Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-199/2020 19.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Ağa-zadə Aygün Aydın qızının iştirakı ilə, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin cavabdeh “xxxxxxxxxx” MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC cavabdeh “xxxxxxxxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxx” MMC-dən 27.233,21 manat məbləğində borcun, 1.361,67 manat faiz borcunun və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC olaraq xx xxxxxx 2018-ci il tarixdə“xxxxxxxxxx” MMC-nin direktoru X3 ilə 345/**********- R/18 saylı alğı-satqı müqaviləsi bağlamışlar. Alğı-Satqı müqaviləsi bağlandıqdan dərhal sonra cavabdehlə aralarında imzalanmış malların təhvil-qəbul aktlarına əsasən cavabdeh ayrı-ayrı tarixlərdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus müxtəlif adlı, çeşidli məhsullar təhvil almışdır. Lakin cavabdeh malların təhvil-qəbul aktlarında qeyd olunan tarixlərdə təhvil aldığı mallara görə bu günə kimi tam ödəniş etməmişdir. Dəfələrlə cavabdehə zəng edib, əlaqə saxlamaq istəsələr də, o hər dəfə bir bəhanə gətirir, daha sonra telefon zənglərinə cavab verməyərək, şirkətə olan ümumilikdə 27.233,21 manat borcu ödəməkdən yayınır. Qeyd edir ki, cavabdehlə aralarında bağlanan xx xxxxxx 2018ci il tarixli, 345/**********-R/18 saylı alğı-satqı müqaviləsinin 2.4-cü bəndinin şərtlərinə əsasən alıcı malı təhvil aldığı tarixdən ən geci həmin ayın sonuna kimi ödənişi bank hesabına ödəməlidir. Buna baxmayaraq, ödəniş müddətlərinin keçməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq olunsa da, cavabdeh bu günə kimi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə ümumilikdə 27.233,21 manat olan borcunu ödəməmiş və aralarında bağlanmış 345/**********-R/18 saylı alğı-satqı müqaviləsinin şərtlərini pozmuşdur. Həmin müqavilənin 7.1-ci bəndində qeyd olunduğu kimi müqavilənin icrası üzrə yaranan mübahisə qarşılıqlı razılıqla həll olunmalıdır. Qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi əsasında Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll olunacaqdır. Belə olduğu təqdirdə, xx xxxxxx 2018-ci il tarixli, 345/**********-R/18 saylı alğısatqı müqaviləsinin 7.1-ci bəndinə əsaslanaraq, məsələnin məhkəmə tərəfindən həll olunmasını qərara almışlar. Tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 345/**********-R/18 saylı müqavilənin 4.2-ci bəndinə əsaslanaraq, alıcı müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün 0,2% həcmində faiz tələb etmək hüququna malikdir. Lakin bu məbləğ gecikdirilmiş məbləğin 5%-dən artıq ola bilməz. Buna görə də hesab edirlər ki, cavabdehin iddiaçıya ümumilikdə 27233.21 manat məbləğində əsas borcu və borcun ödənilməsinin gecikdirilməsinə görə 1361,67 manat məbləğində faiz borcu vardır. İddiaçının nümayəndəsi Ağa-zadə Aygün Aydın qızı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC (satıcı) “xxxxxxxxxx” MMC (alıcı) arasında xx xxxxxx 2018-ci il tarixdə 345/**********-R/18 saylı alğı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı alıcının sifarişi əsasında malları alıcıya satmağı, alıcı isə hazırkı müqavilədə müəyyən edilmiş qaydada və şərtlərə əsasən malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Sifariş olunan malların xüsusiyyətləri habelə digər zəruri məlumatlar müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan qaimə-fakturada öz əksini tapır. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən alıcı malı təhvil aldığı tarixdən ən geci həmin ayın sonuna kimi sənəddə qeyd edilmiş məbləği satıcının bank hesabına köçürmə yolu ilə ödəyir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən alıcı müqavilədə müəyyən edilmiş müddət ərzində ödənişi etmədikdə satıcı alıcıdan gecikdirilmiş hər gün üçün protokolun ümumi məbləğinin 0,2% həcmində faiz tələb etmək hüququna malikdir. Faizin maksimal həddi ödənişi gecikdirilmiş və ya vaxtında çatdırılmamış malın ümumi məbləğinin 5% müəyyən edilir. Müqavilə hər iki tərəfin möhürü və imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli EQF1 seriyalı 23894 nömrəli satış fakturasına əsasən 4.639,8 manat (ƏDV xaric) dəyərində mallar; xx.xx.2018-ci il tarixli EQF1 seriyalı 23895 nömrəli satış fakturasına əsasən 1.971,14 manat (ƏDV xaric) dəyərində mallar; xx.xx.2018-ci il tarixli EQF1 seriyalı 26378 nömrəli satış fakturasına əsasən 402,71 manat (ƏDV xaric) dəyərində mallar; xx.xx.2018-ci il tarixli EQF1 seriyalı 26378 nömrəli satış fakturasına əsasən 402,71 manat (ƏDV xaric) dəyərində mallar; xx.xx.2018-ci il tarixli EQF1 seriyalı 26377 nömrəli satış fakturasına əsasən 889,20 manat (ƏDV xaric) dəyərində mallar; xx.xx.2018-ci il tarixli EQF1 seriyalı 27040 nömrəli satış fakturasına əsasən 775,20 manat (ƏDV xaric) dəyərində mallar; xx.xx.2018-ci il tarixli satış fakturasına əsasən 1.694,61 manat (ƏDV xaric) dəyərində mallar; xx.xx.2018-ci il tarixli EQF1 seriyalı 28987 nömrəli satış fakturasına əsasən 300,96 manat (ƏDV xaric) dəyərində mallar; xx.xx.2018-ci il tarixli EQF1 seriyalı 29793 nömrəli satış fakturasına əsasən 951,39 manat (ƏDV xaric) dəyərində mallar; xx.xx.2019-cu il tarixli EQF1 seriyalı 3136 nömrəli təhvil-təslim aktına əsasən 4.393,72 manat (ƏDV xaric) dəyərində mallar; xx.xx.2019-cu il tarixli HDP seriyalı 308344 nömrəli təhvil-qəbul aktına əsasən 8.535,97 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2019-cu il tarixli HDP seriyalı 363371 nömrəli təhvil-qəbul aktına əsasən 3.790,19 manat (ƏDV daxil) dəyərində mallar; xx.xx.2019-cu il tarixli HDP seriyalı 363372 nömrəli təhvil-qəbul aktına əsasən 3.382 manat dəyərində mallar; xx.xx.2019-cu il tarixli HDP seriyalı 340824 nömrəli təhvil-qəbul aktına əsasən 1.610,82 manat (ƏDV daxil) dəyərində mallar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən “xxxxxxxxxx” MMC-yə təhvil verilmişdir. Göstərilən müqavilə, təhvil-təslim aktları və satış fakturaları əsasında “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən cavabdehə təqdim olunmuş cəmi 28.261,09 manat dəyərində olan mallara dair EAAN seriyalı, 821230 saylı, xx.xx.2018-ci il tarixli; EAAN seriyalı, 821231 saylı, xx.xx.2018-ci il tarixli; EAAO seriyalı, 182557 saylı, xx.xx.2018-ci il tarixli; EAAO seriyalı, 182558 saylı, xx.xx.2018-ci il tarixli; EAAO seriyalı, 263360 saylı, xx.xx.2018-ci il tarixli; EAAQ seriyalı, 438633 saylı, xx.xx.2018-ci il tarixli; EAAO seriyalı, 514091 saylı, xx.xx.2018-ci il tarixli; EAAP seriyalı, 717503 saylı, xx.xx.2019-cu il tarixli; EAAQ seriyalı, 559551 saylı, xx.xx.2019-cu il tarixli; EAAQ seriyalı, 767587 saylı, xx.xx.2019-cu il tarixli; EAAQ seriyalı, 786103 saylı, xx.xx.2019-cu il tarixli elektron qaimələr tərtib edilmişdir. Cavabdeh tərəfindən 5 gün ərzində qaiməyə düzəliş, etiraz təqdim olunmadığından elektron qaimələr sistem tərəfindən təsdiqlənmiş və onların əsasında elektron vergi hesab-fakturaları tərtib edilərək Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron informasiya sistemi vasitəsilə cavabdeh “xxxxxxxxxx” MMCyə təqdim edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCtərəfindən cavabdeh “xxxxxxxxxx” MMC– yə xx.xx.2019-cu il tarixdə pretenziya məktubu ünvanlanaraq xx xxxxxx 2018-ci il tarixli, 345/**********-R/18 müqavilə üzrə 27.223,21 manat məbləğində əsas borcun ödənilməsi tələb edilmiş və borcun ödənilmədiyi halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə cavabdeh “xxxxxxxxxx” MMCarasında xx xxxxxx 2018-ci il tarixli, 345/**********-R/18saylı alq-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əlavədə göstərilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda “xxxxxxxxxx” MMC-nin göstərilən müqavilə üzrə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə olan borcu 27.233,31 manat təşkil edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələri). Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (Mülki Məcəllənin 567, 600.1-ci maddələri). Belə olan halda məhkəmə mübahisəli alğı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, əsas borc məbləğinin ödənilməsi hissəsində iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh “xxxxxxxxxx” MMC-dən 27.233,31 manat tutularaq iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCyə ödənilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC iddia ərizəsində əsas borcla yanaşı 1.361,67 manat məbləğində faiz borcunun ödənilməsini tələb etmiş və həmin borcun tutulmasına əsas kimi iddiaçı alqı-satqı müqaviləsinin 4.2-ci bəndinə istinad etmişdir. Həmin tələblə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tələb etdiyi məbləği faiz borcu adlandırsa da, faktiki olaraq alqı-satqı müqaviləsinin 4.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğin 5%-ini təşkil edən 1.361,67 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır (462.1-ci və 467-ci maddələri). Məhkəmə hesab edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən cavabdehin mübahisəli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyi təsdiq edildiyindən, eyni zamanda həmin müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Cərimənin məbləğinə münasibətdə məhkəmə əsas borcun məbləğini, eləcə də kreditorun mənafeyini nəzərə alaraq hesab edir ki, iddiaçının ödənilməsini tələb etdiyi cərimə tənasübsüz surətdə yüksək deyil və cərimə məbləğinin məhkəmə tərəfindən azaldılması üçün əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 27.233,21 manat (iyirmi yeddi min iki yüz otuz üç manat iyirmi bir qəpik) məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 1361,67 manat (min üç yüz altmış bir manat altmış yeddi qəpik) məbləğində dəbbə pulu, cəmi 28.594,88 manat (iyirmi səkkiz min beş yüz doxsan dörd manat səksən səkkiz qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-199/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-199/2020
19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver