Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1961/2023 11.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, qaimə, əlavə, işgüzar münasibət, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 54390,92 manat borcun və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat pulun Cavabdeh QSC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC (sonradan təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyəti olmuşdur) arasında 23 sentyabr 2020-ci il tarixli, XXXX nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə uyğun olaraq satıcı İddiaçı MMC tərəfindən ƏDV daxil 172416,88 manat dəyərində olan mebel və mebel məhsulları alıcı Cavabdeh MMC-yə təhvil verilmişdir. Bununla bağlı olaraq xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli elektron qaimələr göndərilmişdir. Alıcı Cavabdeh QSC tərəfindən malların dəyərinin ƏDV daxil 118 025,96 manat hissəsi ödənilmiş, lakin ƏDV daxil 54390,92 manat hissəsi isə bugünədək ödənilməmişdir. Müqavilənin 2.2.2-ci bəndinə əsasən alıcı malların dəyərini tam ödəməyi öhdəsinə götürüb. Müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə görə məsuliyyət daşıyırlar. Müqavilənin 6.2-ci bəndinə əsasən tərəflər müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmədikdə hər bir gecikdirilən gün üçün əmlakın dəyərinin 0,1% miqdarında cərimə ödəyirlər. Borcun ödənilməsi ilə bağlı Cavabdeh QSC-nin rəhbərliyi və səlahiyyətli nümayəndələri ilə dəfələrlə şifahi danışıqlar aparılmış, lakin qarşı tərəfdən heç bir addım atılmamışdır. Bundan əlavə İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə elektron qaydada yaranmış borcun ödənilməsi barədə xx.xx.2023-cü il tarixli, 132 nömrəli pretenziya məktubu da göndərilmişdir. Alıcı tərəfindən borcun ödənilməsi istiqamətində heç bir hərəkət olmamış, sadəcə boş vədlər verilmişdir. Alıcı müqavilə üzrə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozmuşdur. “Mediasiya haqqında” Qanuna müvafiq olaraq İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə xx.xx.2022-ci il tarixli mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, Cavabdeh QSC tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Bundan sonra İddiaçı MMC tərəfindən 20 dekabr 2022-ci il tarixdə ilkin mediasiya sesssiyasının başlanılması üçün ərizə ilə Bakı 18 saylı Mediasiya Təşkilatına müraciət olunmuş, mediasiya təşkilatı tərəfindən Cavabdeh QSC-yə bildiriş göndərilmiş və ilkin mediasiya sessiyası 10 yanvar 2023-cü il tarixə təyin edilmişdir. Hər iki tərəfin nümayəndələri ilkin mediasiya sessiyasında iştirak etmişlər. Cavabdeh QSC tərəfindən bildirilmişdir ki, borcu hər ay 5 000 manat olmaqla ödəmək qabiliyyəti var. Belə razılıq əldə edilmişdir ki, Cavabdeh QSC yaranmış borcundan ən azı 5000 manat ödədikdən sonra mediasiya qaydasında barışıq sazişi də bağlanıla bilər. Lakin Cavabdeh QSC verilən müddətdə də ödənişi həyata keçirməmiş, 28 fevral 2023-cü il tarixli, MŞB/18/2023-00270 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 427.2, 430.1, 445.1, 448-ci və s. maddələri göstərilmişdir.
4. Cavabdehin nümayəndəsi/vəkili X2 iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən borc məbləği qeyri-obyektiv qiymətləndirilmişdir. Hesablanan borc məbləğinin tam, obyektiv və ədalətli həlli qiymətləndirilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası keçirilməli, bunun əsasında qətnamə qəbul edilməlidir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, malların təhvil-təslimi elektron qaimə təqdim olunmaqla rəsmiləşdirilmişdir. Təhvil verilən mallardan hər hansı biri cavabdeh tərəfindən geri qaytarılmamışdır.
6. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi/vəkili X2 iddiaya yazılı etirazın məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh şirkət təmir-tikinti işləri ilə məşğuldur və Dövlət Təhlükəsizlik Xidmətinin podratçı kimi işlərini görüb. İddiaçı malları onlara yox, üçüncü şəxsə (Dövlət Təhlükəsizlik Xidmətinə) hissə-hissə təhvil vermişdir. Satıcı (iddiaçı) nəqliyyat vasitəsinə yükləndikdən sonra malların hara təhvil verməli olduğu barədə məlumatlandırılırdı. Buna görə də satıcı (iddiaçı) malları təhvil verdikdən sonra onunla alıcı (cavabdeh) arasında geri tarixə rəsmiləşdirmə aparılırdı. Belə ki, əvvəlcə elektron qaimə təqdim olunur, daha sonra mal təhvil verilir, bundan sonra qiymət razılaşma protokolu elektron qaimələrə uyğun tərtib olunurdu. Şifahi razılaşmaya əsasən malların dəyəri 3 ay müddətində ödənilməli idi. Cavabdeh müqavilə üzrə ödəniş etmək niyyətindədir, lakin tələb olunan məbləğ ödəniş mümkün deyil. Belə ki, təqdim olunan malların müəyyən hissəsi geri qaytarılıb, bir hissəsi xarab olub.
7. Cavabdehin nümayəndəsi/vəkili məhkəmənin baxış iclasında yazılı izahat təqdim edərək bildirmişdir ki, təqdim olunan qaimələrdə adları sadalanan mebel məhsulları iddiaçı tərəfindən cavabdehə göndərilən zaman qüsurlu olduğuna görə cavabdeh tərəfindən həmin məhsullar iddiaçıya geri qaytarılmışdır. İddia tələbi əsassızdır, iddiaçıya qeyd olunan məbləğdə borcları yoxdur.
8. Cavabdehə sonuncu baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 184.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq Komfort-Salarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə olunmuş 23 sentyabr 2020-ci il tarixli XXXX nömrəli alqısatqı müqaviləsinin 1-ci hissəsindən görünür ki, Satıcı (iddiaçı) müqavilənin ayrılmaz tərtkib hissəsi sayılan Əlavələrində göstərilən malları Alıcının (cavabdehin) mülkiyyətinə verməyi, alıcı isə həmin malları müqavilənin müəyyən etdiyi şərtlər əsasında qəbul etməyi və dəyərini tam ödəməyi öhdəsinə götürür. Malların adı, miqdarı, çeşidi, ölçüsü və razılaşdırılmış dəyəri müqavilənin Əlavələrində göstərilir. Əlavələr müvafiq qaydada imzalanıb və möhürlə təsdiqləndikdən sonra qüvvəyə minir.
12. Tərəflərin öhdəlikləri adlanan müqavilənin 2-ci hissəsinə əsasən, satıcı müqavilənin Əlavələrində göstərilən malları təhvil-təslim aktı (qaimə) üzrə təhvil verməyi (2.1.1), malların istehsalat qüsurlarını tərəflərin nümayəndələri tərəfindən qüsur aktı tsdiq edildiyi tarixdən 20 təqvim günü ərzində qaldırmağı (2.1.3), alıcı müqavilənin Əlavələrində göstərilən malları təhvil-təslim aktı üzrə satıcıdan qəbul etməyi (2.2.1), müqavilənin müəyyən etdiyi müddət və şərtlər əsasında malın dəyərini ödəməyi (2.2.2) öhdəsinə götürmüşdür.
13. Adıçəkilən müqavilənin 3-cü bəndinə əsasən müqavilə üzrə hesablaşmalar Azərbaycan Respublikasında mövcud olan nağdsız hesablaşmalar qaydasına müvafiq şəkildə həyata keçirilir (3.1). Müqavilənin 4.4-cü bəndinə əsasən mal Gəncə şəhəri Atatürk prospektində yerləşən DTX-nin inzibati binasına təhvil verilir.
14. 23 sentyabr 2020-ci il tarixli XXXX nömrəli alqı-satqı müqaviləsini hər iki tərəf imzalayaraq möhürləmişdir.
15. İddiaçı tərəfindən məhkəməyə 2 ədəd müqaviləyə 01 saylı Əlavə təqdim olunmuşdur.
16. Müqaviləyə 01 saylı Əlavədən görünür ki, ƏDV daxil 128 112,60 manat dəyərində 11 adda malın Gəncə şəhəri, Atatürk prospektində yerləşən DTX-nin inzibati binasına təhvil verilməsi razılaşdırılmışdır.
17. Müqaviləyə 01 saylı Əlavədən (Qiymətlərin razılaşdırılması protokolu) görünür ki, ƏDV daxil 172 416,88 manat dəyərində 25 adda malın Gəncə şəhəri, Atatürk prospektində yerləşən DTX-nin inzibati binasına təhvil verilməsi razılaşdırılmışdır. Həmçinin görünür ki, 25 adda məhsulun tərkibinə əvvəlki Əlavədə qeyd olunan 11 adda məhsul daxildir.
18. Hər iki Əlavəni tərəflər imzalayaraq möhürləmişdir.
19. İş materiallarında olan elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən müqaviləyə 1 saylı Əlavələrdə göstərilən sayda və adda, cəmi dəyəri 172 416,88 manat olan malların cavabdehə təhvil verilməsinin rəsmiləşdirilməsi üçün 118 025,96 manat dəyərində xx.xx.2020-ci il tarixli EBAR 395707 seriya və nömrəli, 54390,92 manat dəyərində xx.xx.2021-ci il tarixli EBBA 657204 seriya və nömrəli elektron qaimələr təqdim edilmişdir.
20. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışdan görünür ki, EBAR 395707 seriya və nömrəli elektron qaimə “təsdiqlənmiş”, EBBA 657204 seriya və nömrəli elektron qaimələr “sistem tərəfindən təsdiqlənmiş” statusundadır. Həmçinin görünür ki, hər iki qaimənin vəziyyəti normaldır.
21. "xxxx" Açıq Səhmdar Cəmiyyətində açılmış iddiaçıya məxsus bank hesabından və ƏDV sub-uçot hesabından çıxarışlardan görünür ki, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə ƏDV daxil olmaqla cavabdeh tərəfindən 118 025,96 manat ödəniş edilmişdir.
22. Göründüyü kimi, müqavilədə malların təhvil verilməsinin təhvil-təslim aktı, qaimə əsasında rəsmiləşdirilməsi razılaşdırılmış, lakin tərəflər arasında malların təhvil verilməsi ilə bağlı işgüzar münasibətlər müqaviləyə Əlavələrin tərtib olunması və təhvil-təslimin elektron qaimə ilə rəsmiləşdirilməsi istiqamətində olmuşdur. Belə ki, tərəflər müqaviləyə 1 saylı Əlavələr bağlamış və Əlavələrdə qeyd olunan adda və miqdarda malların təhvil verilməsinin rəsmiləşdirilməsi üçün iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilmiş, cavabdeh tərəfindən malların dəyərindən 118 025,96 manat ödəniş edilmişdir. Həmçinin təqdim olunan sənədlərdən və izahatlardan aydın olur ki, müqavilədə malların dəyərinin qabaqcadan ödənilməsi razılaşdırılsa da, ödənişlərin bir qismi əvvəlcədən, bir qismi sonradan edilmişdir.
23. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 23 sentyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı nəzərdə tutulmuş malları cavabdehə satmağı, cavabdeh isə müvafiq malları almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edilən müqavilə üzrə cavabdehə ƏDV daxil olmaqla elektron qaimələr əsasında 172 416,88 manat dəyərində mal vermiş, cavabdeh tərəfindən isə 118 025,96 manat ödəniş edilmişdir.
24. İddiaçı tərəf alqı-satqı müqaviləsinə əsasən verilmiş malların qalıq dəyəri olan 54390,92 manat pulun ödənilməsini tələb edir.
25. Cavabdeh tərəf bildirir ki, iddiaçı tərəfindən borc məbləği qeyri-obyektiv qiymətləndirilmişdir. İddiaçı malları onlara yox, üçüncü şəxsə (Dövlət Təhlükəsizlik Xidmətinə) hissə-hissə təhvil vermişdir. Satıcı (iddiaçı) mallar nəqliyyat vasitəsinə yükləndikdən sonra hara təhvil verməli olduğu barədə məlumatlandırılırmış. Buna görə də, satıcı (iddiaçı) malları təhvil verdikdən sonra onunla alıcı (cavabdeh) arasında geri tarixə rəsmiləşdirmə aparılırmışdır. Belə ki, əvvəlcə elektron qaimə təqdim olunmuş, daha sonra mal təhvil verilmiş, bundan sonra qiymət razılaşma protokolu elektron qaimələrə uyğun tərtib olunmuşdur. Ödəniş etmək istəyirlər, lakin tələb olunan məbləğ əsassızdır. Belə ki, mallar göndərilən zaman qüsurlu olduğuna görə cavabdeh tərəfindən həmin malların bir hissəsi iddiaçıya geri qaytarılmışdır. İddia tələbi əsassızdır, iddiaçıya qeyd olunan məbləğdə borcları yoxdur.
26. Göründüyü kimi, cavabdeh malların təhvil verildiyini mübahisələndirmir, lakin mallarda qüsur olduğunu, bir hissəsinin iddiaçıya geri qaytarıldığını bildirir.
27. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir.
28. Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
29. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
30. Həmçinin sübutetmədə, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probatio” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı Qərarı, § 68).
31. Hazırkı iş üzrə iddiaçı tələbinin əsasını təşkil edən sübutlar qismində tərəflər arasında balanmış alqı-satqı müqaviləsini, müqaviləyə 1 saylı Əlavələri (qiymətlərin razılaşdırılması protokolu), elektron qaimələri, hesabdan çıxarışı təqdim edir. Cavabdeh təhvil verilmiş malların bir hissəsinin keyfiyyətsiz olduğunu, geri qaytarıldığını bildirir.
32. Məhkəmə nəzərə alır ki, işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).
33. Məhkəmə qeyd edir ki, cavabdeh malların bir hissəsinin qaytarıldığını bildirsə də, öz etirazının əsası kimi istinad etdiyi hallarla bağlı sübut təqdim etməmişdir. İddiaçı isə malların geri qaytarıldığını qəbul etmir. Məhkəmə cavabdehin izahatı və ekspertiza təyin olunması barədə verdiyi vəsatətin məzmununda qeyd olunanlara əsasən cavabdehə təklif etmişdir ki, mallarda qüsurların olmasını, iddiaçıya geri qaytarılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etsin, lakin cavabdeh məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, malların qüsurlu olması, geri qaytarılması ilə bağlı cavabdehin mövqeyi əsassızdır və iddianın rədd olunması üçün əsas hesab oluna bilməz.
34. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh tərəf malların bir hissəsinin qaytarıldığını bildirsə də, iddiaçının təqdim etdiyi elektron qaimələrə etiraz etməsi ilə bağlı hər hansı sübut da təqdim etməmişdir. Belə ki, cavabdeh malları qaytarmışdırsa, qanunvericiliklə müəyyən edilmiş qaydada öz etirazlarını qarşı tərəfə bildirməli və düzgün tərtib olunmuş yeni elektron qaimənin təqdim olunmasını və ya elektron qaimənin ləğv olunmasını tələb etməli idi. Belə bir etirazın edilməməsi hüquqi baxımdan cavabdehin həmin elektron qaimələrlə razılaşması anlamına gəlir.
35. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
36. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
37. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
38. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
39. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
40. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir və tələbi əsaslıdır.
41. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
42. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
43. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
44. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
45. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
46. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 54390,92 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
47. İddiaçı həmçinin 400 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
48. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-00270 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərcini ödəmişdir.
49. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
50. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.
51. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
52. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
53. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
54. Məhkəmə iddia tələbinin tam təmin olunduğunu nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. V. Nəticə:
55. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 54390 (əlli dörd min üç yüz doxsan) manat 92 (doxsan iki) qəpik məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova