Məhkəmə qərarları › İş №e-2-2(113)-1996/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-1996/2024

14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1996/2024 14.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (Alqı-satqı müqaviləsi, elektron-qaimə) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi ilə Tərəflərin iştirakı olmadan İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərər üçün 26942.13 manat, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 171 manat, ümumilikdə 27113.13 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC artıq uzun illərdir ki, Bakı şəhərində həm fiziki, həm də hüquqi şəxslərə müxtəlif növ tikinti materiallarının satışı ilə məşğul olur. Həmin hüquqi şəxslərdən biri də Cavabdeh MMC-dir. Tərəflər arasında bağlanmış 03 avqust 2020-ci il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən müxtəlif növ elektrik mallarının satışı razılaşdırılmışdır. Bununla bağlı müxtəlif vaxtlarda iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilərək, elektron qaimələr elekton kabinet vasitəsilə göndərilmişdir. İddiaçı tərəfindən müqavilə üzrə bütün öhdəliklər vaxtında icra olunsa da, satılmış malların dəyəri cavabdeh tərəfindən tam şəkildə ödənilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə üzrə xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli,xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli , xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli elektron qaimələr üzrə ümumilikdə 26942.13 manat məbləğində borc yaranmışdır. Bununla əlaqədar dəfələrlə cavabdehə müraciət edilməsinə baxmayaraq heş bir müsbət nəticə əldə olunmamışdır. Cavabdeh tərəfindən üzərinə düşən öhdəliyin vaxtında icra olunmaması iddiaçıya maddi zərər vurmaqla onun işgüzar nüfuzuna xələl gətirir. II. Tərəflərin mövqeləri:

3. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, işə qiyabi icraat qaydasında baxılmasını və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə İddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri:

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

5.“Satıcı” qismində İddiaçı MMC, “alıcı” qismində Cavabdeh MMC arasında bağlanmış 03 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya elektrik mallarını satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. 2.1. Malın alıcının ünvanına çatdırılması ilə əlaqədar xərclər, vergilər və digər məcburi ödənişlər malın qiymətinə daxildir. 2.2.Malın qiyməti sabitdir və hər hansı bir dəyişikliyə məruz qala bilməz. 4.1. Satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən ödəniş həyata keçirildikdən sonra 1 təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürür. 4.2. Satıcı malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir. 4.3.Malın təhvil verilməsinin və alıcıya çatdırılmasının gecikdirilməsi halında satıcı alıcıya hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0,01% miqdarında cərimə ödəməlidir. 5.1. Müqaviləyə əsasən alıcı sifariş olunan malın dəyərinin 100 %b həcmində ödənişi sifariş təsdiq edildikdən sonra nağdsız qaydada köçürmə yolu ilə həyata keçirir. 5.2 Malın alıcıya təhvil verilməsi ilə bağlı öhdəlik satıcı tərəfindən lazımınca yerinə yetirilmədikdə alıcı həmin öhdəlik lazımınca icra olunanadək ödənişin həyata keçirilməsini təxirə salmaq hüququna malikdir. 5.3 Malın dəyərinin ödənilməsi üçüncü şəxslər tərəfindən də həyata keçirilə bilər. 6.İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 18 noyabr 2022-ci il tarixli EBCJ 281784 nömrəli elektron qaiməyə əsasən 3076.27 manat ,18 noyabr 2022-ci il tarixli EBCJ 273707 nömrəli elektron qaiməyə əsasən 948.90 manat, xx.xx.2022-ci il tarixli EBCJ 673255 nömrəli elektron qaiməyə əsasən 905 manat,28 noyabr 2022-ci il tarixli EBCK 041668 nömrəli elektron qaiməyə əsasən 794.08 manat ,14 dekabr 2022-ci il tarixli EBCL 156147 nömrəli elektron qaiməyə əsasən 20709 manat, 29 dekabr 2022-ci il tarixli EBCM 241143 nömrəli elektron qaiməyə əsasən 2028.20 manat ,10 yanvar 2023-cü il tarixli, EBCM 602044 nömrəli elektron qaiməyə əsasən 387 manat ,16 yanvar 2023-cü il tarixli EBCN 022043 nömrəli elektron qaiməyə əsasən 537 manat, ,02 fevral 2023-cü il tarixli EBCO 116191 nömrəli elektron qaiməyə əsasən 1941 manat ,08 may 2023-cü il tarixli, EBDF 161024 nömrəli elektron qaiməyə əsasən 413 manat məbləğində elektron qaimələr göndərilmişdir. 7.İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixdə pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq, 26942.13 manat məbləğində borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

8. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında 03 avqust 2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir, 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

10. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 03 avqust 2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında İddiaçı üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra edərək, Cavabdehə elektrik mallarının satışını həyata keçirmiş, Cavabdeh isə müqavilə üzrə öhdəliklərini pozaraq satın alınmış malların dəyərini lazımı qaydada ödəməmişdir. İddiaçı satılmış mallarla bağlı cavabdehə ümumi dəyəri 26942.13 manat təşkil edən xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022,xx.xx.2022, xx.xx.2023 , xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli elektron qaimələr göndərmişdir.

11. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə İddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdehdən 26942.13 manat məbləğində borc tutularaq İddiaçıya ödənilməlidir.

12. İddiaçı eyni zamanda iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 171 manat məbləğində dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

IV. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 26942.13 manat və dövlət büdcəsinə ödənilmiş 171 manat, cəmi 27113.13 (iyirmi yeddi min yüz on üç manat on üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar