Məhkəmə qərarları › İş №e-2-2(113)-2007/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2007/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2007/2023 25.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdehnə qarşı cavabdehdən 4,815.85 manat məbləğində əsas borc məbləğinin, 866.85 manat məbləğində ƏDV borcunun, 481 manat gecikmə cəriməsinin, ümumilikdə 6,163.70 manat borcun, ödənilmiş 110 manat mediasiya xərclərinin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 4,815.85 manat məbləğində əsas borc məbləğinin, 866.85 manat məbləğində ƏDV borcunun, 481 manat gecikmə cəriməsinin, ümumilikdə 6,163.70 manat borcun, ödənilmiş 110 manat mediasiya xərclərinin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 21 iyul 2020- ci il tarixli BM-029/20 saylı Xidmət və ehtiyyat hissələrinin Alqı-Satqısı müqaviləsi imzalanmışdır. Həmin müqavilə əsasında adları e-qaimədə qeyd edilən ehtiyat hissələrin alqı satqısı həyata keçirilmiş və təhvil verilmişdir. Malların dəyərinin ödənilməsi üçün elektron qailmələr göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Elektron qailmələr üzrə 4,815.85 manat məbləğində əsəs borc məbləği, 866.85 manat məbləğində ədv borcu ümumilikdə 5,682.70 manat borc cavabdeh tərəfindən bu günə kimi ödənilməmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 6.1-ci maddəsinə əsasən Sifarişçi bu müqavilə üzrə xidmətlərin və ehtiyat hissələrinin dəyərini vaxtında ödəməzsə hər gecikdirilən gün üçün ümumi məbləğin 0,3% həcmində cərimə ödəyir. Müqavilə üzrə əsas borc məbləğini təşkil edən 4,815.85 manat borc üzrə gecikmə müddəti 233 gündür. Gecikmə faizi müqavilə qiymətindən artıq olduğundan həmin maddənin tələblərinə uyğun olaraq gecikmə cəriməsi borc məbləğinin 10% həcmində müəyən edilməlidir. Beləliklə gecikmə cəriməsi 481 manat təşkil edir. Cavabdehə dəfələrlə borcun ödənilməsi xahiş edilmiş lakin buna baxmayaraq cavabdeh tərəfindən borc ödənilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əməl edərək cavabdehə xx.xx.2022-ci il tarixdə mediasiya presesinin tətbiqi barədə təklif göndərilmiş və təklif cavabdeh tərəfindən qəbul edilmişdir. Daha sonra prosessual qaydalara əməl edilərək xx.xx.2022-ci il tarixdə Mediasiya Təşkilatına müraciət edilmişdir. xx.xx.2023-cü il tarixdə təyin edilmiş mediator tərəfindən Mediasiyaya dəvət məktubu göndərilmiş, xx.xx.2023-cü il tarixə təyin edilmiş X2 iştirakı təmin edilmiş, lakin cavabdeh X2 iştirak etməmişdir. Belə olan halda Mediator tərəfindən xx.xx.2023-cü il tarixli MŞB/2-02014/2022 saylı X2 İştirak edilməməsi barədə Arayış təqdim edilmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada 100 manat məbləğində mediasiyaya dair, 10 manat poçt və digər xərclər ödənilmişdir. Belə olan halda ödənilmiş mediasiya xərci də cavabdehdən tutulmalıdır. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 21 iyul 2020-ci il tarixli BM-029/20 saylı Xidmət və ehtiyyat hissələrinin Alqı-Satqısı müqaviləsindən görünür ki, iddiaçı cavabdehin təsdiq etdiyi sifarişlər əsasında və ya bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 əsasən onun xüsusi texnikasına müvafiq texniki xidmət göstərməyi və eyni zamanda ehtiyyat hissələri ilə təmin etməyi, cavabdeh isə bu xidmət və malların haqqını Müqavilə üzrə nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öhdələrinə götürmüşlər. 4 ədəd elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 5682,7 manat (4,815.85 manat əsas, 866.85 manat ƏDV) dəyərində xidmətlər göstərilmiş və mal satılmışdır. 2 ədəd servis aktlarından və 2 ədəd iş-sifariş formalarından görünür ki, iddiaçı tərəfindən göstərilmiş xidmətlər cavabdeh tərəfindən təhvil alınmışdır. Təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən müxtəlif sayda 5 adda mal cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən həmin mallar təhvil alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 21 iyul 2020-ci il tarixli BM-029/20 saylı Xidmət və ehtiyyat hissələrinin Alqı-Satqısı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehin təsdiq etdiyi sifarişlər əsasında və ya bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 əsasən onun xüsusi texnikasına müvafiq texniki xidmət göstərməyi və eyni zamanda ehtiyyat hissələri ilə təmin etməyi, cavabdeh isə bu xidmət və malların haqqını Müqavilə üzrə nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə ümumilikdə 5682,7 manat (4,815.85 manat əsas, 866.85 manat ƏDV) dəyərində xidmətlər göstərilmiş və mal satılmış, həmin mallar və xidmətlər cavabdeh tərəfindən həmin mallar təhvil alınmışdır. Lakin cavabdeh tərəfindən malların və xidmətlərin dəyəri iddiaçıya ödənilməmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 21 iyul 2020-ci il tarixli BM- 029/20 saylı Xidmət və ehtiyyat hissələrinin Alqı-Satqısı müqaviləsinə əsasən ödənilməmiş borc iş materialları ilə təsdiq olunduğundan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 6.1-ci bəndinə əsasən Sifarişçi bu müqavilə üzrə xidmətlərin və ehtiyat hissələrinin dəyərini vaxtında ödəməzsə hər gecikdirilən gün üçün ümumi məbləğin 0,3% həcmində cərimə ödəyir. Lakin məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 240 manat həddində müəyyən edilməklə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X2 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X2 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İş üzrə dövlət rüsumu məbləğinin 81,64 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 96,09 faizini təşkil etdiyini nəzərə aldıqda, məhkəmə hesab edir ki, 110 manat məbləğində mediasiya xərcindən 106,81 məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 3,19 manat məbləği iddiaçıya aid edilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 4,815.85 manat məbləğində əsəs borc, 866.85 manat məbləğində ƏDV borcu, 240 manat cərimə, ümumilikdə 5922,7 manat borc və mediasiya xərcinə görə 106,81 manat tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 4,815.85 manat məbləğində əsəs borc, 866.85 manat məbləğində ƏDV borcu, 240 manat cərimə, ümumilikdə 5922,7 manat borc və mediasiya xərcinə görə 106,81 manat tutularaq "xxxx" Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar