Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1989/2021 29.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə qiyabi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 5108,44 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh “xxxx” MMC arasında cavabdehə məxsus sənədlərin və bağlamaların nəql edilməsi və çatdırılması xidmətinə dair 27 yanvar 2020-ci il tarixli CC**********0 nömrəli xidmət Müqaviləsi bağlanmışdır. Müqavilə 31.12.2020-ci il tarixə kimi qüvvədə olmuşdur. Müqavilənin 3.2 və 4.3-cu bəndlərinə əsasən Şirkət tərəfindən yerinə yetirilən sənədlərin və bağlamaların göndərilməsi və çatdırılması haqqının ödənilməsi hər təqvim ayının sonunda Şirkətin təqdim etdiyi müvafiq sənədə əsasən, yəni invoys təqdim edildikdən sonra 30 (otuz) gün ərzində bank köçürməsi yolu ilə həyata keçirilməli, əks təqdirdə hər kecən gün üçün invoys məbləğinin 0,3% həcmində cərimə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur. Lakin Müqavilənin qeyd olunan bəndlərinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Belə ki: -12 fevral 2020-ci tarixli CS 015/20 saylı Hesab-faktura ilə 2020-ci ilin fevral ayında göstərilmiş xidmət üçün verilmiş invoys üzrə 277,64 manat və -10 mart 2020-ci il tarixli TC 154/20 saylı hesab-faktura ilə 2020-ci ilin fevral ayında göstərilmiş xidmət üçün verilmiş invoys üzrə 3136,37 manat məbləğində cəmi, 3414,01 manat məbləğində xidmət haqqı ödəniş müddəti pozulmaqla bu günə kimi Şirkətə ödənilməmişdir. Nəticədə Şirkətə ziyan vurulmuşdur. Bundan 3414,01 manat xidmət haqqı, 1694,43 manat isə xidmət haqqı ödənişini gecikdirməyə görə hesablanmış cərimə faizi təşkil edir. Müqavilənin 10.2-ci bəndinə görə tərəflər arasında yaranmış mübahisələrin pretenziyanın təqdim edilməsi yolu ilə həll olunması nəzərdə tutulmuşdur. Bununla bağlı qeyd olunan borcun ödənilməsi üçün 25.09.2020-ci il tarixli pretenziya məktubu cavabdehin hüquqi ünvanına göndərilmiş, pretenziya 3 dəfə cavabdehin ünvanına aparılmış, lakin cavabdeh tərəfindən alınmamışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - İcraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MMC arasında 27 yanvar 2020-ci il tarixli CC**********0 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icraçı sifarişçiyə: 1) dünya üzrə DHL şirkəti şəbəkəsinin əhatə etdiyi ərazilərə sənədlərin və bağlamaların aviaqamiənin arxa hissəsində göstərilən DHL Express xidmətlərinin şərtlərinə əsasən qəbul edilib nəql edilməsi və çatdırılması; 2) xarici ölkələrdən Azərbaycan Respublikasına göndərilən sənədlərin və bağlamaların Bakıya nəql edilməsi və çatdırılması; 4) sənədlərin və bağlamaların nəql edilməsi ilə bağlı digər xidmətlər; 5) digər hava nəqliyyatı əməliyyatları xidmətlərini təqdim edir. müqavilənin 4.2-ci maddəsinə əsasən sifarişçi icraçının həyata keçirdiyi xidmətləri haqqını hazırkı DHL Ekspress tariflərinə əsasən ödəməlidir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 12 fevral 2020-ci il tarixli, CS 015/20 nömrəli Hesab-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən fevral ayında göstərilmiş xidmətlərə görə məbləğ 277,64 (ƏDV daxil) manat təşkil edir. - 25.02.2020-ci il tarixli, EBAG seriyalı, 818496 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı” MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 277,64 (ƏDV daxil) manat təşkil edir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 10 mart 2020-ci il tarixli, TC 154/20 nömrəli Hesab-fakturadan görünür ki, İddiaçı MMC tərəfindən fevral ayında göstərilmiş xidmətlərə görə məbləğ 3136,37 (ƏDV daxil) manat təşkil edir. - 10.03.2020-ci il tarixli, EBAH seriyalı, 432937 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı” MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 3136,36 (ƏDV daxil) manat təşkil edir. - İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş 25.09.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 15 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 27.01.2020-ci il tarixli müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Ödənilməsi tələb olunan borcun olması iş materiallarına əlavə edilmiş hesab faktura və elektron qaimələrlə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını, eləcə də cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdehndən 5108,44 manat (beş min yüz səkkiz manat qırx dörd qəpik) məbləğində pul (3414,01 manat əsas borc, 1694,43 manat dəbbə pulu) İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumu ilə bağlı tələbi olmadığından iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 5108,44 manat (beş min yüz səkkiz manat qırx dörd qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1989/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1989/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver