Məhkəmə qərarları › İş №e-2-2(113)-198/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-198/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-198/2023 19.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı “X1 ve X2 Ticaret Limited” şirkətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı “X1 ve X2 Ticaret Limited” şirkətinin Cavabdehnə qarşı cavabdehdən müqavilə üzrə 59819 manat əsas borcun, 17945 manat dəbbə pulunun və 324 manat dövlət rüsumunun, cəmi 78088 manatın iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı “X1 ve X2 Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialı Cavabdehnə qarşı cavabdehdən müqavilə üzrə 59819 manat əsas borcun, 17945 manat dəbbə pulunun və 324 manat dövlət rüsumunun, cəmi 78088 manatın iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6079/2022 saylı qərardadı ilə iş üzrə iddiaçı “X1 ve X2 Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialı, əsl iddiaçı “X1 ve X2 Ticaret Limited” şirkəti ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X1 ve X2 Ticaret Limited” şirkətinin Azərbaycan Resbuplikasındakı filialı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli və xx.xx.2022-ci il tarixli malların alqı-satqısı barədə müqavilə bağlanılmışdır. Həmin müqavilələr əsasında iddiaçı tərəfindən müəyyən tarixlərdə cavabdehə müxtəlif çeşidli mallar satılmışdır. Sözügedən müqavilələrin 2.1-ci bəndinə əsasən, satıcı malı alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müəyyən edilən məbləğdə və şərtlərlə alıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6.2-ci bəndinə əsasən, alıcı malın dəyərini hesab-faktura əsasında mal təslim edildikdən sonra 10 gün ərzində satıcının bank hesabına ödəməlidir. Cavabdehin xx.xx.2022-ci il tarixə almış olduğu mallara görə iddiaçıya ƏDV daxil olmaqla 59819 manat borcu vardır. Cavabdeh 2021-ci ilin noyabr ayından almış olduğu malların dəyərini artıq 10 aya yaxın vaxt keçməsinə baxmayaraq müxtəlif səbəblər gətirməklə bü günə kimi ödəməməkdədir. Bu barədə cavabdehə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq göndərilməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyin icrasından yayınmışdır. Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən tərəflər arasında ilkin mediasiya sesiayası keçirilməklə xx.xx.2022-ci il tarixli 2-1463/2022 saylı arayış verilmişdir. Müqavilənin 8.2-ci bəndinə görə, alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə gecikmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,1%-i həddində dəbbə pulu ödəməlidir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il tarixli malların alqı-satqı müqaviləsinin 6.2-ci maddəsində alıcı malların dəyərini hesab faktura əsasında mal təslim edildikdən sonra 10 gün ərzində satıcının bank hesabına ödəməli olduğu halda aldığı mallar üzrə 2021-ci ilin ayının 6 da sonuncu ödənişi etmiş, lakin digər vaxtı keçmiş borcu olan 59819 manatı 10 aydan çox vaxt keçməsinə baxmayaraq ödəməmişdir. Belə olan halda hesab edir ki, müqavilə tələbləri qaydasında cavabdehdən 59819 manat əsas borc məbləğindən əlavə 300 gün gecikmə nəticəsində 17,945 manat cərimə pulu tutulmalıdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi (direktoru) Sinan Duman əvvəl keçirilmiş məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, cavabdehin bir çox firmaya borcu yaranmışdır. Cavabdehin alacağı olduğu üçün ödəmə planı hazırlanmışdır. Lakin alacaqlarını ala bilmədiyi üçün cavabdeh də borcunu ödəyə bilmir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci tarixli 2020/99 saylı və xx.xx.2022-ci il tarixli 2022/27 saylı alqı-satqı müqavilələrindən görünür ki, iddiaçı malı cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müəyyən edilən məbləğdə və şərtlərlə iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. 27 ədəd elektron qaimədən görünür ki, iddiaçı tərəfindən 59819,86 manat dəyərində malın satılması ilə bağlı cavabdehə elektron qaimələr təqdim edilmişdir. 28 ədəd təslim aktlarından görünür ki, iddiaçı tərəfindən müxtəlif adda və müxtəlif miqdarda mallar cavabdehə təhvil verilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin (direktoru) izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci tarixli 2020/99 saylı və xx.xx.2022-ci il tarixli 2022/27 saylı alqı-satqı müqavilələri bağlanmış və müqavilələrə əsasən iddiaçı malı cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müəyyən edilən məbləğdə və şərtlərlə iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə 59819,86 manat dəyərində mal satılmaqla təhvil verilmiş, lakin cavabdeh tərəfindən təhvil alınmış malların dəyəri iddiaçıya ödənilməmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan məhsulları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci tarixli 2020/99 saylı və xx.xx.2022-ci il tarixli 2022/27 saylı alqı-satqı müqavilələrinə əsasən ödənilməmiş 59819 manat borc iş materialları ilə təsdiq olunduğundan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlir. Belə ki, müqavilələrin 8.2-ci bəndinə görə, alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə gecikmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,1%-i həddində dəbbə pulu ödəməlidir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 17945 manat dəbbə pulu məbləği yaranmış 59819 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 2900 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə dövlət rüsumunun məbləği 323,29 manat təşkil edir. İddiaçı tərəfindən mediasiya xərcinə görə 410 manat ödənilmişdir. göründüyü kimi dövlət rüsumunun məbləği mediasiya xərcinin məbləğini keçməmişdir. Lakin iddiaçı dövlət rüsumuna görə əlavə 10 manat, yəni artıq ödəmişdir ki, artıq ödənilən 10 manat məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada geri ala bilər. İş üzrə dövlət rüsumu məbləğinin 323,29 manat olmasını, iddiaçı tərəfindən mediasiya xərcinə görə 410 manat ödənilməsini, iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 80,65 faizini təşkil etdiyini və iddiaçının yalnız 324 manat dövlət rüsumunun tutulmasını tələb etməsini nəzərə aldıqda, tələb olunan 324 manat dövlət rüsumu məbləğinin iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 261,30 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 62,70 manat məbləği iddiaçıya aid edilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən müqavilə üzrə 59819 manat əsas borc, 2900 manat dəbbə pulu və 261,30 manat dövlət rüsumu, cəmi 62980,3 manat tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən müqavilə üzrə 59819 manat əsas borc, 2900 manat dəbbə pulu və 261,30 manat dövlət rüsumu, cəmi 62980,3 manat tutularaq “X1 ve X2 Ticaret Limited” şirkətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar