Məhkəmə qərarları › İş №e-2-2(113)-1961/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1961/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1961/2025 02.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi və dövlət rüsumu ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “ATS FEED" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilməmiş 119680 manat həcmində borcun, 35904 manat həcmində dəbbə pulunun, 450,0 (dörd yüz əlli) manat həcmində ödənilmiş dövlət rüsumunun və 1000 manat həcmində ödənilmiş hüquqi yardımla əlaqədar xidmət haqqı məbləği olmaqla, ümumilikdə 157034 manat pulun tutularaq, İddiaçınə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (MMC) ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 saylı Müqaviləyə əsasən tərəflər arasında müxtəlif mal-materialların alqısatqısı əməliyyatları həyata keçirilmişdir. İddiaçı tərəfindən satılan bütün məhsulların satışı təhvil-təslim aktı əsasında və elektron qaiməfaktura əsasında həyata keçirilmişdir. Hazırkı iddia ərizəsinə əlavə edilmiş tərəflər arasında tərtib olunan xx.xx.2024-cü il tarixli 1589 saylı "Üzləşmə aktı"na əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə təqdim edilmiş mal-materiallarla bağlı cavabdehin, ümumilikdə 119680 manat borcu yaranmışdır. Lakin, cavabdeh tərəfindən bugünədək həmin borc məbləğinin ödənilməsi təmin edilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət edərək, 119680 manat borc məbləğinin xx.xx.2024-cü il tarixədək ödənilməsini tələb etsə də, sözügedən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Müqavilənin 3.2-ci bəndinə əsasən alqı-satqı əməliyyatları zamanı ödənişlər satıcı tərəfin təqdim etdiyi elektron qaimə-fakturanın tarixindən 14 (on dörd) gün ərzində nağdsız qaydada (bank hesablaşma-hesabına) alıcı tərəfindən həyata keçirilməlidir. Həmin Müqavilənin 8.2-ci bəndinə əsasən ödənişlərlə bağlı hər gecikmə günü üçün ümumi məbləğin 0,1 %-i həcmində, lakin ümumi məbləğin 10 %-dən çox olmamaqla dəbbə pulu hesablanması nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 8.3-cü bəndinə əsasən isə alıcı tərəfindən təqdim edilən malların ödənişləri 2 (iki) təqvim ayından çox ödənilmədikdə satıcı malların cəmi dəyərinin 30 (otuz) %-i həcmində dəbbə pulu tələb edə bilər. Tərəflər arasında münasibətləri tənzimləyən xx.xx.2021-ci il tarixli Müqavilə bağlanarkən cavabdeh tərəfin adı "GP Stock Feed) MMC olmuş, lakin sonradan həmin Cəmiyyətin adı dəyişdirilərək "xxxx" MMC olaraq adlandırılmışdır. Cavabdehin adı dəyişməzdən öncə və sonrakı vergi öədyicisinin eyniləşdirmə nömrəsindən (VÖEN) də görünüdüyü kimi hər iki adlı Cəmiyyət eyni VÖEN-ə məxsusdur. Beləliklə, iddia ərizəsinə əlavə olunan bütün hüquqi sənədlərdən də göründüyü kimi, cavabdeh "xxxx" MMC-nin iddiaçı "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixə, ümumilikdə 119680 manat borcu vardır.

3. Cavabdehin nümayəndəsi etriaz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin dəbbə puluna dair hissədə təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, 119680 manat əsas borc məbləğinə münasibətdə 35904 manat dəbbə pulunun tələb edilməsi ilə razı deyil. Belə ki, əvvəla, tələb olunan dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksəkdir. Digər tərəfdən, cavabdehin hazırda satış mövsümünün olmaması, debitorlarm şirkət qarşısında olan öz borc öhdəliklərini vaxtında icra etməməsi və s. bu kimi digər səbəblərdən hazırda bir çox maddi problemləri yaranmış və ödəmə qabiliyyəti çox aşağıdır. Məhz qeyd olunan səbəblərə görə cavabdeh iddiaçı qarşısmda olan borc öhdəliyini gecikdirmişdir. İddia dəbbə puluna dair hissədə təmin olunacağı təqdirdə, cavabdeh əlavə problemlərlə üzləşəcəkdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı (MMC) ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (əvvəlki adı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 saylı Müqaviləyə əsasən:

10. Müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”ya Malı (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən X2 telefon elektron poçt və ya kuryer (poçt) vasitəsilə bildirdiyi sifarişi əsasında Satıcı tərəfindən tərtib olunanvəAlıcıya elektron qaydada göndərilən elektron qaimə-fakıura üzrə müəyyən olunanadda,çeşiddə,miqdardavəməbləğdə Satıcı tərəfindən Alıcıya təchiz olunur. Elektron qaimə-faktura həmçinin Alıcının sifarişi hesab olunur.Tərəflərin razılaşması əsasında sifarişdə dəyişiklik edilə bilər.

12. Müqavilənin 2.2-ci bəndinə əsasən Malların sifarişi qəbul olunarkən. Satıcının sifariş vaxtı öz ehtiyatında tam və ya qismən mövcud olmayan Malları Alıcıya təchiz etməmək və ya belə Mallarını alternativini Alıcıya təklif etmək hüququ vardır. Alıcı ona təklif olunan alternativ qismində təklif olunan malı sifariş və ya qəbul etməkdən imtina edə bilər.

13. Müqavilənin 2.3-cü bəndinə əsasən Satıcı Malları miivafıq tara və qablaşdırmasmda. Mallara aid olan ləvazimat və sənədlərlə birlikdə, komplekliyi nəzərə alınmaqla Alıcı tərəfimdən müəyyən edilən qaydada Malların çatdırılma məntəqəsində öz vəsaiti və qüvvəsi hesabına təhvil verir.

14. Müqavilənin 2.4-cü bəndinə əsasən Malların çatdırılma məntəqəsi, təchizat müddəti və qaydaları Müqaviləyə əlavə edilmiş müvafiq Qiymətlərin Razılaşdırılması protokolları ilə müəyyən edilir.

15. Müqavilənin 3.1-ci bəndinə əsasən Müqavilə üzrə Malların qiyməti Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələri ilə müəyyən edilir.

16. Müqavilənin 3.2-ci bəndinə əsasən Müqavilə üzrə ödənişlər. Satıcı tərəfindən Alıcıya göndərilən elektron qaimə-fakturanın tarixindən etibarən 14 (on) iş günü ərzində nağdsız hesablaşmalar qaydasında aparılır.

17. Müqavilənin 4.1.1-ci bəndinə əsasən Alıcıya keyfiyyətli və istismara yararlı Malları satmaq və həmin Mallar haqqında Alıcını zəruri və düzgün məlumatlarla təmin etmək:

18. Müqavilənin 4.2.2-ci bəndinə Alıcı tərəfindən Müqavilə ilə müəyyən edilmiş öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəyən zərərin ödənilməsini tələb etmək;

19. Müqavilənin 8.2-ci bəndinə əsasən ödənişlərlə bağlı hər gecikmə günü üçün ümumi məbləğin 0,1 %-i həcmində, lakin ümumi məbləğin 10 %-dən çox olmamaqla dəbbə pulu hesablanması nəzərdə tutulmuşdur.

20. 31.07.2024-cü il tarixli, 12104512 saylı (MT2407 serialı) e-qaiməyə əsasən iddiaçı tərəfindən cavabdehə 5000 manat dəyərində, xx.xx.2024-cü tarixli, 10104693 saylı (MT2408 serialı) e-qaiməyə əsasən 25000 manat dəyərində, xx.xx.2024-cü il tarixli, 11250594 saylı (MT2408 serialı) e-qaiməyə əsasən 79680 manat dəyərində və xx.xx.2024-cü il tarixli 11241767 saylı (MT2409 serialı) e-qaiməyə əsasən 10000 manat dəyərində və xx.xx.2024-cü il tarixli 11173117 saylı (MT2411 serialı) e-qaiməyə əsasən 23500 manat dəyərində elektron qaimələr göndərilmişdir.

21. 31.07.2024-cü il tarixli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə 5000 manat dəyərində və xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən – 79680 manat dəyərində mallar təhvil verilmişdir. Aktlar hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

22. 1589 saylı xx.xx.2024-cü il tarixli qarşılıqlı üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC-yə cəmi 119680 manat borcun olduğu hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.

23. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

25. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

26. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

27. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

28. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

29. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

31. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında 22 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcı”ya Malı satmağa, “Alıcı” isə həmin Malı qəbul edib və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdeh MMC-nin iddiaçıya müqavilə üzrə 119.680 manat ödənilməmiş borcu qalmışdır. Həmin borcun mövcudluğu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş üzləşmə aktı ilə öz təsdiqi tapır.

32. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimə, təhvil-təslim aktı və üzləşmə aktı ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 119.680 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

33. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 119680 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 119.680 manat məbləğində əsas borc və dəbbə tutularaq iddiaçıya ödənilməlidir.

34. Bundan əlavə iddiaçı 35.904 manat həcmində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir.

35. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

36. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

37. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

38. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (119.680 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından tutulacaq dəbbə pulu 5984 manat məbləğində müəyyən edilməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “ATS FEED" MMC 22 iyul 2021-ci il tarixli 01 nömrəli müqavilə üzrə 119680 manat əsas borc məbləği və 5984 manat dəbbə pulu (cərimə) tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

40. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 1000 manat məbləğində vəkil xərci və 450 manat dövlət rüsumu ödənilmişdir.

41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün dövlət rüsumunun əvəzi olaraq (rüsumun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) 416 manat və vəkil xərcinin əvəzi olaraq 1000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 119.680 manat əsas borc, 5984 manat dəbbə pulu, dövlət rüsumunun əvəzi olaraq 416 manat, vəkil xərcinin əvəzi olaraq 1000 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar