Məhkəmə qərarları › İş №e-2-2(113)-1998/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1998/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1998/2024 05.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 3200 manat borc məbləğinin, 1000 manat dəbbə pulu, iddia qaldırılması üçün ödənilmiş 62 manat məbləğində dövlət rüsumunun və hüquqlarının müdafiəsi üçün vəkilə ödənilmiş 100 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış 24 may 2023-cü il tarixli alqı müqaviləsinə əsasən, iddiaçı tərəfindən profnastıl materialından hazırlanmış sanitar qovşağının (ikigözlü) – 2 ədəd (1 ədəd 2700 manat), 5400 manat dəyərində və profnastıl materialından hazırlanmış mühafizəçi otağı – 1 ədəd – 1800 manat dəyərində olmaqla, ümumi dəyəri (ədv 1296,00 manat olmaqla) 8496 manat məbləğində mallar (X1 №1) alıcıya təhvil verilmişdir. (təhvil-təslim aktı №1) Qeyd edilən müqaviləyə əsasən alıcının direktoru Qanuni nümayəndə tərəfindən satıcıya alınan malların ümumi dəyəri olan 7200 manat ümumi məbləğdən 4000 (dörd min) manat nağd məbləğ ödənişi həyata keçirilmişdir. Tərəflər arasında bağlanmış 24 may 2023-cü il tarixli alqı-satqı müqaviləsinin 3.2-3.2.3-cü bəndlərinə əsasən malın dəyərinin tam hissəsi (100%) Satıcı tərəfindən təqdim edilən elektron qaiməyə əsasən avans şəklində, malın dəyərinin bir hissəsi Satıcı tərəfindən təqdim edilən hesab-fakturaya əsasən avans şəklində, qalan hissəsi isə Alıcıya çatdırılıb təhvil verilən malların dəyərini göstərən müvafiq sənədlərin (elektron qaimə, əlavə razılaşdırma protokolu) ona təqdim olunduğu tarixdən 5 bank günü ərzində, malın dəyərinin tam hissəsi (100%) mal Alıcıya təhvil verildikdən sonramalların dəyərini göstərən müvafiq sənədlərin (elektron qaimə, əlavə razılaşdırma protokolu) ona təqdimolunduğu tarixdən 5 bank günü ərzində Satıcının bank hesabına ödənilməlidir. 25 may 2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən profnastıl materialından hazırlanmış sanitar qovşağının (ikigözlü) – 2 ədəd (1 ədəd 2700 manat), 5400 manat dəyərində və profnastıl materialından hazırlanmış mühafizəçi otağı – 1 ədəd – 1800 manat dəyərində olmaqla, ümumi dəyəri (ədv 1296,00 manat olmaqla) 8496 (səkkiz min dörd yüz doxsan altı) manat məbləğində mallar (X1 №1) Sifarişçi Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixdə təhvil verilmişdir. X1 №1 qeyd edilən malların alqı-satqısı ilə bağlı Alıcı Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə tərəfindən alınan malların ümumi dəyəri olan 7200 manat ümumi məbləğdən 4000 manat nağd məbləğ ödənişi həyata keçirilmiş, (TuranBank-dan çıxarış xx.xx.2023 tarixli) malların qalan dəyəri 3200 manat məbləğ isə hazırkı tarixədək ödənilməmiş qalır. İddiaçı tərəfindən Cavabdeh MMC-nə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdeh heç bir cavab verməmiş və borcun qaytarılmasını təmin etməmişdir. İddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən cavabdehə bir partiya mal təhvil verilmiş, onun dəyərinin bir qismi ödənilmiş, qalıq borc ödənilməmişdir.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 10 nömrəli alqı-satqı müqaviləsinə əsasən alıcı həyata keçirdiyi layihələrdə istifadəsi üçün nəzərdə tutulan tikinti norma tələblərinə cavab verən və ətraflı olaraq hazırkı müqaviləyə əlavələrdə (X1) əks ediləcək malların satıcı tərəfindən alıcıya satılması, alıcı tərəfindən isə həmin malları qəbul edərək, haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi müqaviləsinin predmetini təşkil edir.

8. Müqavilənin 3.1-ci bəndinə əsasən malın qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələr (X1) ilə müəyyənləşdirilir.

9. Müqavilənin 9.4-cü bəndinə əsasən malın dəyərinin alıcı tərəfindən ödənildiyi təqdirdə əgər malın çatdırılması və təhvil verilməsi satıcı tərəfindən gecikdirilərsə, alıcı satıcıya hər gecikdirilmiş gün üçün gecikdirilmiş malların ümumi dəyərinin 0,1 % miqdarında cərimə tətbiq edə bilər.

10. Müqaviləyə 01 nömrəli xx.xx.2023-cü il tarixli Əlavə X1na əsasən protokolda göstərilmiş mala görə alıcı tərəfindən satıcıya ödəniləcək ümumi məbləğ 8496 manat təşkil edir.

11. İddiaçı və cavabdeh arasında tərtib olunmuş 25 may 2023-cü il tarixli 01 nömrəli təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən cavabdehə 8496 manat məbləğində mal təhvil verilmişdir.

12. İddiaçı tərəfindən cavabdehə 8496 manat məbləğində xx.xx.2023-cü il tarixli 1 nömrəli hesab-faktura təqdim edilmişdir.

13. İddiaçı tərəfindən cavabdehə EBDG 434303 nömrəli, xx.xx.2023-cü il tarixli 8496 manat məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfaktura göndərilmişdir.

14. 12.06.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən EBDG 434303 saylı elektron qaiməyə əsasən alınan malın ƏDV ödənişi üzrə 1296 manat pul iddiaçının hesabına köçürülmüşdür.

15. xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 10 nömrəli müqaviləyə əsasən iddiaçının hesabına 4000 manat məbləğində ödəniş edilmişdir.

16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

20. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

25. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

27. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 3200 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

28. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 9.4-cü bəndinə əsasən hesablanmış 1000 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

29. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

30. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

31. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 120 manat müəyyən edilməlidir.

32. İddia ərizəsində 100 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilmişdir.

33. 16.02.2024-cü il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına 100 manat köçürülmüşdür.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

35. Bu səbəbdən məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı iddiaçı tərəfindən çəkilmiş xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 62 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 3200 manat əsas borc, 120 manat dəbbə pulu, 100 manat hüquqi yardıma görə xərc, 62 manat dövlət rüsumu, ümumilikdə 3482 (üç min dörd yüz səksən iki) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar