Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2002/2024 15.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh X3 qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dövlət rüsumu ) Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı MMC-nin cavabdeh X3 qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 (VÖEN: **********) 163 manat əsas borc və 30 manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC ilə alıcı X4 arasında xx.xx.2021-ci il tarixli KOD 0320/2021 saylı məhsulların (malların) alqı-satqı müqaviləsi və həmin müqaviləyə 01 saylı əlavə (Qiymətlərin razılaşdırma protokolu) imzalanmışdır. Həmin müqavilə, müqaviləyə 01 saylı əlavə (Qiymətlərin razılaşdırma protokolu) və elektron qaimələrə əsasən X3 qaimələrdə göstərilən miqdarda 163 manat dəyərində pivə məhsulları satılmışdır. Lakin cavabdeh 163 manat borcu ödəməmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı MMC-yə163 manat əsas borcu vardır. Cavabdehə pretenziya məktubunun göndərilməsinə və mediasiyaya müraciət edilməsinə baxmyaraq heçbir nəticə əldə olunmamışdır.
II. Məhkəmə baxışının hədləri:
3. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
III.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
4. İddiaçı ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli KOD 0320/2021 saylı alqısatqı müqaviləsinə əsasən:
5. Müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması prokolunda göstərilən məhsulları satır, alıcı isə həmin malı qəbul edir və bunun müqabilində qiymətlərin razılaşdırılması protokolu ilə razılaşdırılmış qiymətlərlə malın dəyərini bu müqavilənin 4-cü maddəsində göstərilən şərtlərlə təhvil aldıqdan sonra 35 gündən gec olmayaraq satıcıya ödəməyi öz öhdəsinə götürür.
6. xx.xx.2021-ci il tarixli KOD 0320/2021 saylı alqı-satqı müqaviləsinə Əlavə №1 (Qiymətlərin razılaşdırma protokoluna) əsasən tərəflər arasında beş adda olan pivə məhsullarının bir ədədinin giymətləri razılaşdırılmışdır.
7. xx.xx.2021-ci il tarixli EBAZ700407 saylı e-qaiməyə əsasən iddiaçı tərəfindən 163 manat məbləğində mal X3 təhvl verilmiş və həmin elektron qaimə hər iki tərəfin imzası ilə təsdiqlənmişdir.
8. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən X2 müqavilə üzrə 15 fevral 2023-cü il tarixə 163 manat əsas borcu, 32,60 manat faiz borcu olmaqla cəmi 195,60 manat borcu qalmışdır.
9. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
11. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
13. 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
16. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
17. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
18. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
19. İşdən göründüyü kimi xx.xx.2021-ci il tarixli KOD 0320/2021 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması prokolunda göstərilən məhsulları satır, alıcı isə həmin malı qəbul edir və bunun müqabilində qiymətlərin razılaşdırılması protokolu ilə razılaşdırılmış qiymətlərlə malın dəyərini bu müqavilənin 4-cü maddəsində göstərilən şərtlərlə təhvil aldıqdan sonra 35 gündən gec olmayaraq satıcıya ödəməyi öz öhdəsinə götürür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq göstərilmiş xidmət haqlarını ödəməkdən yayınmışdır.
20. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 163 manat borcun tutulması tələbi əsaslıdır.
21. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
IV. Nəticə:
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia ərizəsi təmin edilsin. Cavabdeh X1 xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 163 (yüz altmış üç) manat borc məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova