Məhkəmə qərarları › İş №e-2-2(113)-200/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-200/2022

25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-200/2022 25.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 102134,50 ABŞ doları miqdarında maddi zərərin, 30563 ABŞ dolları miqdarında cərimənin, pozulmuş hüquqlarının bərpası ilə bağlı iddiaçı tərəfindən xərclənmiş 16742 ABŞ dolarının (ezamiyyət xərci), həmçinin 2000 manatın (hüquqi xidmətlərlə bağlı) cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 102134,50 ABŞ doları miqdarında maddi zərərin, 30563 ABŞ dolları miqdarında cərimənin, pozulmuş hüquqlarının bərpası ilə bağlı iddiaçı tərəfindən xərclənmiş 16742 ABŞ dolarının (ezamiyyət xərci), həmçinin 2000 manatın (hüquqi xidmətlərlə bağlı) cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı mühəndislik, tikinti, tədarük etmə və quraşdırma layihələrinin həyata keçirilməsi, eləcə də, məhsulların, materialların, avadanlıqların və təchizatların təmin edilməsi sahəsində geniş təcrübəyə malik olan müəssisədir. 06.07.2021-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında BBC-C1-1128 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən (1 saylı Əlavə) cavabdeh 635000 ABŞ dolları əvəzində iddiaçıya 16 həftə ərzində 5000 ədəd aydınlatma dirəyi verməli idi. Tərəflər arasında müqavilə bağlandıqdan, iddiaçı cavabdeh tərəfindən göndərilən sifarişi (invoysu) qəbul etdikdən sonra müqavilədə nəzərdə tutulmuş qaydada danışılmış məbləğin yarısını, yəni 317500 ABŞ dolları (2500 dirəyin dəyərinin) cavabdehin hesabına köçürmüşdür. Müqavilədə ilk partiyaların 6 həftə ərzində cavabdeh tərəfindən təhvil veriləcəyinin qeyd edilməsinə baxmayaraq sifariş yalnız 8 həftədən sonra yarımçıq halda çatdırılmışdır. Cavabdeh sifarişin qalan hissəsini isə ümumiyyətlə yerinə yetirməmişdir. Yəni iddiaçı tərəfindən ödənilmiş 317500 ABŞ dollarının müqabilində 2500 işıq dirəyi almalı olduğu halda cəmi 291 dirək almışdır. Cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirməməsi səbəbindən iddiaçı alqı-satqı müqaviləsinə xitam verilməsi ilə bağlı ona müraciət etmiş və tərəflər arasında müqaviləyə xitam verilərək ödənilmiş 317500 dollar məbləğindən 284700 ABŞ dolları pulu iddiaçıya geri qaytarmışdır. Mübahisə predmeti olan müqavilənin bağlanması ərəfəsində iddiaçı cavabdehlə bağlanmış müqaviləyə əsaslanaraq 03.07.2020-ci il tarixdə "xxxx" MMC ilə alqı-satqı müqaviləsi bağlamış və cavabdehdən alınan malları "xxxx" MMC-nə satmağı öhdəsinə götürmüşdür. Cavabdehlə razılaşdırılmış qiymətlər əsasında digər "xxxx" MMC-nə mallar üçün müvafiq qiymət bildirən iddiaçı cavabdehin öz üzərinə düşən öhdəliyini yerinə yetirməməsi nəticəsində həmin malları digər şirkətdən “X1 X3 ve Dış Tic LTD ŞTİ.”-dən almaq məcburiyyətində qalmış və bunun nəticəsində də qeyd olunan mallar 102134,50 ABŞ dolları bahasına başa gəlmişdir. Bunun nəticəsində iddiaçı 3-cü şəxs qarşısında götürdüyü öhdəliyi yerinə yetirmək üçün məcburi olaraq 102134,50 ABŞ dolları bahasına aldığı mallar 3-cü şəxsə satmışdır və bununla da ona 102134,50 miqdarında maddi zərər dəymişdir. Belə ki, razılaşdırılmış 5000 dirəyin ümumi dəyəri 635000 ABŞ dolları olmalı olduğu halda cavabdehin öhdəliyi yerinə yetirməməsi nəticəsində iddiaçı tərəfindən 5000 dirəyə görə 737134,50 ABŞ dolları xərclənmiş və bunun nəticəsində də iddiaçı 102134,50 ABŞ dolları faydanı əldən vermişdir. Bundan başqa, cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş müddət ərzində malların çatdırılmaması səbəbindən müqavilənin 10-cu maddəsinə uyğun olaraq cərimələr tədbiq edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 10-cu bəndində qeyd edilmişdir ki, Satıcının günahı üzündən malların göstərilən müddətdə gecikməsi halında Satıcı Alıcıya aşağıdakı cərimələri ödəyəcəkdir: a) ilk 1 (bir) həftə ərzində malların gecikdirilmiş partiyasının dəyərinin 0,1 %-i məbləğində cərimə hər gün üçün b) sonrakı dövrdə hər gün üçün malların təxirə salınmış mal dəyərinin 0,5% miqdarında cərimə. Gec çatdırılma üçün cərimənin ümumi miqdarı vaxtında göndərilməmiş malın dəyərinin 5%-dən çox olmamalıdır. Bununla bağlı tərəflər arasında müqavilə 08.07.2021-ci il tarixdə bağlanılmışdır. Həmin müqaviləyə 1 saylı əlavədə 635 000 USD dəyərində olan malların çatdırılma müddəti 16 həftə göstərilmişdir, yəni 26.10.2020-ci il tarixədək müqavilə üzrə nəzərdə tutulmuş bütün mallar alıcıya çatdırılmalıdır. Lakin cavabdeh tərəfindən müqavilədə şərtləndirilmiş mallar qeyd olunan tarixdə çatdırılmalı olduğu halda mallar həmin vaxtda çatdırılmamışdır, ona görə də, 10.11.2020-ci il tarixdə Alıcı tərəfindən müqaviləyə xitam verilmiş və Satıcı tərəfindən mallara görə ödənilən pul geri qaytarılmağa başlanılmışdır. Müqavilənin 10-cu maddəsində göstərilən cərimələr növbəti qaydada hesablanaraq satcıdan alıcının xeyrinə tutulmalıdır. Gecikdirilmənin ilk həftəsinə görə yəni 26.10.2020 - 01.11.2020-ci (7 gün) il tarixə görə gecikdirmə cəriməsi 1988 ABŞ dolları (635000 * 0,001 * 7 = 1988), sonrakı müddət ərzində isə yani 01.11.2020 - 10.11.2020-ci (9 gün) il tarixə görə isə 28575 ABŞ dolları (635000 * 0,005 * 9 = 28575) olmaqla ümumilikdə 30563 ABŞ dolları təşkil edir. Bundan başqa, cavabdeh müqaviləyə xitam verildikdən sonra müqavilə üzrə ona ödənilən məbləği ödəməkdən yayınmışdır. Bu səbəbdən iddiaçı öz əməkdaşı X2 Türkiyə Respublikasına cavabdehin yerləşdiyi ünvanına göndərmiş və yalnız əməkdaşın səyləri nəticəsinə qeyd olunan pul cavabdeh tərəfindən geri qaytarılmışdır. Buna görə də, iddiaçı ödənilmiş pulunun geri qaytarılması üçün 16742 ABŞ dolları məbləğində ezamiyyət xərci çəkmişdir. Bunu təsdiq edən aviabiletlərin surətləri, oteldə qalma xərcləri, həmçinin digər xərclərin qəbzləri işə əlavə olunmuşdur. Həmçinin pozulmuş hüquqların bərpası ilə bağlı iddiaçıya "xxxx" Legal Firm MMC-nin ximətlərindən istifadə etmiş və buna 2000 manat pul xərcləmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 06.07.2021-ci il tarixli BBC-C1-1128 saylı alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh müqavilədə göstərilən müxtəlif növ malları iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. 09.07.2020-ci il tarixli Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 317500 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 06.07.2021-ci il tarixli BBC-C1-1128 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh müqavilədə göstərilən müxtəlif növ malları iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə 317500 ABŞ dolları məbləğində ödəniş edilmiş, cavabdeh tərəfindən iddiaçıya 291 dirək verilmiş, sonradan tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə xitam verilmiş, cavabdeh ödənilmiş 317500 dollar məbləğindən 284700 ABŞ dolları iddiaçıya geri qaytarmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı, cavabdeh tərəfindən malların vaxtında verilməməsi səbəbindən üçüncü şəxs qarşısında götürdüyü öhdəliyi icra etmək üçün həmin malları digər şirkətdən aldığını, nəticədə ona 102134,50 ABŞ doları miqdarında maddi zərər dəydiyini iddia edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, malların verilməməsinin, müqaviləyə xitam verilməsinin məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya 291 dirək verilmiş, sonradan tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə xitam verilmiş və cavabdeh ödənilmiş 317500 dollar məbləğindən 284700 ABŞ dolları iddiaçıya geri qaytarmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi yuxarıda göstərilən xüsusata (cavabdehin təqsirinin müəyyən olunmaması) görə təmin oluna bilməz. Ezamiyyət xərci ilə bağlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində ödənilmiş pulunun geri qaytarılması üçün 16742 ABŞ dolları məbləğində ezamiyyət xərci çəkdiyini qeyd etməklə bunu təsdiq edən sübut kimi aviabiletlərin surətləri, oteldə qalma xərcləri, həmçinin digər xərcləri əlavə etsə də, həmin sübutlardan ezam olunmuş şəxsin məhz cavabdehə ödənilmiş pulun geri qaytarılması ilə bağlı Türkiyə Respublikasına getməsi müəyyən olunmadığından həmin sübutlar mötəbər hesab olunmamaqla iddianın göstərilən hissəsinin əsaslılığına kifayət etmir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia üzrə iddia tələblərinin faktiki əsasları (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin hüquqi xidmətlərlə bağlı ödənilmiş pul vəsaitinin tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia rədd edildiyindən həmin xərclər cavabdehdən tutula bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı cavabdehdən 102134,50 ABŞ doları miqdarında maddi zərərin, 30563 ABŞ dolları miqdarında cərimənin, pozulmuş hüquqlarının bərpası ilə bağlı iddiaçı tərəfindən xərclənmiş 16742 ABŞ dolarının (ezamiyyət xərci), həmçinin 2000 manatın (hüquqi xidmətlərlə bağlı) cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar