Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2003/2023 03.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin icrasının gecikdirilməsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6134,04 dollar məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında Bakı şəhərində bağlanılmış 12 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumi dəyəri 6134,04 dollar məbləğində gübrə və pestisid verib. Lakin Cavabdeh MMC tərəfindən bu günədək satılmış malın dəyəri ödənməmişdir. Dəfələrlə yazılı və şifahi müraciətlər olunmasına baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini könüllü yerinə yetirilməsindən yayınmışdır. 12 avqust 2020-cu il tarixli üzləşmə aktı ilə Cavabdeh MMC sifariş olunan malın dəyərini sifariş təsdiq edildikdən və İddiaçı MMC-nin təqdim etdiyi elektron qaimə-fakturanı aldıqdan sonra ödənişi həyata keçirməli idi. Lakin borclarının olmasını etiraf edərək yaxın vaxtlarda borc aldıqları pul məbləğini ödəyəcəklərini vəd etsələr də, bu müddət ərzində borclarını ödəməmişlər. Cavabdeh MMC-yə müqavilə üzrə öhdəliklərini könüllü qaydada icra etmələri barədə 23 yanvar 2023-cü ildə pretenziya göndərilsə də, bu günədək pretenziyaya hər hansı münasibət bildirilməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, ödənişlər edilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla, Mediasiya Şurasına müraciət edilmiş və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya Təşkilatı prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-ci il tarixli arayış vermişdir. Cavabdeh MMC-nin müqavilə şərtlərini birtərəfli qaydada pozması və müqavilə öhdəliklərindən birtərəfli qaydada imtina etməsi iddiaçının hüquqlarını pozur, müqavilə öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməməsi səbəbindən iddiaçı ağır vəziyyətə düşür. Ona görə də cavabdehin müqavilə öhdəliklərinin məcburi qaydada icra edilməsi və borclu qaldıqları 6134,04 dollar məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş olunur.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 385.1, 386.1, 389.1, 427.3, 430.1, 442, 443.1-ci maddələrinə istinad olunmuşdur.
4. İddiaçı MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, cavabdeh etiraz edərək, işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
Tədqiq olunan sübutlar:
6. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı tərəfindən iddia tələbini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş müqavilə və üzləşmə aktı Emin Yusifov tərəfindən imzalanmışdır. Həmin şəxs bir zamanlar Cavabdeh MMC-nin qanuni təmsilçisi olmuşdur. Müqavilə və üzləşmə aktında hüquqi şəxsin möhürü mövcud deyildir. Belə bir müqavilə cavabdehlə bağlanmayıb, belə bir müqavilənin olması barədə cavabdehdə məlumat yoxdur. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir.
7. Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanması iddia olunan alqı-satqı müqaviləsi iş materiallarına əlavə olunmuşdur. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya gübrə və pestisid satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir; 8.5-ci maddəsinə əsasən müqaviləyə hər hansı dəyişiklik və əlavələr hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzalandıqdan və möhürləndikdən sonra sonra hüquqi qüvvəyə malikdir və müqavilənin ayrılmaz tərkib hissəsidir. Həmin müqavilə İddiaçı MMC və Cavabdeh MMC adından nümayəndə qismində iştirak edən şəxslər tərəfindən imzalansa da, Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilməmişdir.
8. İddiaçı MMC və Cavabdeh MMC arasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli üzləşmə aktında Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixə İddiaçı MMC-yə 6134,04 ABŞ dolları (manat ekvivalenti ilə 10427 manat) məbləğində borcunun olduğu qeyd edilmişdir. Qeyd olunan akt alıcı tərəfindən Emin Yusifov tərəfindən imzalanmış, hüquqi şəxsin möhürü ilə təsdiq ediməmişdir.
9. İddiaçı MMC pretenziya ilə Cavabdeh MMC-yə müraciət edərək, xx.xx.2023-cü il tarixədək borcun ödənilməsini xahiş etmiş, əks halda borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağını bildirmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 331.2-ci maddəsinə əsasən tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi
12. İddiaçı cavabdehlə aralarında alqı-satqı müqaviləsinin bağlandığını, iddiaçının həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etdiyini, lakin cavabdehin müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcunun olduğunu bildirərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
13. Məhkəmə ilk növbədə qeyd etməyi lazım bilir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş və iddia tələbi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir.
14. Belə ki, qanunvericiliyin tələbindən göründüyü kimi, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırkı iş üzrə iddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliyinin pozulduğunu iddia edir. Lakin məhkəmənin qənaətinə əsasən tərəflər arasında istinad olunan müqavilənin bağlanması müəyyən olunmur. Belə ki, təqdim olunan müqavilədə iddiaçıya aid bütün məlumatlar öz əksini tapsa da, bütün rekvizitlər göstərilsə də, müqaviləyə möhür vurulsa da, müqavilədə Cavabdeh MMC-nin yalnız adı qeyd olunmuş, hüquqi şəxs barədə heç bir bir məlumat, hüquqi şəxsə dair rekvizitlər qeyd olunmamış, möhür vurulmamışdır. Müqavilə yalnız Emin Yusifov tərəfindən imzalanmışdır (cavabdeh həmin şəxsin əvvəllər Cavabdeh MMC-nin qanuni təmsilçisi olduğunu bildirmişdir). Ona görə də həmin müqavilənin sonradan tərtib edilməsi ehtimalının olması da istisna olunmur. Bağlandığı iddia olunan müqavilənin 4.1-ci bəndinə əsasən satıcı malı müqaviləyə uyğun olaraq "Alıcı" tərəfindən ödəniş həyata keçirildikdən sonra 3 (üç) gün ərzində və yaxud ödənişin həyata keçirilməsi ilə bağlı müqavilədə razılaşdırılmış müddət müəyyən edildikdə "Alıcı"ya Malı qabaqcadan təhvil verməyi öhdəsinə götürür; 4.2-ci bəndinə əsasən satıcı malın təhvil verilməsindən əvvəl elektron qaimə-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir. İstinad olunan müqavilə üzrə hər hansı əməliyyatın aparılması müəyyən olunmur.
15. Qeyd olunmalıdır ki, sübut qismində təqdim olunan üzləşmə aktında vəziyyət müqavilədə olduğu kimidir. Müqavilə ilə eyni tarixdə tərtib olunan həmin akt da yalnız Emin Yusifov tərəfindən imzalanmışdır.
16. Beləliklə, yuxarıda göstərilənlər məhkəmədə hazırkı tərəflər, hüquqi şəxslər arasında istinad olunan müqavilənin bağlanmaması qənaətini yaradır. Cavabdeh həmin müqavilənin tərəfi olmayıb və üzərinə hər hansı öhdəlik götürməyib. Müqavilə tərəfi kimi cavabdehin iddiaçı ilə hər hansı razılaşması olmayıb.
17. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar.
18. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar.
19. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri).
20. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
21. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
22. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbində qeyd edilənlərin mövcudluğunu təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmadığından iddia rədd olunmalıdır.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova