Məhkəmə qərarları › İş №e-2-2(113)-1943/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1943/2020

28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1943/2020 28.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1484,97 manat borcun və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi kimi 30 manat məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020ci il tarixli, 04 saylı alqı-satqı müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən xx.xx.2020-ci il tarixli, İddiaçı MMC elektron qaimə faktura əsasında metal lövhə və aliminium profil materiallarının satılmasını, “xxxx” MMC isə alınmış materialların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, 04 saylı alqı-satqı müqaviləsinə və xx.xx.2020-ci il tarixli EBAH seryalı 039804 nömrəli elektron qaimə əsasında cavabdeh müəssəyə 1258,45 manat dəyərində metal lövhə və aliminium profil materiali almış və həmin məbləğə 226,52 manat ƏDV əlavə olunmaqla cavabdehin 1484,97 manat ümumi borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 14 fevral 2020-ci il tarixli, 04 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC elektron qaimə faktura əsasında metal lövhə və aliminium profil materialları “xxxx” MMC-yə satmağı, sonuncu isə alınan malların dəyərini elektron qaimədə göstərilən qiymətlər əsasında ödəməyi öhdələrinə götürmüşlər. - 01 mart 2020-ci il tarixli elektron qaimənin surətindən görünür ki, İddiaçı MMC “xxxx” MMC-yə 1258,45 manat dəyərində metal lövhə və aliminium profil materialı satmış və həmin məbləğə 226,52 manat ƏDV əlavə olunmaqla cavabdehin ümumi borcu 1484,97 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1 və 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesab-fakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesab-fakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. Beləliklə, işin hallarından görünür ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikərə əməl etməyərək yaranmış borcu ödəmədiyinə görə iddiaçının tələbi aşkardır. Həmin tələb cavabdehin mübahisə edilməyən vəzifələrinə və sadə yazılı qaydada təsdiq edilmiş əqdlərə əsaslanır. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası təmin edilsin. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 1484,97 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi kimi 30 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar