Məhkəmə qərarları › İş №e-2-2(113)-2012/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2012/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2012/2024 29.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarş kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil Məmməd oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 23 avqust 2022-ci il tarixdə 2308/22 saylı malların alqı-satqına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən “Satıcı” bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarla və dovri şəkildə verilən sifarişlərlə (bundan sonra “Sifariş”) razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə malı (bundan sonra “Mal”) “Alıcı”ya təhvil verməyi, “Alıcı” isə razılaşdırılmış miqdarda, assortimentdə, keyfiyyətdə Malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür. - 2.1-ci bəndinə əsasən malın qiyməti müqavilənin imzalandığı tarixdən 1 il müddətində qüvvədə qalır və qiymətdə dəyişiklik yalnız 30 gün öncə yazılı xəbərdarlıq olunduqdan sonra aparıla bilər. - 3.2-ci bəndinə əsasən "Alıcı”nın sifarişinə uyğun olaraq “Satıcı” tərəfindən təslim edilən malların dəyəri təqdim edilən elektron qaimə faklura əsasında 60 iş günü müddətində “Satıcı”nın bank hesabına köçürülür. - 8.2-ci bəndinə əsasən bu müqavilə 1 il əzində qüvvədədir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. İddiaçı MMC tərəfindən 23 avqust 2022-ci il tarixli 2308/22 saylı müqaviləyə əsasən ümumilikdə 61.838,3 manat məbləğində malların göndərilməsinə dair, o cümlədən 11.733 manat dəyərində xx.xx.2022-ci il tarixli EBCC seriyalı 699074 nömrəli, 5.040 manat dəyərində xx.xx.2022-ci il tarixli EBCH seriyalı 743882 nömrəli, 30.096 manat dəyərində xx.xx.2022-ci il tarixli EBCJ seriyalı 580571 nömrəli, 5.957 manat dəyərində xx.xx.2022-ci il tarixli EBCK seriyalı 365871 nömrəli, 6.516 manat dəyərində xx.xx.2022-ci il tarixli EBCL seriyalı 160753 nömrəli, 495,60 manat dəyərində xx.xx.2022-ci il tarixli EBCL seriyalı 841873 nömrəli, 2.000,70 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDA seriyalı 405761 nömrəli elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. Elektron qaimələr imzalarla yanaşı Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir.

3. İddiaçı MMC ilə Cavabdeh MMC (Qanuni nümayəndə) arasında imzalanmış xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktına əsasən müəyyən edilir ki, Cavabdeh MMCnin İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixə 50.000 manat borcu vardır. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

4. "xxxx" ASC tərəfindən verilmiş (Cavabdeh MMC-yə aid) hesabdan çıxarışa əsasən, Cavabdeh MMC tərəfindən 23 avqust 2022-ci il tarixli 2308/22 saylı müqaviləyə əsasən İddiaçı MMC-nin hesabına xx.xx.2022-ci il tarixdə 8.000 manat ödəniş edilmişdir.

5. "xxxx" ASC tərəfindən verilmiş (Cavabdeh MMC-yə aid) hesabdan çıxarışa əsasən, Cavabdeh MMC tərəfindən 23 avqust 2022-ci il tarixli 2308/22 saylı müqaviləyə əsasən İddiaçı MMC-nin hesabına xx.xx.2023-cü il tarixdə müvafiq olaraq 850 manat və 150 manat, xx.xx.2023-cü il tarixdə 2.000 manat, xx.xx.2023-cü il tarixdə 2.500 manat və xx.xx.2023-cü il tarixdə 500 manat ödəniş edilmişdir.

6. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. II. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

7. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən 50.000 manat borcun, 243 manat dövlət rüsumunu, hüquqi xidmət ücün 1000 manat olmaqla ümumilikdə 51.243 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə 23 avqust 2022cü il tarixdə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, bağlanmış müqaviləyə əsasən satıcı qismində İddiaçı MMC və alıcı qismində isə Cavabdeh MMC müqavilənin tərəfləri olmuşdur. Müqaviləyə əsasən satıcı alıcıya malmaterial satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Aşağıda qeyd edilən müvafiq nömrəli elektron qaimələrlə müvafiq tarixlərdə göstərilən xidmətlər qarşılığında qeyd olunan məbləğlər qədərində satıcı borclanmışdır: 1. xx.xx.2022, seriya: EBCC№ 699074, 11733 manat dəyərində qaimə (Əsas məbləğ ödənilməyib, ƏDV ödənilməyib); 2. xx.xx.2022, seriya: EBCH №743882 nömrəli, 5042 manat (ƏDV daxil) dəyərində qaimə (Əsas məbləğ ödənilməyib, ƏDV ödənilməyib); 3. xx.xx.2022, seriya: EBCJ №9580571 nömrəli, 30096 manat (ƏDV daxil) dəyərində qaimə (Əsas məbləğ ödənilməyib, ƏDV ödənilməyib); 4. xx.xx.2022, seriya: EBCK №365871 nömrəli, 5957 manat (ƏDV daxil) dəyərində qaimə (Əsas məbləğ ödənilməyib, ƏDV ödənilməyib); 5. xx.xx.2022, seriya: EBCL №160753 nömrəli, 6516 manat (ƏDV daxil) dəyərində qaimə (Əsas məbləğ ödənilməyib, ƏDV ödənilməyib); 6. xx.xx.2022, seriya: EBCL №841873 nömrəli, 495 manat (ƏDV daxil) dəyərində (Əsas məbləğ ödənilməyib, ƏDV ödənilməyib); 7. xx.xx.2023, seriya: EBDA №405761 nömrəli, 2000 manat (ƏDV daxil) dəyərində qaimə (Əsas məbləğ ödənilməyib, ƏDV ödənilməyib); Cavabdehlə xx.xx.2023-cü il tarixdə aparılmış qarşılıqlı üzləşmə aktına əsasən alıcı Cavabdeh MMC nin, Satıcı İddiaçı MMC yə ümumilikdə 50.000 manat borcu yaranmışdır

9. Daha sonra iddiaçı xx.xx.2024-cü ildə iddia tələbinin dəqiqləşdirilməsi barədə sonuncu ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən 44.000 manat borcun, 243 manat dövlət rüsumunun, hüquqi xidmət ücün 1000 manat olmaqla ümumilikdə 45.243 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 442 və 448.2-ci maddələrinə istinad etmişdir

b) İddiaya qarşı etirazın dəlilləri

11. 29.04.2024-cü il tarixdə cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən məhkəmə həqiqətə uyğun olmayan məlumatlar təqdim olunmuşdur. İlk növbədə bildirirlər ki, təqdim edilən qaimələr üzrə mallar tam həcmdə şirkətlərinə təhvil verilməmiş, etiketlərin bir çoxunda şirkətlərinin məlumatları deyil, başqa şəxslərin məlumatları göstərilmişdir. İddiaçı tərəfindən məhkəməyə təhvil-təslim aktları təqdim olunmamışdır. Qaimələr sistem tərəfindən avtomatik qaydada təsdiqlənmişdir. Bundan başqa məhkəməyə təqdim edilmiş üzləşmə aktının tərəflərindən imzalayan şəxsin adı göstərilməmişdir. Əlavə olaraq bildirirlər ki, borc məbləği də təhrif olunub. Belə ki, tərəflərindən "xxxx" hesablarından xx.xx.2022-ci il tarixində 8.000 manat və 1.444 manat ƏDV məbləği ödənib. "xxxx" hesablarından müvafiq olaraq xx.xx.2023-cü il tarixində 1.000 manat, xx.xx.2023-cü il tarixində 2.000 manat, xx.xx.2023-cü il tarixində 2.500 manat və xx.xx.2023-cü il tarixində 500 manat, o cümlədən bu məbləğlərlə bağlı ƏDV ödənişləri icra olunmuşdur. Bu səbəbdən qarşı tərəf ilk növbədə real borc məbləğinin müəyyən olunması üçün həqiqi bank və qarşılıqlı hesablaşma məlumatlarını təqdim etməlidir. Yuxarıda göstərilən səbəblərdən iddia tələbini qəbul etmirlər.

12. 17.05.2024-cü il tarixdə cavabdeh iddiaya qarşı vermiş olduğu etiraza əlavə təqdim edərək, etiraza əlavəsində qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə natamam məlumatlar təqdim olunmuş və bir sıra məlumatlar gizlədilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, şirkətləri tərəfindən iddia tələbindən göstərilən həcmdə mallar sifariş verilməmişdir. Şirkətləri tərəfindən öz sahibkarlıq fəaliyyəti üçün lazım olan məbləğdə sifariş edilmiş malların dəyəri tam ödənilmişdir. Lakin daha sonra hazırda şirkətdən uzaqlaşdırılmış keçmiş direktor İbrahim Xəlilov və satış təmsilçisi iddiaçı ilə əlbir olaraq şirkətləri üçün lazım olmayan mallar öz məqsədləri üçün əldə etmişlər. Belə ki, hazırda etiraza əlavə olunmuş etiketlərdən görünür ki, həmin etiketlərdə sifarişçi qismində keçmiş satış təmsilçisi Seymur Məmmədov qeyd olunmuşdur. Həmin malların şirkətlərinə heç bir aidiyyətinin olmaması və iddiaçı tərəfindən geri götürülməsi üçün dəfələrlə müraciət olunmasına baxmayaraq iddiaçı bundan imtina etmişdir. İddiaçı məhkəməyə əvəzinin ödənilməsi tələb olunan malların tərəflərindən sifariş olunması və təhvil alınması ilə bağlı sübut təqdim etməlidir. Üçüncü şəxslərin sahibkarlıq fəaliyyətində istifadə etdiyi etiketlərin (malları) dəyərinin onlardan tələb olunmasını əsassız hesab edirlər. Belə ki, qanunvericiliyə əsasən hər bir tərəf öz tələbinin əsasını təşkil edən halları sübuta yetirməlidir. Məhkəməyə təqdim olunan elektron-qaimələrdən görünür ki, bütün qaimələr sistem tərəfindən avtomatik olaraq təsdiq olunmuşdur. Şirkətləri qaimələrdə göstərilən malları sifariş etməmiş və onları satıcı/iddiaçıdan qəbul etməmişdir. Qaimələrin sistem tərəfindən təsdiq olunması malların onların tərəfindən əldə edilməsi üçün sübut hesab oluna bilməz. İddiaçı tərəfindən həmçinin kimin tərəfin imzalandığı bəlli olmayan və imzalayan şəxsin ad/soyadı qeyd olunmayan üzləşmə aktı təqdim etmişdir. Üzləşmə aktındakı imza direktor olaraq göstərilən Qanuni nümayəndə tərəfindən icra olunmamışdır. Həmçinin, etiraza əlavə olunan "xxxx" hesabından çıxarışdan görünür ki, tərəflərindən xx.xx.2022-ci il tarixində 8000 manat ödəniş icra olunmuşdur. Eyni zamanda şirkətin Paşa Bank çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 6000 manat ödəniş edilmişdir. Beləliklə, tərəflərindən ümumilikdə 14.000 manat ödəniş icra edilmişdir. Beləliklə, tərəflərindən alınmış malların məbləği tam həcmdə ödənilmişdir. Əvəzinin ödənilməsi tələb olunan digər mallar isə şirkətləri tərəfindən sifariş olunmamış və təhvil alınmamışdır. Həmin mallarla bağlı qaimələr də şirkətləri tərəfindən təsdiq edilməmişdir. Odur ki, hazırda Cavabdeh MMC-nin iddiaçıya heç bir borcu mövcud deyildir.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

13. İddiaçının nümayəndəsi və vəkili Vəkil Məmməd oğlu məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə etmiş, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

15. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

16. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

17. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

IV.TƏTBİQ EDİLƏN HÜQUQ

18. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

20. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

21. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında - 23 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzərinə düşən öhdəlikləri icra edərək sifariş edilmiş malları cavabdehə təqdim etdiyini, lakin cavabdehin həmin malların dəyərini tam şəkildə ödəmədiyini, nəticədə cavabdehin iddiaçıya borcunun yarandığını iddia edir.

22. Cavabdeh MMC isə iddiaya etiraz edərək məhkəməyə təqdim olunan bütün elektron qaimələrin sistem tərəfindən avtomatik olaraq təsdiq olunduğunu, cavabdeh qaimələrdə göstərilən malları sifariş etmədiklərini və onları iddiaçıdan qəbul etmədiklərini, üzləşmə aktındakı imza direktor olaraq göstərilən Qanuni nümayəndə tərəfindən icra olunmadığını, alınmış malların məbləğinin tam həcmdə ödənildiyini bildirir.

23. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə cəmi 61.838,3 manat dəyərində malların təqdim edilməsi və həmin malların cavabdeh tərəfindən qəbul edilməsi cavabdehin adından imza və möhür ilə təsdiq edilmiş elektron qaimələrlə, təqdim edilmiş mallara görə cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixə 50.000 manat məbləğində borcunun olması hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmiş xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktı ilə təsdiq olunur.

24. Elektron-qaimələrin sistem tərəfindən avtomatik olaraq təsdiq olunması, cavabdehin qaimələrdə göstərilən malları sifariş etməməsi və onları iddiaçıdan qəbul etməməsi, üzləşmə aktındakı imzanın direktor Qanuni nümayəndə tərəfindən icra olunmaması barədə cavabdehin dəlillərinə gəldikdə iş materiallarından görünür ki, mübahisəli elektron qaimələr cavabdehə elektron sistem vasitəsilə göndərilməklə yanaşı kağızdaşıyıcıda da təqdim edilmiş və cavabdeh tərəf həmin qaimələri imzalamaqla və üzərinə möhür vurmaqla qaimələrdə göstərilən malların təqdim edilməsini təsdiq etmişdir. Elektron qaimələrə, eləcə də üzləşmə aktına vurulmuş möhürün həqiqiliyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

25. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərinə əsasən mülki dövriyyənin subyekti olan hər bir şəxs öz mülki hüquqlarını həyata keçirərkən və öhdəliklərini yerinə yetirərkən vicdanlı və ağlabatan şəkildə hərəkət etməlidir. Mülki dövriyyənin hər hansı iştirakçısının davranışını vicdanlılıq prinsipinin tələbləri baxımından qiymətləndirərkən digər tərəfin hüquq və qanuni mənafeləri nəzərə alınmaqla həmin şəxsdən gözlənilən davranış əsas götürülür.

26. Hazırkı halda İddiaçı MMC üzərinə kontragentin möhürü vurulmuş sənədlərin kontragentin adından səlahiyyətli şəxs tərəfindən imzalanmasını gözləməkdə haqlı olmuşdur. Bu baxımdan cavabdehin üzərinə möhür vurulmuş sənədlərin səlahiyyətli şəxs tərəfindən imzalanmamasına istinad etməklə malların verilməsi və borcun mövcud olması faktını mübahisələndirməsi mülki dövriyyə iştirakçısından gözlənilən vicdanlı davranış hesab edilə bilməz.

27. Odur ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaimələr və üzləşmə aktı məhkəmə tərəfindən malların təqdim edilməsi və borcun mövcudluğu faktları təsdiq edən mötəbər sübutlar kimi qiymətləndirilir.

28. Tələb olunan borc məbləğinə gəlincə məhkəmə qeyd edir ki, Cavabdeh MMC İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixə 50.000 manat borcu olduğunu təsdiq etmiş və həmin tarixdən sonra xx.xx.2023-cü il tarixdə müvafiq olaraq 850 manat və 150 manat, xx.xx.2023-cü il tarixdə 2.000 manat, xx.xx.2023-cü il tarixdə 2.500 manat və xx.xx.2023cü il tarixdə 500 manat ümumilikdə 6.000 manat ödəniş etmişdir (bax. "xxxx" ASC-nin hesabdan çıxarışı).

29. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən alqı-satqı müqaviləsi üzrə 44.000 manat (50.000-6.000=44.000) məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

30. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 243 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

31. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia (tələbin həcminin azaldılması barədə ərizə) üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 222 manat təşkil edir.

32. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 222 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

33. Digər tərəfdən iddiaçı tərəfindən artıq ödənilmiş 21 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır.

34. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, vəkil yardımına xərclərə görə cavabdehdən 500 manat məbləğində pul tutulması ağlabatandır.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 23 avqust 2022-ci il tarixli 2308/22 saylı alqı-satqı müqaviləsi üzrə 44.000 manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 222 manat və vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 21 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar