Məhkəmə qərarları › İş №e-2-2(113)-2006/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2006/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2006/2025 03.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra-iddiaçı) Cavabdeh2 (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5601,17 manat borc məbləği və 77 manat dövlət rusumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sifarişçi Cavabdeh2 ilə icraçı İddiaçı MMC arasında xx.xx.2023-ci il tarixdə 214 saylı “alqı satqı” müqaviləsi bağlanmışdır. Bağlanmış xx.xx.2023-ci il tarixli 214 saylı “alqı-satqı” müqavilənin şərtlərinə uyğun olaraq malların alqı-satqısı həyata keçirilmişdir. Umumi qaimələrə əsasən 50355,89 (əlli min üç yüz əlli beş manat səksən doqquz qəpik) manat mal satılıb və onun qarşısında 44754 (qırx dörd min beş yüz yetmiş dörd) manat məbləğində ödəniş olub və bir qismi malların qaytarılmamışdır. Sifarişçi Cavabdeh2 müqavilə şərtlərinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi tam icra etməmişdir. Bu səbəbdən xx.xx.2024-ci il tarixdə tərəflər arasında rəsmiləşdirilmiş xx.xx.2023-ci il tarixli 214 saylı müqavilə üzrə alınan məhsulun dəyəri ilə əlaqədar “üzləşmə aktı” rəsmiləşdirilmişdir. Üzləşmə aktında faktları etiraf etməklə tərəflər öz aralarında aşağıdakıları rəsmiləşdiriblər: Biz, İddiaçı MMC-nın (VÖEN **********) İcraçı X1 və FS Cavabdeh2 (VÖEN **********) qarşılıqlı yoxlamaya əsasən aşağıda qeyd olunmuş borc göstəricilərini 28 noyabr 2024-cü il üçün öz imzalarımızla təsdiq edirik. Beləliklə FS Cavabdeh2 borcu xx.xx.2024 il tarixinə İddiaçı MMC-yə (VÖEN **********) 5034,43 (beş min, otuz dörd manat, qırx üç qəpik) manat təşkil edir. Üzləşmə aktı ilə cavabdehin borclu olduğu öz təsdiqini tapır. Üzləşmə imzalandan sonra qismən ödəniş olub. Hal hazırda qalıq borc qaimələrə əsasən 5601,17 (beş min altı yüz bir manat on yeddi qəpik) manat məbləğ təşkil edir və qalıq borcu odəməktən cavabdeh tərəf imtina edirlər, bu səbəbdən İddiaçı MMC ziyanla qarşılaşıb. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinin tələbinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Tərəflər arasındakı münasibətlər müqavilədən irəli gələn öhdəliklər olduğundan, hazırkı iş üzrə cavabdeh sifarişçi tərəf olaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün, İddiaçı MMC xx.xx.2024-ci il tarixdə hazırkı iş üzrə cavabdeh tərəfə “Pretenziya məktubu” ilə müraciət edilmişdir. Pretenziya məktubu əsasında müqavilə öhdəliyi üzrə yaranmış borc məbləğinin ödənilməsi xahiş olunmuşdur.

3. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək 3841,67 manat məbləğində pulun və 77 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.İlyasov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə icraatı dövründə cavabdeh ona verilmiş mallardan ümumi dəyəri 1759,50 manat məbləğində malları tərəflərin razılığı əsasında geri qaytarmış, bu səbəbdən iddia tələbinin həcmi azaldılmışdır. Bundan əlavə, cavabdeh iddiaçıya borcun müqabilində xx.xx.2025-ci il tarixdə ümumi dəyəri 815,96 manat olan mallar vermişdir. Bu barədə tərəflər arasında müvafiq akt tərtib edilsə də, mühasibatlıqda həmin məbləği əsas borcdan silmək mümkün olmadığı üçün iddianın tam şəkildə təmin edilməsini xahiş edir, belə ki, iş icra icraatında olan zaman həmin məbləğdə olan borc tərəflərindən cavabdehdən tələb edilməyəcəkdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbaərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilməmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 00214 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı sifarişlər əsasında nəzərdə tutulmuş miqdarda, çeşiddə və qiymətdə malları (bundan sonra mallar) alıcıya satır, alıcı isə öz növbəsində bu malların dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə satıcıya ödəyir.

9. Müqavilənin 2.4-cü bəndinə görə, malların alıcının qəbul məntəqəsinə fiziki olaraq çatdırılması və aidiyyatı şəxs tərəfindən malların qəbulu sənədinin imzalanması malların təhvil verilməsi hesab edilir.

10. Müqavilənin 4.2-ci bəndinə görə, bu müqavilə üzrə e-qaimə təqdim edildiyi tarixdən 30 iş günü müddətində ödəniş həyata keçirilir. Mallara görə edilən ödənişlərdən hər hansı tutulmalara yol verilmir.

11. Tərəflərin möhür və imzaları ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixə olan qalıq borcu 6508,92 manat təşkil edir.

12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli 258,40 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDW 645579 nömrəli 6507,10 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEB 901594 nömrəli 525 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEC 171795 nömrəli 3085 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEC 876273 nömrəli 315 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBEC 930119 nömrəli 1350 manat məbləğində, elektron qaimə təqdim olunmuşdur.

13. 03.12.2024-cü il tarixli, 03 nömrəli köçürməyə əsasən cavabdeh tərəfindən iddiaçıya 769,28 manat məbləğində, xx.xx.2024-cü il tarixli, 419 nömrəli köçürməyə əsasən 4014,47 manat məbləğində ödəniş edilmişdir.

14. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli akta əsasən cavabdeh tərəfindən iddiaçıya ümumi dəyəri 1759,50 manat olan mallar geri qaytarılmışdır.

15. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli akta əsasən cavabdeh tərəfindən iddiaçıya ümumi dəyəri 815,96 manat olan mallar borcun əvəzinə təhvil verilmişdir.

16. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

20. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

21. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

24. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

26. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

27. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 00214 alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

28. İddiaçının hazırkı tələbi 3841,67 manat məbləğində borcun tutulmasından ibarət olsa da, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya ümumi dəyəri 815,96 manat olan mallar borcun əvəzinə təhvil verilmişdir.

29. Göstərilən faktı iddiaçının nümayəndəsi E.İlyasov izahatında təsdiq etmişdir.

30. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 3025,71 manat məbləğində pul (3841,67 manat – 815,96 manat) tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 50,26 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 27,74 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh2 3025,71 manat məbləğində pul, 50,26 manat dövlət rüsumu, ümumilikdə 3075,97 (üç min yetmiş beş manat doxsan yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 26,74 (iyirmi altı manat yetmiş dörd qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar