Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1997/2024 29.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) X2 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı “X1” MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İ. İşin halları İddiaçı “X1” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26 Sentyabr 2022-ci il tarixli, 54/22 saylı alqı-satqı müqaviləsi əsasında yaranmış öhdəliyin icra edilməməsi nəticəsində yaranmış 72957,30 manat məbləğində əsas borcun, habelə ödənilmiş 410 manat məbləğində mediasiya xərcinin və vəkil xidməti ilə bağlı ödənilmiş 1020 manat məbləğin, ümumilikdə 74387,30 manat məbləğində vəsaitin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC iddia edilən məbləğin bir hissəsini, 33040 manatın ödənildiyini qeyd etmiş, 26 sentyabr 2022-ci il tarixli, 54/22 saylı alqı-satqı müqaviləsi əsasında yaranmış öhdəliyin icra edilməməsi nəticəsində yaranmış 39917,3 manat məbləğində əsas borcun, habelə ödənilmiş 410 manat məbləğində mediasiya xərcinin və vəkil xidməti ilə bağlı ödənilmiş 1020 manat məbləğin, ümumilikdə 41347,3 manat məbləğində vəsaitin Cavabdeh MMC-dən tutaraq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X1” MMC ilə Cavabdeh MMC arasında 26 sentyabr 2022-ci il tarixdə, 54/22 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı“X1” MMC sifariş edilmiş malları Alıcı Cavabdeh MMC-nin mülkiyyətinə verməyi, Alıcı isə aldığı malları lazımi qaydada qəbul etməyi və onların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Bu baxımdan qeyd edilir ki, müqavilə üzrə Alıcı tərəfindən edilmiş sifarişlər üzrə 188146.06 AZN dəyərində metal məhsulları (14 sayda əlavə qiymət razılaşma protokolunun cəmi) Satıcı tərəfindən Alıcıya müqavilə şərtlərinə uyğun surətdə təhvil verilmişdir. Alıcı təhvil aldığı bu məhsullar üzrə Satıcıya ümumilikdə 84683.91 AZN ödəniş etmişdir. Alıcı təhvil aldığı məhsulların bir hissəsini müqavilə şərtlərinə və qanunvericiliyə uyğun olaraq geri qaytarmışdır və bu geri qaytarma qaimə və təhvil-təslim sənədləri ilə rəsmiləşdirilmişdir. Geri qaytarılmış məhsulların ümumi dəyəri 30504.85 AZN təşkiledir. Ödənişlər və geri qaytarmadan sonra Alıcı tərəfindən Satıcıya ödənilməli qalıq borc məbləği 72957.30 AZN təşkil etmişdir. Qeyd edilir ki, tərəflər arasında satışların baş tutduğu 14 sayda əlavə qiymət razılaşma protokolunun son 3-ü (12, 13 və 14 saylı) cavabdeh tərəfindən imzalanmamışdır. Lakin, həmin 3 əlavəyə edilmiş ödənişlərin təyinat hissəsində istinad olunmuşdur (birinin elektron qaimə nömrəsinə, digər ikisinin hesab-fakturasına). Bu isə qeyd edilən son 3 əlavənin cavabdeh tərəfindən dolayı yolla təsdiq edilməsi deməkdir. Müqavilənin 4.1-ci bəndinə əsasən Alıcı sifariş olunan malların dəyərini Satıcının təqdim etdiyi elektron qaiməni aldıqdan sonra həyata keçirir. Mülki Məcəllənin 427-ci maddəsinin tələblərinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Bu baxımdan bildirlir ki, sonuncu satış üzrə təqdim edilmiş elektron qaimənin tarixi 31 Mart 2023-cü ildir. Qeyd edilən tarixdən indiyə qədər dəfələrlə aparılmış şifahi, e-mail və telefon danışıqlarına baxmayaraq ödəniş hal-hazırki tarixə qədər həyata keçirilməmiş və müxtəlif bəhanələr bildirilmişdir. Borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən Cavabdehnə xx.xx.2023-cü il tarixində “Elektron Kargüzarlıq” və “Elektron Məhkəmə” sistemləri üzərindən pretenziya məktubu ünvanlanmışdır. Lakin, pretenziya məktubu qarşı tərəfdən qəbuledildikdən sonra da borclu tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Telefon danışıqları zamanı isə həm pretenziya məktubu göndərilməmişdən əvvəl, həm də göndərildikdən sonra "xxxx" MMC-nin əməkdaşları ödəniş etmək niyyətlərinin olduğunu bildirmiş və bununla bağlı hər dəfə müəyyən vaxt istəmişdirlər. Bununla belə iddiaçı tərəfindən dəfələrlə əlavə vaxt verilməsinə baxmayaraq qarşı tərəfdən heç bir ödəniş daxil olmamışdır. Məsələnin məhkəmə müstəvisində həll olunacağına iddiaçı tərəfindən qərar verildikdən sonra isə bu məsələ ilə bağlı qarşı tərəfə ilkin olaraq xx.xx.2023-cü il tarixində (xx.xx.2023-cü il tarixində çatdırılıb) mediasiya prosesində iştirak ilə bağlı təklif göndərilmişdir. Bundan sonra, tərəfimizdən işlə bağlı mediatorun təyin edilməsi və mediasiya prosesinin keçirilməsi ilə əlaqədar olaraq Bakı 4 saylı mediasiya təşkilatına müraciət edilmişdir. xx.xx.2023- cü il tarixində isə mediasiya prosesi keçirilsə də, mediasiyanın yeri və vaxtı ilə bağlı müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh mediasiya prosesində iştirak etməmiş və iştirak etməməsi ilə bağlı da heç bir tərəfə hər hansı məlumat verməmişdir. Mediasiya təşkilatı tərəfindən “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış təqdim olunmuşdur. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 390.1, 442, 443.1, 445.1, 445.2, 448.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi son iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ.Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş “Satıcı” “X1” MMC ilə “Alıcı" Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 54/22 nömrəli müqavilədən görünür ki, müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya mal satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir. Malın növü, çeşidi, tərkibi, ölçüsü, digər əlamətləri və xarakterik xüsusiyyətləri müqaviləyə əlavə olunana Razılaşma Protokolu ilə müəyyən olunur. Malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir. Müqaviləyə əsasən “Alıcı” sifariş olunan malın dəyərinin 100 faiz həcmində məbləğin ƏDV məbləği ilə birlikdə “Satıcının” təqdim etdiyi Razılaşma Protokolu və elektron qaiməsini aldıqdan sonra ödənişi həyata keçirir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Əlavə 1, 03 oktyabr 2022-ci il tarixli Əlavə 2, 25 oktyabr 2022-ci il tarixli Əlavə 3, 01 noyabr 2022-ci il tarixli Əlavə 4, 17 noyabr 2022-ci il tarixli Əlavə 5, 23 noyabr 2022-ci il tarixli Əlavə 6, 19 dekabr 2022-ci il tarixli Əlavə 7, 24 dekabr 2022-ci il tarixli Əlavə 8, 27 dekabr 2022-ci il tarixli Əlavə 9, 28 dekabr 2022-ci il tarixli Əlavə 10, 27 yanvar 2023-cü il tarixli Əlavə 11, 17 mart 2023-cü il tarixli Əlavə 12, 30 mart 2023-cü il tarixli Əlavə 13, 30 mart 2023-cü il tarixli Əlavə 14 saylı Razılaşmalardan görünür ki, müxtəlif adda malların cəmi qiymətləri müvafiq olaraq 6260,42 manat, 3550,19 manat, 22154,50 manat, 1475 manat, 1017 manat, 2619,39 manat, 31036,48 manat, 4325 manat, 1595,21 manat, 46348,84 manat, 50997,08 manat, 7439,93 manat, 8695,66 manat, 651,36 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli , xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli malların təhvil-təslim aktlarından görünür ki, 6260,42 manat, 3550,19 manat, 22154,50 manat, 1475 manat, 1017 manat, 2619,39 manat, 31036,48 manat, 4325 manat, 1595,21 manat, 46348,84 manat, 50997,08 manat məbləğində müxtəlif adda məhsullar “X1” MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, tərəflər hər ikisi aktları imzaları ilə təsdiq edərək möhürləmişlər. İş materiallarında olan EBCE seriyalı, 602866 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 6260,42 manat, EBCG seriyalı, 430949 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 3550,19 manat, EBCH seriyalı, 856899 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 22154,50 manat, EBCİ seriyalı, 438455 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1475 manat, EBCJ seriyalı, 634194 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1017 manat, EBCK seriyalı, 043226 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 2619,39 manat, EBCL seriyalı, 653295 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 31,036,48 manat, EBCM seriyalı, 124302 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 4325 manat, EBCM seriyalı, 324425 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1595,21 manat, EBCM seriyalı, 296575 nömrəli, xx.xx.2023-ci il tarixli elektron qaiməyə əsasən 46348,84 manat, EBCN seriyalı, 775718 nömrəli, xx.xx.2023-ci il tarixli elektron qaiməyə əsasən 50977,08 manat, EBDC seriyalı, 013324 nömrəli, xx.xx.2023-ci il tarixli elektron qaiməyə əsasən 7439,93 manat, EBDC seriyalı, 556054 nömrəli, xx.xx.2023-ci il tarixli elektron qaiməyə əsasən 8695,66 manat, EBDC seriyalı, 650008 nömrəli, xx.xx.2023-ci il tarixli elektron qaiməyə əsasən 651,36 manat dəyərində mallar “X1” MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İş materiallarında olan EBDO seriyalı, 789735 nömrəli, xx.xx.2023-ci il tarixli malların qismən qaytarılması elektron qaiməsinə əsasən EBCN seriyalı, 775718 nömrəli, xx.xx.2023-ci il tarixli elektron qaiməyə əsasən təqdim edilmiş mallardan 30504,85 manat dəyərində hissəsi Cavabdeh MMC tərəfindən “X1” MMC-yə geri qaytarılmışdır. 01 dekabr 2023-cü il tarixli MŞB/4-2023-00293 nömrəli mediasiya arayışından məlum olurki, ilkin mediasiya xərci olaraq 400 manat ödəniş həyata keçirilmişdir. xx.xx.2024-ci il tarixli Üzləşmə aktına əsasən Cavabdeh MMC-nin xx.xx.2024-ci il tarixə “X1” MMC-yə aldığı mala görə borcu ƏDV ilə, həmçinin mediasiya xərci və vəkil xərci ilə birlikdə 41347,30 manat həddində müəyyən edilmiş və hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiqlənmişdir İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı razılaşdırılmış malları cavabdehə təhvil vermiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nisyə alqı-satqı müqaviləsi əsasında təhvil verilmiş malların dəyərini razılaşdırılmış müddət ərzində iddiaçıya tam ödəməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən nisyə verdiyi malların ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 39917,30 manat pulu ödəmədiyini, iddiaçının malların dəyərinin ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququnun olduğunu, həmçinin tərəflər arasındakı üzləşmə aktını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 39917,30 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə vəkil üçün tələb edilən xidmət haqqının ağlabatan olduğunu və ilkin mediasiya sessiyasında cavabdehin üzrsüz səbəbdən iştirak etmədiyini nəzərə alaraq hesab edir ki, 1020 manat xidmət haqqı və 410 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. V. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 39917 (otuz doqquz min doqquz yüz on yeddi) manat 30 (otuz) qəpik məbləğində borc, ödənilmiş 410 (dörd yüz on) manat məbləğində mediasiya xərcinin və 1020 (min iyirmi) manat vəkil xidməti ilə bağlı xərcin əvəzi tutularaq iddiaçı “X1” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1997/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1997/2024
29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver