Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-200/2023 31.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ("xxxx" MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, 52C/22 nömrəli lizinq müqaviləsi üzrə ödənilməli olan 735 (yeddi yüz otuz beş) manat, lizinq predmetinə vurmuş olduğu zərər üzrə 1585 (bir min beş yüz səksən beş) manat və yol-hərəkəti qaydalarının cavabdeh tərəfindən pozulması nəticəsində tətbiq olunan protokollar (qərarlar) üzrə hesablanmış 561,20 (beş yüz altmış bir manat iyirmi qəpik) manat inzibati cərimələr də daxil olmaqla, cəmi 2881,20 (iki min səkkiz yüz səksən bir manat iyirmi qəpik) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı lizinq verən "xxxx" MMC avtolizinq şirkəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 52C/22 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən lizinq verən lizinq predmeti olan “Chevrolet Malibu” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini tam saz və işlək vəziyyətdə lizinq alana təhvil verməyi, cavabdeh isə lizinq muzdunu vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixli Təhvil-təslim aktı əsasında lizinq predmeti cavabdehə tam saz və işlək vəziyyətdə təhvil verilmişdir. Cavabdeh müqavilə üzrə lizinq predmetini təhvil alsa da, sonradan öz öhdəliyini lazımi şəkildə yerinə yetirməmiş, lizinq muzdunu ödəməkdən yayınmış, habelə müqavilə şərtlərinə zidd olaraq əmlaka zərər vurmuş və dəymiş zərərin miqdarını ödəməkdən boyun qaçırmışdır. Müqavilə üzrə iddiaçı hər ay 525 manat aylıq ödəniş etməli idi. Müqavilənin qüvvədə olduğu və nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğu son müddətlərdə cavabdeh 735 (yeddi yüz otuz beş) manat ödənişi icra etməmişdir. Həmçinin lizinq predmetinə xeyli miqdarda zərər də vurmuşdur. Belə ki, həmin zərər xx.xx.2022-ci il tarixli “Avtomobilin qüsurları” aktına əsasən 1585 (bir min beş yüz səksən beş) manat təşkil edir. Yol-hərəkəti qaydalarının cavabdeh tərəfindən pozulması nəticəsində tətbiq olunan protokollar üzrə isə 561,20 (beş yüz altmış bir manat iyirmi qəpik) manat inzibati cərimələr hesablanmışdır. Cavabdeh iddiaçıya ümumilikdə cəmi 2881,20 (iki min səkkiz yüz səksən bir manat iyirmi qəpik) manat məbləğində maddi zərər vurmuşdur. Bununla bağlı ondan izahat alınmış, məsələ ilə bağlı danışıqlar aparılmış, lakin müsbət nəticə əldə olunmamışdır. Müqavilənin müvafiq bəndlərinin şərtlərini pozduğuna görə xx.xx.2022-ci il tarixdə lizinq predmeti cavabdehdən alınmışdır. Bir müddət sonra isə o, ofisə gələrək ofisdə səs-küy salmış, bununla bağlı akt tərtib edilmişdir. Daha sonra müqavilə üzrə öhdəliklərin icra edilməsi barədə cavabdehin elektron vergi kabinetinə xx.xx.2022-ci il tarixli pretenziya məktubu ünvanlanmış və məbləğin 3 (üç) gün ərzində ödənilməsi, əks halda qanunvericiliyə uyğun olaraq aidiyyəti məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bundan sonra cavabdeh "xxxx" MMC-yə məxsus olan ofisə gələrək şirkət işçilərinə qarşı kobud, nalayiq ifadələr səsləndirmişdir. Buna müvafiq olaraq xx.xx.2022-ci il tarixində müqavilənin tərəfimizdən birtərəfli pozulması və daha sonra mübahisənin həlli ilə bağlı mediasiyaya dəvət edilmə (mediasiya təklifi) ilə bağlı cavabdehin elektron vergi kabinetinə bildirişlər göndərilmişdir. Eyni bildirişlər poçt vasitəsilə cavabdehin qeydiyyatda olduğu ünvana da göndərilmişdir. Lakin cavabdeh heç bir münasibət bildirməmişdir. Aparılan danışıqlara və edilən bütün müraciətlərə baxmayaraq, cavabdeh hərəkətsizlik nümayiş etdirərək, öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Göründüyü kimi, cavabdehlə bağlanılan müqavilə əsasında o, lizinq predmetinindən istifadə etdiyi dövrdə iddiaçıya xeyli miqdarda zərər vurmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Lizinq verən – "xxxx" MMC ilə lizinq alan – Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 52C/22 nömrəli daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi, bu lizinq müqaviləsinin 1.3-cü bəndində qeyd edilən və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 saylı Əlavədə göstərilən əmlakı (bundan sonra lizinq obyekti adlandırılacaq) öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq verən və lizinq alan tərəflər lizinq obyektinin növü, qiyməti, xüsusiyyətləri, o cümlədən, keyfiyyəti, kəmiyyəti, tərkib hissələri, təsviri, ödəmə və təslim müddətləri və digər şərtləri barədə tam anlaşma əldə ediblər. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən lizinq obyektinin təsviri: 1 ədəd “Chevrolet Malibu” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (ban nömrəsi: 1G1ZB5ST1GF210001, rəngi: gümüşü metallik rəngli, buraxılış ili: 2016, mühərrik həcmi: 1490 sm3). Həmin müqavilənin 2.1.9-cu bəndinə əsasən lizinq alan tərəfindən lizinq predmeti olan nəqliyyat vasitəsinin istismarı zamanı lzinq predmetinə və digər 3-cü şəxslərə dəymiş ziyanını (reqress halda), çəkilməli olan xərclərin, siğorta qanunvericiliyinə əsasən ödənilmiş və ya çəkilmiş xərclərin (çəkilməli olan) xərclərin reqres qaydada tələb olunması lizinq verənin hüququdur. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən lizinq verən lizinq alan ilə aralarında razılaşdırılmış 2000 (iki min) manat məbləğində ilkin ödənişin 1500 (bir min beş yüz) manatını müqavilə bağlanan anda, qalıq hissəsi olan 500 (beş yüz) manatını isə xx.xx.2022-ci il tarixinədək ödəməyi təyin edir. Qeyd edilmiş tarixədək ilkin ödənişin qalıq hissəsi ödənilmədiyi halda avtomobilin hərəkəti məhdudlaşdırılacaqdır. Bu müqavilə üzrə ödənilməmiş ödənişlər, lizinq alanın təqsiri ucbatından lizinq verənin mülkiyyətinə və digər qanuni mənafelərinə dəyən zərərin əvəzi və yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar ödənilməmiş inzibati cərimələr birtərəfli qaydada lizinq alanın öhdəliyinə verilir. - Tərəflər arasında bağlanmış beh müqaviləsində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC avtolizinq şirkətindən avtomobil almaq üçün alıcı Cavabdeh tərəfindən avtomobil almaq üçün 200 manat beh saxlanılır. Alıcı avtomobili almaqdan imtina etdiyi halda saxlanılan 200 manat beh geri qaytarılmır. Satıcı alıcı ilə aralarında razılaşdırılmış şərtlərə əsasən xx.xx.2022-ci il tarixədək alıcıdan avtomobili əldə etmək üçün lizinq müqaviləsinin şərtlərinə cavab verərək, müqavilə bağlamağı və avtomobili əldə etməyi təyin edir. Əks halda beh müqaviləsinin müddəti bitir və etibarsız sayılır. O cümlədən saxlanılan beh məbləği geri qaytarılmır. Cavabdeh qeyd olunan məbləği ödədiyini və şərtlərlə razı olduğunu bildirərək, etirazının olmadığı qeyd olunmuşdur. Sözügedən müqavilə "xxxx" MMC-nin imzası və möhürü, Cavabdeh imzası ilə təsdiqlənmişdir. - Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 52C/22 nömrəli müqaviləyə Təhvil-təslim aktı adlı 2 saylı Əlavədən görünür ki, lizinq predmeti olan “Chevrolet Malibu” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (ban nömrəsi: 1G1ZB5ST1GF210001, rəngi: Gümüşü metallik, buraxılış ili: 2016, mühərrik həcmi: 1490 sm3) lizinq verən tərəfindən tam işlək və saz vəziyyətdə təhvil verilmiş, lizinq alan tərəfindən də öz növbəsində təhvil alınmışdır. - Ödəniş cədvəlindən görünür ki, lizinq predmetinin lizinq məbləği – 52400 manat, ödənişin başlama tarixi – xx.xx.2022, ödəniş şərti – 15 gündən bir 525 manat (ayda 1050), ilkin ödəniş – 2000 manat, günlük ödəniş – 35 manat olmaqla tərəflər arasında müəyyənləşdirilmişdir. Ödəniş cədvəli lizinq verənin imzası və möhürü, lizinq alanın imzası ilə təsdiqlənmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli hesabdan çxıarışdan görünür ki, xx.xx.2022 – xx.xx.2022 dövr üçün AZ83PAHA40060AZNHC********** nömrəli hesaba Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 200 manat (ödəniş təyinatı: beh ödənişi), xx.xx.2022-ci il tarixdə 1300 manat (ödəniş təyinatı: ilkin ödəniş), xx.xx.2022-ci il tarixdə 500 manat (ödəniş təyinatı: ilkin ödəniş), xx.xx.2022-ci il tarixdə 500 manat (ödəniş təyinatı: müqavilə üzrə ödəniş), xx.xx.2022-ci il tarixdə 500 manat (ödəniş təyinatı: müqavilə üzrə ödəniş), xx.xx.2022-ci il tarixdə 20 manat (ödəniş təyinatı: müqavilə üzrə ödəniş), xx.xx.2022-ci il tarixdə 340 manat (ödəniş təyinatı: müqavilə üzrə ödəniş), xx.xx.2022-ci il tarixdə 180 manat (ödəniş təyinatı: müqavilə üzrə ödəniş), xx.xx.2022-ci il tarixdə 525 manat (ödəniş təyinatı: müqavilə üzrə ödəniş), xx.xx.2022-ci il tarixdə 525 manat (ödəniş təyinatı: müqavilə üzrə ödəniş) məbləğində ödənişlər həyata keçirilmişdir. - X1 tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli avtomobilin qüsur aktından görünür ki, “Chevrolet Malibu” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində (ban nömrəsi: 1G1ZB5ST1GF210001) yaranmış nasazlıqlarla əlaqədar alınmalı ehtiyyat hissələrinin və göstərilməli olan xidmətlərin siyahısı göstərilmiş, eləcə də nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 1585 manat məbləğində müəyyən edilmişdir. - "xxxx" MMC Cavabdeh xx.xx.2022-ci il tarixli pretenziya qaydasında xəbərdarlıqla müraciət edərək, müqavilə üzrə yaranmış borcun 3 (üç) gün müddətində ödənilməsini xahiş etmiş, əks təqdirdə tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndinin “d” yarımbəndinə əsasən müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi və borcun alınması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafiklərinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı pul tələbi ilə bağlı tələb hüququ yaranmışdır. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2022-ci il tarixli, 52C/22 nömrəli lizinq müqaviləsi üzrə ödənilməli olan 735 (yeddi yüz otuz beş) manat borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Belə müqavilədən birini Mülki Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır (Mülki Məcəllənin 748-1.12.4. maddəsi). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi göstərilən hissədə qismən təmin edilməli və cavabdehdən 665 (altı yüz altmış beş) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə belə qənaətə gələrkən onu nəzərə almışdır ki, iş materiallarından göründüyü kimi, iddiaçı iddia tələbində 735 manat məbləğində pulun cavabdeh tərəfindən ona ödənilməməsini iddia etsə də, iş materiallarında olan ödəniş cədvəli və hesabdan çıxarışdan müəyyən edilmişdir ki, cavabdeh lizinq predmetini əldə etdiyi vaxtdan (xx.xx.2022) onda olan vaxta (xx.xx.2022)(Qeyd: iddiaçı tərəfindən cavabdehin müqavilənin bəndlərinin şərtlərini pozduğuna görə xx.xx.2022-ci il tarixdə lizinq predmeti cavabdehdən alınmışdır.) kimi ümumi olaraq 3255 manat (xx.xx.2022-ci il tarixdə 490 manat+xx.xx.2022-ci il tarixdə 525 manat+xx.xx.2022-ci il tarixdə 525 manat+xx.xx.2022-ci il tarixdə 525 manat+xx.xx.2022-ci il tarixdə 525 manat+xx.xx.2022-ci il tarixdə 525 manat+xx.xx.2022-xx.xx.2022 tarixləri üzrə 140 manat (4 gün x 35 manat = 140 manat)) ödəməli olduğu halda, cəmi 2590 manat məbləğində ödəniş etmiş, bununla da iddiaçıya qalan 665 manat lizinq məbləğini ödəməmişdir. İddia tələbinin digər hissəsini cavabdehdən lizinq predmetinə vurmuş olduğu zərər üzrə 1585 (bir min beş yüz səksən beş) manat məbləğində pulun tutulması təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 52C/22 nömrəli daxili lizinq müqaviləsinin 2.1.9-cu bəndinə əsasən lizinq alan tərəfindən lizinq predmeti olan nəqliyyat vasitəsinin istismarı zamanı lizinq predmetinə və digər 3-cü şəxslərə dəymiş ziyanını (reqress halda), çəkilməli olan xərclərin, siğorta qanunvericiliyinə əsasən ödənilmiş və ya çəkilmiş xərclərin (çəkilməli olan) xərclərin reqres qaydada tələb olunması lizinq verənin hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə lizinq verənin lizinq alan tərəfindən lizinq predmeti olan nəqliyyat vasitəsinin istismarı zamanı lizinq predmetinə dəymiş ziyanı tələb etmək hüququna malik olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, cavabdehdən lizinq predmetinə vurulmuş zərər üzrə 1585 (min beş yüz səksən beş) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini cavabdehdən iddiaçının xeyrinə yol-hərəkəti qaydalarının cavabdeh tərəfindən pozulması nəticəsində tətbiq olunan protokollar (qərarlar) üzrə hesablanmış 561,20 (beş yüz altmış bir manat iyirmi qəpik) manat inzibati cərimələrin tutulması təşkil edir. İddiaçı bununla bağlı yol-hərəkəti qaydalarının cavabdeh tərəfindən pozulması nəticəsində cavabdehə yazılan inzibati protokolları (qərarlar), protokolların bəziləri üzrə ödəniş qəbzlərini sübut qismində məhkəməyə təqdim etmişdir. İddiaçı həmin protokollar üzrə cərimələrin cavabdeh tərəfindən ödənilməli olduğunu və bəzi cərimələrin isə iddiaçı tərəfindən ödənildiyini bidirsə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin olunmamalıdır. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən cavabdehə yazılan bir sıra inzibati protokollar (qərarlar) üzrə cərimələrin həqiqətən də iddiaçı tərəfindən ödənilməsini müəyyən etmək mümkün deyil. Digər protokollar üzrə isə cərimələr cavabdeh tərəfindən təyinatı üzrə ödənilməli olduğundan məhkəmə həmin hissədə iddianı əsassız sayır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 52C/22 nömrəli liznq müqaviləsi üzrə ödənilməli olan 665 (altı yüz altmış beş) manat və lizinq predmetinə vurulmuş zərər üzrə 1585 (min beş yüz səksən beş) manat olmaqla, cəmi 2250 (iki min iki yüz əlli) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-200/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-200/2023
31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver