Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-199/2023 18.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən əsas borca görə 57882,45 manat, pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə 4485,88 manat olmaqla, cəmi 62368,33 manat məbləğində pul vəsaitinin, 200 manat məcburi ilkin mediasiya xərci və 77,1 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AFF-83-21 saylı müqaviləyə əsasən icraçı malları sifarişçiyə satmağı, bunun müqabilində isə sifarişçi alınan malların dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC tərəfindən müqavilə üzrə öhdəliklər tam icra olunsa da, Cavabdeh MMC tərəfindən öhdəliklər hələ də icra olunmamışdır. Yəni müqavilə üzrə Cavabdeh MMC-yə verilmiş malların dəyəri tam ödənilməmişdir. Belə ki, hal-hazırda müqavilə üzrə satılmış malların dəyəri olaraq 57882,45 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə ödənilməmişdir. Tərəflər arasında təsdiq edilmiş təhvil-təslim aktlarından görünür ki, müxtəlif həcmdə olan şüşə məhsulları iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və həmin məhsullar təhvil-təslim aktlarında göstərilən həcmlərdə cavabdeh tərəfindən qəbul edilmişdir. Bununla bağlı olaraq cavabdehə müqavilə üzrə öhdəliyin icra edilməməsinə dair xx.xx.2022-ci il tarixdə pretenziya göndərilmiş və 57882,45 manat məbləğində pul vəsaiti ödənilmədikdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin pretenziyada göstərilən müddətin keçməsinə baxmayaraq, həmin məbləğ hələ də ödənilməmişdir. Odur ki, müqavilənin 7.2-ci bəndi rəhbər tutularaq həmin müqavilə üzrə ödənilməmiş pul vəsaitinin tələb edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Həmçinin cavabdeh müqavilə üzrə ödənilməmiş 57882,45 manat pul vəsaitini qanunsuz özündə saxladığına görə həmin məbləğdən faizlər ödəməlidir. Bu halda Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsi nəzərə alınsa, cavabdeh tərəfindən pul öhdəliyinin icra edilməməsinə görə 7,75% miqdarında faiz hesablanıb borc məbləğinə əlavə edilməlidir. Bu halda həmin məbləğ 4485,88 manat təşkil edəcəkdir (57882,45 x 7,75%=4485,88). İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilininin izahatını dinləyib, iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Satıcı qismində İddiaçı QSC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, AFF-83-21 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin mövzusu icraçı tərəfindən vərəqə şüşənin sifarişçinin mülkiyyətinə verilməsini təmin etməkdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin qiyməti icraçı tərəfindən faktiki təhvil verilən malların dəyəri ilə müəyyən edilir və qiymət razılaşma protokolu bu müqavilənin ayrılmaz hissəsi hesab olunur. Malın qiymətində dəyişiklik baş verdikdə qiymət razılaşdırma protokolui ilə tənzimlənir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən malların dəyəri təhvil verilən zaman mövcud qiymətlər alınmaqla təyin edilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi malların dəyərini qabaqcadan ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1ci bəndinə əsasən icraçı bu müqavilə ilə müəyyən olunmuş malı sifarişçinin mülkiyyətinə vermək üçün hər dəfə qaimə-fakturanı sifarişçi ilə qarşılıqlı təsdiq edir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi malları icraçıdan qaimə-faktura əsasında təhvil alır. - Təhvil-təslim aktı adlı sənəddən görünür ki, xx.xx.2021-ci il tarixdə 943,74 miqdarda məhsul (məhsulun təsviri: FCLRN08.0_3210x6000_M1_07_PLF_NN, glass, clear, 8 mm, LES, 3210x6000 M1) İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu isə öz növbəsində təhvil almışdır. - Təhvil-təslim aktı adlı sənəddən görünür ki, xx.xx.2021-ci il tarixdə 1348,2 miqdarda məhsul (məhsulun təsviri: FCLRN06.0_3210x6000_M1_10_PLF_NN, glass, clear, 6 mm, LES, 3210x6000 M1) İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu isə öz növbəsində təhvil almışdır. - Təhvil-təslim aktı adlı sənəddən görünür ki, xx.xx.2021-ci il tarixdə 943,74 miqdarda məhsul (məhsulun təsviri: FCLRN08.0_3210x6000_M1_07_PLF_NN, glass, clear, 8 mm, LES, 3210x6000 M1) İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu isə öz növbəsində təhvil almışdır. - Təhvil-təslim aktı adlı sənəddən görünür ki, xx.xx.2021-ci il tarixdə 1348,2 miqdarda məhsul (məhsulun təsviri: FCLRN06.0_3210x6000_M1_10_PLF_NN, glass, clear, 6 mm, LES, 3210x6000 M1) İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu isə öz növbəsində təhvil almışdır. - xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 239597 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11759,76 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 242494 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11454,31 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 243097 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11759,76 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 243372 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11454,31 (ƏDV daxil) manat təşkil edir. - İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə göndərilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 (beş) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. İddia tələbinin bir hissəsini cavabdehdən 57882,45 manat məbləğində pulun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən borca görə 46428,14 manat (qırx altı min dörd yüz iyirmi səkkiz manat on dörd qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə belə qənaətə gələrkən onu nəzərə almışdır ki, iş materiallarından göründüyü kimi, iddiaçı iddia tələbində 57882,45 manat məbləğində pulun cavabdeh tərəfindən ona ödənilməməsini iddia etsə də, bununla bağlı iş materiallarına həmin faktı təsdiqləyəcək 4 (dörd) ədəd elektron qaimə və 4 (dörd) ədəd təhvil təslim aktı (Qeyd: işa materiallarına iddiaçı tərəfindən təqdim edilmiş təhvil təslim aktları 5 ədəd olsa da, lakin onlardan 2 ədədi eynilik təşkil edir) təqdim etmişdir. Həmin təqdim edilən sənədlərlə də cavabdehin iddiaçıya 46428,14 manat məbləğində borcunun olması müəyyən edilir. İddia tələbinin digər hissəsini Mülki Məcəllənin 449-cu maddəsinə əsasən pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə 4485,88 manat (57882,45 x 7,75%=4485,88) məbləğin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Qeyd olunan normalara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı icranı gecikdirmiş cavabdehdən gecikdirilmiş vaxt üçün faizin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmənin gəldiyi qənaətə əsasən iddia tələbi bu hissədə qismən edilməli və cavabdehdən gecikdirilmiş vaxt üçün 3598,18 manat (46428,14 manat əsas borcun 7,75%-i = 3598,18 manat) məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissələrini ödənilmiş 200 manat məbləğində mediasiya xərci və 77,10 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunan normaların tələblərini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissələrdə qismən təmin edilməli, mediasiyaya ödənilmiş 200 (iki yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61,84 manat (altmış bir manat səksən dörd qəpik) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 46428,14 manat (qırx altı min dörd yüz iyirmi səkkiz manat on dörd qəpik) əsas borc, ödənişin gecikdirilməsinə görə 3598,18 manat (üç min beş yüz doxsan səkkiz manat on səkkiz qəpik) pul vəsaiti, 200 (iki yüz) manat mediasiya xərci, ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 61,84 manat (altmış bir manat səksən dörd qəpik) olmaqla, cəmi 50288,16 manat (əlli min iki yüz səksən səkkiz manat on altı qəpik) məbləğində pul İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-199/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-199/2023
18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver