Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1969/2022 04.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və ödənilmiş pulun geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə qarşı (bundan sonra – cavabdeh) “müqavilənin ləğv edilməsi və ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 21.01.2021-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdeh tərəfindən rəhvil verilmiş 20 ədəd stellajın cavabdehin hesabına geri götürülməsi və müqavilə üzrə avans kimi ödənilmiş 5139,02 manat məbləğində pulun və məhkəmə xərclərinin əvəzi kimi ödənilmiş 71 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş məhkəmənin icraatına qəbul edilərək işin hazırlıq iclası 07.04.2021-ci il tarixə təyin edilmişdir. 04.05.2022-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq ölkədə tətbiq edilən karantin rejimi və işlərin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsi və işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Materiallardan görünür ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə 06.04.2022-ci il tarixdə verilmiş iddia ərizəsi Nümayəndə tərəfindən elektron imza ilə imzalanmışdır. İddia ərizəsinə Nümayəndə iddiaçını təmsil etmək səlahiyyətinə malik olmasını təsdiq edən sənəd (etibarnamə), habelə əsas iş yerinin həmin hüquqi şəxs (iddiaçı) olan işçisi və ya vəkil olduğunu təsdiq edən sənəd əlavə edilməmişdir. MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31.03.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, ərizə nümayəndə tərəfindən verildikdə ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə nümayəndənin işdə iştirak edən fiziki şəxsin yaxın qohumu, hüquqi şəxsin işçisi olduğunu təsdiq edən sənəd və ya vəkil orderi əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması və s. bu kimi səlahiyyətlər nümayəndəyə verilən etibarnamədə xüsusi göstərilməlidir. Həmin qaydaya əməl olunmaması ərizənin baxılmamış saxlanılması üçün qeyd-şərtsiz əsasdır. MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264, 267-268–ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC-yə izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1969/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1969/2022
04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver