Məhkəmə qərarları › İş №e-2-2(113)-1984/2021

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1984/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1984/2021 17.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ("İddiaçı" MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14962,50 manat (on dörd min doqquz yüz altmış iki manat əlli qəpik) əsas borc, 141437,50 manat (yüz qırx bir min dörd yüz otuz yeddi manat əlli qəpik) cərimə və dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla, cəmi 156429,50 manat (yüz əlli altı min dörd yüz iyirmi doqquz manat əlli qəpik) məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC - “Satıcı” ilə İddiaçı MMC - “Alıcı” arasında bağlanmış 34/ASM/20 saylı, 14.02.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən alıcı 5000 m2 həcmində 60x60 ölçüsündə, qalınlığı 1.2 sm, dalğalı, A3 grey/mat İran istehsalı keramaqranitı almaq üçün satıcıdan bu müqavilənin şərtlərinə uyğun olaraq sifariş etməyi, satıcı malları alıcının sifarişinə uyğun olaraq ona satmaq üçün alıcıya bu müqavilənin şərtlərinə uyğun olaraq təhvil verməyi və alıcı malların dəyərini satıcıya müqavilədə nəzərdə tutulan qaydada ödəməyi öhdəsinə götürmüşdür. Alıcı müqavilə müddəalarını rəhbər tutaraq, müqavilə üzrə ödənilməli olan ümumi məbləğin 25%-ni, yəni 19375 (on doqquz min üç yüz yetmiş beş) manat və 3487,50 (üç min dörd yüz səksən yeddi manat əlli qəpik) manat ƏDV olmaqla, cəmi 22862,50 (iyirmi iki min səkkiz yüz altmış iki manat əlli qəpik) manat məbləğində pul vəsaitini satıcının bank hesabına köçürsə də, satıcı müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməmiş, yəni gördüyü işi müqavilənin 3.1, 3.2, 5.3, 5.4, 5.5-ci bəndlərində qeyd edildiyi kimi zamanında, eləcə də qüsursuz və keyfiyyətlə yerinə yetirməli olduğu halda, müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Alqı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etməyən satıcının alıcıya ümumilikdə 22862,50 (iyirmi iki min səkkiz yüz altmış iki manat əlli qəpik) borcu yaranmışdır. Müqavilə üzrə öhdəliyini icra etməyən satıcıdan dəfələrlə müqavilə üzrə alıcı tərəfindən edilmiş ödənişləri qaytarmasını tələb etsələr də, satıcı həmin məbləğdən 17.08.2020-ci il tarixdə 5000 (beş min) manat, 31.08.2020-ci il tarixdə 1400 (min dörd yüz) manat, 19.01.2021-ci il tarixdə isə 1500 (min beş yüz) manat ödəniş etmişdir. Alıcı tərəfindən satıcıya ödənilmiş məğləğdən satıcının alıcıya qaytardığı, hazırda sadalanan pulları çıxdıqda satıcının alıcıya ümumilkdə 14962,50 (on dörd min doqquz yüz altmış iki manat əlli qəpik) manat borcu qalmışdır. Bundan başqa tərəflər arasında bağlanmış 14.02.2020-ci il tarixli Müqavilənin 3.1-ci bəndində bəyan edilir ki, bu Müqavilənin Əlavələrində digər müddəalar nəzərdə tutulmamışdırsa, satıcı malları ona sifariş verildiyi gündən etibarən 3 (üç) gündən gec olmayan müddətə alıcıya çatdırılmalı və təhvil verməlidir. Qeyd olunan müqaviləyə eyni tarixli və eyni saylı əlavəyə əsasən mallar Satıcı tərəfindən 15 təqvim günü müddətində Alıcıya çatdırılmalıdır. Lakin satıcı müxtəlif bəhanələr gətirərək malları çatdırmamışdır. Müqavilənin 5.4-cü bəndinə əsasən satıcı malları bu Müqavilənin şərtlərinə uyğun olaraq çatdırmadıqda və ya çatdırmağı gecikdirdikdə, hər gecikdirilən gün üçün alıcının sifariş etdiyi məbləğin 0.5%-i məbləğində cərimə ödənilməsini öhdəsinə götürür. Müqavilə üzrə sonuncu icra öhdəlikləri 29.02.2020ci il tarixədək icra edilməli idi. Lakin satıcı müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Satıcı götürdüyü öhdəliyi icra etmədiyi tarixdən 15 gün sonra, yəni 01.03.2020-ci il tarixdən öhdəliyin icrasını gecikdirdiyi hər gün üçün müqavilə üzrə sifarişin ümumi dəyərinin, yəni 77500 manatın 0.5%-i məbləğində (öhdəliyin icrasının gecikdirildiyi hər gün üçün 387,50 manat) məhkəməyə iddia ərizəsi verildiyi günədək, yəni 01.03.2021-ci il tarixədək (387,50x365=141437,5) hesablanmaqla, 141437,50 (yüz qırx bir min dörd yüz otuz yeddi manat əlli qəpik) manat cəriməni də iddiaçıya ödəməlidir. Cavabdeh MMC-dən dəfələrlə iddiaçıya olan borcunu ödəməsinin tələb olunmasına baxmayaraq, cavabdeh tələblərə məhəl qoymadan, müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayınmışdır. Daha sonra iddiaçı "İddiaçı" MMC-nin nümayəndəsi X2 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, 14962,50 (on dörd min doqquz yüz altmış iki manat əlli qəpik) manat əsas borc, 1000 (bir min) manat cərimə və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 15992,50 manat (on beş min doqquz yüz doxsan iki manat əlli qəpik) məbləğin Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - Alıcı qismində İddiaçı ilə satıcı qismində Cavabdeh MMC arasında 14.02.2020-ci il tarixdə 34/ASM/20 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən alıcı malları almaq üçün satıcıdan bu müqavilənin şərtlərinə uyğun olaraq sifariş edəcək, satıcı malları alıcının sifarişinə uyğun olaraq on satmaq üçün alıcıya bu müqavilənin şərtlərinə uyğun olaraq təhvil verəcək və alıcı malların dəyərini satıcıya müqavilədə (müqavilənin müvafiq əlavələri də daxil olmaqla) göstərilən qaydada ödəyəcəkdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. - 14.02.2020-ci il tarixli 34/ASM/20 saylı alqı-satqı müqaviləsinə dair 01 saylı əlavədən görünür ki, alıcı - İddiaçı ilə satıcı - Cavabdeh MMC arasında bağlanmış 14.02.2020-ci il tarixli 34/ASM/20 saylı alqı-satqı müqaviləsində qeyd olunmuş şərtlərə uyğun satıcı qiyməti cəmi 91450 manat təşkil edən 5000 m2 həcmində, 60x60 ölçüsündə, qalınlığı 1.2 sm, dalğalı, A3 grey/mat İran istehsalı keramaqraniti 15 təqvim günü müddətində alıcıya çatdırmağı, alıcı isə malın dəyərini 25 % ilkin ödəniş, 25 % mallar gömrüyə gəldiyi zaman, qalan 50 % isə müvafiq qaydada malı təhvil aldıqdan 5 iş günü ərzində ödəyəcəkdir. - 14.02.2020-ci il tarixli **********892235 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, İddiaçı MMC tərəfindən 14.02.2020-ci il tarixli 34/ASM/20 saylı alqısatqı müqaviləsinə dair 01 saylı əlavəyə əsasən 25 % avans ödəmə ƏDV kimi 3487,50 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-yə ödənilmişdir. - 17.08.2020-ci il tarixli 00351861 nömrəli kassa mədaxil orderindən görünür ki, 5000 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-yə ödənilmişdir. - 31.08.2020-ci il tarixli 00378805 nömrəli kassa mədaxil orderindən görünür ki, 1400 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-yə ödənilmişdir. - 19.01.2020-ci il tarixli 00022144 nömrəli kassa mədaxil orderindən görünür ki, 1500 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-yə ödənilmişdir. - İddiaçı tərəfindən 04.02.2021-ci il tarixdə HŞ122 saylı pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh MMC-yə müraciət edilərək borcun ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı (alıcı) ilə Cavabdeh MMC (satıcı) arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Alıcı müqavilə müddəalarını rəhbər tutaraq, müqavilə üzrə ödənilməli olan ümumi məbləğin 25%-ni, yəni 19375 (on doqquz min üç yüz yetmiş beş) manat və 3487,50 (üç min dörd yüz səksən yeddi manat əlli qəpik) manat ƏDV olmaqla, cəmi 22862,50 (iyirmi iki min səkkiz yüz altmış iki manat əlli qəpik) manat məbləğində pul vəsaitini satıcının bank hesabına köçürmüşdür. Müqavilə üzrə satıcı öhdəliklərini lazımi qaydada yerinə yetiməmiş və ona ödənilmiş məğləğdən alıcıya qaytarmalı olduğu borcu yaranmışdır. 22862,50 manat məbləğdən 7900 manatı qaytarılmış, qalan 14962,50 manat hissəsi qaytarılmamışdır. İddia tələbinin bir hissəsini cavabdehdən 14962,36 manat məbləğində əsas borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 599.3-ci maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 14962,50 (on dörd min doqquz yüz altmış iki manat əlli qəpik) manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini 1000 (min) manat cərimənin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır və tələb həmin hissədə də təmin edilərək, 1000 (min) manat məbləğində cərimə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 14962,50 (on dörd min doqquz yüz altmış iki manat əlli qəpik) manat əsas borc, 1000 (min) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 15992,50 (on beş min doqquz yüz doxsan iki manat əlli qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar