Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1988/2021 29.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı MMC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialından 45563,81 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı MMC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunan məlumatdan görünür ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının hüquqi ünvanı: Sumqayıt şəhəri, 53-cü məhəllədir. Eyni zamanda məhkəmə qeyd edir ki, pretenziya və iddia ərizəsinin cavabdeh tərəfindən almasını təsdiq edən sənədlər aşkar edilməmişdir. Belə ki, iddiaçı ərizəsinə pretenziya və iddia ərizəsinin çatdırılmasını təsdiq edən iki xəbərnamənin əvəzinə cəmi birini əlavə etmiş, bu isə sənədlərdən birinin çatdırılmamasını göstərir. Həmçinin İddiaçı MMC tərəfindən vəkil Nümayəndə etibarnamə xx.xx.2021-ci il tarixdə verilsə də, sözügedən xəbərnamə vəkilin adından (poçt) 2020-ci ilin iyul ayında Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına göndərilmişdir. Bu da onu deməyə əsas verir ki, xəbərnamə (poçt) səlahiyyəti olmayan şəxs tərəfindən göndərilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: İddiaçı MMC-nin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli qəbz geri qaytarılsın. İddiaçı MMC-yə izah edilsin ki, hazırki ərizə ilə qərardadda qeyd edilmiş nöqsanlar aradan qaldırılmaqla ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilməlidir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1988/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1988/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver