Məhkəmə qərarları › İş №e-2-2(113)-1966/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1966/2022

04.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1966/2022 04.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" Birgə Müəssisəsinin cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Birgə Müəssisəsi cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə (“X3” MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X4” MMC-dən 42401 (qırx iki min dörd yüz bir) manat borc və 230 (iki yüz otuz) manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Birgə Müəssisəsinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh (sifarişçi) “X3” MMC (VÖEN:**********) ilə iddiaçı (icraçı) "xxxx" Birgə Müəssisəsi arasında xx.xx.2019-cu il tarixdə birgə müqavilə bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən “X3” MMC-nin direktoru X1 ümumi dəyəri 65401 (altmış beş min dörd yüz bir) manat məbləğində müxtəlif çeşidli (laminat, Parket, DSP, MDF) mebel aksesuarları, qapılar və digər malları icraçıdan təhvil alaraq istifadəsi üçün qəbul etmişdir. Cavabdeh aldığı malların dəyərinin bir qismini, 23000 (iyirmi üç min) manat məbləği "xxxx" Birgə Müəssisəsinin hesabına ödəyərək, özünə inam və etibar qazanmış, qalan 42401 (qırx iki min dörd yüz bir) manat borcunu isə qısa bir zamanda ödəyəcəyinə söz vermişdir. “X3” MMC-nin direktoru X1 iddiaçı tərəfindən müəssisəyə dəvət edilmiş və ondan tələb edilmişdir ki, qısa bir zamanda qalan borcunun ödənilməsini təmin etsin. Ona görə də xx.xx.2021-ci il tarixdə borcun etiraf edilməsinə dair akt tərtib edildi ki, 42401 manat borcu xx.xx.2021-ci il tarixədək həqiqətən tam ödəyəcəkdir. Lakin borclu “X3” MMC-nin direktoru Şahid ünvanına rəsmi məktubla və mobil telefonla dəfələrlə borcun ödənilməsi ilə bağlı müraciət olunsa da, hər dəfə müxtəlif bəhanələr gətirərək, məsuliyyəti digər şəxslərin üzərinə atmaqla ödənişdən yayınır. Cavabdehə borcun ödənilməsi üçün dəfələrlə xəbərdarlıq edilmişdir ki, bağlanmış müqavilənin şərtlərini kobud halda pozduqlarına görə barələrində müvafiq tədbir görülməsi məqsədi ilə qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçı tərəfindən məhkəməyə müraciət olunacaq. Lakin qarşı tərəf bu günədək iddiaçının qanuni tələblərinə heç bir məhəl qoymayaraq, borcun ödənişindən qəti olaraq imtina edir və müxtəlif bəhanələr gətirərək yayınır. Daha sonra iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək, iddia tələbində 230 manat dövlət rüsumu ödənişinin 200 manat mediasiya xərci kimi nəzərə alınmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı tərəfindən cavabdehə 65401 (altmış beş min dörd yüz bir) manat məbləğində malların verilməsi ilə bağlı iddia tamamilə əsassızdır. İddiaçıya cəmi 31000 manatdan bir az artıq dəyərdə mal verilmiş, bununla bağlı cavabdehə elektron qaimələr göndərilmiş, onların əsasında ödənişlər edilmişdir. Qeyd olunan məbləğdən 23038,73 manat ödənilmiş, hazırda cavabdehin iddiaçıya 7998,94 manat məbləğində borcu qalmışdır. İddiçının göstərdiyi məbləğdə malların verilməsi ilə bağlı heç bir sübut təqdim edilmir, bu barədə cavabdehin mühasibatlıq sənədlərində də heç bir məlumata rast gəlinmir. Keçmiş direktorla borcun etiraf edilməsi barədə tərtib olunmuş aktın cavabdehə aidiyyatı yoxdur, olsaydı, həmin akta möhür də vurulmuş olardı. Həmin akt sonradan da tərtib oluna bilər. Keçmiş direktorun hüquqi şəxsin əleyhinə ifadə verməsi də onun qərəzli olduğunu göstərir. İddianın qismən, qəbul etdikləri hissədə təmin olunmasına etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadə verərək bildirdi ki, “X3” MMC-nin qanuni təmsilçisi olduğu zaman "xxxx" birgə müəssisəsi ilə uzun müddət işgüzar əlaqələri olmuşdur. Hazırkı iddia tələbində qeyd olunan borc məbləği də həmin dövrdə yaranmışdır. Həmin hüquqi şəxsin paylarının 20 faizi hazırda da ona məxsusdur. Digər təsisçilərin qərarı ilə direktor vəzifəsindən azad olunmuşdur. Şirkətin möhürü indi də onda qalmaqdadır. Borc məbləği ilə bağlı “X3” MMC-nin rəhbərliyinə məlumat vermiş və ona bildirmişlər ki, borc ödəniləcəkdir. Lakin hazırda borc məbləği ödənilməmiş qalır. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - İcraçı qismində "xxxx" Birgə Müəssisəsi ilə sifarişçi qismində “X3” MMC arasında 24 iyul 2019-cu il tarixli, C 162-19 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi müxtəlif çeşidli laminat parket, DSP, MDF, mebel aksessuarları, qapılar və sair malların alınması üçün icraçının təklif etdiyi qiymətlər ilə razılaşmışdır. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən icraçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib, malları sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən sifarişçi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirə salınmadan (aşkar olunan qüsurların icraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən sifarişçi müqavilənin icrası ilə bağlı bütün məlumatların dəqiqliyinə və icraçıya vaxtında çatdırılmasına təminat verir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən müqavilədə müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (hesab-fakturalar, elektron-qaimələr, aktlar, üzləşmələr, digər sənədlər) əsasında əvvəlcədən avans olaraq və yaxud sonradan həyata keçirilməlidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən müqavilə icraçı və ya sifarişçi tərəfindən ləğv olunarsa, tərəflər ödənişlərin (o cümlədən avans və digər ödənişlərin) məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. - İddiaçı məhkəməyə xx.xx.2021-ci il tarixli borcun etiraf edilməsi barədə akt təqdim etmişdir. Həmin aktdan görünür ki, “X3” MMC-nin keçmiş direktoru X1 xx.xx.2019-cu il tarixdən yaranan 42401 manat məbləğində olan borcu etiraf edərək, xx.xx.2021-ci il tarixədək "xxxx" Birgə Müəssisəsinə ödəyəcəyini bildirmişdir. Qeyd edilən akt tərəflərin imzasi ilə (iddiaçının möhürü) təsdiq edilmişdir. - xx.xx.2021-ci il tarixli borcun etiraf edilməsi barədə Aktdan görünür ki, “X3” MMCnin keçmiş direktoru X1 xx.xx.2019-cu il tarixdən yaranan 42401 manat məbləğində olan borcu etiraf edərək "xxxx" Birgə Müəssisəsinə ödəyəcəyini bildirmişdir. Qeyd edilən akt hər tərəflərin imzasi ilə təsdiq edilmişdir. Əlavə olaraq aktda qeyd edilmişdir ki, 20 % payının avadanlıqlarla bilrikdə yaranmış 42401 manat məbləğində olan borcun əvəzinə "xxxx" Birgə Müəssisəsinin mülkiyyətinə keçirilməsinə etiraz etmirlər. - xx.xx.2019-cu il tarixli, EAAX seriyalı, 687279 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" Birgə Müəssisəsi tərəfindən “X3” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2572 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2019-cu il tarixli, EAAY seriyalı, 136943 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" Birgə Müəssisəsi tərəfindən “X3” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2354 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2019-cu il tarixli, EAAZ seriyalı, 515554 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" Birgə Müəssisəsi tərəfindən “X3” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 513,30 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2019-cu il tarixli, EAAZ seriyalı, 530725 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" Birgə Müəssisəsi tərəfindən “X3” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 624,98 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2019-cu il tarixli, EAAZ seriyalı, 516629 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" Birgə Müəssisəsi tərəfindən “X3” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3836 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2019-cu il tarixli, EAAZ seriyalı, 660252 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" Birgə Müəssisəsi tərəfindən “X3” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 435 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2019-cu il tarixli, EAAZ seriyalı, 903791 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" Birgə Müəssisəsi tərəfindən “X3” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4274,96 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2019-cu il tarixli, EBAA seriyalı, 670989 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" Birgə Müəssisəsi tərəfindən “X3” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8942,15 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2019-cu il tarixli, EBAE seriyalı, 494106 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" Birgə Müəssisəsi tərəfindən “X3” MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8000,03 manat (ƏDV daxil) təşkil edir. - xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, “X3” MMC tərəfindən "xxxx" Birgə Müəssisəsinə 1440 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, “X3” MMC tərəfindən "xxxx" Birgə Müəssisəsinə 540 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, “X3” MMC tərəfindən "xxxx" Birgə Müəssisəsinə 783,01 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - "xxxx" QSC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli “X3” MMC-nin (VÖEN: **********) AZ10ACAB******************** nömrəli hesabından çıxarışdan görünür ki, "xxxx" Birgə Müəssisəsinə sözügedən hesabdan xx.xx.2019-cu il tarixdə 2179,66 manat, xx.xx.2019-cu il tarixdə 392,34 manat, xx.xx.2019-cu il tarixdə 359,08 manat, xx.xx.2019cu il tarixdə 1994,91 manat, xx.xx.2019-cu il tarixdə 8000 manat, xx.xx.2019-cu il tarixdə 3000 manat və xx.xx.2019-cu il tarixdə 4350,08 manat məbləğində pul vəsaiti məxaric edilmişdir. -"xxxx" Birgə Müəssisəsi tərəfindən göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" Birgə Müəssisəsi ilə cavabdeh “X3” MMC arasında bağlanmış 24 iyul 2019-cu il tarixli, C 162-19 nömrəli müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbinin bir hissəsini cavabdeh “X4” MMC-dən 42401 (qırx iki min dörd yüz bir) manat borcun tutulması təşkil edir. İddiaçı iddia edir ki, cavabdeh 65401 manat məbləğində müxtəlif çeşidli mebel aksesuarları, qapılar və digər malları icraçıdan təhvil alaraq istifadəsi üçün qəbul etmiş, aldığı malların dəyərinin bir qismini, 23000 (iyirmi üç min) manat məbləği iddiaçının hesabına ödəmiş, qalan 42401 (qırx iki min dörd yüz bir) manat məbləğ isə ödənilməmiş qalmışdır. Cavabdeh 31037,67 manat məbləğində malları təhvil aldığını, həmin məbləğdən 23038,73 manat məbləğində pulun ödənildiyini, iddiaçıya 7998,73 manat məbləğində borcunun qaldığını bildirmişdir. Müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə yuxarıda qeyd edilən elektron qaimələr göndərilmiş və həmin qaimələr üzrə ödəniləcək ümumilikdə məbləğ 31552,42 manat təşkil edir. Cavabdeh tərəfindən isə iddiaçıya ümumilikdə 23038,73 manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi göstərilən hissədə qismən təmin edilməli və cavabdehdən 8513,69 manat (elektron qaimələr üzrə ödənilməli olan məbləğ 31552,42 manat – cavabdeh tərəfindən iddiaçıya ödənilmiş pul vəsaitlərinin cəmi 23038,73 manat = 8513,69 manat) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən təqdim olunmuş borcun etiraf edilməsi barədə akta münasibətdə isə qeyd olunmalıdır ki, həmin akt cavabdehin keçmiş dikektoru (sonradan iki dəfə direktor dəyişib) tərəfindən imzalanmışdır və aktda cavabdehin möhür yoxdur. Həmin hal isə aktın sonradan tərtib oluna biləcəyini istisna etmir. Həmin vəziyyət keçmiş direktorla iddiaçı arasında fiziki şəxs olaraq münasibətlərin ola bilməsi halını da istisna etmir. İşin yuxarıda müəyyən olunan hallarından göründüyü kimi, təhvil verilən malların dəyərinin ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilmişdir. Bundan başqa, aktda “xx.xx.2019-cu il tarixindən yaranmış 42401 manat borcun etirafı edilməsi” qeyd olunur. Halbuki, 23038,73 manat məbləğində ödənişlər həmin tarixdən sonra edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən müqavilədə müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (hesabfakturalar, elektron-qaimələr, aktlar, üzləşmələr, digər sənədlər) əsasında əvvəlcədən avans olaraq və yaxud sonradan həyata keçirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə “borcun etiraf edilməsi barədə akt”ı və şahid ifadəsini hazırkı iş üzrə mötəbər sübut kimi qəbul etmir. İddiaçı 200 (iki yüz) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən mediasiyaya görə 100 (yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətindən 8513,69 manat (səkkiz min beş yüz on üç manat altmış doqquz qəpik) məbləğində əsas borc və 100 (yüz) manat mediasiya xərci olmaqla, cəmi 8613,69 manat (səkkiz min altı yüz on üç manat altmış doqquz qəpik) məbləğində pul tutularaq iddiaçı "xxxx" Birgə Müəssisəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar