Məhkəmə qərarları › İş №e-2-2(113)-1973/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1973/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1973/2020 19.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi , Zeynalova Leyla Afiq qızının katibliyi, ilkin iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, ilkin iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı1 MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliyinin icrası və maddi ziyan tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı1 MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 MMC Cavabdeh MMC-yə qarşı Müqavilə öhdəliyinin icra edilməsi və "İddiaçı1" MMC-yə məxsus NEW HOLLAND D255 model buldozenir təmir edilərək təhvil verilməsinin cavabdehə həvalə edilməsi, 2019-cu ilin aprel ayından hazırki müddətədək cavabdeh tərəfindən aparılmış təmir işləri üzrə hesablanmış usta pulu və ehtiyat hissələrinə çəkilmiş xərclərin cavabdehə aid edilməsi, 2019-cu ilin aprel ayından bu günədək ödənilmiş icarə haqqının əvəzi olan 90.000 (doxsan min) manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, məhkəmə xərci (dövlət rüsumu və vəkilə ödənilmiş xərclər) və digər cari xərclərə görə 1000 (min) manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırımışdır ki, İddiaçı1 MMC Azərbaycan Respublikası qanunvericiliyi və öz nizamnaməsi əsasında fəaliyyət göstərən sahibkarlıq subyekti olmaqla, əsasən yük daşıma və inşaat materiallarının istehsalı ilə məşğul olur. MMC-nin balansında nəqliyyat vasitələri və istehsal prosesində istifadə olunan maşınmexanizimlər mövcuddur. MMC sahibkarlıq subyekti olaraq əməkdaşlıq etdiyi digər subyektlərlə münasibətlərin operativ və səmərli şəkildə tənzimlənməsini təmin etmək üçün müxtəlif istiqamətli müqavilələr bağlayır və münasibətləri həmin müqavilələr əsasında tənzimləyir. MMC hazırki iş üzrə cavabdehlə uzun illərdir ki, əməkdaşlıq edir və bu əməkdaşlıq əsasən iki istiqamətdə formalaşmışdır: birincisi, cavabdehin satdığı texnika və ehtiyyat hissələrinin alışı, ikincisi, cavabdeh tərəfindən texnikalara göstərilən texniki xidmət. Texnika və ehtiyyat hissələrinin alqı-satqısı qanunvericiliyə müvafiq olaraq müqavilə ilə rəsmiləşdirilir və ödəmə əməliyyatı aparılır. MMC-yə məxsus maşın mexanizimlərə texniki xidmət göstərilməsinin təmin edilməsi məqsədilə isə tərəflər arasında TXM00034/16 saylı, xx.xx.2016-cı il tarixli Texniki Xidmət Müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən sifarişçinin (İddiaçı1 MMC) yaxud sifarişçi tərəfindən təyin edilmiş məsul şəxsin tapşırığına əsasən, icraçı (Cavabdeh MMC) sifarişçiyə məxsus olan yeni və yaxud işlənmiş texnikalar üzrə servis xidməti göstərilməsini və anbarda olan ehtiyyat hissələri ilə təchiz edilməsini öz üzərinə götürür. Müqavilədə xidmətlərin göstərilməsi ilə əlaqədar tərəflərinin hüquq və vəzifələri, məsuliyyətin əsasları və müqavilə münasibətlərindən irəli gələn digər məsələlərin tənzimlənməsi öz əksini tapmışdır. Sonuncu dəfə müqaviləyə əsasən, İddiaçı1 MMC-yə məxsus NEW HOLLAND D255 model buldozer təmir edilməsi üçün Cavabdeh MMC-yə təhvil verilmiş, 25/04/19-də GM 11624 saylı təmir aktı ilə texnikanın təmirinə başlanmışdır. Aktda qeyd edilmişdir ki, texnikanın ön sağ silinderinin demontajı, yağlanması və montajı, SİQ yığılması, elektrik sisteminin təmiri həyata keçirilmişdir. Görülmüş işlərə görə VHF və elektron-qaimə göndərilmiş, təmir xərci 4081.28 manat təşkil etmişdir. Həmin xərcin 2070 manat hissəsi təmirə cəlb edilmiş mütəxəsislərin haqqı, digər isə guya dəyişdirilmiş ehtiyat hissələrinin xərcidir. Məhkəmənin diqqətinə çatıdırıram ki, təmir üçün verilmiş texnika alqı-satqı müqaviləsi ilə cavabdehdən alınmışdır. Hazırki halda texnikanın təmirə verilməsində məqsəd surətlər qutusunda artıq yağ sərfiyyatının aşkar edilməsi olmuşdur. Ancaq tərtib edilmiş təmir aktında bununla bağlı hər hansı qeyd yoxdur, hətta aktdan belə müəyyən olunur ki, icraçı sifarişdən kənara çıxmışdır. Texnika icraçıya məxsus servis mərkəzində təmirdən sonra sınaq baxışından keçirilərkən surətlər qutusunda yağ nasosundan yağın yenidən geri qayıtdığı müəyyən edilmiş, icraçının əməkdaşları nasosda yağın miqdarını azaltmaqla guya problemi aradan qaldırmışlar. Bundan başqa, aktdan müəyyən olunur ki, xx.xx.2019-ci il tarixdə tərtib edilmiş və həmin gün işə başlanmışdır. Ancaq aktın bağlanma tarixi kimi xx.xx.2018-ci il qeyd edilmişdir. Təmirdən sonra texnika xüsusi nəqliyyat vasitəsi ilə Masallı rayonuna aparılmış, xx.xx.2019-cu ildə istehsal prosesinə buraxılmış, lakin təmir öncəsi problemlər yenə də aşkar edilmiş, texnika bir neçə gün fasilərlə işləsə də faydalı iş əmsalı çox aşağı olmuş, xx.xx.2019 tarixdən isə ümumiyyətlə işləmədiyi üçün sahədən çıxarılmışdır. Sifarişçinin dəvətilə icraçı təşkilatın əməkdaşları texnikaya baxış keçirib nasazlığı aradan qaldırmaq məqsədilə Masallı rayonuna gəlmişlər. Ancaq onların müdaxiləsi də heç bir nəticə verməmiş, 2019-cu ilin yay aylarında bu proses davam etmişdir. Texnika xx.xx.2019-cu il tarixdə təmir edilərək təhvil verilsə də xx.xx.2019-cu il tarixdə nasazlıq yaranmış, xx.xx.2019-cu il tarixdə isə sürətlər qutusunda nasazlıq yaranmış, texnika tam gücü ilə işləməmişdir. xx.xx.2019-cu il tarixdə texnika təmir edilməsi üçün yenidən Bakı şəhərinə göndərilmişdir. Həmin müddətdə bizə bildirmişlər ki, təmir və diaqnostika üçün xaricdən mütəxəsis gətirilibdir. Texnikanın təmir edildiyi barədə məlumat aldıqdan sonra xx.xx.2020-ci ildə Masallı rayonundan daşıyıcı vasitə göndərilmiş, lakin texnika işə salınarkən yenidən əvvəlki problem, yəni yağın axıdılması aşkar edilmilş, ona görə də texnikanın qəbul edilməsindən imtina edilmişdir. Beləliklə, cavabdeh təşkilat müqavilə öhdəliyinin lazımi qaydada icra etmədiyindən, MMC-yə külli miqdarda maddi ziyan dəymişdir. Bu baxımdan müqavilə öhdəliyinin pozulması ilə bağlı dəymiş ziyan nəzərə alınmaqla cavabdehə qarşı iddia tələbləri aşağıdakı kimi ifadə olunmalıdır: 1. Müqavilə öhdəliyinin icra edilməsi və texnikanın təmir edilərək təhvil verilməsi cavabdehə həvalə edilməli; 2. 2019-cu ilin aprel ayından hazırki müddətədək cavabdeh tərəfindən aparılmış təmir işləri heç bir nəticə vermədiyindən, həmin təmir üzrə hesablanmış usta pulu və ehtiyat hissələrinə çəkilmiş xərclər cavabdehə aid edilməli; 3. 2019-cu ilin aprel ayından bu günədək texnika təmir edilmədiyindən MMC başqa şəxslərə məxsus texnikaların xidmətindən yararlanmaqla hər ayı 7500 manat olmaqla verdiyi icarə haqqının əvəzi (may 2019 – aprel 2020 / 12 ay x 7500 = 90.000) cavabdehdən iddiaçının xeyrinə tutulmalı; 4. Həmçinin məhkəmə xərci və digər cari xərclər kimi 5000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 MMC-yə qarşı xx xxxxxxx 2016-cı il tarixli, TXM-00034/16 saylı “Texniki Xidmət müqaviləsi”nə əsasən 11.210 (on bir min iki yüz on) manat məbləğində əsas borcun, gecikdirilmiş günlərə görə hesablanmış 1876,50 (bir min səkkiz yüz yetmiş altı, 50) manat cərimə məbləğinin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdeh İddiaçı1 MMC-dən tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi və ilkin iddianın təmin edilməməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı1 MMC arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli, TXM-00034/16 nömrəli “Texniki xidmət müqaviləsi”-nə əsasən cavabdehə məxsus olan texnikalara Cavabdeh MMC-nin servis mərkəzində xidmət göstərilmiş və bu xidmətlərə görə cavabdeh ayrı-ayrı vaxtlarda ödənişlər etmişdir. Lakin xx.xx.2019-cu il tarixli GM11624 nömrəli Təmir aktına əsasən isə 3845,28 (üç min səkkiz yüz qırx beş, 28) manat dəyərində, xx.xx.2019-cu il tarixli, GM11804 nömrəli Təmir aktına əsasən cavabdehə 7364,72 (yeddi min üç yüz altmış dörd, 72) manat dəyərində (edilmiş 50% endirim də nəzərə alınmaqla) xidmətlər göstərilsə də, adıçəkilən Təmir aktları üzrə cavabdeh təşkilat heç bir ödəniş həyata keçirməmişdir. Qeyd olunan müqavilənin 4.7-ci bəndində ödənişlərin gecikdirildiyi hər günə görə 0,1% cərimə nəzərdə tutulmuşdur. Bununla da, ödənişlərin gecikdirilməsinə görə, cavabdeh 1876,50 (bir min səkkiz yüz yetmiş altı, 50) manat məbləğində cərimə ödəməlidir. Beləliklə, təhvil verilmiş ehtiyat hissələrinə və göstərilmiş təmir xidmətlərinə görə xx xxxxxx 2020-ci il tarixinədək cavabdeh İddiaçı1 MMC-nin iddiaçı Cavabdeh MMC-yə əsas borcu 11 210 (on bir min iki yüz on) manat, ödənişin gecikdirilməsinə görə isə cərimə borcu isə 1876,50 (bir min səkkiz yüz yetmiş altı, 50) manat təşkil edir. Cavabdehə göstərilən borc məbləğinin ödənilməsi tələbi ilə xx xxxxxx 2020-ci il tarixli, 1426 saylı pretenziya məktubu göndərilmişdir. Lakin həmin tarixdən bu günə qədər cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. İlkin iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X2 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddiaya etiraz etdi və qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ilkin və qarşılıqlı iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehinnümayəndəsinidinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki,aşağıda göstərilənlərə əsasən ilkin iddia rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarında olan satıcı Cavabdeh MMC ilə alıcı “Bayram-M” şirkəti arasında bağlanmış xx.xx.2014-cü il tarixli 116/14-GM-S nömrəli Alqı-satqı müqaviləsinə əsasən satıcı alıcı tərəfindən seçilmiş bir ədəd New Holland D255 modelli buldozer satmağı, alıcı həmin əmlakın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan sifarişçi İddiaçı1 MMC ilə icraçı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli TXM-00034/16 nömrəli Texniki Xidmət Müqaviləsinə əsasən sifarişçinin və yaxud sifarişçi tərəfindən təyin edilmiş məsul şəxsin tapşırığına əsasən icraçı sifarişçiyə məxsus olan yeni və yaxud işlənmiş texnikaları üzrə servis xidməti göstərilməsini və anbarda olan ehtiyyat hissələri ilə təchiz edilməsini öz üzərinə götürür. Müqavilənin 2.6-cı bəndinə əsasən “Sifarişçi” texnikaların istismar qaydalarına uyğun olaraq və təyinatı üzrə istismar edilməsində nəzarət etməlidir. Təyinatı və istismar qaydaları üzrə istismara nəzarət məsuliyyəti “Sifarişçi”nin üzərinə düşür. Müqavilənin 2.7ci bəndinə əsasən “Sifarişçi” texnikaların istismar qaydalarına uyğun olaraq və təyinatı üzrə istismar etmədikdə, “İcraçı” tərəfindən görülmüş işlərə, ehtiyyat hissələrinə və texnikaya zəmanət verilmir. İş materiallarında olan sifarişçi İddiaçı1 MMC ilə icraçı “xxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli XM-T/01-19 nömrəli Xidmətlərin göstərilməsi haqqında Müqaviləyə əsasən sifarişçi “daş qırılması” xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi öhdəsinə götürür, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada müqavilədə göstərilən xidməti 10-R-400 dövlət qeydiyyat nişanlı Doosan Solar 225LC-V markalı ekskavator texnika ilə həyata keçirir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təmir aktına əsasən İddiaçı1 MMC-yə məxsus New Holland D255 modelli buldozerin təmiri üçün görülmüş işlərin dəyəri 3845,28 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təmir aktına əsasən İddiaçı1 MMC-yə məxsus New Holland D255 modelli buldozerin təmiri üçün görülmüş işlərin dəyəri 7364,72 manat təşkil edir. İş materiallarında olan AR Vəkillər Kollegiyası Hüquqi yardımın göstərilməsi haqqında 554 nömrəli xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı1 MMC tərəfindən 20 saylı Vəkil bürosu hüquqi xidmətlərin göstərilməsi üçün 100 manat və əlavə 10 manat ödənilməsi barədə razılığa gəlmişdir. Cavabdeh MMC-yə ünvanlanmış telegrama əsasən İddiaçı1 MMC bildirmişdir ki, Cavabdeh MMC-dən satın alınmış buldozerə servis xidmətinin göstərilməsi də həmin MMC-yə aiddir, ancaq 2019-cu ilin aprel ayından texnika işləmir və bunun nəticəsində İddiaçı1 MMC eyli zərərə məruz qalmışdır. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə uyğun olaraq, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, həmin Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən, əgər həmin Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı dövründə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən yuxarıda göstərilən müqavilə üzrə, öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazıminca icra etməməsi barədə iddiaçı tərəfindən hər hansı bir dəlil və ya sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməmişdir. Məhkəmə ilkin iddia tələbinə 2019-cu ilin aprel ayından hazırki müddətədək cavabdeh tərəfindən aparılmış təmir işləri üzrə hesablanmış usta pulu və ehtiyat hissələrinə çəkilmiş xərclərin cavabdehə aid edilməsi hissəsində qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə nəzərdə tutulmuş xidmətlərin göstərilməsi müqabilində haqqın ödənilməsi nəzərdə tutulduğundan ilkin iddia bu hissədə də təmin edilməməlidir. Məhkəmə ilkin iddia tələbinə 2019-cu ilin aprel ayından bu günədək ödənilmiş icarə haqqının əvəzi olan 90.000 (doxsan min) manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində araşdıraraq hesab edir ki, cavabdehin mübahisəli buldozeri təmir etmədiyi üçün iddiaçıya digər müqavilələr üzrə müvafiq texnikadan istifadə etməklə əlavə zərər vurulması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddia həmin hissədə də rədd edilməlidir. İlkin iddia tələbi məhkəmə xərci (dövlət rüsumu və vəkilə ödənilmiş xərclər) və digər cari xərclərə görə 1000 (min) manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əssasız olması səbəbi ilə rədd edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh və qarşılıqlı İddiaçı1 MMC iddiaçı və qarşılıqlı Cavabdeh MMC ilə aralarında bağlanmış müqavilə üzrə İddiaçı1 MMC üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, Cavabdeh MMCmüqavilə üzrə yaranmış, təhvil verilmiş xidmət üzrə ödənilməmiş borcun tutulmasını tələb etməkdə haqlıdır. xx xxx 2020-ci il təmir aktı üzrə isə təhvil verilmə həyata keçirilmədiyindən həmin hissədə Cavabdeh MMC-nin tələbi təmin edilməməlidir. Bundan başqa İddiaçı1 MMC müqavilə üzrə edəcəyi ödənişi üzürsüz olaraq, gecikdirdiyi hər günə görə 0,1% cərimə pullu miqdarında ödəməyi üzərinə öhdəlik götürdüyünə görə də, Cavabdeh MMC müqavilə üzrə ödənilməmiş borca görə, ona cərimə pulu hesablamaqla, Cavabdeh MMC-dən tutulmasını tələb etməkdə haqlıdır. AR Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Habelə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə ( ilkin iddia üzrə iddiaçı) aid edilməli, həmçinin ilkin iddia rədd edildiyindən iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia rəd edilməli , qarşılıqlı iddia təmin edilməli və İddiaçı1 MMC-dən “ texniki xidmət” müqaviləsinə əsasən 3845,28 manat əsas borc və borcun gecikdirilməsinə görə 384 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti Cavabdeh MMC -nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı1 MMC-dən “ texniki xidmət” müqaviləsinə əsasən 3845,28 manat əsas borc və 384 manat cərimə , həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti Cavabdeh MMC -nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar