Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1974/2025 03.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, müqavilə azadlığı, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 20 aprel 2024-cü il tarixli yemək xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 14000 manat xidmət haqqının və ödənilmiş 135 manat dövlət rüsumunun, 620 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 20 aprel 2024-cü il tarixində yemək xidmətlərin göstərilməsi barədə müqavilə imzalanmışdır. Bağlanmış müqaviləyə uyğun olaraq cavabdehə 17380 manat məbləğində yeməkxana xidmətləri göstərilmiş və 02 avqust 2024 tarixində MT2408 10138865 nömrəli elektron qaimə-faktura göndərilmiş və təsdiq edilmişdir. Cavabdeh tərəfindən bu günə qədər 17380 manat dəyərində elektron qaimə üzrə yalnız 3380 manat ödənilmiş, qalan 14000 manat isə hələ də ödənilməmişdir. Qalıq borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya göndərilmiş, lakin həmin müraciətə müsbət cavab verilməmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 385 və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edən iddianın məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi.
6. Məhkəmə bildirişləri cavabdehin hüquqi ünvanına, qanuni təmsilçisinin yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrəsinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (icraçı qismində) ilə cavabdeh (sifarişçi qismində) arasında bağlanmış 20 aprel 2024-cü il tarixli 02 nömrəli yemək xidmətlərinin göstərilməsi haqqında müqavilənin şərtlərindən görünür ki, “Sifarişçi” yemək xidmətlərinin göstərilməsini sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada yemək xidmətləri göstərməyi öhdəsinə götürür (1.1). Göstərilən xidmətlərin həcmi müqaviləyə əlavə edilən xidmət aktı (və ya aktları) ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir (1.2). Xidmətin göstərilməsi tərəflərin hazırkı müqavilənin 5.2-ci bəndində göstərilən müddət ərzində həyata keçirilir (1.3). Xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi “Sifarişçi” tərəfindən verilir (2.1). “İcraçı” “Sifarişçi”nin sifariş verdiyi yemək xidmətlərini həyata keçirir (işi icra edir) (2.2). “İcraçı” müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir (2.3). “İcraçı”nın yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla “Sifarişçi” tərəfindən təhvil alınır (2.4). Göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir (4.1). Hazırkı müqavilə üzrə hesablaşmalar nağd qaydada və ya bank hesabına köçürmə yolu ilə həyata keçirili (4.2).
11. Həmin müqaviləyə 20 aprel 2024-cü il tarixli 01 nömrəli əlavə olan qiymətlərin razılaşdırılması protokolundan görünür ki, yeməklərin hazırlanması və çatdırılması xidmətinin qiyməti razılaşdırılmışdır.
12. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli MT2408 10138865 seriya və nömrəli elektron qaimə-fakturadan görünür ki, 17380 manat dəyərində xidmətin göstərilməsi ilə bağlı elektron qaimə tərtib edilərək cavabdeh tərəfindən iddiaçıya göndərilmişdir.
13. İş materiallarında olan iddiaçıya məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan AZ47PAHA41040AZNSC********** nömrəli hesabdan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə “xx.xx.2024-cü il tarixli MT2408 10138865 nömrəli elektron qaiməyə əsasən qismən ödəniş” təyinatı ilə 3380 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçının hesabına köçürülmüşdür.
14. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 20 aprel 2024-cü il tarixli 02 nömrəli yemək xidmətlərinin göstərilməsi haqqında müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı yemək xidmətlərinin göstərilməsini sifariş verib cavabdehə razılaşdırılmış xidmət haqqı ödəməyi, cavabdeh isə iddiaçının müəyyən etdiyi qaydada yemək xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən 17380 manat dəyərində göstərilmiş xidmətlə bağlı cavabdehə xx.xx.2024-cü il tarixli MT2408 10138865 seriya və nömrəli elektron qaiməfaktura göndərilmiş, cavabdeh həmin elektron qaiməyə istinad etməklə 3380 manat ödəniş etmişdir.
15. İddiaçı 20 aprel 2024-cü il tarixli 02 nömrəli yemək xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 14000 manat məbləğində pulun tutulmasını tələb edir.
16. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
17. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
19. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
20. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
21. Məhkəmə kommersiya mübahisənin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
22. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
25. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 20 aprel 2024-cü il tarixli 02 nömrəli yemək xidmətlərinin göstərilməsi haqqında müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
26. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
27. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
28. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
29. Məhkəmə qeyd edir ki, müqavilənin ödəniş şərtlərində hesablaşmaların nağd qaydada və ya bank hesabına köçürmə yolu ilə aparılması nəzərdə tutulmuş, lakin xidmətlərin dəyəri ödənilməmişdir.
30. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
31. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
32. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
35. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
36. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, 20 aprel 2024-cü il tarixli 02 nömrəli yemək xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 14000 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
37. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 620 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
38. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 136 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
39. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, xx.xx.2025-ci il tarixli 719 saylı müqavilə (xx.xx.2025-ci il tarixli ******* nömrəli orderdə qeyd edilən müqavilə) 620 manat məbləğində pul Bakı şəhəri 24 saylı vəkil bürosunun hesabına köçürülmüşdür.
40. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
41. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
42. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
43. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 620 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.
44. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Beləliklə, yuxarıda göstərilənləri, iddia tələbinə uyğun dövlət rüsumunun məbləğinin 132 manat olmasını, iddianın təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 620 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 132 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir.
V. Nəticə:
46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2024-cü il tarixli yemək xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 14000 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 132 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 620 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova