsusiyyətləri əlavə olaraq qeyd etməsi bir daha da onların əvvəlki tenderdə olan yalnışlığını və onlara münasibətdə müqavilə öhdəliklərinin əsasız olaraq pozmasını göstərməkdədir. Nəzərə çatdırılmalıdır ki, hazırda cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyi müqavilə öhdəliklərinə görə şirkətə ƏDV daxil olmaqla 53327,46 manat borcu vardır.
3. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavabdeh İddiaçı MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdehin müqavilənin şərtlərini pozması nəticəsində dəymiş 53981 manat məbləğində maddi zərərin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Mebel və inventarların satın alınması məqsədilə xx.xx.2022 tarixində etender.gov.az portalında elan yerləşdirilmiş və xx.xx.2022 tarixində açılış olmuşdur. Açılışda 6 iddiaçı, o cümlədən İddiaçı MMC qiymət təklifi təqdim etmişdir. İddiaçı MMC-nin təqdim etdiyi təklifi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 27.4-cü maddəsinə əsasən müvafiq mallar üzrə ehtimal olunan qiymətlə müqayisədə 20 faiz və daha artıq aşağı olması müəyyən olunmuşdur. Buna uyğun olaraq, Qanunun 27.4-cü və eyni zamanda 36.1-ci maddəsinə əsasən tender təkliflərinin baxılmasını, onların qiymətləndirilməsini və müqayisəsini asanlaşdırmaq məqsədi ilə öz tender təkliflərinə izahat verməsi üçün qiymət təklifi barədə məlumatları və nümunələrin təqdim edilməsi üçün xx.xx.2022 tarixindən rəsmi sorğu göndərilmişdir. Sorğuda məlumatların və nümunələrin xx.xx.2022-ci il saat 17:00-dək Bakı şəhəri, S.Əsəgrova 85 ünvanına təqdim edilmədiyi təqdirdə qiymət təklifinin kənarlaşdırılacağı bildirilmişdir. Sorğuya cavab olaraq, İddiaçı MMC tərəfindən əsas şərtlər toplusuna əsasən tələb olunan kresloların markası təqdim edilsə də müvafiq markalar üzrə nümunələr təqdim edilməmişdir. Lakin İddiaçı MMC tərəfindən xx.xx.2022 tarixində etender.gov.az portalı vasitəsilə göndərilən bildirişdə təqdim olunacaq kresloların keyfiyyəti göstərilən nümunələrin keyfiyyətinə uyğun olacağı qeyd edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, Nazirlik ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli 42/2022 nömrəli malların (işlərin və xidmətlərin) satın alınması müqaviləsi bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan texniki şərtlərə (çertyojlar, cizgilər, layihələr) uyğun təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar (yerinə yetirilmiş işlər və ya göstərilmiş xidmətlər) icraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. Müqavilənin 5.1 -ci bəndinə əsasən icraçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları (işləri və xidmətləri) sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. Müqavilənin 17.1 -ci bəndinə əsasən sifarişçi (və ya onun nümayəndələri) tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş qaydada, heç bir əlavə xərc çəkmədən müqavilənin texniki və digər şərtlərinin icrasına nəzarət etmək və sınaq keçirmək hüququna malikdir. Müqavilənin 17.4-cü bəndinə əsasən sifarişçi texniki nəzarətdən və ya sınaqdan keçməyən mallardan imtina edə bilər. Bu halda icraçı texniki nəzarətdən və ya sınaqdan keçməyən malları dəyişdirir və ya Sifarişçinin tələblərini təmin edən digər malları təqdim edir. Müqavilə imzalanarkən İddiaçı MMC-nin əməkdaşı Nazirliyin inzibati binasında alınması nəzərdə tutulmuş malların nümunələri ilə tanış edilmişdir. Lakin kresloların təhvil verilməsi zamanı keyfiyyət göstəricilərinin müqavilə şərtlərindən və qabaqcadan razılaşdırılmış nümunələrin keyfiyyət göstəricilərindən çox aşağı olduğu aşkar edilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-yə məktub yazılaraq Müqaviləyə əsasən nümunə kimi təqdim edilmiş işçi kreslosu, rəhbər kreslosu və qonaq kreslosunun şərtlər toplusunda qeyd olunmuş və eyni zamanda MMC ilə razılaşdırılmış nümunəyə uyğun olmadığı bildirilmişdir. Eyni zamanda, kresloların oturacaqlarının parçalarının və süngərinin Nazirlik tərəfindən təqdim olunmuş və əsas şərtlər toplusunda qeyd edilən nümunəyə uyğun olmadığı, keyfiyyət göstəricisinin aşağı, istifadə olunan materialların fərqli olduğu qeyd edilmişdir. Ən qısa müddətdə Müqavilə üzrə öhdəlik kimi işlərin icra edilməsi və eyni zamanda nümunə kresloların geri götürülməsi tələb olunmuşdur. Buna baxmayaraq qeyd edilən uyğunsuzluqlar İddiaçı MMC tərəfindən müqavilənin son icra müddətinədək, yəni xx.xx.2022-ci il tarixədək aradan qaldırmamış, beləliklə müqavilə tam icra edilməmişdir. Bildirilir ki, Müqavilənin 20.1-ci bəndinə əsasən icraçı müqaviləni (və ya onun hər hansı hissəsini) tenderin əsas şərtlər toplusunda müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirildikdə), sifarişçi digər hüquqlara ziyan vurmadan müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edir. Cərimələrin məbləğinin yuxarı həddi müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ müqavilənin qiymətinin 10 faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimum çatdıqdan sonra sifarişçi müqaviləni ləğv edə bilər. Müqavilənin qeyd edilən bəndi nəzərə alınmaqla İddiaçı MMC müvafiq qaydada cərimə edilmişdir. Adıçəkilən müqavilənin ümumi dəyəri ƏDV daxil 87002,99 (səksən yeddi min iki manat doxsan doqquz qəpik) manat təşkil etmiş, bu müqavilə üzrə 42375,63 (qırx iki min üç yüz yetmiş beş manat altmış üç qəpik) manat dəyərində mallar təhvil alınmış və 44627,36 (qırx dörd min altı yüz iyirmi yeddi manat otuz altı qəpik) manat dəyərində kreslolar təhvil verilməmişdir. Bu səbəbdən, İddiaçı MMC-yə müqavilənin ümumi məbləğinin 10 faizi miqdarında - 8700,10 manat cərimə tətbiq edildikdən sonra təhvil verilmiş mala görə icraçı tərəfindən ödənilməli cərimə məbləği nəzərə alınmaqla 33675,53 manat məbləğində ödəniş həyata keçirilmişdir. Müqaviləyə əsasən sifarişçi, yəni Nazirlik xx.xx.2022-ci il tarixədək icraçı tərəfindən müqavilənin şərtlər toplusunda qeyd olunmuş və eyni zamanda icraçı ilə razılaşdırılmış nümunəyə uyğun keyfiyyətli kresloların təhvil veriləcəyini və ilin sonunadək bütün Nazirlik əməkdaşlarının yeni və rahat kreslolarla təmin ediləcəyini ümid etsə də, icraçının müqavilənin şərtini pozması sifarişçini bu haqqından xeyli dərəcədə məhrum etmişdir. İcraçının müqavilənin şərtini pozması nəticəsində müqavilənin ləğv edilməsi ilə müvafiq mallar üzrə İddiaçı MMC-nin təqdim etdiyi qiymətlərlə müqayisədə cari ilin bazar araşdırması zamanı müəyyən olunmuş qiymətlər arasında artım 53981 manat təşkil edir ki, bu da Nazirliyə 53981 manat məbləğində maddi zərər vurulması ilə nəticələnmişdir. Eyni zamanda kreslolar təqdim edilmədiyindən Nazirliyin Aparatının əməkdaşlarının 20- 30%-ə yaxını uzun müddət ərzində sınıq kreslolarda əyləşmək məcburiyyətində qalıblar. Bir sıra əməkdaşlar tərəfindən bununla bağlı haqlı narazılıqlar olmuşdur. Bu da onların iş keyfiyyətinin aşağı düşməsinə və sağlamlığında müəyyən problemlərin yaranmasına səbəb olmuşdur.
5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1941/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində iş üzrə icraata cəlb edilmişdir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 ilk iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qarşılıqlı iddia əsassızdır və təmin edilməməlidir.
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Bayraməliyev ilk iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Ş.Kərimov qarşılıqlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, materiallara əlavə edilmiş Məhkəmə Ekpsertiza Mərkəzinin rəyi ilə razı deyildirlər, belə ki, həmin rəyi tərtib etmiş ekspertin kreslo sahəsində kifayət qədər təcrübəyə malik olması onlarda şübhə doğurur.
9. Məhkəmə iclasında cavabdehin nümayəndələri N.Nəsirli və R.Eyyubov ayrıayrılıqda qarşılıqlı iddia ərizəsini müdafiə edib qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər.
10. Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kresloların satın alınması üzrə keçirilən açıq tender üsulunu tətbiq etməklə elektron satınalmanın əsas şərtlər toplusuna əsasən cavabdeh tərəfindən kresloların satın alınması dövlət vəsaiti hesabına maliyyələşdirilir.
13. Əsas şərtlər toplusunun 6-cı bölməsi olan kresloların satınalma müqaviləsinin 13.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.
14. Əsas şərtlər toplusunun 6-cı bölməsi olan kresloların satınalma müqaviləsinin 18.1-ci bəndinə əsasən müqavilənin icrası müddətində sifarişçi aşkar olunmuş qüsurlar haqqında icraçıya dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir. İcraçı qüsurlar haqqında bildirişi aldıqdan sonra həmin qüsurları bildirişdə müəyyən edilmiş məsuliyyət müddəti ərzində aradan qaldırır. İcraçı məsuliyyət müddəti ərzində qüsurları aradan qaldırmırsa, sifarişçi həmin qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayır və icraçıya ödəniləcək məbləğdən çıxır.
15. Cavabdeh tərəfindən tərtib olunmuş “mebel və inventarların alınması” satın alınması məqsədi ilə Açıq Tender prosedurunda təklif zərflərinin açılması üzrə xx.xx.2022-ci il tarixli 02 nömrəli iclas protokolundan görünür ki, iddiaçı mebel və inventarların alınması üzrə 87002,99 manat qiymət təqdim etmişdir.
16. İddiaçı ilə cavabdeh arasında bağlanmış 25 oktyabr 2022-ci il tarixli 42/2022 nömrəli malların (işlərin və xidmətlərin) satın alınması haqqında müqaviləyə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi mebel və inventarların satın alınması məqsədi ilə icraçının bütün vergi və rüsumlar daxil 87002,99 manat məbləğində təklifini qəbul etmişdir.
17. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan malların müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan texniki şərtlərə uyğun təhvil verilməsini öhdəsinə götürür.
18. Müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.
19. Müqavilənin 5.4-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirə salınmadan qəzul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür.
20. Müqavilənin 7-ci bəndinə əsasən göndərilən mallar və ya göstərilən xidmətlər tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmuş keyfiyyət xüsusiyyətlərinə, bu cür xüsusiyyətlər göstərilmədiyi hallarda isə malların və ya xidmətlərin mənşə ölkəsində qüvvədə olan texniki reqlamentlərə və (və ya) standartlara uyğun olmalıdır. İcraçı malların və ya xidmətlərin tələb olunan keyfiyyət xüsusiyyətlərinə uyğunluğunu müvafiq sənədlərlə təsdiq etməlidir.
21. Müqaviləyə əlavə edilmiş müqavilənin xüsusi şərtləri müqavilənin ümumi şərtlərində qeyd olunan məsələləri tamamlayır. Bu göstəricilər ilə yuxarıda göstərilən müddəalar arasında ziddiyyətlər yaranarsa müqavilənin xüsusi şərtlərində göstərilənlər daha üstün mövqeyə malikdir.
22. Həmin xüsusi şərtlər toplusunun 5.1-ci bəndinə əsasən icraçı müqavilə üzrə təqdim ediləcək malları təhvil verərkən sifarişçiyə aşağıdakı sənədləri təqdim etməlidir: mənşə sertifikatı; idxal və ixrac bəyannamələri; malları icraçıya satan xarici şirkətin təqdim etdiyi ödəniş sənədləri.
23. Müqaviləyə 01 nömrəli əlavə qiymət təklifi cədvəlindən görünür ki, malların ümumi məbləği 73731,35 manat, ƏDV 13271,64 manat, ümumilikdə isə 87002,99 manat təşkil edir.
24. Müqaviləyə 02 nömrəli əlavə malların təhvil-verilmə qrafikinə əsasən malların təhvil verilməsi tarixi 25 oktyabr 2022-ci il tarixdən 20 dekabr 2022-ci il tarixədək müəyyən olunmuşdur.
25. İddiaçı tərəfindən cavabdehə EBCM 038025 nömrəli, xx.xx.2022-ci il tarixli (40525,98 manat), EBCJ 447874 nömrəli xx.xx.2022-ci il tarixli (1849,65 manat) elektron qaimələr göndərilmişdir.
26. İddiaçıya məxsus bank hesabından xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən 1567,50 manat, 17827,70 manat və 9143,38 manat, ümumilikdə 28538,58 manat ödəniş edilmişdir.
27. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 1645,81 manat, xx.xx.2022-ci il tarixdə 282,15 manat və 3208,99 manat, ümumilikdə 5136,64 manat ƏDV üzrə ödəniş edilmişdir.
28. İddiaçı ilə cavabdeh arasında tərtib edilmiş 27 dekabr 2022-ci il tarixli, 18 noyabr 2022-ci il tarixli malların təhvil-qəbulu haqqında aktdan görünür ki, aktda qeyd olunan mallar (1300 ədəd jalüz, 13 ədəd yemək masası, 78 ədəd yemək masası üçün stul) iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
29. İddiaçı (alıcı) ilə “Egesit Büro Mobilya İnşaat Müth. Dek. İml. İth. İhr. Sanş Tic. LTD ŞTİ. Şirkəti” (satıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı satır, alıcı isə invoys əsasında təqdim olunmuş malları alır.
30. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin ümumi məbləği 100000 ABŞ dolları təşkil edir.
31. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə məbləğinin ödənişi alıcı tərəfindən nağdsız qaydada bank hesabına ödənilir.
32. 21.11.2022-ci il tarixli gömrük bəyənnaməsindən görünür ki, Egesit Büro Mobilya İnşaat Müth. Dek. İml. İth. İhr. Sanş Tic. LTD ŞTİ. Şirkəti tərəfindən iddiaçıya 21473,90 ABŞ dolları məbləğində mal (oturma mebeli) göndərilmişdir.
33. Egesit Büro Mobilya İnşaat Müth. Dek. İml. İth. İhr. Sanş Tic. LTD ŞTİ. Şirkəti tərəfindən iddiaçıya təqdim edilmiş mallarla bağlı 21473,90 ABŞ dolları dəyərində hesabfaktura təqdim edilmişdir (cild 1, i.v.147).
34. V ******* nömrəli mənşə şəhadətnaməsindən görünür ki, (şəhadətnamə Türkiyə Respublikası Egey regionu Sənaye Palatası tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmişdir) Egesit Büro Mobilya İnşaat Müth. Dek. İml. İth. İhr. Sanş Tic. LTD ŞTİ. Şirkəti tərəfindən iddiaçıya göndərilən əşyaların (kreslolar) 3 nömrəli qutuda qeyd edilən ölkə mənşəli olduğu təsdiq edilir.
35. Lotus Co tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 24 fevral 2023-cü il tarixli məktubdan görünür ki, rəhbər kreslosunun (mövcud nümunəyə baxış əsasında) bir ədədinin qiyməti 182 manat, işçi kreslosunun (mövcud nümunəyə baxış əsasında) 1 ədədinin qiyməti 177 manat, qonaq kreslosunun (mövcud nümunəyə baxış əsasında) 1 ədədinin qiyməti 172 manat müəyyən edilmişdir.
36. Kəmər Qaya tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 24 fevral 2023-cü il tarixli 17 nömrəli məktubdan görünür ki, rəhbər kreslosunun (mövcud nümunəyə baxış əsasında) bir ədədinin qiyməti 189 manat, işçi kreslosunun (mövcud nümunəyə baxış əsasında) 1 ədədinin qiyməti 185 manat, qonaq kreslosunun (mövcud nümunəyə baxış əsasında) 1 ədədinin qiyməti 165 manat müəyyən edilmişdir.
37. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən satın alınması planlaşdırılan kresloların ehtimal olunan qiymətinin hesablanması cədvəlindən görünür ki, əldə edilmiş məlumatlar üzrə malların qiymətləri ümumilikdə ƏDV daxil 74831,67 manat müəyyən edilmişdir.
38. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli 3-17/2- 824/0/2023 nömrəli müqavilə üzrə öhdəliklərin icrası haqqında məktubdan görünür ki, tərəflər arasında bağlanmış 25 oktyabr 2022-ci il tarixli satınalma müqaviləsindən görünür ki, müqavilə üzrə iddiaçı tərəfindən təqdim olunmuş kreslolar texniki və keyfiyyət göstəriciləri şərtlər toplusunda əks olunan tələbləri tam əhatə etmədiyi (kresloların oturacaqlarının parçaları və süngəri, istifadə olunan materiallar) aşkar edilmişdir. Müqavilənin ümumi dəyəri 87002,99 manat təşkil etmiş, müqavilə üzrə öhdəliklərin 52587,99 manatı icra olunmuş, qalan 34415 manatı müqavilənin son icra tarixinədək icra edilməmişdir. Müqavilənin xüsusi şərtlərinin 20.1-ci maddəsinə əsasən icraçı müqaviləni tenderi əsas şərtlər toplusunda müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirilmədikdə (gecikdirildikdə), sifarişçi digər hüquqlara ziyan vurmadan gecikdirilən hər gün üçün müqavilənin qalıq məbləğinin 0,1 % həcmində cərimə sanksiyaları (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edilə bliər. Təqdim edilən kresloların texniki və keyfiyyət göstəriciləri əsas şərtlər toplusunda qeyd olunan nümunəyə uyğun təqdim edilmədiyindən nazirlik tərəfindən həmin kreslolar təhvil alınmamış və müqavilənin şərtlərinə uyğun olaraq 8700 manat məbləğində cərimə edilmişdir.
39. Azərbaycan Respublikasınn Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli 9/3810 nömrəli ekspert rəyindən görünür ki, ekspert baxışına təqdim edilmiş 06 ədəd (3+3) kreslolar müqayisə edildikdə xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında qeyd edilən kreslolar ilə kiçik fərqləri (nəzərə çarpacaq) nəzərə alınmazsa böyük (təxminən 95%) ölçüdə uyğunluq təşkil etdiyi müəyyən edilir. Belə ki, müqayisə edilən kresloların texniki göstəriciləri (ölçüləri) üst-üstə düşür. Bu səbəbdən də tədqiqata nümunə qismində təqdim edilmiş, 6 (3+3) ədəd kreslolar arasında nəzərə çarpacaq fərqlər olmadığından, iş materialında olan 90-cı səhifədə öz əksini tapmış xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına və texniki şərtlərə uyğunluğu müəyyən edilir.
40. Məhkəmə iclasında Azərbaycan Respublikasınn Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X4 izahatında 28 iyul 2023-cü il tarixli 9/3810 nömrəli ekspert rəyini təsdiq etdiyini, kreslolara Nazirlikdə baxış keçirilən vaxt iddiaçı tərəfindən iddiaçının vəkili və cavabdehin nümayəndələrinin iştiak etdiyini, tərəfindən ümumilikdə 6 (üç kreslo nazirlik tərəfindən, üç kreslo İddiaçı MMC tərəfdindən təqdim edilmiş) nümünəyə baxış keçirdildiyini, kresloların 95% texniki göstəricilərin üst-üstə düşdüyünü bildirdi. Əlavə olaraq bildirdi ki, rəyin tərtib edilməsinə dair tələblər var, o, əmtəəşünas ekspert kimi malların keyfiyyətinin eyni olub olmamasını müəyyən etməli idi, 95 faiz eyni olduğunu yazmış, fərqlərin və eyniliklərinin bir-bir nədən ibarət olmasını yazmalı deyildir. Cavabdeh tərəfindən təqdim olunan kreslo nümunələrində süngər hündür idi, lakin ağırlıq çökdüyü vaxt süngərlər yığılacaqdı. İddiaçı MMC-nin kreslolarının süngəri nazik olmasına baxmayaraq möhkəm idi, bir müddət sonra Nazirliyin kreslolarının süngəri işləndikcə yastılaşacaqdır. Oturacaqların birləşən yerlərində fərq var idi (birində çıxıntılı idi, digərində çıxıntılı deyildi). Kresloların baş qoyulan hissələrində fəqlilik var idi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfində təqdim olunan kreslo nümunələrinin oturacaqlarında baş qoyulan yer var idi, digər nümunədə yox idi. Oturacaqların parçalarında fərqlilik yox idi. Parçalar yerli istehsal idi. Hər iki tərəfin təqdim etdiyi kreslolar keyfiyyətcə eyni kreslolardır, zahirən baxan kimi yerli istehsal olduğunu müəyyən etmişdir. Cüzi fərqlər süngərin hündürlüyü, baş hissəsinin tərpənməz olmasında idi, başqa fərq görməmişdir. Rəydə Məhkəmə tərəfindən qoyulan hər iki sual üzrə ümumiləşdirilmiş cavab verilmişdir. Belə ki, təqdim olunan kresloların texniki göstəriciləri bir-birinə uyğun gəlir. İlk baxışda oturacaq hissədə fərq olması nəzərə çarpsa da, nazirliyin kreslolarının oturacağı zaman keçdikcə yastılanacaqdır, lakin iddiaçının təqdim etdiyi kresloların süngəri daha davamlıdır, üzərində kimsə əyləşdikdə süngər deformasiya olunmur.
41. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir.
42. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli ilk növbədə ilkin iddia tələbinin əsaslılığının yoxlanılmasından asılıdır, həmin tələbin təmin olunubolunmamasından asılı olaraq qarşılıqlı iddia tələbi araşdırılmalıdır.
43. Hazırkı mülki işin aşağıdakı faktiki halları mübahisəsiz olaraq müəyyən olunmuşdur:
44. Tərəflər arasında 25 oktyabr 2022-ci il tarixli 42/2022 nömrəli malların (işlərin və xidmətlərin) satın alınması haqqında müqavilənin bağlanması;
45. Həmin müqavilənin ümumi dəyərinin ƏDV daxil 87002,99 manat təşkil etməsi;
46. Cavabdeh tərəfindən müqavilə üzrə 42375,63 manat dəyərində malların təhvil alınması və 44627,36 manat dəyərində kreslolar təhvil alınmasından imtina edilməsi;
47. Cavabdeh tərəfindən iddiaçıya müqavilənin ümumi məbləğinin 10 faizi miqdarında - 8700,10 manat cərimə tətbiq edilməsi və təhvil verilmiş mala görə cavabdeh tərəfindən ödənilməli cərimə məbləği nəzərə alınmaqla 33675,53 manat məbləğində ödəniş həyata keçirilməsi.
48. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
49. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
50. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
51. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
52. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
53. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
54. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
55. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
56. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər.
57. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.
58. Həmin Məcəllənin 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.
59. Həmin Məcəllənin 596.1-ci maddəsinə əsasən alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir.
60. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
61. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
62. Belə ki, iddiaçı tərəflər arasında bağlanmış 25 oktyabr 2022-ci il tarixli 42/2022 nömrəli malların (işlərin və xidmətlərin) satın alınması haqqında müqavilə üzrə üzərinə düşən öhdəliklərini icra etdiyini, müqavilə üzrə şərtləşdirilmiş malların (kresloların) cavabdehə təhvil verildiyini, lakin cavabdehin əsassız olaraq onları qəbul edib dəyərini ödəməkdən imtina etdiyini bildirir. Bu səbəbdən dəyəri ödənilməmiş malların dəyərinin ödənilməli olduğunu iddia edir.
63. Cavabdeh iddiaya etiraz edərək iddiaçı tərəfindən müqavilə tələblərinin pozulduğunu, ona müqavilə ilə şərtləşdirilmiş tələblərə cavab verməyən malların təhvil verildiyini bildirir.
64. İddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi hallarla bağlı “Egesit Büro Mobilya İnşaat Müth. Dek. İml. İth. İhr. Sanş Tic. LTD ŞTİ. Şirkəti” ilə bağladığı müqaviləni, adıçəkilən şirkət tərəfindən verilmiş mənşə şəhadətnaməsini, malların həmin şirkətdən idxal edildiyini əks etdirən yük gömrük bəyannaməsini təqdim etmişdir.
65. Bundan əlavə, malların (kresloların) müqavilə şərtlərinə uyğun olubolmamasının müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasınn Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli 9/3810 nömrəli ekspert rəyi Məhkəməyə təqdim edilmiş, adıçəkilən rəydə göstərilmişdir ki, “ekspert baxışına təqdim edilmiş 06 ədəd (3+3) kreslolar müqayisə edildikdə xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında qeyd edilən kreslolar ilə kiçik fərqləri (nəzərə çarpacaq) nəzərə alınmazsa böyük (təxminən 95%) ölçüdə uyğunluq təşkil etdiyi müəyyən edilir. Belə ki, müqayisə edilən kresloların texniki göstəriciləri (ölçüləri) üst-üstə düşür. Bu səbəbdən də tədqiqata nümunə qismində təqdim edilmiş, 6 (3+3) ədəd kreslolar arasında nəzərə çarpacaq fərqlər olmadığından, iş materialında olan 90-cı səhifədə öz əksini tapmış xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına və texniki şərtlərə uyğunluğu müəyyən edilir”.
66. Məhkəmə təqdim edilmiş həmin rəyi digər sübutlarla yanaşı qiymətləndirərək hazırkı iş üzrə mötəbər sübut qismində qəbul edir.
67. Məhkəmə əlavə olaraq qeyd edir ki, materiallarda olan tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin əlavəsində (cild 1, i.v.106) təqdim edilməli olan kresloların Türkiyə istehsalı (Egesit) olması müəyyən edilmiş, kresloların oturacağının hündürlüyü, habelə oturacaq hissəsinin materialı, parçası ilə bağlı xüsusi qeyd-şərt müəyyən edilməmişdir.
68. Mülki Məcəllənin 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.
69. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddiaçı alqı-satqı müqaviləsindən irəli gələrək üzərinə düşən öhdəlikləri tam şəkildə icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir, buna görə də ilk iddia 53327,46 manat pulun tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.
70. Bundan əlavə, cavabdeh iddiaçı tərəfindən təqdim edilməli olan kreslolarla bağlı yeni tender elan edilməsi nəticəsində artıq digər bir şirkətlə alqı-satqı müqaviləsi imzalandığını göstərmişdir. Cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmiş cavabdeh və "xxxx" MMC arasında bağlanmış 22/2023 saylı, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi və onun əlavəsindən görünür ki, cavabdeh tərəfindən alınacaq mallara (kreslolar) dair yeni xüsusi tələblər müəyyən edilmişdir.
71. Məhkəmə ilk iddianı tələb edilən faiz borcu hissəsində (4532,83 manat) əsassız hesab edir.
72. Belə ki, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə Mərkəzi Bankın 2023-cü il üzrə müəyyən etdiyi bank uçot dərəcəsi – 8,5 faiz dərəcəsi nəzərə alınmaqla hesablanmış 4532,83 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
73. İddiaçı iddia tələbində cavabdehdən 4532,83 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borcunun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən 4532,83 manat faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır.
74. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir.
75. Yuxarıda da qeyd olunduğu kimi, ilk iddianın əsaslı olması müəyyən edildiyindən, qarşılıqlı iddia tələblərinin təmin olunmamasının əlavə əsaslandırılmasına lüzum qalmır.
76. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə satıcı (iddiaçı) tərəfindən hər hansı pozuntuya yol verilməsi halı müəyyən edilmədiyinə görə alıcı (cavabdeh) ondan əldən çıxmış fayda tələb etməkdə haqlı deyildir.
77. Belə ki, MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
78. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
79. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
80. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
81. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
82. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
83. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
84. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
85. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
86. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
87. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
88. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
89. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
90. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
91. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq iddiaçının vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün iddiaçının cavabdehə birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
92. Hazırkı halda cavabdeh iddiaçının təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 53981 manat məbləğində maddi ziyanın ödənilməsi hissəsində əsassızdır və təmin edilməməlidir.
93. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, cavabdehdən 53327,46 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, ilk iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia təmin edilməməlidir.
94. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
95. Məhkəmə hesab edir ki, çəkilmiş məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir.
V. Nəticə:
56. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “pul” tələbinə dair ilk iddiası qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 53327,46 (əlli üç min üç yüz iyirmi yeddi manat qırx altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabdeh İddiaçı MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova