Məhkəmə qərarları › İş №e-2-2(113)-2011/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2011/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2011/2024 25.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 21009,9 manat (iyirmi bir min doqquz manat doqquz qəpik) borc məbləği, hüquqi yardım haqqına görə ödənilmiş 1000 (bir min) manat və 156,03 (bir yüz əlli manat otuz qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 18 aprel 2023-cü il tarixli, SOLİD/AGRO/017 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 07 iyul 2023-cü il tarixli təhvil-təslim aktı ilə ümumi məbləği 21009,9 manat (iyirmi bir min doqquz manat doqquz qəpik) məbləğində (ƏDV daxil) mal Cavabdeh MMC-yə təhvil verilmişdir. Qeyd edilən malların dəyərinin ödənilməsi üçün cavabdehə malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura (seriya: EBDJ Nömrə: 423969 tarix xx.xx.2023 12:11:32) təqdim edilmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı və satıcı arasında ödənişlər malın qəbul edilməsindən 2 (iki) gündən gec olmayaraq həyata keçirilməlidir. Ancaq cavabdeh tərəfindən həmin vəsaitin ödənilməsi təmin edilməmişdir. Borc məbləğinin ödənilməsi ilə bağlı xx.xx.2024-cü ildə cavabdehə xəbərdarlıq məktubu (pretenziya) göndərilmiş, lakin cavabdeh öz öhdəliyini icra etməmişdir. Bütün bunlardan sonra işin məhkəmə qaydasında həllindən başqa bir yolu qalmamışdır. Cavabdehin öz öhdəliyini icra etməməmsi İddiaçı MMC-yə əlavə maddi zərər də vurmuşdur. Belə ki, Bakı şəhəri 20 saylı Vəkil Bürosu ilə hüquqi yardım göstərilməsinə dair xx.xx.2024-cü il tarixli 216 nömrəli müqavilə bağlanmış və 1000 (bir min) manat məbləğ ödənilmişdir. Beləliklə də, malların təqdim edilməsinə görə 21009,9 manat (iyirmi bir min doqquz manat doqquz qəpik), hüquqi yardım haqqına görə 1000 (bir min) manat məbləğində iddiaçıya maddi zərər dəymişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 390.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, SOLİD/AGRO/017 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları alıcıya satmağı, alıcı isə həmin məhsulları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan alıcıya təqdim olunmuş qiymət cədvəlində öz əksini tapır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən məhsulun qiymətləri bu müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi olan qaimə-fakturaya uyğun olaraq müəyyən edilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən alıcı və satıcı arasında ödənişlər malın qəbul edilməsindən sonra 2 (iki) gündən gec olmayaraq həyata keçirilir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən tərəflərin qarşılıqlı razılaşmasına əsasən aralarındakı mal dövriyyəsi və borc qalıqları ilə bağlı aylıq, rüblük və illik öhdəliklərin qarşılıqlı üzləşdirilməsi aktları tərtib edilə bilər. Müqavilə üzrə malların qiymətinə ƏDV daxil edilməmişdir.

8. İddiaçı MMC və Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, aktda göstərilən 2 adda malın ümumi dəyəri 21009,90 manat (ƏDV daxil) məbləğində olan mallar satıcı tərəfindən alıcıya təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 423969 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 21009,90 manat (ƏDV daxil) təşkil edir.

10. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borcun 7 (yeddi) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

11. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3-ci maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi

14. İddia tələbini cavabdehdən Cavabdeh MMC-dən 21009,9 manat məbləğində borcun tutulması təşkil edir.

15. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 21009,90 manat (iyirmi bir min doqquz manat doxsan qəpik) məbləğində borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmin borcun mövcudluğu təqdim olunmuş sübutlarla öz təsdiqini tapır.

16. Eləcə də, iddiaçı vəkilə ödənilmiş 1000 manat məbləğin və 156,03 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

17. Məhkəmə hesab edir ki, ağlabatan məbləğ olaraq 500 (beş yüz) manat hüquqi yardım, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 153,03 manat (yüz əlli üç manat üç qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd etməyi lazım bilir ki, hazırkı iş üzrə iddia tələbinin məbləğinə (21009,90 manat) mütənasib olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 153,03 manat təşkil etmişdir.

18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 21009,90 manat (iyirmi bir min doqquz manat doxsan qəpik) əsas borc, 500 (beş yüz) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 153,03 manat (yüz əlli üç manat üç qəpik) olmaqla, cəmi 21662,93 manat (iyirmi bir min altı yüz altmış iki manat doxsan üç qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar