Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-201/2020 10.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı x2 Cavabdehnə qarşı pul tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMM iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 fevral 2020-ci il tarixədək yaranmış, 28 aprel 2013-cü il tarixli, 633 saylı müqavilə üzrə ƏDV daxil 4601559,85 manat əsas borc, 409376,61 manat cərimə, 01 iyul 2013-cü il tarixli, 70/10 saylı müqavilə üzrə ƏDV daxil 68125 manat, 8668,14 manat cərimə, 01 fevral 2016-cı il tarixli, 2060 saylı müqavilə üzrə ƏDV daxil 7387,09 manat əsas borc, 578,58 manat cərimə, ƏDV daxil 4601559,85 manat əsas borc məbləğinə, ƏDV daxil 68125 manat əsas borc məbləğinə, ƏDV daxil 7387,09 manat borc məbləğinə qətnamənin çıxarıldığı tarixə qüvvədə olan Azərbaycan Respublikasının Mərkəzi Bankının bank uçot dərəcəsinə uyğun faizlərin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 4677071,94 manat məbləğində əsas borc, 418623,33 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı MMM ilə Cavabdeh MMC arasında 28 aprel 2011-ci il tarixdə 633 saylı müqavilə bağlanmış və sonuncu dəfə müqaviləyə 01.04.2019-cu il tarixli 33 nömrəli əlavə olunmuşdur, 70/10 saylı 01.07.2013-cü il tarixli müqavilə bağlanmış və sonuncu dəfə müqaviləyə 01.02.2017-ci il tarixli 2 nömrəli əlavə olunmuşdur, 2060 saylı 01.02.2016-ci il tarixli müqavilə bağlanmış və sonuncu dəfə müqaviləyə 01.02.2016-ci il tarixli A əlavəsi olunmuşdur. Müqavilələrə əsasən İddiaçı MMM internet xidmətlərini göstərməyi, Cavabdeh MMC isə xidmətlərin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMM həmin müqavilələr üzrə öhdəliklərini icra edərək Cavabdeh MMC -yə rabitə xidmətlərini təmin etmişdir. "Cavabdeh"MMC isə öhdəliklərini yerinə yetirmədiyindən 01 fevral 2020-ci il tarixədək, 28 aprel 2013-cü il tarixli, 633 saylı müqavilə üzrə ƏDV daxil 4601559,85 manat əsas borc, 409376,61 manat cərimə, 01 iyul 2013-cü il tarixli, 70/10 saylı müqavilə üzrə ƏDV daxil 68125 manat, 8668,14 manat cərimə, 01 fevral 2016-cı il tarixli, 2060 saylı müqavilə üzrə ƏDV daxil 7387,09 manat əsas borc, 578,58 manat cərimə borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilələrin hər birində borcun vaxtında ödənilmədiyi hallarda cərimənin ödənilməsi nəzərdə tutulduğundan əsas borca uyğun olaraq cərimə məbləğləri hesablanmışdır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh MMC müqavilələr üzrə yaranmış əsas borc məbləğlərinin ödənilməsinə razıdır. Tərəflər arasında üzləşmə aktı tərtib olunmuş və həmin akta əsasən borcun məbləği konkret göstərilmişdir. Cavabdeh MMC üzləşmə aktında göstərilən məbləğlərin ödənilməsinə etiraz etmir. Lakin iddia tələbində əsas borca faiz məbləğlərinin hesablanması qanunsuzdur. Belə ki, hər 3 müqavilə üzrə iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət olunmuşdur. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: - 28 aprel 2011-ci il tarixli, 633 saylı müqavilənin, həmin müqaviləyə 01.04.2019-cu il tarixli, 33 nömrəli əlavənin, 70/10 saylı, 01.07.2013-cü il tarixli müqavilənin, həmin müqaviləyə 01.02.2017-ci il tarixli, 2 nömrəli əlavənin, 2060 saylı, 01.02.2016-ci il tarixli müqavilənin, həmin müqaviləyə 01.02.2016-ci il tarixli A əlavəsinin surətindən görünür ki, həmin razılaşmalara əsasən İddiaçı MMM internet xidmətlərini göstərməyi, Cavabdeh MMC isə xidmətlərin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür; - 01 yanvar 2020-ci il tarixdə tərtib olunaraq İddiaçı MMM və Cavabdeh MMC tərəfindən imzalanmış üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMM-ə həmin tarixə olan borcu 28 aprel 2013-cü il tarixli, 633 saylı müqavilə üzrə ƏDV daxil 4521402,17 manat, 01 iyul 2013-cü il tarixli, 70/10 saylı müqavilə üzrə ƏDV daxil 66768 manat, 01 fevral 2016-cı il tarixli, 2060 saylı müqavilə üzrə ƏDV daxil 7182,89 manat, ümumilikdə 4595353,06 manat müəyyən edilmişdir; - 04 fevral 2020-ci il tarixli elektron qaimənin və hesab fakturanın surətindən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMM-ə 2020-ci ilin yanvar ayı üçün olan borcu 01 iyul 2013-cü il tarixli, 70/10 saylı müqavilə üzrə ƏDV daxil 1357 manat təşkil edir; - 04 fevral 2020-ci il tarixli elektron qaimənin və hesab fakturanın surətindən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMM-ə 2020-ci ilin yanvar ayı üçün olan borcu 01 fevral 2016-cı il tarixli, 2060 saylı müqavilə üzrə ƏDV daxil 204,20 manat təşkil edir; - 04 fevral 2020-ci il tarixli elektron qaimənin və hesab fakturanın surətindən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMM-ə 2020-ci ilin yanvar ayı üçün olan borcu 28 aprel 2013-cü il tarixli, 633 saylı müqavilə üzrə ƏDV daxil 80157,68 manat təşkil edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında bağlanmış müqavilələrin məzmununa görə İddiaçı MMM internet xidmətlərini göstərməyi, Cavabdeh MMC isə xidmətlərin dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrdə öhdəliyin icra olunma vaxtı konkret olaraq hesab – fakturanın təqdim edildiyi vaxtdan 7 gün müddətində müəyyən olunmuşdur. Lakin Cavabdeh MMC-nin öhdəliyi tam icra etməməsi işdə olan sübutlarla təsdiqini tapdığından və cavabdeh tərəfindən mübahisələndirilmədiyindən məhkəmə hesab edir ki, qeyd olunan xüsusat işin mübahisələndirilməyən halıdır və buna görə də tərəflər arasında olan 01 yanvar 2020-ci il tarixli üzləşmə aktı, həmçinin, 04 fevral 2020-ci il tarixli elektron qaimənin və hesab fakturalara əsasən 01 fevral 2020-ci il tarixədək hesablanmış borc, yəni, 28 aprel 2013-cü il tarixli, 633 saylı müqavilə üzrə ƏDV daxil 4601559,85 manat əsas borc, 01 iyul 2013-cü il tarixli, 70/10 saylı müqavilə üzrə ƏDV daxil 68125 manat, 01 fevral 2016-cı il tarixli, 2060 saylı müqavilə üzrə 7387,09 manat olmaqla, ümumilikdə 4677071,94 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə bu nəticəyə gələrkən cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinin yalnız cərimə borcuna münasibətdə verildiyini nəzərə alır və buna görə də əsas borca münasibətdə iddia müddəti ilə bağlı araşdırmaya zərurət görmür. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə yaranmış borcun nəzərdə tutulmuş vaxtda ödənilmədiyi halda cərimənin hesablanması nəzərdə tutulmuşdur. Lakin qeyd olunan xüsusatla bağlı məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında son hesablaşma sənədi olaraq 01 yanvar 2020-ci il tarixli üzləşmə aktı tərtib olunmuş və həmin tarixə hesablanmış borcların məbləği konkret olaraq 28 aprel 2013-cü il tarixli, 633 saylı müqavilə üzrə ƏDV daxil 4521402,17 manat, 01 iyul 2013-cü il tarixli, 70/10 saylı müqavilə üzrə ƏDV daxil 66768 manat, 01 fevral 2016-cı il tarixli, 2060 saylı müqavilə üzrə ƏDV daxil 7182,89 manat, ümumilikdə 4595353,06 manat müəyyən edilmişdir. Həmin üzləşmə aktında əsas borc məbləğlərinə hesablanmış cərimələr əksini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Öhdəliyin icrasının qəbulu” adlanan 529.4 və 529.5-ci maddəsində qeyd olunmuşdur ki, borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Qeyd olunan norma öhdəliyin tam icrası ilə bağlı münasibətləri tənzimləsə də, məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə öhdəlik icra olunmasa da, 01 yanvar 2020ci il tarixli üzləşmə aktı öhdəliyin hədlərini müəyyən edən həmin tarixə olan son hesablaşma sənədidir və həmin aktda cərimələr əksini tapmadığından iddia müqavilələr üzrə yaranmış əsas borca hesablanmış cərimələrin ödənilməsi hissəsində rədd edilməlidir. Lakin məhkəmə cavabdehin cərimə borcuna münasibətdə iddia müddətini keçməsi barədə ərizəsini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsində qeyd olunmuşdur ki, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Normanın məzmunundan görünür ki, əlavə tələblər üzrə iddia müddətinin keçməsi yalnız əsas tələb üzrə iddia müddəti keçdiyi halda mümkündür. Lakin cavabdehin əsas borcu qəbul edərək yalnız cərimə borcuna münasibətdə iddia müddətinin tətbiqi barədə əsaslandırması qeyd olunan norma ilə ziddiyyət təşkil edir. İddianın borc məbləğinə qətnamənin çıxarıldığı tarixə qüvvədə olan Azərbaycan Respublikasının Mərkəzi Bankının bank uçot dərəcəsinə uyğun faizlərin tutulması barədə hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı cavabdehin hər hansı maddi xeyir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni, öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə məhkəmə hesab edir ki, iddia illik bank uçot dərəcəsi əsas götürülməklə faizlərin ödənilməsi hissəsində də təmin edilə bilməz. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 28 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı x2 Cavabdehnə qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. 28 aprel 2013-cü il tarixli, 633 saylı müqavilə üzrə ƏDV daxil 4601559,85 manat əsas borc, 01 iyul 2013-cü il tarixli, 70/10 saylı müqavilə üzrə ƏDV daxil 68125 manat, 01 fevral 2016-cı il tarixli, 2060 saylı müqavilə üzrə ƏDV daxil 7387,09 manat olmaqla, ümumilikdə 4677071,94 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı x4 ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 28 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı x4 ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-201/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-201/2020
10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver