Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1942/2020 06.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 8362 (səkkiz min üç yüz altmış iki) manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 106-LD/17 nömrəli müqaviləyə əsasən cavabdeh damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmiş, müqavilə üzrə 8362 (səkkiz min üç yüz altmış iki) manat borcu qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki bağlanmış müqavilənin 2.2.2.-ci bəndinə əsasən borclu lizinq ödənişlərini vaxtında və tam həcmdə ödənməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən ödənişlər edilməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini və işə təqdim olunmuş sübutlar əsasında baxılmasını xahiş etmişdir. Məhkəmə məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, tələb tamamilə qanunsuzdur. Ona satılmış heyvanlar tamamilə yararsız olmuşdur. Eyni zamanda satılmış heyvanların dəyəri yüksək qiymətə satılmışdır. Borcunun olduğunu qəbul etmir, belə ki, onun tərəfindən məhkəməyə ödəniş qəbzləri təqdim edilib və iddiaçıya heç bir borcu yxdur. Nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş: - xx.xx.2017-ci il tarixli 106-LD/17 nömrəli lizinq müqaviləsinə əsasən güzəştli dəyəri 2436,28 manat olan damazlıq heyvanları üçün bu məbləğə ödəniş qrafiki tərtib olunmaqla və ilkin dəyərinə 50% güzəşt tətbiq edilməklə İddiaçı ASC tərəfindən Cavabdeh lizinqə verilmişdir. Müqavilə üzrə ümumi məbləğ 24362,80 manat olmuş, 13000 manat ilkin ödəniş edilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinin ödəniş qrafikinə əsasən Cavabdeh tərəfindən 2017-ci ilin 3-cü rübündən başlamaqla hər rüb üçün müvafiq olaraq 1032 manat ödəniş edilməli olduğu görünür. - xx.xx.2017-ci il tarixli aktdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 10 baş Simmental cinsli damazlıq heyvan təhvil verilmiş və Cavabdeh tərəfindən qəbul edilmişdir. - maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli 106-LD/17 nömrəli lizinq müqaviləsi üzrə gecikdirilmiş əsas borcu 8362 (səkkiz min üç yüz altmış iki) manat təşkil edir. - cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli, TT**********724200 nömrəli və xx.xx.2018-ci il tarixli, TT**********667100 nömrəli ödəniş qəbzlərindən görünür ki, qeyd olunan müqavilə üzrə cavabdeh tərəfindən iddiaçının hesabına müvafiq olaraq 2000 və 1000 manat məbləğində vəsait köçürülmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanan xx.xx.2017-ci il tarixli 106-LD/17 nömrəli lizinq müqaviləsinə əsasən güzəştli dəyəri 2436,28 manat olan damazlıq heyvanın lizinqə verilməsi razılaşdırılmışdır. İddiaçı tərəfindən Simmental cinsli damazlıq heyvanlar cavabdehə təhvil verilmiş və cavabdeh isə rüblər üzrə 2017-ci ilin 3-cü rübündən hər rüb (2020-ci ilin İ rübü də daxil omaqla) 1032 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə ümumi məbləğ 24362,80 manat olmuş, 13000 manat ilkin ödəniş edilmiş, qalan məbləğ 11362,80 manat təşkil etmiş və həmin məbləğdən də 3000 manat ödəniş həyata keçirilmişdir. Cavabdeh məhkəməyə bir neçə başqa qəbz təqdim etsə də, həmin qəbzlərin hazırkı müqaviləyə aidiyyatı müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Belə müqavilədən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə ( lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyi borcludur. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləgv etmək hüququ vardır (Mülki Məcəllənin 748-1.12.4. maddəsi). Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: lizinq obyektinin amortizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri (748-11-ci maddə). Qeyd olunmalıdır ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosail əhəmiyyəti vardır. Müqavilədən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə satmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (Mülki Məcəllənin 425,1. və 425.2. maddələri). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib belə nəticəyə gəlir ki, Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, xx.xx.2017-ci il tarixli, 106-LD/17 nömrəli lizinq müqaviləsi üzrə əsas borcun ödənilməməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi təmin edilməli, Cavabdeh 8362 (səkkiz min üç yüz altmış iki) manat məbləğində əsas borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 8362 (səkkiz min üç yüz altmış iki) manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 8392 (səkkiz min üç yüz doxsan iki) manat məbləğində pul tutularaq iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1942/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1942/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver