Məhkəmə qərarları › İş №e-2-2(113)-1960/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1960/2024

19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1960/2024 19.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması və lizinq obyektinin geri qaytarılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC-nin (bundan sonra – iddiaçı) Cavabdeh qarşı (bundan sonra – cavabdeh) “pulun tutulması və lizinq obyektinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli №MK138 “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X3 Müqaviləsinə xitam verilməsi, lizinq predmeti olan 1 ədəd Traktor Captman XD-65.4, 1 ədəd rotovator frez avadanlığı saz və işlək vəziyyətdə geri qaytarılması və 1532.38 manat gecikdirilmiş əsas borcu, 3294.63 manat cərimə borcunun və 68.28 manat manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli №MK138 “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidia tətbiq edilən X3 Müqaviləsi üzrə lizinq predmeti olan 1 ədəd Traktor Captman XD-65.4, 1 ədəd rotovator frez avadanlığı saz və işlək vəziyyətdə geri qaytarılması və 1532.38 manat gecikdirilmiş əsas borcu, 3294.63 manat cərimə borcunun və 68.28 manat manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçi ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli №MK138 saylı Lizinq müqaviləsi əsasən ödəniş tapşığına uyğun olaraq 36 ay müddətinə ödəmə şərti ilə 14555.39 manat kredit məbləğində kənd təsərrüfatı texnikası lizinqə verilmişdir. Qeyd olunan avandanlıqlar lizinq obyektinin təhviltəslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən, lizinq obyektinin ümumi dəyəri 28600 manat (iyirmisəkkiz min altı yüz manat) təşkiletmişdir. Müqavilənin şərtlərinə əsasə cavabdeh tərəfindən 6600 manat ilkin ödəniş və 144.27 manat məbləğində müqavilənin rəsmiləşdirmə komissiyası Cəmiyyətin xeyrinə ödənilmişdir. Nəticədə, xx.xx.2024-cü il tarixə cavabdehin lizinq müqaviləsi üzrə 1532.38 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin şərtlərinə görə lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 faizi miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin xx.xx.2024-cü il tarixə 3294.63 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğin ödənilməsi tələbi ilə tərəfimizdən cavabdehə dəfələrlə, müxtəlif vaxtlarda pretenziya məktubu göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanınnda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2024-cü il tarixində printenziya məktubu rəsmi qaydada göndərilsə də cavabdeh müqavilə üzrə öhdəliklərini lazimi qaydada icra etməmişdir. Beləliklə, Cavabdeh iddiaçı Global Lizinq ASC qarşısında lizinq müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə qədər 1532.38 manat gecikdirilmiş əsas borcu, 3294.63 manat gecikdirilmiş günlərə hesablanmış cərimə borcu yaransada da cavabdeh həmin öhdəlikləri icra etməkdən yayınır. Eynizamanda xx.xx.2024-cü il tarixə cavabdeh 13023.01 manat ödəniş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ə.Əliyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, lizinq obyekti hazırda cavabdehdədir, lakin öhdəliklərini icra etmir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məlumat verməmişdir.

6. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli MK138 nömrəli lizinqi müqaviləsinə əsasən lizinq verən lizinq obyektini lizinq alanın müraciəti əsasında lizinq ödənişlərinin həyata keçirilməsi müqabilində və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və bu müqavilənin müddəalarına uyğun olaraq lizinq alanın istifadəsinə təqdim edir.

9. Müqavilənin 6.1-ci bəndinə əsasən lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verilmiş lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq verəndə saxlanılır. Lizinq müddəti ərzində lizinq alan lizinq obyekti üzərində yalnız sahiblik və ondan istifadə hüquqlarına malikdir. Lizinq ödənişlərinin həyata keçirilməsi lizinq alanın lizinq obyekti üzərində mülkiyyət hüququna malik olmasını ifadə etmir.

10. Müqaviləyə 1 saylı Əlavədən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 28600 manat məbləğində olan avadanlıqların təhvil verilməli olduğu göstərilmişdir.

11. Müqaviləyə 2 saylı xx.xx.2019-cu il tarixli Əlavədə cavabdeh tərəfindən dövrlər üzrə ödənilməli əsas və qalıq borclar öz əksini tapmışdır. Ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 0,1 % cərimə hesablanaraq tutulacaqdır.

12. Müqaviləyə 03 saylı xx.xx.2019-cu il tarixli Əlavədə təhvil-təslim protokolundan görünür ki, lizinq müqaviləsinin predmeti olan Catmann XD-65.44 markalı traktor cavabdehə tam, istifadəyə yararlı və işlək vəziyyətdə təhvil verilmişdir.

13. "xxxx" MMC (satıcı) və "xxxx" MMC (alıcı) (iddiaçı) arasında bağlanmış 16 avqust 2019-cu il tarixli AS046 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı lizinq obyektini bu müqavilədə müəyyən edilmiş şərtlərlə alıcıya satmağı, alıcı isə xüsusi olaraq lizinq alana lizinq vermək məqsədilə lizinq obyektini qəbul etməyi və qiymətini bu müqavilə ilə müəyyənləşdirilmiş qaydada və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür.

14. Müqaviləyə 01 saylı əlavəyə əsasən satıcı tərəfindən alıcıya 1 ədəd Traktor Captman XD-65.4 markalı 22000 manat məbləğli və 1 ədəd rotovator frez markalı 5500 manat məbləğli, ümumilikdə 27500 manat məbləğində əmlakın verilməli olması göstərilmişdir.

15. Kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında iltizamdan görünür ki, cavabdeh ona verilən 1 ədəd Traktor Captman XD-65.4 və 1 ədəd Rotovator frezə saxlanma şəraitinə və istifadə qaydalarna uyğun qulluq edəcəyi, texnikaların verilməsinə dair onunla bağlanmış müqavilələrdə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcəyi, habelə texnikaları 5 il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formasa istifadəsinə verməyəcəyi və ölkə hüdudlarından kənara çıxarmayacağına iltizam vermişdir.

16. xx.xx.2019-cu il tarixli 023 nömrəli zəmanət aktından görünür ki, xx.xx.2019-cu il tarixində 017 saylı müqaviləyə əsasən Cavabdeh tərəfindən alınmış 2019-cu ildə buraxılmış “Catmann” markalı XD 65.4 traktora 1 il müddətinə zəmanət verilmişdir.

17. xx.xx.2019-cu il tarixli 024 nömrəli zəmanət aktından görünür ki, xx.xx.2019-cu il tarixində 017 saylı müqaviləyə əsasən Cavabdeh tərəfindən alınmış 2019-cu ildə buraxılmış “Toscano” markalı Bahçe tipli hidrolik rotovatora 1 il müddətinə zəmanət verilmişdir.

18. İddiaçı tərəfindən verilmiş 15 fevral 2024-cü il tarixli 36 nömrəli maliyyə arayışından görünür ki, 16 avqust 2019-cu il tarixli MK 138 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi” xətti ilə verilən subsidiya tətbiq edilən X2 Müqaviləsinə əsasən lizinq müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 13023,01 manat, gecikdirilmiş borcu isə 1532,38 manat, cərimə borcu 3294,63 manat təşkil edir.

19. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli lizinq müqaviləsi bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektlərini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, belə ki, müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmiş, cavabdeh tərəfindən müqavilə üzrə ümumilikdə 14555,38 manat ödənilməli olduğu halda, ümumilikdə 13023,01 manat ödənilmiş, qalıq 1532,38 manat ödənilməmişdir.

20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

23. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

24. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

26. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.

27. 748-1.4-cü maddəsinə əsasən lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır.

28. 748-1.7-ci maddəsinə əsasən lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır.

29. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

30. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xx.xx.2019-cu il lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 1532,38 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1532,38 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

31. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən hesablanmış 3294,63 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

32. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

33. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

34. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

35. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 60 manat məbləğində müəyyən edilməlidir.

36. Məhkəmə iddia tələbinin lizinq obyektlərinin saz və işlək vəziyyətdə cavabdehdən geri alınmasına dair hissəsi ilə də razılaşır və belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir.

37. Belə ki, Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

38. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1532,38 manat gecikdirilmiş əsas borc, 60 manat gecikdirilmiş günlərə görə cərimə borcu tutularaq iddiaçıya ödənilməli, lizinq predmeti olan 1 (bir) ədəd Traktor Captman XD-65.4, 1 ədəd rotovator frez avadanlığının iddiaçıya saz və işlək vəziyyətdə geri qaytarılması öhdəliyi cavabdehə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 60 manat mediasiya xərci cavabdehə aid edilməli, ödənilmiş qalan 8,28 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1532,38 manat gecikdirilmiş əsas borc, 60 manat gecikdirilmiş günlərə görə cərimə borcu, ödənilmiş 60 manat məbləğində dövlət rüsumu, ümumilikdə 1652,38 (bir min altı yüz əlli iki manat otuz səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Lizinq predmeti olan 1 (bir) ədəd Traktor Captman XD-65.4, 1 ədəd rotovator frez avadanlığının İddiaçı ASC-yə saz və işlək vəziyyətdə geri qaytarılması öhdəliyi Cavabdeh həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 8,28 manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar